Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-54/2024 02.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə Saat 11:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Şirvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Qaradərə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri-əsaslandırıcı hissə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 0,472 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ cibində daşıyaraq saxlamış, 09 oktyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 14:25-dən 14:40-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd sellofan kəsiyi bükümündə xeyli miqdarda təmiz çəkisi - 0,472 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmədi, ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən istifadə etmişdir, buna görə çox peşmandır. 09 oktyabr 2023-cü il tarixdə yaşadığı küçədə polis əməkdaşları onu saxlayıb Şirvan şəhər polis şöbəsinə apararaq orada üzərinə narkotik vasitə qoymuşlar və ona təzyiq göstərərək etiraf etməsini tələb etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüş olan narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşlarının təzyiqi altında etrafedici ifadə verməyə məcbur olmuşdur. Hazırda isə məhkəməyə təqsirsiz olmasını və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirir. Himayəsində azyaşlı uşağının və xəstə valideyninin olmasının nəzərə alınmasını xahiş edir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 09 oktyabr 2023-cü ildə yaşadığı Şirvan şəhəri, F.X.Xoyski küçəsində gəzən zaman yerdən 01 (bir) ədəd sellofan bükülü tapmış, həmin bükülünü açıb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görüb həmin bükümün içərisində olan heroindən istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyub saxlamış, 09 oktyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində olarkən polis əməkdaşları yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 01 ədəd sellofan bükülünün içərisində heroin narkotik vasitəsi aşkar edilib götürülmüş, sorğu zamanı o bükülünün içərisində olan narkotik vasitə olan heroini 09 oktyabr 2023-cü il tarixdə küçədə gəzən zaman yerdən tapdığını bildirmiş, üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin olan sellofan bükülünü zərfə qoyularaq möhürləmiş, daha sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olmuş, protokola və zərfə imza etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 İmran oğlu öz ifadəsində göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Zəngilan rayonu, Qaradərə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə vardır, həmçinin o narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. O bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin PPXBnın polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə təxminən saat 13:40-da Şirvan şəhəri, F.X.Xoyski küçəsinə getmiş, İntiqamı həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, İntiqama onlarla polis şöbəsinə getməsini bildirmiş, İntiqam da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, İntiqama hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı İntiqamın əynindəki şalvarının sağ yan cibindən 1 ədəd büküm və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, sorğu-sual zamanı İntiqamın özü həmin 1 ədəd bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin sellofan bükümdə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra İntiqam Mehdi oğlunun üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 İmran oğlunun göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 09 oktyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə, saat 13:40-da hüquqları məhdudlaşdırılmış, saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v 21) 09 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirir və əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. Büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunur. Bükümdə olan narkotik vasitə olan heroini kimdən və haradan əldə etməsi soruşulduqda, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirir. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin maddənin çəkisinin 0,54 qram olduğu müəyyən olunur. İçərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılır. (i.v.28-30) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, o əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bükümdə olan narkotik vasitə olan heroini kimdən və haradan əldə etməsi soruşulduqda, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmiş, elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin maddənin çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. İçərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır.(i.v 30) 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.63) Məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2023-ci il tarixli, 18/979 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi...” sözləri yazılmış və kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,472 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.38- 40) 12 oktyabr 2023-cü il tarixli maddi sübut qismində tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza təhqiqatından sonra qalan 0,422 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanması otagına təhvil verilmişdir. (i.v 69-70) Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 75) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X2 xx.xx.2023-cü il tarixli, 18-1-35/2-852/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMPin narkoloji kabinetində “F 11.2 Opioidlərin qəbulu nəticəsində narkomaniya” xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəbi, nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. (i.v 76) Verilmiş əməliyyat tapşırığına cavab olaraq məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələrin satışı ilə məşğul olmasına dair hər-hansı məlumat daxil olmamışdır. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan, kimdən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini istifadə etmək məqsədilə əldə edib saxlamışdır. (i.v.77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 7507 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 89) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 22 noyabr 2023-cü il tarixli, 3-17-1/2-273688/2023 saylı məktubundan görünür ki, Sosial Ödənişlər və Alt Sistemində Təqsirləndirilən şəxs məxsus əlillik dərəcəsinə görə əmək pensiyası, sosial müavinət və təqaüd təyin edilməmişdir. (i.v 92) Təqsirləndirilən şəxs məxsus SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04.11-xx.xx.2020-ci il tarixlərdə Fizuli və Xocavənd rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 19 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 96 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində heç bir xəsarət aşkar olunmamış, həmçinin Təqsirləndirilən şəxs istər saxlanılan, istərsə də şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələrində polis əməkdaşlarının ona qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiklərini göstərmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə və polis əməkdaşları tərəfindən ona bununla əlaqədar təzyiq göstərmələrinə dair bildirdiklərinə münasibətdə isə məhkəmə bu mövqeyi işin digər faktiki halları və sübutları ilə öz təsdiqini tapmaması səbəbindən özünümüdafiə xarakterli olması kimi qiymətləndirərək, cinayət məsuliyyəti və cəzadan yayınmaq məqsədi daşımasını hesab edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmasını, barəsində olan yüngülləşdirici halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək istintaq zamanı şübhəli şəxs kimi həbsdə olduğu 2 gün müddəti nəzərə alınmaqla onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 7507 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X3 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,422 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Nəticə hissə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə olduğu müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın, barəsində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını hər gün saat 23:00-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X4 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,422 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-54/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-54/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver