Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-57/2023 01.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Vaqif oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs Şirvan şəhəri, 1 May küçəsində yerləşən “MM” adlı ərzaq məhsulları satılan mağazasına müştəri qismində gəlib, satıcının mağazada olan digər müştərilərə xidmət etməsindən və başqa saxlanc yeri hesab olunan kassa aparatının qarşısında heç kimin olmamasından istifadə edərək, kassa aparatını üzərində olan açarla açaraq qanunsuz daxil olub, kassadakı 125 manat pulu gizli talayaraq, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Vaqif oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək bildirdi ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək fikrinə düşmüş və qərara gəlmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən mağazaların birindən oğurluq etsə bir qədər pul əldə edə bilər. 09 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində yaşadığı evin yaxınlığında yerləşən Mehman adlı şəxsə məxsus olan “MM” marketə yumurta almaq üçün getmişdir. O, yumurtanı götürüb kassanın qarşısına gəlmişdir. O, kassanın qarşısında kassir işləyən Əhədin yerində olmadığını görmüşdür. Əhəd həmin vaxt mağazada olan digər müştərilərə xidmət göstərmək üçün oradan uzaqlaşmışdır. Əhədin yerində olmadığından istifadə edib kassadan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin vaxt kassa aparatı bağlı olsa da açar aparatın üzərində olmuşdur. O, həmin açarla kassa aparatını açmış və orada olan 5 manatlıq əksinasları götürüb tez cibinə qoymuşdur. Sonra Əhəd kassaya gəlmişdir. O, yumurtların pulunu Əhədə verib mağazanı tərk edib evə getmişdir. Onun mağazadakı kassadan oğurluq etməsindən heç kəsin xəbəri olmamışdır. O, evə gəlib pulu sayanda oğurladığı pulun 125 manat olduğunu görmüşdür. Təxminən yarım saat sonra polis şöbəsindən ona zəng edilmiş və şöbəyə dəvət edilmişdir. Polis şöbəsində olan zaman həmin mağazada olan müşahidə kamerasından götürülmüş videogörüntüyə baxan zaman kassadan pulu oğurlayan şəxsin özü olduğunu polis əməkdaşlarına səmimi bildirmiş və oğurluğu etiraf etmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şirvan şəhəri 1 May küçəsində yerləşən “MM” adlı ərzaq mağazası ona məxsusdur. O, mağazada olanda özü, olmayanda isə kürəkəni Əhəd həmin mağazaya nəzarət edir və işləri həyata keçirir. 09 noyabr 2022-ci il tarixdə işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Saat 10 radələrində Əhəd ona mobil telefonla zəng edərək mağazadakı kassadan 125 manat pulun oğurlandığını demişdir. O, Əhədə kassadan pulun kim tərəfindən oğurlanmasını soruşanda Əhəd mağazadakı müşahidə kamerasından Kamranın oğurluğunu müəyyən etdiyini demişdir. O, Bakıda olduğu üçün Əhədə polis şöbəsinə getməyi və şikayət ərizəsi ilə müraciət etməsini demişdir. Əhəd polis şöbəsinə gedərək mağazadan oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona dəymiş 125 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar bildirmişdir ki, qaynatası Zərərçəkmiş şəxs məxsus olan Şirvan şəhəri, 1 May küçəsində yerləşən “MM” adlı ərzaq mağazasında həm kassir, həm də satıcı kimi işləyib qaynatasına kömək etmişdir. 09 noyabr 2022-ci il tarixdə saat 10 radələrində mağazada olan müştərilərə xidmət göstərmişdir. Müştərilərə kömək edib kassa aparatının arxasına qayıdanda kassanın açıq vəziyyətdə olduğunu görmüşdür. O, həmişə kassa aparatının arxasından ayrılanda kassanı üzərindəki açarla bağlamışdır ki, kimsə açıq olmasından istifadə edib pulları götürə bilməsin. O, kassadakı pulları sayanda 125 manat pulun əskik olduğunu görmüş və tam əmin olmuşdur ki, mağazada müştərilərə xidmət göstərən zaman kimsə kassadan oğurluq edib. Bundan sonra o, mağazada olan müşahidə kamerasına baxış keçirmişdir. Kameranın yaddaşında olan videogörüntüdən məlum olmuşdur ki, kassanın üzərində olan açarla açıb kassadan pulları oğurlayan şəxs qaynatası Zərərçəkmiş şəxs qonşusu Kamran adlı şəxsdir. O, Kamranı uzun müddətdir ki, tanıyır, Kamranın kassadan necə oğurluq etməsi də videgörüntüdən aydın görünmüşdür. Kamran da həmin vaxt mağazaya alış-veriş etmək üçün gəlmiş və onun kassa aparatının arxasında olmamasından istifadə edib oğurluq etmişdir. İş materiallarında olan 09 noyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid təqdim etdiyi 1 ədəd disk ondan götürülmüş və həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri 1 may küçəsində yerləşən “MM” marketdəki kassa aparatının kilidini üzərindəki açarla açaraq pul vəsaitlərini götürüb cibinə qoyması müəyyən edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Qruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 fevral 2023-cü il tarixdə verilmiş 5-70-27/2-338/2023 saylı arayışdan görünür ki, Abıyev X4 şəhəri, 1 May küçəsi, ev 71A ünvanında qeydiyyatda olmaqla, Sabirabad rayonu, Kovlar kəndində yaşayır. İş materiallarında olan AZ-İİİ № 466853 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vaqif oğluna istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vaqif oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs Şirvan şəhəri, 1 May küçəsində yerləşən “MM” adlı ərzaq məhsulları satılan mağazasına müştəri qismində gəlib, satıcının mağazada olan digər müştərilərə xidmət etməsindən və başqa saxlanc yeri hesab olunan kassa aparatının qarşısında heç kimin olmamasından istifadə edərək, kassa aparatını üzərində olan açarla açaraq qanunsuz daxil olub, kassadakı 125 manat pulu gizli talayaraq, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vaqif oğlunun zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələblərinin olmamasını və himayəsində 1 azyaşlı uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vaqif oğluna azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdən, 11 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-57/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-57/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver