Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-53/2024 23.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12.00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda 5,84 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananı 7 (yeddi) ədəd bükümə ayırmaqla, həmin bükümləri üzərində daşımaqla saxlamış, 07 oktyabr 2023-cü il tarixdə, saat 12:40-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibində qanunsuz olaraq saxladığı 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi-0,82 qr, 1,48 qr, 1,28 qr, 0,38 qr, 0,90 qr, 0,62 qr, 0,36 qr, ümumi çəkisi-5,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixunana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədi, narkotik vasitələrdən istifadə etməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir əsəbi olduğundan narkotik vasitələrdən istifadə etmişdir. Mircavad adlı qohumu narkotik vasitə olan marixuana lazım olan zaman ona deməyini bildirmişdir. 07 oktyabr 2023-cü il tarixdə Mircavada mobil telefonla zəng edərək narkotik vasitə olan marixuana lazım olduğunu demiş və Mircavad onun üçün narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini bildirmişdir. Təxminən 1 saat sonra Mircavad 7 ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuananı ona vermiş, 2 ədəd kağız bükümü pay verdiyini, 5 ədəd kağız bükümə görə isə 10 manat verəcəyini demiş, o da razılaşmış və yaxın müddətdə aldığı narkotik vasitənin pulunu verəcəyini demişdir. Daha sonra həmin 7 ədəd kağız bükümü götürüb əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin bükümlər üzərində olduğu zaman o, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, orada hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə o, üzərində olan 7 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana olduğunu bildirmiş və 7 ədəd kağız bükümü təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefon və aşkar olunaraq götürülmüş, bundan əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satış ilə məşğul olmamış, narkotik vasitəni artıq hazır 7 ədəd bükümdə X2 özü ona vermiş, həmin narkotik vasitədən gələcəkdə hissə-hissə istifadə etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı, istifadəsi ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 07 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində o, Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsinə getmiş, küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüş və yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Şirvan şəhər Polis Şöbəsində ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən yeddi (07) ədəd kağız bükümü təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, bükümlərə baxış zamanı kütlələrin marixuanaya bənzər maddə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 7 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Sabirabad rayon sakini Mircavad adlı şəxsdən pul müqabilində almış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmadır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Proses iştirakçıların suallarına cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, lakin kimə və ya kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamış, bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, o cümlədən bildirmişlər ki, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 7 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Sabirabad rayon sakini Mircavad adlı şəxsdən pul müqabilində almış və istifadə etmək üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2023-cü il tarixli, 257 nömrəli raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın üzərində saxlanılmasında, istifadə etməsində və satışında məşğul olmaqla şübhəli olması barədə kifayət qədər əsaslar olduğundan, xx.xx.2023-cü il tarixdə, saat 12:40 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində hərəkət edərkən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməkdə, istifadəsində və satışında şübhəlidir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhrəri, 1 May küşəsində hərəkət edərkən və üzərində qanunsuz əldə etdiyi narkotik tərkibli vasitə gəzdirməsi ehtimal olunur, məlumat etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Şübhəli şəxsin tutulmasına dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə, saat 12:40-da hüquqları məhdudlaşdırılmış, həmin tarixdə, saat 13:45də şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 oktyabr 2023cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 54, 73) Şəxsi axtarış və götürmə aparılması haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 07 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, bundan başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. (i.v 32-33) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 07 ədəd kağız bükümü təqdim edir, marixuana olmasını bildirir. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. İlkin suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini, satış məqsədinin olmamasını bildirir. (i.v 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 08 oktyabr 2023-cü il tarixli, 18/978 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,82 qr, 1,48 qr, 1,28 qr, 0,38 qr, 0,90 qr, 0,62 qr, 0,36 qr, ümumi çəkisi- 5,84 qr olan bitki mənşəli kütlələt tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,14 qr, qalıq-5,70 qr. qalmışdır. (i.v.42- 43) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. (i.v.89) “Şirvan şəhər mərkəzi xəstəxanası” X17 18 oktyabr 2023-cü il tarixli 18-1-35/2- 855/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-ın ruhi-əsab, narkoloji və nevroloji kabinetində qeydiyyatda yoxdur.(i.v. 91) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 07 noyabr 2023-cü il tarixli, 3-17-1/2- 262214/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən beşdən çox uşağı olan qadınlara təyin edilən müavinət alır. (i.v 97) xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, kimə və ya kimlərə narkotik vasitə satıb satmaması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v 111) Məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2023-cü il tarixli 7824 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (i.v.121-122) Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 5,70 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. (i.v.135) Şəxsiyyət vəsiqələrini sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adında uşaqları var. Məhkəmənin cinayət işi ilə bağlı tədbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (köhnə redaksiyada) CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından onun əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: İlk növbədə iş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli raportda qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlanılmasında və satışında kifayət qədər əsaslar olduğuna görə, “Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında” həmin tarixli qərara əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməsində istifadəsində və satışında şübhəli olması səbəbindən Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində hərkət edərkən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılması göstərilmişdir. xx.xx.2023-cü il tarixli vəsatəta baxılması və rədd edilməsi haqqında qərardab görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra dindirilən zaman ifadəsində özünü qismən təqsirli bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, göstərilən xüsusat ibtidai istintaq orqanı tərəfindən vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, kimə və ya kimlərə narkotik vasitə satıb satmaması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla yanaşı, şübhəli şəxs qismində saxlanılarkən ona verilən suallara cavabında, o cümlədən ilkin izahatında Təqsirləndirilən şəxs izahatında tezəlikcə narkotik vasitə olan marixuana istifadə etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, özünü yalnız AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxsin ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, qismən etirafedici izahat və ifadələr verməsini, özünü yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilməsini diqqətdən qaçırmır. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinə və bükümlərdə olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, aşkar edilmiş narkotik vasitə marixuananın satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı səbəbindən özü-özlüyündə həmin maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı: istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 5,84 qram olması, 7 bükümdə olması müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni əldə etməsi, narkotikin çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun : narkotik maddələrin satışı ilə məşğul olması, satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik maddələrlə bağlı sifarişlər alması həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri təqsirləndirilən şəxsin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmiş, sadəcə olaraq təqsirləndirilən şəxsin üzərindən yuxarıda qeyd olunan narkotik maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Narkotikin satışını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında da aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə şahid ifadələrinə münasibətdə əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərinə dair ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. İstintaq orqanının təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi digər sübut növü məhkəmə-kimyəvi ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi işin mübahisəsiz halıdır və həmin rəy təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik maddənin növünü və miqdarını təsdiq etməklə həmin maddənin hansı məqsədlə əldə edilərək saxlanılmasını müəyyən edən sübut növü kimi qiymətləndirilə bilməz. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus 055 314 82 88 saylı mobil telefon nömrəyə 01 yanvar 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin, SMS mətnlərinin məhkəmə zamanı tədqiqi zamanı da təqsirləndirilən şəxsin satış məqsədilə narkotik vasitə əldə etməsi, onu kiməsə satmağa cəhd etməsi, satması, bununla əlaqədar sövdələşmə aparması təsdiq olunmadı. Məhkəmə hesab edir ki, narkotik vasitənin miqdarına, daxil olmuş, lakin öz təsdiqini mötəbər, mümkün, ziddiyyətsiz, əsaslı, ən əsası isə bütün şübhələrdən kənar qalan standartlara uyğun sübutlarla tapmayan mülahizə xarakterli məlumata istinad edərək şəxsin narkotik vasitələrin satışı ilə məğul olması qənaətinə gəlinməsi və ehtimallar əsasında şəxsə həmin maddə ilə cəza təyin edilməsi nə cinayət qanunvericiliyinin qanunçuluq, nə də ədalət prinsipləri ilə bir araya sığmır. Bununla yanaşı, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsdə məhz narkotik maddələrin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı marixuananı şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında hər hansı bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotikin satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini ilə əlaqədar Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını, peşman olaraq, əldə etdiyi narkotik vasitənin mənbəyi və öz əməlləri ilə əlaqədar səmimi fadələr verməsini, əməlinə tənqidi münasibətini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, çoxuşaqlı ana olmaqla, hazırda uşaqlarını tək böyütməsini, yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istinaq zamanı şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət çıxılmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, 1 May küçəsi, 105 A nömrəli mənzilini hər gün saat 23:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələrini yerinə yetirmə öhdəliyinin qoyulmasını məqsadəmüvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Şirvan Polis Şəbəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,70 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 131 (yüz otuz bir) manat, 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək 2 (iki) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istinaq zamanı şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın və qəti olaraq barəsində 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, 1 May küçəsi, 105A nömrəli mənzilini hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 131 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,70 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-53/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-53/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver