Məhkəmə qərarları › İş №1(032)-5/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-5/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-5/2024 27.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1 Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, oğlu Şahid1 Kərim oğlunu 15000 manat müqabilində səfirliklərin birinə işə düzəldəcəyinə dair yalan vədlər verməklə, bununla bağlı Zərərçəkmiş şəxs2 yalan məlumatlar bildirməklə etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin qış aylarında Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi 40 nömrəli fərdi yaşayış evində istifadəsində olan kart hesabından onun kart hesabına köçürmə vasitəsilə göndərdiyi 6000 manat, həmin tarixdən iki ay sonra Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi 40 nömrəli fərdi yaşayış evində istifadəsində olan kart hesabından onun kart hesabına köçürmə vasitəsilə göndərdiyi 8000 manat, həmin tarixdən bir ay sonra ünvan 2 ünvanda yerləşən “Mc Donalds” restoranının yaxınlığında yerləşən “MilliÖn” ödəmə terminalından onun kart hesabına köçürmə vasitəsilə göndərdiyi 1000 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, Zərərçəkmiş şəxs1 kürəkəni Şahid2 müəyyən məbləğdə pul müqabilində Şirvan şəhər mərkəzi xəstəxanasının X5 Stansiyasına sürücü kimi işə düzəldəcəyinə dair yalan vədlər verməklə, bununla bağlı Zərərçəkmiş şəxs1 yalan məlumatlar bildirməklə etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 12 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Şirvan şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən “Mil supermarket” adlı mağazada qoyulmuş «Pashapay» ödəmə terminalı vasitəsilə 416973******8999 nömrəli kart hesabına göndərdiyi 4040 manat, 18 fevral 2023-cü il tarixdə Şirvan şəhəri, X3 küçəsində yerləşən «Elit market» adlı mağazada qoyulmuş «PashaPay» ödəmə terminalı vasitəsilə 416973******8999 nömrəli kart hesabına göndərdiyi 500 manat pulu alıb, ələ keçirərək sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə 4540 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, onun vəfat etmiş əri “KürdRonayi Mədəniyyət Mərkəzi”nin rəhbəri olmuş Kamil Həsənov barəsində saytlarda məqalə, kanalda isə veriliş hazırlamışdır. Həmin vaxtdan etibarən normal tanışlıq münasibətləri yaranmış və mütəmadi olaraq birlikdə reportajlar, yazılar hazırlayıb cəmiyyətə təqdim etmişlər. Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbətlər zamanı oğlu Muradı işə düzəltmək istəməsini öyrənib ona Muradın səfirliklər və digər uyğun strukturlara inanılmış kadr kimi təqdimatını verə biləcəyini bildirmiş və bu məqsədlə Zərərçəkmiş şəxs2 onun kanala aid olan “Kapital Bank” kartına 2021-ci ilin qış aylarından etibarən 6000 manat, 8000 manat və sonuncu dəfə 1000 manat pul köçürmüşdür. O da həmin pulu media holdinqin və kanalın inkişafına, həmçinin onların ailəsi barədə davamlı verilişlər, reportajlar, yazılar, məqalələr və digər kanallarının izafi xərclərinə sərf etmişdir. O, Zərərçəkmiş şəxs2 almış olduğu ümumilikdə 15000 manat pul vəsaitini yaxın bir zamanda qaytaracağına söz vermiş, törətmiş olduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımış, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, kürəkəni Şahid2 Şirvan ŞMX-da işləyir, işini dəyişmək istəyir, bunun üçün köməklik lazımdır, 4500 manat pulu vardır. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin pulla kürəkənini Şirvan ŞMX-da sürücü keçirtmək olar. Zərərçəkmiş şəxs1 12 fevral 2023-cü il tarixdə oğlu Orxan İbrahimova məxsus olan kart hesabına 4040 manat pul göndərmişdir. O, həmin pulu Bakı şəhəri, Xətai rayonunda yerləşən “Freş” marketdən olan terminaldan çıxartmışdır. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 kürəkənini Şirvan ŞMX-da işini dəyişməsi üçün heç bir hərəkət etməmişdir. 18 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zəng vurmuş, yalandan Ərəstuna bildirmişdir ki, kürəkəninin Şirvan ŞMX-da işini dəyişməsi məsələsini Sahib müəllim adlı şəxs həll edir, o Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq oraya pul göndərmək istəyir. Sahib müəllim ona demişdir ki, Zərərçəkmiş şəxs1 500 manat pul göndərsin. Zərərçəkmiş şəxs1 onunla razılaşmış, 18 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Orxan İbrahimovun kart hesabına 500 manat pul göndərmişdir. 06 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 1010 manat pul göndərmiş, 10 mart 2023cü il tarixdə Zərərçəkmiş şəxs1 kart hesabına 505 manat pul göndərmişdir. 11 mart 2023cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, qalan pulu nə vaxt ödəyəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, pulunu tezliklə qaytaracaq. 2023-cü ilin mart ayında xəstə olduğu üçün Zərərçəkmiş şəxs1 pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 vurduğu ziyanı qismən ödəməsini, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclaslarının zamanı və yeri barədə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 kifayət qədər məlumatlandırılmasına baxmayaraq, o xəstə olması səbəbindən məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqlədiyini, ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olmasını bildirmişdir. Müdafiə tərəfinin də etirazının olmamasını, təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinə dair mövqeyini nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsi tədqiq olunaraq elan olunmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs jurnalist qismində fəaliyyət göstərdiyi üçün onun mərhum həyat yoldaşı haqqında məqalə hazırlayaraq paylaşmışdır. Təqsirləndirilən şəxs onunla tez-tez maraqlanaraq işgüzar münasibət saxlamış və özünün fəaliyyəti haqqında ona məlumat verməklə ailəsinə köməklik etməyi təklif etmişdir. Onunla baş tutan söhbətlərin birində Teylor ona oğlu Şahid1 daha nüfuzlu hesab edilən yerlərin birində işə düzəldə biləcəyini demiş, o da onunla razılaşdıqda, Teylor ona oğlu Muradı səfirliklərdən birinə işə düzəltməyə söz vermişdir. Lakin, bunun müqabilində pul alacağını demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ondan oğlu Muradın anket məlumatlarını dəqiqləşdirmiş və 2021-ci ilin qış aylarında ona oğlu Muradın işə düzəltməsi üçün ilkin olaraq 6000 (altı min) manat pul lazım olduğunu bildirmişdir. O da 6000 (altı min) manat pulu “Milliön” ödəniş qurğusu vasitəsilə ilk öncə özünə aid karta ödədikdən sonra, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 40 saylı evə gələrək 6000 (altı min) manatı Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərmişdir. Bundan 2 ay sonra isə Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq oğlu Muradın işə düzəlmə prosesinin davam etdiyini, əlavə olaraq 8000 (səkkiz min) manat pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs inanmış və etibar edərək oğlunun işinin düzəlməsi üçün yenidən 8000 (səkkiz min) manat pulu “Milliön” ödəniş qurğusu vasitəsilə ilk öncə özünə aid karta ödədikdən sonra, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 40 saylı evə gələrək 8000 (səkkiz min) manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs həmin vaxtlarda ona yalan vədlər verərək və onu aldadaraq oğlu Muradı işə düzəldəcəyini bildirmişdir. O, 8000 manat pulu Təqsirləndirilən şəxs göndərdikdən təxminən bir aydan sonra sonuncu onunla yenidən əlaqə saxlayaraq oğlu Muradın işə düzəlməsi məsələsinin yekunlaşmasına az müddət qaldığını, son sənədləşmə işləri üçün daha 1000 (bir min) manat pulun lazım olduğunu bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Neftçilər” metrostansiyasının çıxışında olan “Mc.Donalds” adlı restoranının qarşısında “Milliön” ödəniş qurğusu vasitəsilə 1000 (bir min) manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına ödəniş etmişdir. Həmin vaxtdan indiyə qədər o, Təqsirləndirilən şəxsla əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələr gətirməklə vədinə əməl etməyərək onun oğlu Muradı işə düzəltməmiş və ondan aldığı ümumilikdə 15000 (on beş min) manat pulunu geri qaytarmayaraq etibarından sui-istifadə edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pul vəsaitini ödəmədiyindən hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Pul vəsaitlərini o, Təqsirləndirilən şəxs bank kartına 6000 (altı min), 8000 (səkkiz min) və 1000 (bir min) manatlar olmaqla köçürmə qaydasında ödəmişdir. Təqsirləndirilən şəxs oğlunu işə düzəldəcəyini vəd etdikdə və ya pul vəsaitlərini istədikdə yanlarında heç kim olmamışdır. Lakin onun oğlu Şahid1 bütün proseslərdən, yəni Teylorun ona vədlərindən və hansı məbləğdə necə ona göndərdiyindən məlumatlıdır. Həmin işi hansı şəxsin həyata keçirəcəyi barədə məlumatı olmamışdır. Lakin pulu Təqsirləndirilən şəxs vermiş və həmin məsələnin Təqsirləndirilən şəxs tərəfindən realizə ediləcəyini dəqiq olaraq bilmişdir. (i.v.140-143) Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v.164-167) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 fevral 2023-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən ona məxsus olan ***-***-**-** saylı mobil nörməyə zəng gəlmiş, şəxs ona bildirmişdir ki, adı Teylordur, onu tələbə vaxtından tanıyır, qardaşı ilə onun arasında bir məsələ vardır, qardaşından xahiş etsin ki, həmin məsələni həll etmək üçün vaxt versin. Bu hadisədən sonra Teylor bir neçə dəfə ona zəng vurmuş, Teylor ilə o, mobil telefonla danışan zaman Teylor ona bildirmişdir ki, Şirvan şəhərinə tez-tez gəlir, yaxşı əlaqələri var, Şirvan şəhərində nə narahatçılığı olsa ona zəng vursun. 11 fevral 2023-ci il tarixdə Teylor ilə danışan zaman bildirmişdir ki, kürəkəni Şirvan şəhər mərkəzi xəstəxanasında işləyir, təcili yardıma sürücü keçirtmək istəyir. Teylor ona bildirmişdir ki, TƏBİB-in baş idarəsində tanışları vardır. Həmin şəxslərlə danışıb onun kürəkənini təcili-tibbi yardıma sürücü düzəldə bilər. O, Teylor ilə razılaşmışdır. Teylor ona bildirmişdir ki, kürəkənin sənədlərinin şəklini onun mobil telefonuna göndərsin. 12 fevral 2023-cü il tarixdə Teylor ona zəng vurmuş, bildirmişdir ki, TƏBİB-in baş idarəsi ilə danışmış, iş hazırdır, 4000 manat pul lazımdır, saat 18:00-a qədər olan müddət ərzində pulu verməlidir. Teylorun ona göndərdiyi karta kürəkəni ona verdiyi 4040 manat pulu göndərmişdir. Sonra Teylor ona zəng vurmuş, pulun kart hesabına gəldiyini, 15 fevraldan 21 fevrala qədər olan müddət ərzində kürəkəninin işinin həll olunacağını demişdir. Sonra ona kürəkənini işə düzəldən şəxsin adının Sahib olduğunu, Türkiyədə olan zəlzələ ilə bağlı ora yardım göndərdiyini, ona 500 manat köməklik etməyini demişdir. 18 fevral 2023-cü il tarixdə o, 500 manat pul göndərmişdir. Kürəkəninə bildirmişdir ki, həmin pulu ona göndərdiyi kart hesabına göndərsin. Kürəkəni 18 fevral 2023-ci il tarixdə pulu Teylorun oğlunun kart hesabına göndərmişdir. 21 fevral 2023-cü il tarixə qədər olan müddət ərzində kürəkəninin işi düzəlməmişdir. O, buna görə Teylora zəng vurub bildirmişdir ki, kürəkəninin işi nə üçün düzəlməmiş, Teylor bundan sonra müxtəlif bəhanələr gətirməyə başlamışdır. 06 mart 2023-cü il tarixdə Teylor onun kart hesabına 1010 manat pul göndərmişdir. 10 mart 2023cü il tarixdə Teylor onun kart hesabına 505 manat da pul göndərmişdir. Hal-hazırda onun 3000 manat pulu təqsirləndirilən şəxsdədir və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rafael oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 14 aprel 2023-cü il tarixdə, saat 19:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Nizami rayon Məhkəməsinin 16 aprel 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.159-160) Şirvan Şəhər Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, 12 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi ilə icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v.59-60, 93-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixatriya xəstəxanası» publik hüquqi şəxsin 01 may 2023-cü il tarixli, 6374 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixatriya xəstəxanasında müalicə olunmayıb. (i.v.172) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. (i.v 161-163) Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2023cü il tarixli hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 310-cu, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmənin başlanğıcı hökmün çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v.46-58) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, törətdiyi əməldən peşman olmasını, səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını diqqətdən qaçırmır və bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq, barəsində xx.xx.2023-cü il tarixdə çıxarılmış Xətai rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxslərə mülki iddia icraatı qaydasında şikayət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq barəsində 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki iddia icraatı qaydasında şikayət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar