Məhkəmə qərarları › İş №1(032)-58/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-58/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-58/2025 10.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1976-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 28 mart 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda 24 noyabr 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21011” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətindən çıxaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli halda qanunun tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan, yolun sağ tərəfində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq, “sol qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı, sol diz oynağında şişkinlik” kimi ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmaqla alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadan ibarət cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, onun nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük vəsiqə vardır. Baş etibarnamə ilə atası Sədrəddinə məxsus “VAZ 21011” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 24 noyabr 2024-cü il tarixdə o, tanışı Şirvan şəhər sakini Əlibabanın “Yeganə” şadlıq sarayında keçirilən toy mərasiminə getmiş, həmin gün toy mərasimində iştirak etmiş və spirtli içki qəbul etmişdir. Saat 19 radələrində o, toy mərasimindən çıxmış və şadlıq evinin həyətində dayanmış, toy mərasiminə gəldiyi “VAZ 21011” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və avtomobili işə salıb şadlıq evinin həyətindən H.Əliyev prospektinə çıxmaq istəmişdir. Həmin vaxt şadlıq evinin giriş hissəsindən prospektə çıxanda yolun sağ tərəfini görsə də, sol tərəfdə avtomobillər dayandığından yolun sol hissəsini dəqiq görə bilməmiş, bu zaman asta-asta yola çıxarkən anidən görmüşdür ki, onun yolunda qarşıdan avtomobil ona tərəf gəlir, qəza şəraiti yaratmamaq üçün avtomobili yolun sol tərəfinə hərəkətini dəyişmiş, bu zaman yolun solunda dayanmış Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Bəxtiyarın yanında dayanmış iki nəfər şəxs onun yanından qaçaraq avtomobilin zərbəsindən yayınmaq istəmişlər, lakin avtomobilimin ön hissəsi Şahid2 və ön sağ yan hissəsi ilə Şahid3 dəymişdir. Həmin şəxslərin xəsarəti ciddi olmamışdır. Avtomobili dayandırmış, dərhal avtomobildən düşmüş və vurulan şəxslərlə maraqlanmağa başlamışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Hadisə zamanı xəsarət almış şəxsləri Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. İdarə etdiyi avtomobildə sərnişin olmamış, avtomobildə heç bir texniki nasazlıq olmamış, həmin vaxt avtomobilinin sürəti 20 km/saat olmuş, idarə etdiyi “VAZ 21011” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektinə çıxarkən qarşıdan gələn avtomobili təxminən 20-30 metr məsafədən görmüş, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, məhkəmətibb ekspertizası, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və cinayət işinə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 24 noyabr 2024-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayını çöl giriş hissəsində üzü Hacıqabul rayon istiqamətində yolun solunda özünə məxsus “VAZ 2107” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış, saat 19 radələrində “VAZ 21011” markalı avtomobil “Yeganə” şadlıq sarayının həyətində üzü Hacıqabul istiqamətinə əks yola çıxmış, anidən sol tərəfə hərəkəti dəyişmiş və bu zaman həmin “VAZ 21011” markalı avtomobil onun üstünə gələrək, avtomobilin ön sol hissəsi onun sol ayağına dəymişdir. Bu zaman sol ayağı əzilmiş və zərbənin təsirindən yol sol tərəfinə düşmüşdür. Həmin “VAZ 21011” markalı avtomobil hərəkəti davam etdirib, yolun kənarında ondan arxa dayanan “VAZ 2107” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sol hissəsi ilə toqquşmuş, toqquşmadan sonra avtomobil hərəkəti davam etdirib, avtomobilinin sol tərəfində dayanmış şəxslərin üzərinə getmişdir. Zərbənin təsirindən yerdə olmuş, bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmiş, onu Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım olunmuş, xəstəxanada olarkən bilmişdir ki, hadisəni törədən “VAZ 21011” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Yol nəqliyyat hadisəsi zamanı sol ayağının sınması nəticəsində xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 vermiş olduqları ifadələrində Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X2 icraatına qəbul edilmişdir; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 10216 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Şirvan RQİ və TBŞ-nin 24 dekabr 2024-cü il tarixli, 3-13-16-7/2-10387/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə etibarlıq müddəti xx.xx.2028ci ilədək olan “BC” kateqoriyalı AE-529100 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Halhazırda onların adı sürücülük hüququndan məhrum olunanların siyahısında mövcud deyildir; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X9 13 dekabr 2024-cü il tarixli, 18-1-35/2-1744/2024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixoloji-nevroloji kabinetdə qeydiyyatda yoxdur; Məhkəmə tibbi ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 567 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol qamış sümüyünün bayır kondilusunun yerdəyişməyən sınığı, sol diz oynağında şişkinlik- küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 24 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Məhkəmə yol-nəqliyyat ekspertizasının 06 mart 2025-ci il tarixli, 8/3654 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21011 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 25 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; sübutların qiymətləndirilməsi haqqında 28 mart 2025-ci il tarixli qərardan görünür ki, “VAZ 21011” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək polis şöbəsinin dayanacağında saxlanılması nəzərə alınmışdır; Təqsirləndirilən şəxs qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqları vardır; Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olduğunu Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan “VAZ 21011” markalı, ** BS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut olan “VAZ 21011” markalı, ** BS *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan edildiyi 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar