Məhkəmə qərarları › İş №1(032)-57/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-57/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-57/2025 03.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən “Pioner lagerdə” yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 1,099 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib yaşadığı ünvana gətirərək qonaq otağında yerləşən divanın arakəsməsində pambıq torbasının içərisində 01 ədəd sellofan bükümdə saxlamış, 20 yanvar 2025-ci il tarixdə saat 13 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı Şirvan şəhəri Naxçıvan küçəsi, Pioner lagerdə yerləşən nömrəsiz fərdi yaşayış evinə həmin gün saat 13:19 dəqiqədən 13:37 dəqiqəyədək baxış keçirilən zaman, evin qonaq otağında yerləşən divanın arakəsməsindən 01 ədəd bükümdə təmiz çəkisi 1,099 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etməyib, onlardan imtina edərək bildirdi ki, 20 yanvar 2025-ci il tarixdə tanışı, Şirvan şəhər sakini Şahid1 ona dəfələrlə zəng edib görüşmək istədiyini bildirmişdir. Evdə olduğunu bildirdikdən sonra Şahid1 həmin ünvana gəlmişdir. Birlikdə olduqları zaman Şahid1 narkotik vasitə qəbul etmək istədiyini bildirərək ondan icazə almış, o isə buna etiraz etməmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş, videoçəkiliş vasitəsi ilə evə baxış keçirilən zaman qonaq otağında yerləşən divanın arakəsməsindən pambıq torbasının içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar etmişlər. O, polis əməkdaşlarına psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Lakin həmin aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin ona yox, Şahid1 məxsus məxsus olmuşdur. Ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamışdır. Hazırda düzgün ifadə verir və himayəsində xəstə anasının olmasının nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, hazırda fəhlə işləyir. Əvvəllər heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Son zamanlarda təxminən 3-4 gün müddət olar ki, psixotrop maddə qəbul etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir gün qabaq, yəni 19 yuanvar 2024-cü il tarixdə Şirvan şəhəri ərazisində adını xatırlamadığı küçədə piyada gəzərkən yerdə bir ədəd siqaret qutusunun olduğunu gormüşdür. Həmin qutunun içərisində nə olduğu ona maraqlı gəldiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Bu zaman qutunun içərisində bir ədəd sellofan bükümdə “patı”, yəni metamfetamin olduğunu görmüşdür. Gələcəkdə istifadə etmək məqsədilə həmin bükümdə olan metamfetamini götürmüşdür. Siqaret qutusunu isə tullamışdır. Həmin bükümdə olan kütləni yaşadığı evə gətirərək pambıq torbasına qoyub qonaq otağında yerləşən divanın arakəsməsində gizləmişdir. 20 yanvar 2025-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və videoçəkilişlə yaşadığı evə və üzərinə baxış keçiriləcəyini demişlər. Həmin vaxt qonaq gəlmiş Şahid1 da onunla birlikdə evdə olmuşdur. Baxış zamanı qonaq otağında yerləşən divanın arakəsməsindən pambıq torbasının içərisində bir ədəd sellofan bükümdə yerdən tapdığı həmin “kütlə” aşkar edilmişdir. Bundan başqa qonaq otağında olan kiçik masanın üzərindən metamfetamin qəbul etmək məqsədilə istifadə etdiyi 01 ədəd şüşə qab və 02 ədəd şpris aşkar edilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilərkən, eləcə də, Şahid1 və onun üstü yoxlanılan zaman hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd şüşə qab və 02 ədəd şpris əməliyyat müvəkkili tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №55” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra əməliyyat müvəkkili tərəfindən götürülmüşdür. Daha sonra isə o və Şahid1 Şirvan şəhər Polis Şöbəsinə gətirilmişlər. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Daha sonra aşkar olunan əşyalara onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin kütlə elektron tərəzidə çəkilmişdir. Sonda həmin kütlə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №55” möhürü ilə möhürlənmiş, o və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili nəfəri Şahid2 ifadəsində bildirdi ki, 20 yanvar 2025-ci il tarixdə Şirvan şəhəri Naxçıvan küçəsində “Pioner lager” adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs yaşadığı evə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid6, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid4, Şirvan ŞPŞ-nin ƏRQ-nun polis nəfəri Şahid5 və ondan ibarət olması təsdiqlənmişdir. Əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən “Pioner lager” adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişlər. Evin qapısını açıb içəri daxil olduqda Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslərin evdə olduqlarını görmüşlər. Evə baxış keçirilən zaman qonaq otağında yerləşən divanın arakəsməsindən pambıq torbasının içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, eləcə də həmin otaqda yerləşən masanın üzərindən 01 ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edilən şüşə lampa və 02 ədəd şpris aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə metamfetamin olmasını, 3-4 gündür ki, psixotrop maddələrdən istifadə etdiyini, aşkar edilmiş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 üstü yoxlanılmış və üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evə qonaq gəldiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 01 ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edilən şüşə lampa və 02 ədəd şpris qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid4 və Şirvan şəhər Polis şöbəsinin ƏRQ-nun polis nəfəri Şahid5 vermiş olduqları ifadələrində, eləcə də ifadələri elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid3 və Şirvan şəhər Polis şöbəsinin NH-nin məsul növbətçisi Şahid6 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduqları ifadələrində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, özü əvvəllər narkotik vasitə heroin qəbul etmiş, lakin hazırda narkotik vasitənin heç bir növündən istifadə etmir. Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ya ədavət yoxdur. O, 20 yanvar 2025-ci il tarixdə şəhidlər xiyabanında olan zaman Bayraməli ilə rastlaşmış, çay içmək üçün onun evinə getmişlər. Orada olan vaxt polis əməkdaşları gəlmişlər və Bayraməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək evə baxış keçirmişlər. Baxış zamanı qonaq otağında yerləşən divanın arakəsməsindən pambıq torbasının içərisində bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan başqa qonaq otağında olan kiçik masanın üzərindən 01 ədəd şüşə qab və 02 ədəd şpris aşkar edilmişdir. Bayraməli polis əməkdaşlarına metamfetaminin özünə məxsus olmasını demişdir. Daha sonra evə baxış keçirilərkən, eləcə də, Bayraməlinin və onun üstü yoxlanılan zaman hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd şüşə qab və 02 ədəd şpris əməliyyat müvəkkili tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra isə onu və Bayraməlini Şirvan şəhər polis şöbəsinə gətirilmişlər. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur, Bayraməlinin evinə sadəcə olaraq qonaq kimi getmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş metamfetaminin ona aidiyyatı olmamış, həmin psixotrop maddənin guya ona məxsus olması barədə Bayraməli məhkəmədə yalan ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbiri, yaşayış yerlərinə daxil olma və baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağında yerləşən divanın arakəsməsindən pambıq torbasının içərisində 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, həmin otaqda yerləşən masanın üzərindən 01 ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edilən şüşə lampa və 02 ədəd şpris aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir. Digər hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 20 yanvar 2025-ci il, saat 13:19-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 15:45-də tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/58 nömrəli, 21 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,099 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd əşyanın şüşə hissəsinin içərisində psixotrop maddə metamfetaminin izləri vardır. 02 ədəd şprisin içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin - 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 1,099 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq 0,999 qramdır; 21 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilərək istintaq aparılmışdır; 22 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 4(032)-10/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; 22 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 20 yanvar 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq 0,999 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampa və 02 ədəd şpris iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, iş üzrə maddi sübut olan qalıq 0,999 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampa və 02 ədəd şpris saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(032)-26/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.3, 177.3.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 67.1, 71.5-ci maddələrinə əsasən 09 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilməklə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, sonuncu dəfə isə Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmişdir. məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 39 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; məhkəmə - narkoloji ekspertizasının 14 fevral 2025-ci il tarixli, 869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 82 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər ibtidai istintaq zamanı və qətimkan tədbiri seçilərkən vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olduğu üçün) məhkəmə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, qeyd edilən psixotrop maddənin ona məxsus olmaması ilə bağlı nə müdafiəçisinə, nə də əməliyyat tədbirinin keçirilməsi zamanı verilmiş olan suala cavab olaraq narazılığını, etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında izahatında bildirmişdir ki, tanışı ilə yaşadığı evdə olduğu zaman polis əməkdaşları gəlmiş, videoçəkiliş vasitəsi ilə yaşadığı evdə saxladığı psixotrop maddə metamfetamin götürülmüşdür. Şirvan şəhər Polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmamışdır. Əməlindən peşmandır, verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında psixotrop maddənin ona məxsus olmaması barədə bildirdikləri işin halları ilə tam təkzib olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri ilə yanaşı, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını müvafiq olaraq yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olmasına baxmayaraq, əvvəlki törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır və onun cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 1(032)-26/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkməkdədir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini barəsində qeyd edilən hökm çıxarılmazdan əvvəl törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,999 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampa və 02 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 1(032)- 26/2025 saylı hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,999 qram psixotrop maddə metamfetamin, içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə lampa və 02 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar