Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-61/2023 25.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münsaibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək cəzasının çəkiləmiş hissəsi 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmiş, məhkumluğu olan, Şirvan şəhəri, 1 May küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 125 mm olan, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib, üzərində gəzdirmiş və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən həmin ov bıçağı əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,166 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşımasında və qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirməsində ittiham edərək müvafiq qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələrində təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması nəticəsində təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması və daşıması, həmçinin onun qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, bununla əlaqədar məhkumluq həyatı yaşamışdır. Lakin sonradan müalicə almış və narkotik vasitələrdən hazırda istifadə etmir. xx.xx.2022-ci il tarixdə evdən çıxıb diş həkiminə getmiş, sonra isə evinə qayıtmış, evdə olarkən köhnə tanışı “Roma” ləqəbli Rafiq Dadaşlı ona zəng vuraraq yol polisində problem yaşadığını və onunla polis şöbəsinə getməyini xahiş etmiş, o da razılaşmış və Rafiq onun evinə gəlmişdir. Təxminən 15-16 radələri arasında onlar polis şöbəsinə yollanmışlar. Polis şöbəsinə daxil olarkən o, telefonunu söndürüb saxlama yerinə vermişdir. Sonradan Roma ilə birlikdə yol polisinin inspektorunun otağına daxil olub söhbət etmək istəyərkən qəfldən polis əməliyyatçıları onun əl-qolunu tutaraq yuxarı mərtəbəyə çıxartmışlar. Polis əməkdaşları onun əvvəllər də narkotik vasitədən istifadə etməsini və hazırda narkotik vasitəni və soyuq silah olan bir ədəd bıçağı üzərinə qoyaraq özünü təqsirli bilməli olduğunu bildirmiş, ona qarşı əməliyyatçılar fiziki təsir göstərmiş, əməliyyatçı Namaz Səfərli boğazından tutub boğmağa başlamışdır. Ona təklif olunanları üzərinə götürmədiyi təqdirdə onu külli miqdarda narkotik vasitə ilə məhkum edəcəklərini bildirmişlər. O da qorxmuş və razılaşmışdır. Sonradan polis əməkdaşları onu aşağı mərtəbəyə düşürmülər, vəkil dəvət etmişlər. Həmçinin ona telefonunu da qaytarmışlar, lakin telefon hələ də sönülü vəziyyətdə olmuşdur. Təhqiqatçının otağına daxil olarkən üzərinə qoyulmuş silah və narkotik vasitə ilə əlaqədar hazır yazılmış zərflər və baxış keçirilməsinə dair protokol artıq təhqiqatçının stolunun üzərində olmuşdur. Əvvəlcədən qurulmuş ssenari əsasında çəkiliş aparılmış və o qorxduğundan narkotik vasitənin və silahın özünə məxsus olmasını bildirmişdir. Sonradan günahsız olmasını vəkilinə də bildirmiş, heç bir istintaq sənədinə imza etməmişdir. Hazırda məhkəməyə bildirir ki, onun heç bir təqsiri yoxdur. Rafiq onu aldadıb polis bölməsinə gətirmiş, üzərinə polis əməkdaşları narkotik vasitə və silahı qoymuşlar, onu heç bir təqsiri olmadan cinayət məsuliyyətinə cəlb etmişlər. İbtidai istintaqın ilkin dövrlərində etirafedici ifadəsinin verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, qeyd olunan ifadələrin müstəntiq tərəfindən yazıldığını, ona göstərilmiş qorxu və təzyiq nəticəsində həmin ifadələri imzaladığını, sonradan isə ittihama etiraz olaraq heç bir sənədi imza etmədiyini, ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlaması və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, NMQ-nin əməliyyat müvəkkili Şahid2 və TB-nin təhqiqatçısı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhər F.İsmayılov küçəsində olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd soyuq silaha bənzər üstündə “Columbia” yazısı olan bıçaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən özünə məxsus “Samsunq J2” markalı mobil telefonu aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə, səhər saatlarında yaşadığı küçədən yerdən tapdığını, həmçinin təqdim etdiyi bıçağı isə 5 il bundan əvvəl Kür çayının sahilindən tapdığını və arabir üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş X13 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi çoxdan tanıyır, münasibətləri normal olub. 4 dekabr 2022-ci il tarixində ola bilsin ki, onunla görüşmüş və ona zəng vurmuşdur, ola bilər ki, birlikdə polis idarəsinə getmişdir, lakin hazırda hansı səbəbdən getmələrini xatırlamır. O İbrahimpaşaya polis idarəsində hansısa problemi olduğunu dediyini xatırlamır. Polislərin İbrahimpaşanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxladıqlarından sonradan məlumatı olub. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun dayısıdır. Dayısı tək yaşadığından o çox vaxt onun yanında qalır. 04 Dekabr 2022-ci il tarixdə dayısı həkimə getmiş sonra isə onun yanına qarabəniz cavan bir oğlan gəlmiş və dayısı onunla birlikdə çıxıb getmişdir. Onların arasıında olan söhbətin məzmununu bilmir. Sonradan artıq axşam tərəfi onlara məlum oldu ki, dayısını polislər saxlayıblar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2022-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması, istifadəsi və satışı ilə məşğul olması bildirilmiş, onun xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Şirvan şəhəri, F.İsmayılov küçəsi yaxınlığında dayanarkən və üzərində qanunsuz əldə etdiyi narkotik tərkibli vasitə gəzdirməsi ehtimal olunur, məlumat etimad doğuran mənbədən daxil olmuşdur. xx.xx.2022-ci il tarixli, Ə767-305-22 nömrəliəmrdən görünür ki, Şahid1 raportu əsasında əməliyyat axtarış qrupu yaradılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz gəzdirməsi, saxlaması, istifadəsində şübhəli olması barədə məlumatı yoxlamaq məqsədilə ilə əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və təhqiqatçı Şahid3 ibarət tərkibdə əməliyyat axtarış qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixli Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisinə ünvanladığı raportda Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsi yaxınlığında yolun kənarında dayanarkən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə bildirilir. xx.xx.2022-cim il tarixli şübhəli şəxsin tutulması haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlamaqda, istifadə etməkdə və satışında kifayət qədər əsaslar olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 18:00-da Şirvan şəhəri, F.İsmayılov küçəsi yaxınlığında dayanarkən saxlanması ilə əlaqədar şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd üzərində “Columbia” sözü yazılan soyuq silaha bənzər bıçaq aşkar olunaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixli təhqiqatçı İ.Məmmzadənin Şirvan şəhər polis şöbəsinə ünvanlanmış raportunda Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu və onun 04 dekabr 2022-ci il tarixdə, 18:00-da Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildiyi, sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,166 qram olan narkotik maddə heroin aşkar olunaraq götürülməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, təhqiqatçı Şahid3 video çəkilişin başlanması zamanı iştirak edən şəxsləri elan edir, təhqiqatçının əlində isə videodan aşkar şəkildə üzərində Xəlilli.İ və qarşısında imzalanması, Şahid1 qarşısında imza, Şahid2 qarşısında imzalanması aydın görünən şəxsi axtarış və götürülmə aparılmasına dair protokol vardır. Görüntüdə təqsirləndirilən şəxs, müdafiəçi, iki nəfər əməliyyatçı vardır. Daha sonra təhqiqatçı təqsirləndirilən şəxsə üzərində hər hansı qanunsuz əşya o cümlədən narkotik vasitə varmı” sualına cavab olaraq təqsirləndirilən şəxs sağ cibindən bir ədəd bükümü çıxararaq stolun üstünə qoyur, içində “kokos” adlanan maddə olduğunu bildirir, daha sonra “üzərinizdə əlavə nəsə var” sualına cavab olaraq təqsirləndirilən şəxs həmin cibdən bıçaq çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı onun üzərinə əlavə axtarış keçirir, şalvarının sol cibindən bir ədəd sünülü vəziyyətdə samsung markalı telefon aşkar olunur. Sonrakı axtarış zamanı isə heç bir qanunsuz əşya aşkar olunmur. Daha sonra təhqiqatçı video görüntüdə aşkar görünən üstü hazır yazılmış zərfi çıxararaq, iştirakçıların adının yazıldığı yerə işarə edərək onlara həmin yerdən imza etməyi barədə göstəriş verir. İştirakçılar imzaladıqdan sonra aşkar edilmiş bükümü zərfə qoyaraq möhürlü kağızla zərfi bağlayır. Daha sonra təhqiqatçı Şahid3 başqa bir üzəri artıq yazılı vəziyyətdə olan zərfi götürərək soyuq silahı onun içinə qoyur, iştirakçılara əvvəlki qaydada artıq adları yazılmış yerdən imza etmələri barədə göstəriş verir. Daha sonra yenə artıq üzəri yazılmış zərfə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş samsung markalı telefon qoyularaq, eyni qaydada iştirakçılar tərəfindən imzalanaraq zərfi yapışqanla bağlanır. Göstərilən halın aydınlaşdırılması məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında Şirvan şəhər Polis şöbəsinin təhqiqatçısı Şahid3 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət işi üzrə ilkin təhqiqatı aparmışdır. Lakin saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə, digər qadağan olunmuş maddə varsa təqdim etməsi təklif olundu, sonuncu da əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm və bıçağı çıxararaq təqdim etmiş, şalvarının sol cibindən isə mobil telefon çıxararaq təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olub-olmaması barədə ondan soruşmuş və zərfləri əvvəlcədən yazıb hazır qoymuşdur. Həmin zərflərdə həm narkotik vasitənin növü, bıçağın xarakteristikası, telefonun markası və baxışda iştirak edənlərin adını, təqsirləndirilən şəxsin üzərinə axtarış və baxış aparılmamışdan əvvəl özü yazmışdır. Zərfi əvvəlcədən yazmaqda məqsədi vaxta qənaət etmək olmuşdur. Əgər təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə və bıçaq aşkar edilmədiyi halda həmin zərfi cıraraq tullayacaymış. Həmçinin məhkəməyə bildirmişdir ki, şəxsi axtarış və götürülmə aparılmasına dair protokolu əvvəlcədən yazmamışdır. Azərbaycan Respublikası Məhkəmə X4 Regional Bölməsinin 05 dekabr 2022-ci il tarixli, 18/1292 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,166 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,116 qram (i.v.41-42) Məhkəmə-ballistik ekspertizasının 07 dekabr 2022-ci il tarixli 18/1295 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq- zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. (i.v.102-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2022-ci il tarixli, 327 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşdan yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 106-107) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 26 sentyabr 2022-ci il tarixli, 990 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (i.v.78) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır.(i.v. 101-103) Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi “08 Noyabr – Zəfər günü münsibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, Məhkəmə balistik ekspertizasının xx.xx.2022-ci il tarixli 1295 nömrəli rəyi ilə və Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 327 nömrəli rəyi ilə tanış edilərkən heç bir əsas göstərmədən “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış etmə haqqında” protokollara və yenidən ittiham elan edilməsi haqqında qərarın tanış olma hissəsinə imza etməməsi, həmçinin özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etməsi özünü müdafiə xarakteri daşıdığına görə əsassız olduğu üçün rədd edilmişdir.(i.v.132) xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş çıxarışdan görünür ki, ***-***-**- ** saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olduğu, həmin mobil nömrənin anten dairəsi əks edilmişdir. Qeyd olunan mobil nömrə üzrə anten dairəsi 04 dekabr 2022-ci il tarixdə, saat 11:25-dən təxminən 16:26-dək Şirvan şəhəri, 1 may küçəsi (təqsirləndirilən şəxsin evi), saat 16:34-də Şirvan şəhər, cənub şərq hissəsində teleqüllənin yaxınlığı, Şirvan şəhər polis şöbəsinin yanı -Şirvan şəhəri H.Z.Tağıyev küçəsi ərazi anten dairəsini göstərmiş, onun nömrəsinə 16:14, 16:25, 16:26 saatlarında təqsirləndirilən şəxsin anten dairəsi öz evi ətrafını göstərən zaman kəsiyində X9 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən zənglər daxil olmuş, müxtəlif müddətlərdə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxsin son anten dairəsi saat 16:34-də Şirvan şəhər polis şöbəsinin yanı müəyyən olunur. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş çıxarışdan görünür ki, ***-***-**- ** saylı mobil nömrə X8 istifadəsində olmuşdur. 04 dekabr 2022-ci il tarixdə, saat 16:14, 16:22 də sonuncu təqsirləndirilən şəxsə məxsus mobil nömrəyə zənglər etdiyini və müəyyən müddətdə danışıqlar aparmasını, saat 16:24, 16:25 radələrində Şirvan şəhəri, 1 may küçəsi (təqsirləndirilən şəxsin evinin yaxınlığı) ərazisində olmasını, 16:25-dən 16:33-dək Şirvan şəhər, cənub şərq hissəsində teleqüllənin yaxınlığı, Şirvan H.Əliyev prospekti 35 ərazisini göstərir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə X16 Səfərli adlı ********** saylı mobil nömrə ilə aralarında aşagıdakı məzmunda sms yazışmaları olmuşdur: N.Səfərli R.Dadaşlıya –“Var?”, (16:33) “Elçinnən götürən kimi yaz birdə nə maşınnan gəlirsən onu yaz”(16:48) R.Dadaşlı N.Səfərliyə- “geldi qaqa”(16:25) - “Qaqa evdə olmasa Elçin neyniyim birdə yaza piyadayuq. Ekber inşaat tərəfdə”, “Qaqa Elçingilin qapısındayıq”, “Çıxmır neyniyim”. Məhkəmə iclasında maddi sübutların saxlandığı üzərində “narkotik vasitə heroinə bənzər kütlə..”, “soyuq silaha bənzər bıçaq..”, “Samsung J2 markalı mobil telefon..” yazılmış zərflərə baxış keçirilmiş, zərflərin qablaşdırılmasında iştirak edən təhqiqatçının da ifadəsi və narkotik vasitə, soyuq silah və təqsirləndirilən şəxsə məxsus mobil telefonun qablaşdırıldığı vizual baxış zamanı zərflərin video görüntüdə nümayiş olunan zərflərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının, təhqiqatçının şahid qismində verdikləri ifadələrini, təqsirləndirilən şəxsin və əlavə şahid qismində dindirilənlərin ifadələrini, məhkəmə sorğularına daxil olmuş mobil telefon nömrələrinə dair məlumatları tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsin istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək, daşımaqla üzərində saxlamasına, həmçinin üzərində soyuq silah gəzdirməsinə dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə ittiham və müdafiə tərəfinin irəli sürdüyü dəlilləri, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Məhkəmənin tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyası 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cü maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Presedenti Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X12rşı, § 29). “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. X23 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "X21rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36) Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X6rşı, § 32) İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Məhkəmə araşdırması, məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tədqiq edib, məhkəmə araşdırması zamanı ittiham tərəfindən irəli sürülmüş sübutlara ayrı-ayrılıqda nəzərdən keçirilməsini zəruri hesab edərək, onların - şəxsin təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslı, heç bir şübhə doğurmayan, tutarlı, qənaətbəxş olmaması kimi qiymətləndirir, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınması zəruri olan müəyyən edilmiş ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində bildirdiklərinə münasibətdə obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində araşdırma apararaq, onun bildirdiklərini, işin halları, sorğu edilmiş mobil telefon anten məlumatları, şahid ifadələri ilə qarşılıqlı şəkildə təhlil ediləməklə düzgün nəticəyə gəlməyi qanunamüvafiq hesab edir. Belə ki, ilk öncə təqsirləndirilən şəxsin ifadəsində saxlanıldığı gün üzərində mobil telefonun olmasını, sonradan isə onu söndürərək polis idarəsində saxlanca təhvil verməsini, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı da mobil telefonun aşkar edilməsi halını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ifadəsində bildirdikləri halları ona məxsus olan mobil telefonun anten dairəsi barədə məlumatlar ilə qarşılıqlı şəkildə təhlil edilməsini mümkün və zəruri hesab edir. Təqsirləndirilən şəxsin saxlanıldığı gün 04 dekabr 2022-ci il tarixdə səhər saatlarından təxminən 12-13 radələrinədək evində olmasını sonra isə diş həkiminə gedib təkrarən evə qayıtmasını, diş həkiminin də onun yaşadığı ünvana yaxın ərazidə olmasını bildirir. Bu hal onun istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatı ilə də tam təsdiq olunur. (ünvan 5 ünvandır) Təqsirləndirilən şəxs diş həkimindən qayıtdıqdan sonra “Roma” ləqəbli Rafiq Dadaşlının ona zəng edərək birlikdə onunla polis idarəsinə getməyini xahiş etdiyini, sonradan Rafiqlə razılığa əsasən sonuncunun onun ünvanına gəlməsini və birlikdə polis şöbəsinə yollandıqlarını bildirir. Qeyd olunan xüsusat Rafiq Dadaşlının həqiqətən də Xəlilliyə zəng etməsi, onun təqsirləndirilən şəxsin yaşadığı 1 may küçəsində olması, sonrakı hərəkət trayektoriyasının da (mobil telefon nömrəsinin anten məlumatına əsasən) - Şirvan Polis şöbəsinin yerləşdiyi H.Əliyev Prospekti ünvanında olması, təqsirləndirilən şəxsin də həmçinin saat 16:34-də anten dairəsinin Şirvan şəhər polis şöbəsi göstərməsi ilə də təsdiq edilir. Qeyd olunanlar təqsirləndirilən şəxsin məhz Rafiq Dadaşlının xahişi və təklifi ilə şəxsən polis şöbəsinə gəlməsi faktını təsdiq edir. Saxlanıldığı gün saat 16:34-dən sonra isə təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi sonuncu ünvan kimi yalnız Şirvan şəhər Polis şöbəsini göstərir. Tədqiq edilmiş mobil telefon anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin hərəkət trayektoriyasına nəzər salsaq, məhkəmə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş, narkomaniyadan əziyyət çəkən bir şəxsin polis şöbəsinə şəxsən öz iradəsi ilə gələrkən üzərində qeyri-qanuni hər hansı bir əşyanı, o cümlədən narkotik vasitəni və ya soyuq silahı daşımasını ağlabatan hesab etmir və buna dair ittiham tərəfinin “təqsirləndirilən şəxsin səhər saatlarında tapdığı narkotik vasitə və soyuq silah ilə” hərəkət etməsinin həqiqətəuyğunluğunu istisna edir və təqsirləndirilən şəxsin şərh olunan hissədə təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaətini bir daha möhkəmləndirir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin Rafiq Dadaşlının ona dəfələrlə zəng etməsi, evinə gələrək polis şöbəsinə birlikdə getmələri barədə bildirdikləri xüsusatların hər iki şəxsin göstərilən tarixdə qarşılıqlı telefon danışıqlarına və hər ikisinin eyni istiqamətdə hərəkətdə olmalarına dair anten məlumatlarına nəzərən həqiqətəuyğun hesab edir. X18 adlı abonentlə Rafiq Dadaşlının qarşılıqlı zəng və sms yazışmalarını, Rafiq Dadaşlının təqsirləndiriən şəxslə birlikdə hərəkət etdiyi vaxt (16:33) sonuncuya hansı istiqamətdə getmələri, piyada olmaları, olduqları yer barəsində məlumat verməsini də diqqətdən qaçırmır və təqsirləndirilən şəxsin ifadəsində polis şöbəsində olarkən hazırki iş üzrə şahid qismində keçməyən, lakin onu saxlayan əməliyyatçı Namaz Səfərlinin ona fiziki zor göstərməsi və narkotik vasitə, soyuq silahın məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə əlaqədar bildirdiklərini inandırıcı hesab edir. Həmçinin məhkəmə iclasında dindirilmiş əlavə Şahid4 də ifadəsində dayısının saxlanıldığı gün evdə olması, sonradan bir cavan şəxsin onun yanına gəlməsi, həmin şəxslə birlikdə çıxıb getmələri barədə dediklərini də nəzərə alır və yuxarıda tədqiq edilərək aşkar etdiyi halların həqiqətəuyğun olmasına bir daha inamını möhkəmləndirir. Qeyd olunanların ümumisi, yəni təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi kimi saxlanıldığı gün təxminən 16 radələrində polis şöbəsinə özünün getməsi, orada özünə məxsus mobil telefonu söndürərək saxlanca verməsi, artıq ondan sonra sönülü telefonun ondan alınaraq polislərdə olması (həmçinin təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən video görüntüdən də aşkar göründüyü kimi təqsirləndirilən şəxsin mobil telefonu cibindən sönülü vəziyyətdə çıxarılaraq təqdim olunur) və təqsirləndirilən şəxsin anten məlumatlarına əsaslanan hərəkət trayektoriyası - ittihamın təqsirləndirilən şəxsi saat 18 radələrində şəhərin F.İsmayılov küçəsində saxlanılmağı ilə əlaqədar irəli sürmüş olduğu halı təkzib etmiş olur. Məhkəmə istintaqı zamanı ittihamın əsas sübutlarından biri kimi qiymətləndirilən “təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmə aparılması barədə istintaq hərəkəti”nin əks etdirildiyi DVD diskin nümayiş etdirilməsi zamanı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı onun şalvarının sağ cibindən çıxararaq təqdim etdiyi büküm və bıçaqla, o cümlədən mobil telefonla əlaqədar maddi sübutların cinayət prosessual qanunvericiliyə zidd qablaşdırılaraq rəsmiləşdirilməsi, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən maddi sübutların qablaşdırıldığı zərf, hətta hərəkəti özündə əks etdirən ptotokolun belə axtarışdan sonra deyil, şəxsi axtarışdan əvvəl artıq hazır imzalanaraq yazılması ---- hələ təqsirləndirilən şəxsin üzərindən nəyin aşkar edilməsi məlum olmaması gərəkdiyi halda hazır və üzərində aşkar ediləcək narkotik vasitənin və bıçağın növünə, hətta mobil telefonun seriyasına qədər dəqiqiliklə zərfin üzərində qabaqcadan yazılması, protokolun imzalanaraq doldurulması bir daha ittihamın əvvəlcədən qurulmuş və həqiqəti əks etdirməyən ssenari əsasında irəli sürdüyü halların qanuni və əsaslı olması görüntüsünü yaratmaq kimi uğursuz cəhdi, təqsirləndirilən şəxsin mövcud vəziyyətdə təqsirsiz olması ilə əlaqədar məhkəmənin gəldiyi nəticənin isə tam doğru bir mövqe olmasını göstərir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. 245.7-ci maddəsinə əsasən axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin könüllü göstərilməsini təklif edir. 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair protokol tərtib edir 247.1.9-cu maddəsinə əsasən axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri göstərilməlidir. 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, cinayət prosessual qanunvericilik axtarış və götürmə ilə əlaqədar istintaq hərəkətinin aparılma, davam etmə ardıcıllığı və rəsmiləşdirilməsinin İMPERATİV qaydasını müəyyənləşdirir və müyyən edilmiş normadan kənara çıxma artıq özlüyündə həmin istintaq hərəkətini şühbə altına almaqla bərabər qanunaziddliyinə əsasən sübut kimi etibarsız hesab olunması ilə nəticələndirir. Məhz yuxarıda göstərilən qanun norması, şəxsin üzərində axtarış və götürmə aparmamışdan əvvəl təhqiqatçının dediyi kimi “komək etmə” məqsədilə hələ polis şöbəsinə şübhəli şəxs statusunda gələn birinin barəsində artıq üzərindən cinayət xarakterli bir neçə əşyanın çıxarılmasını təsdiq edən və ittihamın əsasında duran axtarış və götürmə aparması haqqında protokolun hazırlanaraq, iştirak edən şəxslər tərəfindən əvvəlcədən imzalanmasını, maddi sübutların əvvəlcədən üstü yazılmış zərflərdə qablaşdırılaraq möhürlənməsini tam şəkildə istisna edir. Bundan əlavə məhkəmə sözügedən istintaq hərəkətini həyata keçirməmişdən əvvəl təhqiqatçının şübhəli şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında qərarla tanış etməməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245.2-ci maddəsində nəzərdə tutulmuş, həmçinin göstərilən protokolda şəxsi axtarış aparılmazdan əvvəl iştirak edən şəxslərə AR CPM-in 51.5-ci və 244.6-cı maddələrinə əsasən hüquqları və AR CM 300-cü maddəsinə əsasən xəbərdarlıq edilməsinə dair qeydlər öz əksini tapdığı halda video diskin nümayişi zamanı göstərilənlərin həqiqəti əks etdirməməsi, protokolun reallıqdan fərqli məzmuna malik olmasını və bununla da təhqiqatçının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1.9-cu maddəsinində nəzərdə tutlmuş tələbləri pozmaqla kobud prosessual səhvlərə yol verməsini də diqqətdən qaçırmır. Qeyd edilənlərə əsasən “Şəxsi axtarış və götürmə aparılması” barədə 04 dekabr 2022-ci il tarixli protokol sübut kimi mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin vaxtlarında verdiyi izahat, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınması halının da mövcudluğunu təsdiq edir. İş materiallarında olan təqsirləndirilən şəxsin ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, əvvəlcə özünü irəli sürülmüş ittihamla tam təqsirli bilərək üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroinin və soyuq silahın olduğunu, həmin heroini yaşadığı evin yaxınlığında küçədə tapdığını, bıçağı isə Kür çayının yaxınlığında tapdığına dair etiraf edici məlumatlar vermişdir. (iş vərəqləri 32-33, 60-61) İstintaqın sonrakı gedişatında isə ifadə verməkdən imtina etmişdir. Bununla əlaqədar müstəntiq və müdafiəçinin qeydində təqsirləndirilən şəxsin özünü Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsilə təqsirli bilmədiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs isə məhkəmədə bildirmişdir ki, ümumiyyətlə özünü təqsirli bilməməsini müstəntiqə, müdafiəçisinə bildirmiş, heç bir sənədi imzalamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəllərində etirafedici ifadə və izahatları bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı, həmçinin ibtidai istintaqın sonrakı gedişatı zamanı isə özünü AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilməyərək, ümumilə ona qarşı irəli sürülmüş ittiham üzrə ifadə verməkdən imtina etməsi, məhkəmə istintaqında özünü təqsirli bilməməsi bir daha göstərir ki, ilkin etirafedici ifadələrin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Habelə, məhkəmə təqsirləndirilən şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda verdiyi ifadələrin tamamilə eyni olmasını diqqətdən qaçırmır, bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Həmçinin məhkəmə iş üzrə ittiham tərəfinin şahidləri - polis əməkdaşları Şahid1 və Şahid2 də ibtidai istintaq zamanı verdikləri ifadələrinə də nəzər salaraq bu ifadələrin də tamamilə eyni olmasını və bir daha müstəntiq tərəfindən onların da köçürmə üsulu ilə yazılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, göstərilən şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, həmçinin təhqiqatçı Şahid3 məhkəmədə verdiyi ifadəsi mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Həmçinin iş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə yaradılan əməliyyat axtarış qrupunun üzvlərindən biri kimi, həmçinin ibtidai istintaq zamanı dindirilən polis əməkdaşlarının ifadələrində təqsirləndirilən şəxsi F.İsmayılov küçəsində saxlayarkən təhqiqatçı Şahid3 də olması göstərilsə də, sonradan təhqiqatçı təqsirləndirilən şəxsin saxlanılmasında və polis orqanına gətirilməsində iştirak etmədiyini bildirmişdir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Bu hissədə də məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. İş materiallarında olan və ittihamın təqdim etdiyi digər sübutlara münasibətdə : Məhkəmə kimyəvi ekspertizasının 05 dekabr 2022-ci il tarixli 18/1292 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, bu rəy təqsirləndirilən şəxsdən aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə-ballistik ekspertizasının 07 dekabr 2022-ci il tarixli 18/1295 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq- zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. (i.v.102-105) bununla əlaqədar da məhkəmə qeyd edir ki, Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş əşya ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin soyuq silah hesab olunan bıçağı əldə etmiş, saxlamış, daşımış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. xx.xx.2023-cü il tarixli, 327 saylı ambulator X2 rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxsdə opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin yaş həddinə görə barəsində narkomaniyadan məcburi müalicənin tətbiqi mümkün hesab edilmir. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Təbii ki, məhkəmə şəxsin əvvəllər də narkotik vasitələrdən istifadə etməklə məhkumluq həyatı yaşamasını və əvvəllər narkotik vasitələrdən sui-istifadə etmə nəticəsində onda narkomaniya xəstəliyinin mövcud ola bilməsini istisna etmir. Lakin bu hal heç bir şəkildə onun hazırki ittiham üzrə təqsirliliyinə təsir göstərə və ya bilavasitə əlaqələndirilə bilməz. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi halları yuxarıda qeyd edilən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirməmiş və bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar hazırki halda onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edir. Təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Cinayət işinin materillarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 0,116 qram çəkidə narkotik vasitə heroin və soyuq silah hesab olunan “Columbia” markalı bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Şirvan ŞRPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübutlar cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Beləliklə, məhkəmənin tədqiq edilmiş bütün sübutlara obyektiv, qanunamüvafiq, cinayət prosessual qanunvericiliyin prinsipləri, insan əsas hüquq və azadlıqlarının üstünlüyünün təmin olunması baxımından və öz daxili inamını rəhbər tutmaqla təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verərək hazırki cinayət işi üzrə nəticəvi qənaəti bundan ibarətdir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsin istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə, təmiz çəkisi 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşımasına, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 125 mm olan, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib, üzərində gəzdirməyinə dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə zalından azadlığa buraxılmalı, məhkəmə xərclərindən azad olmalı, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut qismində tanınmış 0,116 qram çəkidə narkotik vasitə heroinin qanunsuz dövriyyəsi və soyuq silah hesab olunan 01 ədəd üzərində “Columbia” sözü yazılan bıçağı əldə etmə, satma və ya gəzdirmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan maddi sübutlar narkotik vasitə heroin və 01 ədəd üzərində “Columbia” sözü yazılan soyuq silah hesab olunan bıçağı kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokurorluğuna göndərilməli, maddi sübutlar hökm qanuni qüvvəyə minənədək Şirvan şəhər Polis Şöbəsində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut qsimində tanınmış 0,116 qram çəkidə narkotik vasitə heroinin qanunsuz dövriyyəsi və soyuq silah hesab olunan 01 ədəd üzərində “Columbia” sözü yazılan soyuq silah hesab olunan bıçağı əldə etmə, satma və ya gəzdirmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan maddi sübutlar narkotik vasitə heroin və 01 ədəd üzərində “Columbia” sözü yazılan soyuq silah hesab olunan bıçağı kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokurorluğuna göndərilsin, maddi sübutlar hökm qanuni qüvvəyə minənədək X19 saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 107 manat 14 qəpik dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd video görüntü diski iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-61/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-61/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver