Məhkəmə qərarları › İş №1(032)-51/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-51/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-51/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Şirvan Şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin rəisi vəzifəsində işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, Ev 759F-də qeydiyyatda olmaqla yaşamış, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişdir. Bekə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 2557/ş nömrəli əmrlə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin rəisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin noyabr ayında tanışı cinayətdən xəbərsiz X7 vasitəsilə ona müraciət etmiş sonuncunun bacısı Zərərçəkmiş şəxs1 ilə danışıqları zamanı sonuncunun övladı Şahid1 Fövqəladə Hallar Nazirliyində işləyən və yaxın münasibətləri olan vəzifəli şəxslər vasitəsilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Dövlət Yanğından Mühafizə hissəsinə sürücü-yanğınsöndürən vəzifəsinə işə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələlərin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına Abbas Məsimlinin xeyrinə edəcəyi hərəkətlərə, yəni sonuncunun Biləsuvar rayon Dövlət Yanğından Mühafizə hissəsinə sürücü-yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsinə görə 15.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1m aldatmaqla bildirib, sonuncunun 10500 manat məbləğində pul vəsaitini əvvəlcə, qalan 4.500 manat məbləğində pul vəsaitini isə iş həll edildikdən sonra verilməsi barədə razılığını almaqla sövdələşdikdən sonra 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında görüşüb sonuncunun oğlu cinayətdən xəbərsiz Şahid3 Zərərçəkmiş şəxs1 məxsus 10.500 manat pulu alaraq şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonuncu qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda, yəni 15.000 (on beş min) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Xətai rayon Yanğından Mühafizə Xidmətində maliyyə inspektoru vəzifəsində işləyən övladı X2 həmin Nazirliyin Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətinə maliyyə inspektoru vəzifəsinə təyin edilməsi ilə bağlı 2024cü ilin sentyabr ayında aralarında olan telefon danışığı zamanı X12 Hallar Nazirliyində işləyən və yaxın münasibətləri olan vəzifəli şəxslər vasitəsilə Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətinə maliyyə inspektoru vəzifəsinə təyin etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələlərin müsbət həlli üçün qeyd edilən Nazirlikdə guya yüksək vəzifədə işləyən tanışına Araz Həsənovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun həmin Mühafizə Xidmətinə maliyyə inspektoru vəzifəsinə işə təyin edilməsinə görə 12.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Əliqadir Həsənovu aldatmaqla bildirib, sonuncunun razılığın alaraq sövdələşdikdən sonra həmin adla xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Yasamal rayonu ərazisində "xxxx" QSC-nin “20 yanvar metrostansiyasının yaxınlığında Müzəffər Həsənov küçəsində yerləşən “Ləvəngi” adlanan restoranda Əliqadir Həsənovla görüşləri zamanı sonuncudan 5000 manat, eyni niyyətlə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC- ə məxsus 5**********2076 nömrəli bank kartına Əliqadir Həsənov tərəfindən Şirvan şəhəri G.Şıxbala küçəsində yerləşən “Elit” Marketdə yerləşən “MPay” ödəniş terminalı vasitəsilə 500 manat, xx.xx.2024-cü il tarixdə isə həmin terminaldan özünün istifadəsində olan "xxxx" ASC-ə məxsus 5***********1231 nömrəli bank kartına bir neçə dəfəyə 6500 manat pul vəsaitinin köçürülməsinə nail olaraq, həmin pul vəsaitlərini Bakı şəhərində müxtəlif ünvanlarda nağdılaşdırıb, əldə etdiyi ümumilikdə 12.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 12.000 ( on iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, 2008-ci ilin mart ayından Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğlndan Mühafizə xidmətinə inspektor kimi işə qəbul olunmuş, 2019-cu ildə isə FHN-nin Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təhcizat dəstəsinin Avtonəqliyyat hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2023-cü ilin xatırlamadığı ayında adını xatırlamadığı tanışı vasitəsilə tanış olduğu Biləsuvar rayon sakini Qurban adlı şəxslə söhbət zamanı Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə imkan olduğunu bildirib yaxın və ya qohumlardan istəyən olsa ona müraciət etməsini bildirmiş, bir müddət sonra Qurban ona bacısı oğlunu FHN-də işə düzəltmək istədiklərini demişdir. Qurbana bacısı oğlunu FHN- nin Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon bölməsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini demiş, buna görə FHN-nin vəzifəli şəxslərinə vermək adı ilə 10.500 manat pul istəmişdir. Əslində pulu öz şəxsi maddi ehtiyaclarını qarşılamaq üçün istəmiş, pulu FHN-nin hansısa vəzifəli şəxsinə vermək fikri olmamışdır. İşi həll etməyə elə bir vəzifəli tanışı da olmamışdır. Qurbanla danışıqdan sonra onun bacısı oğlu Şahid1 şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərinin təqdim olunmasını Qurbana tapşırmışdır. Qurbanla razılığa gəldikdən sonra Qurban ona bacısı oğlu Abbasın onunla görüşüb sənədləri verəcəyini bildirmişdir. 2024-cü ilin xatırlamadığı ayında Qurbanın bacısı Amalya xanımın oğlanları Məhəmməd və Abbasla razılaşdıqları kimi Bakı şəhərində “20 Yanvar” dairəsi yaxınlığında, Şərifzadə küçəsində yerləşən FHNnin Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasının qarşısında görüşüb Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətlərini onlardan almışdır. Müvafiq sənədləri aldıqdan bir müddət sonra 2024-cü ilin fevral ayında Qurbanla əlaqə saxlayıb pulu vermək lazım olduğunu bildirmiş, Qurban da razılaşıb bacısına məlumat verəcəyini demişdir. 2024-cü ilin fevral ayında dəqiq xatırlmadığı gündə Qurbanın bacısı Amalyanın digər oğlu Məhəmmədlə Bakı şəhəri Zirə qəsəbəsində yerləşən “EKO parkın” yaxınlığında görüşüb ondan 10.500 manat pulu almışdır. Pulu aldıqdan sonra Məhəmməd vatsap vasitəsilə dayısı Qurbana görüntülü zəng etmiş və o, Qurbanla danışıb pulu aldığını və məsələni qısa müddətdə həll edəcəyini bildirmişdir. Həmin vaxt Amalya xanım da gəlmiş, lakin avtomobildə gözləmişdir. Hər ayın sonu FHN-də işə qəbulla bağlı sənəd qəbulu keçirilir və sənədlər qəbul edilib məqsədəmüvafiq hesab edildikdən sonra komissiyadan keçib sürücü-yanğınsöndürən kimi işə qəbul olunmaq mümkündür. Hazırda xatırlamadığı tarixlərdə Şahid1 işə qəbulla bağlı qeydiyyata alınması üçün FHN-nin əsas inzibati binasının Bakı şəhərində Müdafiə Nazirliyi ilə üzbəüz yerləşdiyi binaya göndərmiş, orada Şahid1 qeydiyyata alınsa da sonradan komissiyadan keçməsi üçün çağırılmamışdır. Şahid1 Biləsuvar Yanğından Mühafizə Hissəsinə işə qəbul etdirəcəyini bildirsə də həmin hissədə vakant yer olub-olmadığını bilməmiş, eyni zamanda hesab etmişdir ki, Şahid1 özü komissiyadan keçib hər hansı bir işlə təmin oluna bilər. Lakin Şahid1 komissiya çağırılmadığından və bu proses bir neçə dəfə təkrarlandığından Qurban ondan pulu qaytarmağı tələb etmiş, lakin pulu şəxsi ehtiyaclarına xərclədiyinə görə qısa müddətdə qaytaracağını bildirsə də, Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 1500 manat ödəniş etmiş, qalan məbləği indiyədək qaytara bilməmişdir. Bundan başqa tanışı Əliqadir Həsənovun oğlunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt regional Yanğından mühafizə hissəsinə keçirmək üçün 12.000 manat pul istəmiş, həmin pulun bir hissəsini səhv etmirsə 5000 manat 2024-cü ilin oktyabr ayında nağd şəkildə Bakı şəhərində “20 Yanvar” Metrostansiyasının yaxınlığında Əlqadirdən almış, qalan pulu isə özünə məxsus **********631231 nömrəli və **********152076 nömrəli bank kartlarına köçürülməsini xahiş etmişdir. Əlqadir də qalan pulu yəni 7000 manat pulun bir hissəsini bir karta bir hissəsini isə digər karta göndərmişdir. Əlqadirin onun işi həll edəcəyinə inanmasının səbəbi qaynı Şahin Orucovun FHN-də kadrlar idarəsində Xüsusi X10 rəisi işləməsi olmuşdur. Lakin hər iki halda pulu alanda məqsədi şəxsi maddi problemlərini həll etmək olmuş və aldığı pulları onkoloji xəstəlikdən əziyyət çəkən anasının müalicəsinə xərcləmiş, sonra anası vəfat etmişdir. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyandan ödəniş etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, oğlu Araz Həsənov FHN- də Yanğından Mühafizə Xidmətinin Xətai rayon Yanğından Mühafizə Xidmətində maliyyə inspektoru işləyir. Oğlunun yaşayış yerinə yaxın olduğuna görə onu FHN-nin Yanğından Mühafizə Xidmətinin Sumqayıt Yanğından Mühafizə hissəsinə Maliyyə sektoruna inspektor kimi köçürmə məsələsini maraqlanmış və bu barədə 2024-cü ilin sentyabr-oktyabr aylarında tanışı Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlamışdır. Danışıq zamanı Əşrəfə oğlunun yaşayış yerinə yaxın olduğuna görə onu FHN-nin Yanğından Mühafizə Xidmətinin Sumqayıt Yanğından Mühafizə Şöbəsinin Maliyyə sektoruna inspektor kimi köçürmə məsələsini demişdir. Əşrəflə bu məsələ ilə bağlı əlaqə saxlamağına səbəb onun qaynı Şahinin FHN-nin Kadrlar İdarəsində Xüsusi X10 rəisi işləməsi və Əşrəfin onun vasitəsilə kadr işi ilə bağlı müəyyən məsələləri həll etməyə imkanı olduğunu güman etməyi olmuşdur. Əşrəflə 2024-cü ilin oktyabr ayında xatırlamadığı tarixdə telefon danışığı zamanı Əşrəf oğlunun FHN-nin Yanğından Mühafizə Xidmətinin Sumqayıt Yanğından Mühafizə Şöbəsinin Maliyyə sektoruna inspektor kimi köçürülməsi müqabilində 12.000 manat pul istəmiş və 4-5 gün ərzində işin həll olunacağını bildirmişdir. Maddi imkanı zəif olduğuna görə qardaşı Şahid2 7000 manat və dostu Muradxan Məlikovdan 1600 manat borca pul almış, pulun verilməsi ilə bağlı Əşrəflə 2024cü ilin oktyabr ayının əvvəlində ilkin razılaşmadan sonra onunla xx.xx.2024-cü il tarixdə Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında “Ləvəngi” adlanan restoranda görüşmüş və ilkin olaraq 5000 manat Əşrəfə nağd şəkildə pul vermiş, qalan pulu da bir neçə gün ərzində verəcəyini bildirmişdir. Əşrəf də ona özünə məxsus olan **********631231 nömrəli və sonu 2076 ilə bitən "xxxx" ASC-ə aid olan bank kartını verib qalan pulu həmin kartlara göndərməyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində yerləşən “Elit Marketdə” yerləşən “Mpay” terminalından Təqsirləndirilən şəxs sonu 2076 ilə bitən bank kartına ilkin olaraq 500 manat, sonra isə **********631231 nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə bir neçə dəfəyə 6500 manat eyni qaydada pul köçürmüşdür. Bir müddətdən sonra 2024-cü ilin noyabr ayında FHN-nin Yanğından Mühafizə Xidmətinin Sumqayıt Yanğından Mühafizə hissəsinə Maliyyə sektoruna inspektor vəzifəsinə başqa bir nəfərin təyin edildiyini eşitdikdən sonra Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermiş və pulu qaytarmasını tələb etmişdir. Ondan sonra müxtəlif bəhanələrlə Əşrəf pulu yaxın vaxtlarda qaytaracağını bildirmiş, lakin indiyədək pulu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 12000 manat məbləğində maddi ziyan ödənilməmişdir və həmin maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, oğlu Şahid1 işsiz olduğuna görə onun Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunması üçün 2023-cü ildə bir neçə dəfə müraciət etmiş, lakin müsbət cavab olmamışdır. 2023- cü ilin sentyabr-oktyabr aylarında qardaşı Qurban Əsədov vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxsla tanış olmuş, Əşrəf bildirmişdir ki, FHN-ə işə qəbulla bağlı müraciət etməyin heç bir mənası yoxdur, özü 15.000 manat müqabilində Abbası FHN-nin Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon hissəsinə yanğınsöndürən işinə qəbul etdirə bilər. O, sonuncu ilə razılaşıb pulun bir hissəsini, yəni 10.500 manatı əvvəlcə verəcəyini qalan pulu isə iş həll edildikdən sonra verəcəyini bildirmişdir. Əşrəf Abbasın şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, hərbi biletinin surətlərini ona verməyi bildirmiş, 2023-cü ilin sonlarında, noyabr-dekabr aylarından birində oğlu Məhəmməd vasitəsilə qeyd edilən sənədləri Əşrəfə göndərmişdir. Məhəmməd də sənədləri Bakı şəhərində “20 Yanvar” dairəsi yaxınlığında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin binasında - Əşrəfin iş yerində ona vermişdir. Həmin sənədlərin verilməsində Abbas özü də iştirak etmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində "xxxx" ASC-dən 5000 manat öz adına kredit götürmüş, özündən də 5500 manat əlavə edib 10.500 manat pulu 2024-cü il fevral ayının təxminən 5-10-u aralığında Bakı şəhərində Xəzər rayonu ərazisində yerləşən “Aqroparkın” yaxınlığında oğlu Məhəmmədlə birlikdə Əşrəfə vermişdir. O, görüş zamanı avtomobildə gözləmiş, 10.500 manat pulu Əşrəfə vermək üçün oğlu Məhəmmədə vermişdir. Məhəmməd də pulu onun şahidliyi ilə Əşrəfə vermişdir. Məhəmməd pulu Əşrəfə verdikdən sonra dayısı Qurbanla video görüntülü formada telefonla danışmış və həmin danışıq zamanı Əşrəf Qurbana pulu aldığını və Abbasın məsələsini də qısa müddət ərzində düzəldəcəyini bildirmişdir. Həmin tarixdən bir müddət keçdikdən sonra 2024-cü ilin fevral-aprel aylarında Əşrəf bir neçə dəfə Abbası Bakı şəhərinə FHN-nin Yanğından Mühafizə Xidmətinə, öz iş yerinə çağırıb guya onu işə qəbulla bağlı vəzifəli şəxslərin qəbuluna salacağını və müvafiq komissiyadan keçirdib işini həll edəcəyini vəd etmiş, Abbas da bir neçə dəfə Əşrəfin çağırışına əsasən Bakı şəhərinə getmiş, lakin Əşrəf nə Abbası qəbula salmış, nə də komissiyadan keçirmiş, hər dəfə bir bəhanə gətirmişdir. Bir müddətdən sonra artıq Əşrəfdən pulu tələb edəndə yenə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən məsələ ilə bağlı ondan 15.000 manat pul istəmiş, lakin iş həll olunana qədər aralarında olan danışığa əsasən 10.500 manat pul vermiş, qalan pulu da iş həll olunduqdan sonra verəcəyi barədə razılaşmışdır. FHN-ə izahat verəndə texniki səhvlik edərək rəqəmi 10.000 manat yazmış, şikayətdən sonra Əşrəf ona ibtidai istintaq dövründə 1500 manat, məhkəmə istintaqı dövründə isə 1000 manat pul qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10500 manat məbləğində maddi ziyandan 8000 manat məbləğində maddi ziyan ödənilməmiş qalmışdır və həmin maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 2024cü ilin oktyabr ayında qardaşı X6 Həsənovun iş yerini dəyişmək istədiyini ona bildirmişdir. Araz FHN-də Yanğından Mühafizə Xidmətinin Xətai rayon Yanğından Mühafizə Xidmətində işləyir, evinə yaxın olması üçün onu FHN-də Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətinə keçirmək istəyir. Əliqadir bununla bağlı əvvəllər iş yoldaşı olmuş və uzun müddətdir tanıdığı və hazırda da Fövqəladə Hallar Nazirliyində məsul vəzifədə çalışan tanışı Əşrəf adlı şəxs vasitəsilə həmin məsələni həll edəcəyini, lakin Əşrəfin buna görə 12.000 manat pul istədiyini bildirmişdir. Əliqadir maddi imkanının zəif olduğunu bildirib ondan borc pul istəmiş və 2024-cü ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Əliqadirə bir dəfə 5000 manat bir neçə gündən sonra isə 2000 manat nağd şəkildə pul vermişdir. Bildiyinə görə Əliqadir Muradxan adlı tanışlarından da bu məsələ ilə bağlı borc pul almışdır. Əliqadirin deməsinə görə ümumilikdə 12.000 manat pulun bir hissəsini 2024-cü ilin oktyabr ayında nağd şəkildə, bir hissəsini isə Əşrəfin bank kartına köçürmə yolu ilə vermişdir. Əşrəf bir neçə gün əzrində işin həll olunacağını vəd etsə də indiyədək məsələni həll etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 2023cü ilin oktyabr ayından FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon DYMH-nin maliyyə inspektoru vəzifəsində işləyir. 2024-cü ilin sentyabr-oktyabr aylarında atası Əliqadir Həsənov ona Əşrəf adlı iş yoldaşı olduğunu, onu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər DYMH-ə maliyyə inspektoru vəzifəsinə keçirməyə söz verdiyini bildirmişdir. X15 özünün də Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğından mühafizə Xidmətində məsul vəzifədə işlədiyini və tanışları vasitəsilə bu məsələni həll edəcəyinə söz verdiyini demişdir. Bir müddətdən sonra 2024-cü ilin sonlarında atası ona FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər DYMH-ə maliyyə inspektoru vəzifəsinə təyinat olduğunu, Əşrəfin bu məsələni həll edə bilmədiyini demişdir. Bir müddət sonra isə atası Əliqadir ona həmin məsələnin həll edilməsinə görə Əşrəfin ondan 12.000 manat pul aldığını bildirmişdir. Həmin vaxt Əşrəf tərəfindən aldadıldıqlarını anlamışlar. Atası Əşrəfdən pulunu tələb etməyə başlayanda Əşrəf müxtəlif bəhanələrlə pulu qaytarmamış, nəticədə atası Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, işsiz olduğuna görə 2023-cü ilin sonlarında işə qəbulla bağlı bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, lakin müsbət cavab almamışdır. Ondan sonra dayısı Qurban Əsədov vasitəsilə FHN-nin əməkdaşı Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Əşrəf onu FHN-nin Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon hissəsinə işə qəbul etdirəcəyini söz verib buna görə anası Zərərçəkmiş şəxs1 15.000 manat pul istəmişdir. Amalya da əvvəlcə 10.500 manat pul verəcəyini, qalan pulu da iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Ondan sonra Əşrəf onun şəxsiyyət vəsiqəsinin, hərbi biletin və digər xatırlamadığı sənədlərin surətlərinin ona verilməsini bildirmiş, həmin sənədləri qardaşı Məhəmmədlə birlikdə 2023-cü ilin sonlarında Əşrəflə Bakı şəhərində onun iş yerində görüşüb Əşrəfə vermişdir. Anası 2024-cü ilin fevral ayının əvvəllərində "xxxx" ASC-nin Biləsuvar şöbəsindən kreditə pul götürüb qalan pulu da özü qoyub 10.500 manat pul düzəltmiş və qardaşı Məhəmmədlə birlikdə 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhərində Xəzər rayonunda Zirə qəsəbəsində yerləşən “Aqroparkın” yaxınlığında Əşrəflə görüşüb pulu ona vermişdir. Pul Əşrəfə verildikdən sonra bir neçə dəfə Əşrəf onu guya işin həll edilməsi ilə bağlı Bakı şəhərinə FHN-nin Yanğından Mühafizə Xidmətinə, öz iş yerinə çağırmış, lakin heç bir iş görməyərək onları aldatmışdır. Sonda anası Zərərçəkmiş şəxs1 FHN-ə şikayət etmiş, ondan sonra Əşrəf işin düzəlmədiyini bildirib 1500 manat pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd CD diskdə 38 ədəd fayl vardır. Həmin fayllardan 7-i şəkil, 31 -i isə səs yazılardır. Səs yazılarına baxış zamanı müəyyən edilir ki, kişi cinsinə məxsus bir nəfər işin qısa zaman ərzində həll olunması ilə bağlı vədlər verir, daha sonra isə işin müxtəlif səbəblərdən həll edilmədiyini bildirib alınan pulun geri qaytarılcağını bildirir. Səs yazılarında bir tərəfin digər tərəfə “Əliqadir” dayı müraciət etməsi müəyyən edilir. Fotoşəkillərə baxış zamanı ödəniş çekiərinin və vatsap yazışmalarına dair şəkillərin olduğu görünür. Şəkillərdə 5 ədəd ödəniş çeki və vatsap yazışmaları əks olunmuşdur. Ödəniş çekiərinin “M Pay” ödəniş terminalı vasitəsilə Şirvan şəhərindən köçürüldüyü müəyyən edilir. Eyni zamanda vatsap danışıqlarına dair görüntülərdə adı “Əşrəf FHN” kimi qeyd edirlən şəxslə danışıqlar aparıldığını, danışıq zamanı “Əşrəf FHN” kimi qeyd edilən şəxsin digər tərəfə xx.xx.2024cü il tarixdə **********152076 bank kartı nömrəsi göndərdiyi, qarşı tərəfin də həmin bank kartına ödəniş edilməsi ilə bağlı çek göndərdiyi müəyyən edilir. Digər görüntülərdə isə FHN-nin Sumqayıt bölməsinə artıq təyinat olduğu və ona görə də pulun geri tələb olunduğu görünür. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Əliqadir Həsənov ifadəsində göstrilən xüsusatları təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da öz növbəsində Əliqadir Həsənovun dediklərini təsdiq edərək əməlini etiraf etmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərilənləri təsdiq edib Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da ifadəsində Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək onun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə qəbul etdirəcəyi ilə bağlı 10.500 manat pul aldığını etiraf etmişdir. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə bir video görüntü və 20 ədəd səs yazıları olan qovluqlar vardır. Səs yazılarına baxış keçirilərkən müəyyən edildi ki, bir nəfər kişi cinsinə məxsus şəxs tərəfindən danışıq aparılır. Danışığın məzmunu əsasən işin yaxın vaxtlarda həll olunacağı alınmayacağı halda pulun qaytarılacağı məzmunundadır.Səs yazılarının məzmunu aşağıdakı kimidir: 1) Səbirli ol dayı. 2)Sözümün qabağı da dalı da bilirdi. And olsun Allaha qəbul olunub dayı and ola Allaha deyirəm. Hamımızın Allahımız var. Quran haqqi evimdə balalarım varmı mən bu işin altına girmişəm və bərəkət haqqı həll edəcəm. Eləyəcəm qoy sabah yox biri gün. Qurban olum da o pulu verim uşaqlara otursun yerində 1 ay içində özün görəcəksən Kadrlarına danışmışam. Göndərəcəm gedəcək. 3)Aha sən baş vurdun roma mən bu nətər eliyə bilərəm gecəylə mən o nətər eliyə bilərəm sən başına dönərəm sən sabahlarda iş günüdür. Hələ bu günləri mənə gəlib sənədləri çıxacaq hesabı yox 1-ci gün eləməsəm onda bu söhbəti eləyərsən, mən sən allah eləmə mən quran haqqı sənə hörmətim var sən də mənə yanaşırsan arxayın olub mənə bu işi görmüsən məndə deyirəm ki, sabah yox birigün pul verəcəm uşağa özün görəcəksən günorta 1 ə qədər maksimum mən ona çatdıracam. 4) Oğlan salam nətərsən nə var nə yox bax sənə deyirəm abi başına dönərəm heç kəs pulu xərcləməyib ki ə mən bu işi pozmayacağını mən indi bu günləri sənəd göndərdim bibi ilə danışdım özünə dedim mənə kredit götürmək üçün kredit götürüb özüm vermək istəyirəm. İşimi görən adam vallahi billah bərk adamdı mən ona özüm demişəm ki, kimə nə vermisən deyirəm sənsə geri qaytarma mən özüm 1 aylığına kredit götürüb bağlayacam onda bu gün edəcəkdim andolsun allaha əmoğlu başına dönərəm sən. ə tövbə çatdıra bilmədim çatdıra bilmədim 1 ayda həmin adama möhlət vermişəm ki, ora çağıran kimi komissiyadan keçən kimi çavuş əmrini ver. pulu məndədir qurtardı getdi, mən də belə 1 dənə məsələ eləmişəm olana ki işimiz düzəlsin pulu gətirib geri qaytaracaqlar elə danışmışıq sən allah mənim işimi pozma 1 günlə heç olmasa sabah yox birigün pulu verəcəm uşağa. 5) Mənə inan sən mənə inanmırsan qoy mən işimi görüm dünən məhəmmədlə də anasıyla da danışmışam belə qərara gəldim dedim xala and olsun allaha bax quran haqqı, əgər istəyirsənsə birinci gün kredit çıxardıb verəcəm pulu verəcəm. 6) Salam Qurban müəllim nətərsiz nə var nə yox, zəhmət olmasa imkan varsa məni yığında. 7)Salam qardaş necəsən dəqiqdi sabahları allah qoysa onun yarısında gəlsinlər mən özüm götürüb aparacam səhər səhər. 8)Salam qardaş salam sabah allah qoysa yola saiacam Məhəmmədi danışmışam sabahları allahın köməkliyilə işim alınacaq. Eyni zamanda video görüntüyə baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, görüntüdəki şəxslər oğlu Məhəmməd, FHN-nin əməkdaşı Təqsirləndirilən şəxs və qardaşı Qurban Əsədovdur. Həmin çəkilişdən sonra oğlu Məhəmməd Şahid1 FHN-ə işə qəbul məsələsi ilə bağlı 10.500 manat pulu Əşrəfə vermişdir. Video görüntünün məzmunundan görünür ki, adları qeyd edilən şəxslərin arasında sövdələşmə aparılır və X21 Dövlətova arxayın olduqlarını işi həll etdikdən sonra da ayrıca ona hörmət ediləcəyini bildirib Məhəmmədə Əşrəflə işini həll etməsini tapşırır. Təqsirləndirilən şəxs da öz növbəsində Qurban Əsədova narahat olmamağı işi qısa müddət ərzində həll edəcəyinə söz verir. İş materiallarında olan "xxxx" ASC-dən istintaqa təqdim edilmiş 04 mart 2025-ci il tarixli 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskdə 5(001)-134- 2025.7z, anket, balansdan kənar məxaric orderi, çıxarış, etibarnamə, plastik kartın pin zərfi adlı fayllar mövcuddur. 5(001)- 134-2025.7z fayla daxil olduqda həmin faylın içində ASHRAF DOVLATOV və AYAZ MUSTAFAYEV adlı fayllar mövcuddur. ASHRAF DOVLATOV faylının içində atm 2263, atm 2295, atm 2310, atm 2391, atm 2397 və anket fayllan mövcuddur, atm 2263, atm 2295, atm 2310, atm 2391, atm 2397 fayları pul vəsaitinin çıxarılmasına dair görüntüləri əks etdirir. Həmin görüntülərdən görünür ki, pul vəsaitini çıxaran şəxs Təqsirləndirilən şəxsdur. Qeyd edilən bank kartı ******************** bank hesabına bağlıdır. Anket faylına baxış keçirilərkən müəyyən edilir ki, **********421231 nömrəli bank kartı Təqsirləndirilən şəxs adına açılmışdır. Qeyd edilən bank kartı ******************** bank hesabına bağlıdır. Eyni zamanda həmin fayla baxış zamanı müəyyən edilir ki, **********72076 bank karı X1 adına açılmışdır. Qeyd edilən bank kartı ******************** bank hesabına bağlıdır. Çıxarış faylına baxış keçirilən zaman müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs Əliqadir Həsənovun ifadəsində göstərdiyi və eyni zamanda istintaqa təqdim etdiyi qəbzlərə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus bank kartına bağlı olan **********72076hesaba üç dəfə 2000 manat, bir dəfə 500 manat olmaqla 6500 manat pul vəsaitinin köçürülməsi, Ayaz Mustafayevin adına olan bank kartına bağlı olan hesaba isə xx.xx.2024-cü il tarixdə 500 manat pul vəsaitinin köçürülməsi əks olunur. İş materiallarında olan 04 mart 2025-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3, 29, 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 04 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və qətimkan tədbiri seçmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3, 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Əliqadir Həsənov tərəfindən istintaqa təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə məxsus 5**********2076 nömrəli bank kartına Şirvan şəhəri G.Şıxbala küçəsində yerləşən “Elit” Marketdə yerləşən “MPay” ödəniş terminalı vasitəsilə 500 manat, xx.xx.2024-cü il tarixdə isə həmin terminaldan "xxxx" ASC-ə məxsus 5***********-|231 nömrəli bank kartına bir neçə dəfəyə ümumilikdə 6500 manat pul vəsaitinin köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 2557/ş nömrəli əmrdən görünür ki, X5 fövqəladə hallar orqanlarına işə qəbul edilərək Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 3499/ş nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, etik davranış qaydalarının tələblərini pozduğuna görə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin rəisi daxili xidmət polkovnik leytenantı Təqsirləndirilən şəxs rütbəsi bir pillə aşağı salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, Şahid1 FHN-də xidmətə qəbulla bağlı Kadr siyasəti baş idarəsinə müraciəti daxil olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerindən müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan RespublikasıFövqəladə Hallar Nazirliyindən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin avtonəqliyyat hissəsinin rəisi vəzifəsində işləməklə, dövlət qulluğunun xüsusi növündə xidmət keçir, xidmətdən xaric edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X13 daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə almamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik informasiya idarəsindən istintaqa daxil olmuş 11,02.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 may 2025-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-355/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cm-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 1(bir) ay, 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 03 iyul 2025-ci il tarixli Yevlax Rayon Məhkəməsinin 1(039)- 14/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 18 sentyabr 2025-ci il tarixli Yevlax Rayon Məhkəməsinin 1(039)-94/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 46.2.-ci maddəsine əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş olaraq qalan 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrum etmə cəzası ilə bərabar tutulmaqla 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin olunmuş əlavə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan 03 noyabr 2025-ci il tarixli Yevlax Rayon Məhkəməsinin məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 1(039)-94/2025 saylı hökmü 23 oktyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, iş yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki cinayəti həmin hökmlə məhkum edilməzdən əvvəl törətmişdir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4-cü maddələrinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, CM-in 66.5-ci və 66.4-cü maddələrinə əsasən Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmaları və səs yazılarını əks etdirən 02 ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CMin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.4 və CM-in 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmaları və səs yazılarını əks etdirən 02 ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar