Məhkəmə qərarları › İş №1(032)-58/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-58/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-58/2024 30.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə Saat 15:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri əsaslandırıcı hissə Təqsirləndirilən şəxs xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, sərxoş vəziyyətdə 22 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Şirvan şəhəri, Şəhidlər küçəsində yerləşən Zərərçəkmiş şəxs şifahi icarə əsasında işlətdiyi “Cafe 001” adlı kafeyə gəldikdə Zərərçəkmiş şəxs ona sərxoş olması və kafedə musiqinin səsini artırmasına görə çölə çıxması barədə irad və tələblərinə məhəl qoymayaraq, kənar şəxslərin gözü qarşısında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla, ətrafdakı şəxslər və özü üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında, heç bir əsaslı səbəb olmadan həmin kafedə işləyən şəxslərin ünvanlarına nalayiq ifadələr işlədərək, kafenin şüşələrini təpik zərbələri ilə vurub sındırmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlər edib xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən "Sərvət" adlı şadlıq sarayında tanışının toy məclisinə getmiş, həmin məclisdə o, bir qədər spirtli içki qəbul etmiş, növbəti gün yəni, 22 noyabr 2023-cü il tarixdə, təxminən 03 radələrində "Sərvət" şadlıq sarayından çıxaraq qardaşı Əli Baloğlanovla birlikdə ona məxsus “Opel” markalı avtomobil ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən "001" adlanan kafeyə gəlmişlər. Kafenin qarşısında Əli avtomobili saxlamış və hər ikisi avtomobildən düşmüşlər. Bu vaxt kafeni işlədən Ağasif adı şəxs orada olmuş, o, onunla görüşmüş və bu vaxt Ağasif onu sərxoş olduğuna görə kafeyə buraxmayacağını bildirmişdir. Bundan sonra o, əsəbləşərək, kafenin bayır şüşəsinə yaxınlaşmış və təpiklə bir neçə dəfə bayır şüşələrinə vurmağa başlamış, bu vaxt həmin şüşələrdən bir neçəsi sınmışdır. Bundan sonra o, yenidən avtomobilinə əyləşmiş və Əli ilə oradan uzaqlaşıb getmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ifadənin yerində yoxlanması haqqında protokol, ekspertiza rəyi və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 7 aydır ki, Şirvan şəhəri, Şəhidlər küçəsində yerləşən Şirvan şəhər sakini X1 məxsus «Cafe 001" adlı obyekti icarə əsasında işlətmişdir. «Cafe 001" kafesinə aid bütün təmir və digər xərclər və dəymiş zərərlər və bütün ziyanlar ona aiddir. Mahiyyəti üzrə bildirmişdir ki, hər gün «Cafe 001" adlı obyekti saat 18 radələrində açmış və təxminən 03-04 radələrində bağlamışdır. İşlətdiyi kafedə Aylin, Tatyana, Sevil adlı ofisiant xanımlar çalışmışdır. 21 noyabr 2023-cü il tarixində, saat 23 radələrində Şirvan şəhər sakini Sahib adlı tanışı işlətdiyi kafeyə gəlmiş, o, bir neçə bakal pivə içdikdən sonra toya gedəcəyini deyərək kafedən uzaqlaşmışdır. Üstündən təxminən 1-2 saat keçdikdən sonra Sahib yenidən işlətdiyi obyektə gəlmiş, həmin vaxt o sərxoş vəziyyətdə olmuş, o, musiqinin səsini yüksəltmiş və bu zaman ofisiantlarla mübahisə etməyə başlamışdır. Daha sonra o, onu kafenin çölünə çıxartmış və sakitləşməsini istəmişdir. Onunla təxminən yarım saat söhbət etmişlər. Onu avtomobilinə əyləşdirmişdir. Bu zaman o uca səslə qışqırmağa və onunla mübahisə etmayə başlamışdır. Daha sonra heç bir səbəb olmadan avtomobildən düşərək, kafenin qarşısına gəlmiş və təpiklə vuraraq kafenin çöl pəncərələrini sındımağa başlamışdır. Həmin vaxt obyektin şüşələri sınmış və yararsız hala düşmüşdür. Bundan sonra bir təhər Sahibi oradan uzaqlaşmışlar. Bildirmişdir ki, Sahibin əməli nəticəsində ona 800 manat maddi ziyan dəymiş, baş vermiş hadisə təxminən 20-25 dəqiqə ərzində baş vermiş, Sahib kafenin şüşələrini təpik zərbələri ilə vuraraq sındırmış, hadisə zamanı Sahibin əlində heç bir əşya olmamış, Sahib onunla və kafedə işləyən digər şəxslərlə sözlə mübahisə etmiş, lakin heç kimlə arasında fiziki zorla bağlı mübahisə olmamış, hadisə zamanı Sahib təpiklə vuraraq kafenin şüşələrini sındırmış, həmin şüşələrin sınması nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixində, 23 radələrində kafenin gündəlik müştərisi olan Sahib adlı şəxs işlətdiyi kafeyə gəlmişdir. O bir neçə bakal pivə içdikdən sonra toya gedəcəyini, deyərək kafedən çıxıb getmişdir. Təxminən 1-2 saat keçdikdən sonra Sahib yenidən işlədiyi obyektə gəlmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuş, o, musiqinin səsini yüksəltmiş və bu zaman o, ona musiqinin səsini azaltmasını söyləmiş və nəticədə Sahib onunla və orada olan şəxslərlə sözlə mübahisə etməyə başlamışdır. Daha sonra Ağasif onu çölə çıxartmış və sakitləşdirməyə başlamışdır. Həmin vaxt Sahibin adını bilmədiyi bir nəfər dostu da kafenin çölündə olmuş, həmin vaxt görmüşdür ki, Sahib uca səslə qışqıraraq nəlayiq söyüşlər söymüş və kafeni işlədən Ağasiflə mübahisə etməyə başlamışdır. Ağasif onun içəriyə girməsinə mane olmağa çalışmışdır. O, qapının qarşısında olan zaman Sahib kafenin çöl pəncərələrini sındırmağa başlamış, daha sonra Ağasif onu dostunun maşınına əyləşdirmiş və Sahib oradan uzaqlaşmışdır. Həmin mübahisə zamanı Sahib ona hər hansı bir xəsarət yetirməmişdir. Bundan başqa o bildirmişdir ki, baş vermiş hadisə təxminən 20-25 dəqiqə ərzində baş vermiş, Sahib kafenin şüşələrini təpik zərbələri ilə vuraraq sındırmış, hadisə zamanı Sahibin əlində heç bir əşya olmamış, Sahib onunla və kafedə işləyən digər şəxslərlə sözlə mübahisə etmiş, lakin heç kimlə arasında fiziki zorla bağlı mübahisə olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 dediklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 55-56) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 28, 50-51) xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs bildirir ki, Təqsirləndirilən şəxs onun icarə əsasında işlətdiyi Şirvan şəhəri, Şəhidlər küçəsində yerləşən “Cafe 001” kafesinin şüşələrini sındırıb ona ümumilikdə 800 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verən Şirvan şəhəri, Şəhidlər küçəsində yerləşən “Cafe 001” kafesinin qarşısında əli ilə göstərərək bildirmişdir ki, məhz həmin kafenin giriş hissəsində yerləşən 4 ədəd pəncərənin şüşəsini Təqsirləndirilən şəxs təpik zərbələri ilə vuraraq sındırmışdır.(i.v 38) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi“ PHŞ “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X3 daxil olmuş 13 yanvar 2024-cü il tarixli 18-1-35/2-33/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poloklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v 71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər PŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət təqibinə Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. (i.v 77-78) xx.xx.2024-cü il tarixli, 3-13-111/2-1465/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Şəhidlər küçəsində yerləşən “001”kafesinin şüşəsini sındırıb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə qarşı açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər etmişdir, lakin hər hansı bir şəxsə qarşı fiziki zor tətbiq etməsi halı müəyyən edilməmişdir. (i.v 79) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən səmimi etirafını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməsindən təxminən bir ay müddətdən də az müddətdə hazırki cinayət əməlini törətməsini, mübahisəyə, münaqişəyə meyilli olması ilə əlaqədar keyfiyyətlərini, əməlinə olan münasibətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Cinayət iş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Nəticə hissə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:30-dan xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə olduğu müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 gün çıxılsın, barəsində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını hər gün saat 22:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar