Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-60/2025 05.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qıznın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakı ilə, 16 avqust 1975-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1,350 qram çəkidə narkotik maddə olan heroin əldə edib özündə saxlamaqla daşımış, 25 yanvar 2025-ci il tarixdə saat 08 radələrində Şirvan st. X12 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Şirvan dəmiryol stansiyasının yaxınlığında, G.Şıxbala oğlu küçəsində saxlanılmış və onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd siqaret qutusunun içərisindən bir ədəd poletilen bükümdə xeyli miqdarda, yəni 1,350 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən X8 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə 2023-cü ildə həbs edilmiş və 02 il həbsdə olduqdan sonra 01 iyul 2024-cü ildə cəzaçəkmə müəsəssindən azadlığa buraxılmışdır. Özü uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Müxtəlif vaxtlarda tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alıb istifadə etmişdir. 24 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxılığında «Əkbər İnşaat» adlanan ticarət obyektinin yaxınlığında yerdən siqaret qutusu tapıb götürmüş, həmin qutuda bir ədəd selofan bükümdə heroinə oxşar maddə olmuş, həmin bükümü iyləyib içərisində olan maddənin heroin olmasını müəyyən etdikdən sonra heroini özü istifadə etmək üçün götürüb əynindəki gödəkçənin sağ cibinə qoymuşdur. 25 yanvar 2025-ci il tarixdə, saat 08 radələrində «Əkbər İnşaat» mağazasına gedərkən dəmir yol xəttlərinin üzərindən keçdiyi vaxt onu Şirvan XPB-nin polis əməkdaşları saxlamışlar. Polislər onu saxladıqdan sonra üzərinə videoçəkilişlə baxış keçirmiş, onun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd «Keno» markalı siqaret qutusunu təqdim etmiş və həmin qutunun içərisində 1 ədəd selofan bükümdə heroin kütləsi olmuşdur. Əynindəki gödəkçənin sol cibində isə özünə məxsus üzərində 055 533 31 81 nömrəli ilə bir yerdə mobil telefon olmuş və həmin telefon da götürülmüşdür. Həmin heroin kütləsi bir ədəd zərfə qoyulmuş və telefon da başqa bir zərfə qoyulmaqla qablaşdırılmışdır. Sonra onu Şirvan XPB-nin inzibati binasına aparmışlar. Orada üzərindən götürülmüş əşyalara, vəkilin iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Ona saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Üzərindən götürülmüş narkotik maddə olan heroini tutulmazdan bir gün əvvəl tapmış, özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2025-ci il tarixdə icraatına Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan dəmir yolu stansiyasının ərazisində olması və üzərində narkotik maddə saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə Şirvan stansiyası X12 rəisi, polis mayoru Zahid Əliyevə raportla müraciət edib məlumat vermiş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna İmişli stansiyası XPŞ-nin Şirvan st. XPB-nin, PPXM-nin polis nəfərləri, polis serjantı Şahid2 və Şahid3 üzv kimi daxil edilmişlər. 25 yanvar 2025-ci il tarixdə, saat 8 radələrində Şirvan dəmir yol stansiyası ərazisində Təqsirləndirilən şəxs saxlamış, onun üzərində videoçəkilişlə baxış keçirmişdir. Ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb ona vermiş və qutunun içərisinə baxdıqda orada bir ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra Zərbaliyevin gödəkçəsinin cibindən 1 ədəd «Nokia» markalı telefon, telefonun üzərində ***-***-**-** nömrəsi ilə bir yerdə aşkar olunmaqla götürülmüşdür. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və kağızla olan heroin kütləsinin umumi çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik maddə heroin olduğunu, onu bir gün əvvəl yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra 1 ədəd sellofana bükülmüş heroinə oxşar kütlə bir ədəd zərfdə və 1 ədəd mobil telefon isə başqa bir zərfdə qoyulmaqla qablaşdırılmış və Təqsirləndirilən şəxs XPB-yə gətirilərək təhvil verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərin telefon vasitəsi ilə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş əşyalara vəkilin iştirakı ilə, videoçəkilişlə baxış keçirilmişdir. Daha sonra narkotik vasitə olan heroinə oxşar kütlə yenidən bir ədəd zərfə qoyulmaqla ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmış, müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 25 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanılmışdır. 25 yanvar 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında qərardan görünür ki, təqdim olunmuş əşyaya və DVD diskə baxış keçirilmiş və götürmə aparılmışdır. 25 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, X8 25 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə ekspertizasının 25 yanvar 2025-ci il tarixli, 18/70 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...X2 yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi -1.350 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 27 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 27 yanvar 2025-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 17.02.202-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən istintaq edilən Şirvan şəhər sakini X8 barəsində ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilmiş narkotik vasitəni saxlanılan zaman yerdən tapmış olduğu və saxlandığı gündən öncə və sonra narkotik vasitənin qanunsuz dövriyyəsi satışı müəyyən olunmamışdır. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, X6 (FİN: xxxxxxx) adına rəsmiləşdirilmiş nömrələr (hər hansı şəxsin adına nömrə qeydiyyatda olubolmadığını yalnız hal-hazırda cari mövcud olan qeydiyyat məlumatına əsasən müəyyənləşdirmək mümkündür) aşkar edilməyib. 03 mart 2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,250 qram olan narkotik maddə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, qərar cinayət işinin materiallarına əlavə edilmiş, maddi sübut saxlanılması üçün İmişli st. XPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X3 şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 mart 2025-ci il tarixli 1496 A nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.VSİS–dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da ( F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş iki şahidin istintaq mərhələsində verdikləri ifadələrin məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: Təqsirləndirilən şəxs X8 məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; Məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gətirilməyən iki şahidin ifadələri mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidlərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun İ siyahısının 83-cü bəndində heroinin məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 0.15 qramdan 2 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmənin əmələ hüquqi qiymətlə əlaqədar mövqeyi: İşin faktiki hallarından müəyyən edilir ki, 25 yanvar 2025-ci il tarixdə, saat 08 radələrində Şirvan dəmir yolu stansiyası yaxınlığında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1, onun üzərində keçirilən şəxsi axtarış nəticəsində gödəkçəsinin sağ cibində yerləşən siqaret qutusundan bir ədəd polietilen bükümdə 1,350 qram təmiz çəkidə heroin maddəsi aşkar edilərək götürülmüşdür. Ekspertiza rəyi ilə maddənin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması təsdiqlənmiş, miqdarının isə 0,15 qram həddini keçərək xeyli miqdar kateqoriyasına aid olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadə verərək maddəni yerdən tapdığını, satış məqsədi olmadan, yalnız şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının tələblərinə əsasən, tapılmış narkotik vasitəni götürüb özündə saxlamaq da “qanunsuz əldə etmə” kimi qiymətləndirilməlidir. Bu halda əldə etmə üsulunun – satınalma, dəyişdirmə, hədiyyə və ya tapma olmasının hüquqi əhəmiyyəti yoxdur, əsas meyar maddəyə qanunsuz yolla yiyələnməkdir. Azərbaycan Respublikası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.8-ci maddəsinə görə, narkotik vasitələrin qanunsuz daşınması – onların yerinin dəyişdirilməsinə yönəlmiş hərəkətləri; 1.0.9-cu maddəsinə görə, qanunsuz əldə edilməsi – maddəyə hər hansı üsulla yiyələnmə; 1.0.10-cu maddəsinə görə, qanunsuz saxlanması – maddənin şəxsin idarəçiliyində olması deməkdir. İş materiallarından görünür ki, Zakir Zərbalıyev heroini özündə saxlayıb və gödəkçəsinin cibində daşıyıb, bu isə həm qanunsuz saxlama, həm də qanunsuz daşıma anlayışına tam uyğundur. AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən alternativ əməllərdən – əldə etmə, saxlama, daşıma – hər biri faktiki olaraq törədilmişdir. Maddənin miqdarı qanunla müəyyən olunmuş xeyli miqdar həddində olduğundan, əməl tam şəkildə həmin maddə ilə tövsif olunur. Sübutların təhlili zamanı məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, şahid ifadələrini, ekspertiza rəylərini və prosessual sənədləri bir-biri ilə tutuşdurmuş, onların mötəbərliyini və iş üzrə əhəmiyyətini qiymətləndirmişdir. Toplanmış sübutlar arasında ziddiyyətlər mövcud deyil, şahid ifadələri (Şahid1, Şahid3) və ekspertiza rəyləri bir-birini tamamlayır. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı sübut iş materiallarında yoxdur, bu baxımdan ittiham yalnız satış məqsədi olmadan şəxsi istifadəyə yönəlmiş qanunsuz dövriyyə formasında qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında göstərildiyi kimi, cinayətin düzgün tövsifi cinayət hüququnun qanunçuluq, ədalət və hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinin mühüm şərtidir. Bu işdə faktiki hallar ilə tətbiq edilən norma arasında tam hüquqi uyğunluq mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə – satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə etmə, saxlama və daşıma – düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin X8 tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən, yəni törədilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin: 55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində; 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; AR CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. X10 oğlunun əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə X10 oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X3 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Binəqədi rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin cəza təyini ilə əlaqədar mövqeyi: İş üzrə sübutlarla təsdiqlənmişdir ki, təqsirləndirilən X8 əvvəllər dəfələrlə məhkum olunmuş, o cümlədən eyni maddə (AR CM-nin 234.1) ilə bir neçə dəfə azadlıqdan məhrumetmə cəzası çəkmiş, Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin cəza müddəti bitdikdən qısa zaman sonra yenidən eyni xarakterli, qəsdən cinayət əməli törətmişdir. AR CM-in 18.1-ci maddəsinə əsasən bu hal cinayətlərin residivini yaradır. AR CM-in 61.1.1-ci maddəsinə görə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. Həmçinin AR CM-in 65.2-ci maddəsinə əsasən, residiv halında təyin edilən cəza növü və miqdarı qanunda nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarında Zərbalıyevin əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir (CM-nin 59-cu maddəsi). Əksinə, onun barəsində cinayətlərin residivi mövcud olduğundan, bu hal CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdırır. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il və 2 aprel 2012-ci il tarixli qərarlarında vurğulandığı kimi, cəza təyini zamanı törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islahına və ailəsinin vəziyyətinə təsiri nəzərə alınmalıdır. Həmçinin Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli 4 nömrəli Plenum Qərarına görə, cəzanın fərdiləşdirilməsi təmin edilməli, təqsirkara tətbiq edilən cəza nə həddən artıq yüngül, nə də aşkar surətdə ağır olmamalıdır. X6 şəxsiyyəti, onun narkotik asılılığı, əvvəlki məhkumluqlarının xarakteri, eyni cinayətləri təkrar törətməsi və islah olunmadığını göstərən hallar, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksəkliyi nəzərə alındıqda, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzalardan daha yüngül növünün (məsələn, azadlığın məhdudlaşdırılması) tətbiqi cəzanın məqsədlərinə nail olmaq üçün kifayətli hesab edilmir. Cinayətlərin residivi şəraitində, eyni tipli cinayətlərin dəfələrlə və qısa fasilələrlə törədilməsi, əvvəlki cəzaların islahedici təsirinin olmaması nəzərə alınaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, ona təyin edilən azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Buna görə də məhkəmə nəticəyə gəlir ki, X8 barəsində ədalətli və məqsədəuyğun cəza kimi, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya hədlərində və CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmalı, təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X6 cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, X7 narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 aşkar edilərək götürülmüş və X11 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,250 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbs edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 02 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X8 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və həbs qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. X6 barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsin əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – İmişli stansiyası X13 maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,250 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik X5 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-60/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-60/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver