Məhkəmə qərarları › İş №1(032)-59/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-59/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-59/2024 17.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11.13-də Hakim Məmmədli Aydan Zakir oğlunun sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu olan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan, Salyan rayonu Kərimbəyli kəndində yaşamış, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 ilə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Salyan dairəsi” deyilən ərazidə olan “Naves” adlanan kafenin yaxınlığında tanış olduqdan sonra sonuncuya məxsus "xxxx" ASC-yə aid üzərində 4169-7388-7689-1742 seriya nömrəsi qeyd edilmiş plastik kartın 4 rəqəmli karta giriş şifrəsini öyrənib yaddaşında saxlayaraq Zərərçəkmiş şəxs2 ilə “Naves” adlanan kafedə birlikdə oturub yemək yeyib sonuncunun spirtli içki qəbul edərək fikrinin onda olmamasından istifadə edərək sonuncunun masanın üzərinə qoyduğu mobil telefonun arxasına yerləşdirdiyi "xxxx" ASC-yə aid üzərində 4169-7388-7689-1742 seriya nömrəsi qeyd edilmiş plastik kartı götürüb həmin yerdən uzaqlaşaraq istintaqa məlum olmayan taksi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şirvan şəhər filialının bayır hissəsinə quraşdırılmış ATM ******* nömrəli bankomatın qarşısına gələrək, orada tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə həmin şəxsə kartı və kartın 4 rəqəmli şifrəsini verib plastik kartın özünə məxsus olduğunu bildiririb saat 09:21:34-dən 09:22:20-dək olan müddət ərzində həmin şəxsin bankomatdan çxardığı Zərərçəkmiş şəxs2 məxsus 926 (doqquz yüz iyirmi altı) manat pulu ələ keçirərək elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhərindən Şirvan şəhərinə gələrkən avtomobilin 05 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Şirvan şəhərinə daxil olmasından sonra Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yerləşən “Salyan dairəsi” deyilən ərazidə sonuncuya məxsus 1000 (min) manat dəyərində olan “Samsung A52” markalı, İMEİ **********39186 şifrəli mobil telefonun avtomobilin sürətlər qutusunun yanında nəzarətsiz qalmasından istifadə edərək avtomobildə olan digər sərnişinlərin onun kriminal əməlini dərk etməyib və görməyəcəklərindən əmin olduqdan sonra həmin mobil telefonu götürüb gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə səhər saatlarında saat təxminən 08 radələrində Bakı şəhərindən taksi ilə Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərində Salyan dairəsi adlanan yerdə olan “Naves” adlı kafenin qarşısında taksidən düşmüş, həmin vaxt taksinin sürücüsünə yol pulunu vermək üçün pulu olmadığından taksi sürücüsündən soruşmuşdur ki, “kartın varsa kartının hesab nömrəsini de kartına dostuma pul göndərtdirim”. Sürücü özünə məxsus “X5”a aid kartının hesab nömrəsini ona demiş və o da, Bakı şəhərində yaşayan Elvin adlı dostuna həmin hesab nömrəsinin şəklini telefonla çəkərək whatsapp vasitəsi ilə göndərmişdir. Təxminən 10 dəqiqədən sonra dostu Elvin ona zəng vuraraq bildirmişdir ki, həmin kart hesabına pul göndərmək mümkün deyil. Bundan sonra kafedə masada əyləşən 3 nəfər tanımadığı şəxslərə yaxınlaşaraq kiminsə kartı olub-olmadığını soruşmuş və bildirmişdir ki, dostu ona pul göndərməlidir, o da pulu taksi sürücüsünə verməlidir. Həmin vaxt onlardan biri ona bildirmişdir ki, “problem yoxdur mənim kartımın şəklini çək dostuna göndər mənim kartıma pul göndərsin”. O həmin vaxt dostu Elvinə zəng vuraraq sonradan adını bildiyi Azər adlı şəxsin kart hesab nömrəsini ona demiş və Elvin də Azərin kart hesabına 10 manat pul göndərmişdir. O, Azərlə birlikdə kafenin yaxınlığında yerləşən bankomata getmiş və Azər kartını bankomata daxil edərək onun üçün göndərilən 10 manatla yanaşı özü üçün də kartından 11 manat əlavə çıxartmışdır. Həmin vaxt o Azərin kartında 926 manat pulun qaldığını görmüş və kartın kodunu yadında saxlamışdır. Bundan sonra Azərin ona verdiyi 10 manat puldan 5 manatını taksinin sürücüsünə verərək onu yola salmışdır. Sonra Azərlə birlikdə həmin kafeyə qayıtmışlar. O da, Azərgilin masasında əyləşib özü üçün yemək sifariş etmişdir. Azər və yanında olan iki nəfər şəxs spirtli içki içirmişlər, onlarla təxminən 20 dəqiqə oturduqdan sonra görmüşdür ki, hər üçü sərxoşdurlar. O bundan istifadə edərək qərara gəlmişdir ki, Azərin özünə məxsus mobil telefonunun arxa kaburasına qoyduğu kartını oğurlayıb içərisində olan 926 manat pulu götürsün. O tam əmin olmuşdur ki, onlar ona fikir vermirlər və o da, bundan istifadə edərək gizlincə Azərin telefonunun kaburasına qoyduğu kartını oğurlamış və əlinin içərisində gizlincə saxlamışdır. Təxminən 2 dəqiqə onlarla söhbət etdikdən sonra onlarla sağollaşıb kafedən çıxmışdır. Kafenin qarşısında taksiyə əyləşərək Şirvan şəhərində yerləşən Kapital Bankın filialının binasında olan bankomatın yanına gəlmişdir. Fikirləşmişdir ki, bankomatdan pulu özü çıxartsa bankomat şəklini çəkəcək. Bu səbəbdən də orada olan tanımadığı bir cavan oğlandan xahiş etmişdir ki, guya o kartdan pul çıxara bilmir, ona köməklik etsin. Həmin cavan oğlan ona etiraz etməmiş və ondan kartı alaraq bankomata yaxınlaşdırmışdır. Həmin cavan oğlana kartı verdikdə şifrə kodunu ona demişdir. Özü isə bankomatdan biraz kənarda dayanmışdır ki, bankomatın kamerasına düşməsin. Həmin cavan oğlan kartdan 926 manat pulu çıxararaq kartla birlikdə ona qaytarmışdır. O pulu və kartı aldıqdan sonra oradan uzaqlaşaraq yaşadığı Salyan rayonu Kərimbəyli kəndinə evinə getmişdir. Azərə məxsus oğurladığı kartı isə bankomatın yaxınlığında sındırıb tullamışdır. Səhəri günü Bakı şəhərinə gedərək kartdan əldə etdiyi 926 manat pulu hissə-hissə öz məsrəflərinə xərcləmişdir. Bundan başqa o, 04 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Şirvan şəhərinə getmək istəmiş, bu səbəbdəndə saat təxminən 23 radələrində Qaradağ rayonu Lökbatan dairəsində dayanıb taksi gözləmişdir. Bu vaxt Mercedes markalı avtomobil dayanaraq İmişli rayonuna getdiyini bildirmiş, o sürücüdən Şirvan şəhərindən keçəcəyini soruşduqda sürücü bildirmişdir ki, Şirvan şəhərindən keçəcəkdir. Həmin Mercedes markalı avtomobildə arxa oturacaqda oturaraq Şirvan şəhər istiqamətinə getmişlər. Təxminən Hacıqabul rayon ərazisində sürücü yanında oturan sərnişinə bildirmişdir ki, “mən yorulmuşam, gəl otur sən avtomobili sür”. Sürücü avtomobili yolun kənarında saxlamış və yanında oturan sərnişin sükanın arxasına keçmişdir. Sürücü həmin vaxt ondan xahiş etmişdir ki, qabaq oturacaqda otursun, o isə arxa oturacaqda yatsın. O , heç bir etiraz etmədən qabaq oturacağa, yəni, sürücünün yanına keçib əyləşmişdir. Həmin vaxt sürücünün mobil telefonu ortada qoltuq deyilən yerdə qalmışdır. Şirvan şəhərinə çatanda qərara gəlmişdir ki, avtomobildən enən vaxtı sürücü yatılı olsa telefonunu özü ilə götürsün. Şirvan şəhəri Salyan dairəsi deyilən yerdə sürücüdən saxlamasını xahiş etmiş və burda düşəcəyini bildirmişdir. Sürücü avtomobili yolun kənarına verib saxlayarkən arxada yatan avtomobilin sahibinin qeyd etdiyi Samsung markalı mobil telefonunu gizlincə götürərək avtomobildən düşmüşdür. Yol haqqı olan 6 manat pulu avtomobili idarə edən sürücüyə vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. O isə oradan taksi ilə evlərinə getmişdir. Təxminən iki gündən sonra Bakı şəhərinə qayıtmış, oğurladığı həmin telefonu Bakı şəhərində Neftçilər metrosunun yaxınlığında olan mobil telefonların alğı-satqısı dükanına özünə məxsus olduğunu bildirib, şəxsiyyət vəsiqəsinin surətini təqdim edib 150 manata satmışdır. O, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə aradan qaldırıldığını, qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, özünə məxsus “Mercedes” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 04 oktyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan yerdən İmişli rayonuna gəlmək üçün müştəri gözləyirmiş. Həmin vaxt oradan İmişli rayonuna iki müştəri götürüb hərəkətə başlamışdır. Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi adlanan yerdən bir nəfər tanımadığı şəxsi Şirvan şəhərində düşürmək məqsədi ilə götürmüşdür. Həmin şəxsi Şirvan şəhərinə gətirməyi üçün 4 manat pul alacaqdı. Həmin gün yol yağışlı olduğu üçün diqqətini yola yönəltmişdir. Şirvan şəhərində yerləşən Çıraq Petrol yanacaq doldurma məntəqəsinə Bakı şəhərindən göndərilən sənədi verməli olduğu üçün həmin ünvana çatdıqda müştəri qismində olan həmin Şirvan sakini kimi bildiyi şəxsdən xahiş etmişdir ki, onda olan sənədi “Çıraq Petrol” yanacaq doldurma məntəqəsində növbə rəisinə verib gəlsin. Həmin şəxs xahişini qəbul etmiş və ona verdiyi sənədi yolu keçərək yanacaqdoldurma məntəqəsində olan şəxsə verərək gəlmişdir. O həmin şəxsi Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində olan “Salyan dairəsi” adlanan yerdə düşürərək hərəkətinə davam etmişdir. Həmin şəxs düşərkən danışdığı 4 manat pulu ödəyərək getmişdir. O Bakıdan götürdüyü digər iki nəfər şəxslə İmişli rayonuna doğru hərəkətini davam eləmişdir. Saatlı rayonuna girdikdən sonra dəmiryolu xəttini keçməmiş Musalı kəndinin inzibati ərazisində olarkən siqaret çəkmək istədikdə əlini siqaret qoyduğu yerə, avtomaşının ötürücüsünün qabaq hissəsinə uzatdıqda orada nə siqaretini, nə də telefonunu aşkar etməmişdir. Həmin yerdən dərhal arxaya qayıdaraq Saatlı rayonunun bazarında açıq ərzaq mağazasına girərək oradakı satıcının telefonu vasitəsilə özünə məxsus “Samsung A52” markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, lakin telefon söndürüldüyünə görə zəng çatmamışdır. Dərhal Şirvan şəhərinə qayıdaraq polis şöbəsinə şikayətini bildirmişdir. O Bakı şəhərindən Şirvan şəhərinə gətirdiyi tanımadığı müştəridən şübhələndiyi üçün Şirvan şəhər polis şöbəsinə yaxınlaşaraq telefonunun oğurlanmasını bildirmişdir. Oğurluq zamanı ona 1000 (min) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, öz adına açdırdığı "xxxx" ASC-yə məxsus “4169 7388 7689 1742” seriyalı plastik kartı vardır, o həmin karta pul atıb yığırmış, kartını hər zaman mobil telefonunun qabının arxasında saxlamışdır . xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində işdən çıxıb iki nəfər iş yoldaşları Çoşqun Osmanov və X3 şəhərində “Naves” adlanan kafeyə yemək yeməyə getmişlər. Onlar keçib içəridə masalardan birində əyləşmişlər. Masalarının yanında olan digər masada 2 nəfər tanımadığı şəxslər oturmuşdur. Onlar yeməklə bir qədər spirtli içki qəbul etdikdən sonra yan masadan oturan iki nəfər şəxs onların masasına yaxınlaşmışlar. Onlardan biri ondan maddi vəziyyətinin zəif olduğunu, pula ehtiyacı olduğunu bildirmiş və ondan 21 manat pul istəmişdir. O da, kartında pul olduğu və həmin şəxsə borc verə biləcəyini demişdir. Onlarla birlikdə yaxınlıqda olan "xxxx" ASC-nin bankomatına yaxınlaşmışlar və o kartından 21 manat pul çəkib həmin şəxsə vermiş, həmin şəxs pulu kartına atacağını demişdir. Həmin vaxt onun yanında olan digər şəxsin kart hesabına 300 manat pul köçmüş və həmin şəxs kartdan 300 manat pulu çəkmişdir. Bu zaman onun yanında olan şəxsə 11 manat pul vermiş və həmin şəxs 11 manat pulu ona qaytarmış, 10 manatı isə kartına atacağını bildirmiş və onlar təkrar həmin oturduqları kafeyə qayıtmışlar. Onun yanında olan digər şəxs isə yaşadığı evə gedəcəyini bildirərək oradan uzaqlaşmışdır. Həmin şəxslə içəri keçib əyləşmişlər və yemək sifariş etmişlər. Bir müddət söhbət etdikdən sonra adının Kənan olduğunu öyrəndiyi həmin şəxs ondan mobil telefonunu alıb öz nömrəsini telefonuna qeyd edəcəyini bildirmişdir. Həmin vaxt onun mobil nömrəsinə zəng gəlmiş və telefonda danışan şəxs yaxınlıqda olan “Kübar” şərab evinin qarşısında onu gözlədiyini bildirmiş və dərhal onun telefonunu qaytararaq masadan qalxaraq çıxıb getmişdir. Bir müddət sonra o şübhələnib telefonunun arxasına baxmış və özünə məxsus olan “Kapital Bank ASC”-yə aid “4169 7388 7689 1742” seriyalı plastik kartın orada olmadığını görmüş və onun oğurlandığını düşünüb DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Ona məxsus olan kartdan həmin şəxs tərəfindən xx.xx.2023-cü il tarixində 926 manat pul çıxarılmışdır. Hazırda ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə bildirişi verilməsinə baxmayaraq onlar sonrakı məhkəmə iclaslarına gəlməmişlər, məhkəməyə ərizə təqdim edərək dəymiş maddi zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirib, növbəti məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 özünə məxsus olan “Samsung A52” markalı telefonun oğurlandığı yeri öz əli ilə göstərir. O , bildirir ki, Bakı şəhərindən gələndə Şirvan şəhərində yerləşən “Salyan kruqu” deyilən yerə çatana kimi orada olduğuna, lakin naməlum şəxs “Salyan kruqu” olan yerdə endikdən sonra mobil telefonun orada olmadığını deyir. “Cinayət işinin icraata qəbul etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması icraatına qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilməklə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. “Ödəniş kartı üzrə çıxarışdan” görünür ki, “Kapital Bank ASC”-yə aid “416973******1742” seriyalı plastik kartından xx.xx.2023-cü il tarixdə 926 manat pul məxaric olunmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yerləşən “Naves” adlı kafedə bir yerdə əyləşdiyi Zərərçəkmiş şəxs2 məxsus plastik kartı oğurlaması barədə istintaqa verdiyi ifadəsini əyani göstərməklə, ifadəsini hadisə yerində təsdiq etmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Baxış keçirilməsi haqqında” 17 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Salyan dairəsi” adlanan yerdir. Lakin, Zərərçəkmiş şəxs1 Razi oğlu özünə məxsus “Samsung A52” markalı mobil telefonun oğurlanmasını Saatlı rayonun Musalı kənd ərazisində aşkar etdiyini göstərmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yerini müəyyən edərək ifadəsinin alınması üçün Şirvan şəhər X1 bölməsinə dəvət olunması məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin sonuncunun Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmasına baxmayaraq orada yaşamadığı üçün hazırkı dövrə qədər yerini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Gələcəkdə başqa hər hansı bir məlumat əldə olunarsa əlavə məlumat veriləcəyi qeyd olunmuşdur. “Şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur. “Cinayət işi icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və MSY-nə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmiş şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-302/2023 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Razi oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-nin 13 dekabr 2023-ci il tarixli, 2023/111/14659 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskdə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid plastik kartından 13 sentyabr 2023-cü il tarixdə aparılan əməliyyatlara dair 4 fayl göstərilmişdir. Həmin fayllardan 3 fayl Zərərçəkmiş şəxs2 özü tərəfindən aparılan əməliyyatlara dair şəkillər, 4-cü faylda isə 926 manat pulunun çıxarılması ilə əlaqədar 12 ədəd fotoşəkillər vardır, həmin fotoşəkillərə baxış aparılan zaman 13 sentyabr 2023-ci il tarixdə saat 09:21:34-dən 09:22:20-dək olan müddət ərzində naməlum şəxs Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şirvan filialının inzibati binasının sol tərəfində quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM ******* saylı bankomatdan pul çıxarılması müşahidə olunur. Həmin naməlum şəxsin arxasında isə digər başında kepka olan şəxs dayanmışdır. Həmin şəxsi Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təqdim edərkən, bildirdi ki, həmin naməlum şəxsin arxasında dayanan başında kepka olan şəxs özüdür, lakin bankomatın fotoçəkilişinə düşməmək üçün tanımadığı həmin naməlum şəxsə Zərərçəkmiş şəxs2 məxsus oğurladığı plastik kartı vermiş və həmin naməlum şəxs bankomatdan həmin plastik kart ilə 926 manat pulu çıxararaq kart ilə birlikdə ona vermişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumat vərəqəsindən görünür ki, onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4101/2023 saylı və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-4642/2023 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq) ilə inzibati tənbeh tətbiq edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)281/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmış, Salyan rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan 1(057)-174/2023 saylı cinayət işi üzrə icraat dayandırılmış, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 1(009)-318/2023 saylı cinayət işi üzrə baxılmaya xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (ittiham aktı CPM-nin 289 və ya 290.3.2-ci maddələrinə uyğun olmadıqda). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-281/2023 tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Salyan rayon üzrə İcra və probasiya şöbəsinin 15 yanvar 2024-cü il tarixli 186199/04 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 1(011)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 05 %-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın heç bir hissəsini çəkməmişdir. «Salyan rayon mərkəzi xəstəxanası» X4 xx.xx.2023-cü il tarixli, 18-1-68/2-3142/2023 nömrəli məktubunda göstərilmişdir ki, Salyan rayon Qaraçala qəsəbəsində anadan olmuş, Qarabağlı kənd sakini , xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatlarda mövcud deyil. “Məhkəmə-psixiatrik ekspertizasının 30 dekabr 2023-ci il tarixli, 3643 nömrəli rəyi”ndə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. “Protel.az” mağazasından alınmış arayışdan görünür ki, “Samsug A52” markalı mobil telefonun 05 oktyabr 2023-cü il tarixə olan satış qiyməti 1000 (bir min) manat dəyərində olmuşdur. Salyan rayonu İcra Hakimiyyəti Başçısının Kərimbəyli Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 35 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Qarabağlı kəndində qeydiyyata olmasına baxmayaraq Kərimbəyli kəndində yaşayır. Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 2363 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” İ-1417 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-71431 nömrəli medalla təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 Həkim psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2318 saylı rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz ; Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə F 07.0 «Füzuli rayon mərkəzi xəstəxanası» X4 xx.xx.2023-cü il tarixli 18-1-36/3-1139/2023 saylı arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Sol qamış sümüyünün yuxarı 1/3-nin odlu silah yaralanması. Sol əlin kor qəlpə yarası Barotravma Qapalı kəllə beyin travması” diaqnozu ilə Füzuli MDM-ə daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci və 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci və 177.2.3-1 maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 ilə Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində yerləşən “Salyan dairəsi” deyilən ərazidə olan “Naves” adlanan kafenin yaxınlığında tanış olduqdan sonra sonuncuya məxsus "xxxx" ASC-yə aid üzərində 4169-7388-7689-1742 seriya nömrəsi qeyd edilmiş plastik kartın 4 rəqəmli karta giriş şifrəsini öyrənib yaddaşında saxlayaraq Zərərçəkmiş şəxs2 ilə “Naves” adlanan kafedə birlikdə oturub yemək yeyib sonuncunun spirtli içki qəbul edərək fikrinin onda olmamasından istifadə edərək sonuncunun masanın üzərinə qoyduğu mobil telefonun arxasına yerləşdirdiyi "xxxx" ASC-yə aid üzərində 4169-7388-7689-1742 seriya nömrəsi qeyd edilmiş plastik kartı götürüb həmin yerdən uzaqlaşaraq istintaqa məlum olmayan taksi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin Şirvan şəhər filialının bayır hissəsinə quraşdırılmış ATM ******* nömrəli bankomatın qarşısına gələrək, orada tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə həmin şəxsə kartı və kartın 4 rəqəmli şifrəsini verib plastik kartın özünə məxsus olduğunu bildiririb saat 09:21:34-dən 09:22:20-dək olan müddət ərzində həmin şəxsin bankomatdan çxardığı Zərərçəkmiş şəxs2 məxsus 926 (doqquz yüz iyirmi altı) manat pulu ələ keçirərək elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmiş, bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhərindən Şirvan şəhərinə gələrkən avtomobilin 05 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Şirvan şəhərinə daxil olmasından sonra Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yerləşən “Salyan dairəsi” deyilən ərazidə sonuncuya məxsus 1000 (min) manat dəyərində olan “Samsung A52” markalı, İMEİ **********39186 şifrəli mobil telefonun avtomobilin sürətlər qutusunun yanında nəzarətsiz qalmasından istifadə edərək avtomobildə olan digər sərnişinlərin onun kriminal əməlini dərk etməyib və görməyəcəklərindən əmin olduqdan sonra həmin mobil telefonu götürüb gizli yolla talamaqla oğurluq etmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin tərkibini təşkil edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər . Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs qəsdin obyektinin mülkiyyət münasibətləri təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 1(011)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 05 %-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, təyin edilmiş cəzanı çəkməmiş, hazırda məhkumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onalara dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, 44 günlük “Vətən müharibəsinin” iştirakçısı olmaqla medallarla təltif olunmasını, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər eyni xarakterli cinayət törətməyə məhkum olunmaqla ödənilməmiş məhkumluğunun olmasını və bundan nəticə çıxarmamasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyası həddləri daxilində və CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki iş üzrə təyin edilmiş cəzaya əvvəlki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 01 (bir) il müddəti qismən birləşdirilməklə qəti cəza təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 1000 (bir min) manat və Zərərçəkmiş şəxs2 vurulmuş 926 (doqquz yüz iyirmi altı) manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq ona 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 1000 (bir min) manat və Zərərçəkmiş şəxs2 vurulmuş 926 (doqquz yüz iyirmi altı ) manat maddi ziyanın ödənilməsi nəzərə alınsın . Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar