Məhkəmə qərarları › İş №1(032)-59/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-59/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-59/2025 17.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:38-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, Şirvan şəhəri, 28 May küçəsi, ev 3, mənzil 42-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə olan heroin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1,121 qram çəkidə narkotik maddə olan heroin əldə edib özündə saxlamaqla daşımış, 23 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Şirvan st. X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Şirvan dəmiryol stansiyasının yaxınlığında, G.Şıxbala oğlu küçəsində saxlanılmış və onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə xeyli miqdarda, yəni 1,121 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, o, Hacıqabul şəhər sakini, soyadını, atasının adını bilmədiyi Coşqun adlı şəxsi 2022-ci ildə 14 saylı cəzaçəkmə müəssəsində olarkən tanımışdır. Orada onunla bir yerdə cəza çəkmişlər. 23 fevral 2023-cü ildə o, azadlığa çıxmış, Coşqun isə ondan sonra azadlığa çıxmışdır. Sonradan sonuncu ilə görüşməmişdir. 22 yanvar 2025-ci ildə axşam saatlarında Çoşqun ona zəng edib səhəri gün Şirvan şəhərində yaşayan xalasıgilə ailə üzvlərini gətirəcəyini və onunla görüşəcəyini bildirmişdir. 23 yanvar 2025-ci ildə Coşqun ona zəng vuraraq yolda olduğunu, uşaqlarını Şirvan şəhərinə xalasının evinə gətirdiyini demiş və onu dəmir yolu vağzalına görüşmək üçün dəvət etmişdir. Sonuncu ona gələrkən aptekdən 1 ədəd şpiris almağı tapşırmışdır. O da aptekdən şpris alıb dəmir yol stansiyasına getmişdir. Dəmir yolu vağzalında Coşqunla görüşmüş, orada bir qədər gəzişərək söhbət etmişlər. Söhbət əsnasında sonuncu xalasının evində yas olduğunu bildirmişdir. Coşqunun əlində iki ədəd Prima markalı siqaret qutusu olmuş, siqaretin bir qutusunu ona uzatmışdır. O, siqareti götürmək istəməyərək siqaretinin olmasını bildirsə də Coşqun siqareti onun üçün aldığını bildirərək siqaret qutusunun ağzını açmış, oradan özü üçün bir gilə siqaret götürüb, bir ədədini də ona vermişdir. Sonra qutunu ona uzatmış, siqaret qutusunu götürməyə onu məcbur etmişdir. Onun gödəkcəsinin cibində həmin vaxt bir ədəd işlənməmiş şpris olmuş, həmin şprisi Coşqunun sifarişi ilə aptekdən almışdır. Sonuncu siqaret qutusunu ona verdikdən sonra polislərin ona yaxınlaşmasını görüb qaçıb getmişdir. Polis əməkdaşları isə onu tutub orada üzərinə videoçəkilişlə baxış keçirmişlər. Həmin vaxt polislər ondan üzərində olan əşyaları çıxarmağı tələb etmişlər. O da gödəkçəsinin sol cibindən Coşqunun verdiyi siqareti çıxarıb təhvil vermişdir. Həmin vaxt cibində olan həmin siqaret qutusundan bir büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Onun həmin narkotik vasitə olan heroindən xəbəri olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində 24 yanvar 2025-ci il tarixdə və təqsirləndirilən şəxs qismində 25 yanvar 2025-ci il tarixdə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuşdur. 2017-ci ildə 1 il müddətində, 2022-ci ildə 7 ay 28 gün müddətində məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. 23 yanvar 2025-ci ildə saat 11 radələrində Şirvan şəhər dəmir yol stansiyasının yaxınlığından keçib tanışı Coşqun adlı şəxsin yanına, yəni Şirvan şəhər dəmir yol vağzalına tərəf gedərkən, dəmir yol xəttlərinin bir qədər aralıda, vağzalın giriş hissəsində yerdən siqaret qutusu tapmış, siqaret qutusunun yanında iki ədəd şpris olmasını görüb, əyilib qutunu götürüb içərisinə baxdıqda qutuda bir neçə ədəd siqaret və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin siqaret qutusunu və şprisləri götürüb istifadə etmək üçün gödəkçəsinin cibinə qoymuşdur. Bir qədər getdikdən sonra stansiyanın girişində Şirvan st. XPB-nin əməkdaşları onu saxlamışlar. CAQ-nin əməliyyat müvəkkili Şahid1 və digər tanımadığı polis əməkdaşları onu saxladıqdan sonra stansiyanın həyətində üzərinə videoçəkilişlə baxış keçirmişlər. Onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən tapdığı siqaret qutusu, içərisində olan heroin büküm və 2 ədəd tibbi şprislər ondan götürülmüşdür. Bunlardan əlavə baxış keçirilərkən üzərindən 2 ədəd 20, 1 ədəd 10 qəpik olmaqla cəmi 50 qəpik pullar və gödəkçəsinin digər sağ cibindən bir ədəd «Nokia» markalı mobil telefon, telefonda üzərində olan 055 *** ** ** mobil nömrəsi götürülmüşdür. Onun tapdığı heroin saxlandığı yerdə elektron tərəzidə çəkilmiş və heroinin çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Bundan sonra onu Şirvan st. XPB-nin inzibati binasına aparmışlar. Orada da üzərindən götürülən əşyalara təhqiqatçı Samid Mirsirxanov tərəfindən baxış keçirilmiş və üzərindən götürülən 2 ədəd 20, 1 ədəd 10 qəpik olmaqla cəmi 50 qəpik pullar və siqaretlər ona geri qaytarılmışdır. Lakin siqaret qutusunda olan bir büküm heroin və 2 ədəd şprislər bir ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılaraq götürülmüşdür. Polis bölməsində ona öz istəyi ilə hüquqlarını qorumaqdan ötrü Şirvan şəhər Vəkil Bürosunun vəkili Salman Fərəcov adlı vəkil təyin edilmişdir. O, narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 23 yanvar 2025-ci il tarixdə icraatına Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan dəmir yolu stansiyası ərazisində olması və üzərində narkotik maddə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Şirvan stansiyası X4 rəhbərliyinə raportla müraciət edib məlumat vermiş və həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupuna İmişli st. XPŞ-nin Şirvan st. XPB-nin, PPXM-nin polis nəfərləri, polis serjantı Şahid2 və Şahid3 Əsgər oğlu üzv kimi daxil edilmişlər. Onlar həmin gün saat 11 radələrində Şirvan dəmir yol stansiyası ərazisində Təqsirləndirilən şəxs müşahidəyə götürüb saxlamışlar. Saxlandıqdan sonra Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd «Prima» markalı siqaret qutusu və 2 ədəd şprisi çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisindən bir neçə ədəd siqaret və bir ədəd gümüşü kağız bükümdə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd «Nokia» markalı telefon götürülmüşdür. Sonra kağız bükümdə olan heroin kütləsi açılmış və içərisində heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və kağızla bir yerdə kütlənin çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Bundan sonra 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş heroinə bənzər kütlə bir ədəd zərfdə, 2 ədəd 2 qramlıq şprislər və 1 ədəd mobil telefon isə başqa zərfdə qoyulmaqla qablaşdırılmış və həmin zərflərin üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərək təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yay ayrılarında 14 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkən zaman tanımışdır. Azadlığa çıxdıqdan sonra onunla görüşməmişdir. 22 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq Şirvan şəhərinə gələrsə, onunla görüşməsini bildirmişdir. O da bir gün sonra Şirvan şəhər dəmir yol satansiyası yaxınlığında yaşayan xalasıgilə yasa gedəcəyini demiş və ora gedərkən onunla görüşə biləcəyini bildirmişdir. Bir gün sonra, yəni 23 yanvar 2025-ci ildə Şirvan şəhəri dəmir yol stansiyasının qarşısında Elxanla görüşüb söhbət etmişdir. Söhbt əsnasında Elxan yaxınlıqda dayanan bir nəfəri göstərib, polis əməkdaşı olduğunu və onunla ədavəti olduğunu bildirmişdir. Onlar vağzalın qarşısında hərəkət edərkən o, Təqsirləndirilən şəxs aralanıb ayaqyoluna getmişdir. Qayıtmaq istədikdə Elxana polislərin yaxınlaşmasını görmüş, ona tərəf gəlməyib uzaqlaşaraq getmişdir. Elxanın üzərində nə olmasından xəbəri yoxdur. O, Təqsirləndirilən şəxs heç bir narkotik maddə və şpris verməmişdir. O, Təqsirləndirilən şəxs şpris alması barədə heç nə deməmiş, sonuncunun üzərindən nə götürülmüşdürsə sonuncunun özünə məxsus olmuşdur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şəxsin üstünün yoxlanması və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05-də saxlanılmış və ondan üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. E. Əliyev əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutuda 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda bir büküm, 2 ədəd 2 qramlıq şprislər aşkar olunmuş və götürülmüşdür. Həmin 1 ədəd bükümdə olan maddə elektron tərəzi vasitə ilə çəkilmiş və çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Həmin bir büküm heroin bir ədəd kağız zərfdə və 2 ədəd şpris başqa bir zərfdə qablaşdırılmış və həmin zərflər möhürlənmişdir. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 yanvar 2025-ci il tarixdə, saat 16:55-də tutulmuşdur. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şəxsin üstünün yoxlanması və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05-də saxlanılmış və ondan üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. E. Əliyev əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutuda 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda bir büküm, 2 ədəd 2 qramlıq şprislər aşkar olunmuş və götürülmüşdür. Həmin 1 ədəd bükümdə olan maddə elektron tərəzi vasitə ilə çəkilmiş və çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Həmin bir büküm heroin bir ədəd kağız zərfdə və 2 ədəd şpris başqa bir zərfdə qablaşdırılmışdır. Həmin zərflər möhürlənmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri telefon vasitəsi ilə çəkilmiş və videogörüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Şirvan st.XPB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edib saxlamaqda və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən götürülmüş əşyalar qoyulmuş 3 ədəd zərfə baxış keçirilməsi üçün təqdim edilmişdir. Zərflərin tamlığı pozulmamış və üzərlərində möhürlər yerində olmuşdur. Zərflərdən birinin içərisində bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə, digər ikinci zərfdə 2 ədəd 2 qamlıq şpris və 1 ədəd " NOKİA” markalı mobil telefon olmuşdur. Üçüncü zərfdə isə əməliyyat axtarış tədbirlərin keçirilməsinə dair 1 ədəd DVD diski qablaşdırılmışdır. E. Əliyevin üzərindən götürülmüş əşyalardan bir büküm heroinə oxşar kütlə, 2 ədəd şpris eyni zərfə qoyulmaqla ekspertiza tədqiqatına göndərilmək üçün qablaşdırılmışdır İş materiallarında olan 25 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 25 yanvar 2025-ci il tarixli, 4(036)-25/2025 saylı İmişli rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 12 mart 2025-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadə verib bildirmişdir ki, 23 yanvar 2025-ci ildə saat 11 radələrində Şirvan şəhər dəmir yol stansiyasının yaxınlığından keçib gedərkən dəmir yol stansiyası yaxınlığından yerdən siqaret qutusu tapmışdır. Həmin qutuda bir ədəd kağız bükümdə narkotik vaistə olan heroin olmuş, şprislər də həmin qutunun yanında olmuşdur. Həmin əşyaları bir yerdə tapıb cibinə qoyub gedərkən Şirvan st. XPB-nin əməkdaşları onu saxlamış və üzərindən 1,121 qram heroin və 2 ədəd şpris götürülmüşdür. Coşqun ona narkotik vasitə heroini və şpiris verməmişdir. Narkotik vasitə olan heroini qeyd etdiyi kimi tapmışdır. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 18/66 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "imza Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi- 1,121 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tamlığı pozulmuş qablaşdırmada olan 01 ədəd şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Tamlığı pozulmayan qablaşdırmada olan 01 ədəd şprisin tədqiqatı aparılmamışdır. Heroinin təmiz çəkisi-1,121 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq-1,021 qram. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2025-ci il tarixli 1051 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində « F 19.2» dioqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2025-ci il tarixdə verilmiş 1336 saylı arayışdan görünür ki, Əliyev X2 şəhəri 28 May küçəsi ev 3, mənzil 42 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin məhkumuğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 23 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və İmişli st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,021 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edildiyi anın əks olunduğu” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk və “təqdim edilmiş əşyalara baxış keçirilməsi barədə” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və İmişli st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,021 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edildiyi anın əks olunduğu” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk və “təqdim edilmiş əşyalara baxış keçirilməsi barədə” görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar