Məhkəmə qərarları › İş №1(032)-56/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-56/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-56/2025 24.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:32 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 0,276 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 06 yanvar 2025-ci il tarixdə saat 17:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Xəqani küçəsində piyada hərəkət edən zaman üzərində bıçaq gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında həmin gün saat 19:15 dəqiqədən 19:23 dəqiqəyədək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,276 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 06 yanvar 2025-ci il tarixdə saat 17:30 radələrində Şirvan şəhəri Xəqani küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onun üzərində bıçaq olduğunu gördükləri üçün yaxınlaşdıqlarını bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə Şirvan şəhər Polis Şöbəsinə getmişlər. Şirvan şəhər X5 hissəsində olduğu vaxt sorğu-sual zamanı üzərində bıçaqdan başqa psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə, o, əynində olan boz rəngli cins şalvarın sağ yan tərəfindən kəmərinə bərkidilmiş bıçağı və daha sonra sağ yan cibindən 01 ədəd gümüşü bükümdə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qablaşdırılmış, o da digər iştirakçılar kimi zərfin üzərini və tərtib olunmuş protokolu imzalamışdır. O, üzərindən aşkar olunmuş psixotrop maddəni xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Şirvan şəhəri 20 yanvar küçəsində olduğu vaxt bir ədəd gümüşü rəngdə kağız bükümdə yerdən tapmış və həmin gümüşü kağız büküm onun diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Həmin vaxt gümüşü kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və bu səbəbdən həmin bükümü cibinə qoymuşdur ki, sonra istifadə edər. O, əvvəllər narkotik vasitə marixuana, təxminən 5 il əvvəl isə psixotrop maddə metamfetamin istifadə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq və təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2025-ci il tarixdə saat 17:30 radələrində Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Şirvan şəhər Xəqani küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin əynində olan qara rəngli gödəkçəsinin arxa hissəsində qatlanan bıçaq olmasını və həmin şəxsin orada yerləşən adsız gözəllik salonunun qarşısında hərəkətdə olmasını görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə üzərində soyuq silaha bənzəyən bıçaq gəzdirməkdə şübhəli olduğunu bildirərək şəhər polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməmiş və birlikdə şəhər polis şöbəsinə gəlmişlər. Növbətçi hissədə həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində bıçaq və narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni və şalvarının sağ yan tərəfindən kəmərinə bərkidilmiş bıçağı təqdim etmişdir. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və 0,38 qram təşkil etmişdir. Daha sonra isə həmin kütlə və 01 ədəd bıçaq ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri və tərtib edilmiş müvafiq protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o psixotrop maddə metamfetamindən istifadə etməsini , üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2025-ci il tarixdə, saat 17:30 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materialına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/03 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,276 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,276-qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq – 0,226 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/05 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 409 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 17 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,276 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdən 08 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,226 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdən, 08 yanvar 2025-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri - 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,226 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar