Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-61/2024 16.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1969-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş halda 25 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanında yerləşən “Dəniz Market”in qarşısında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi istintaqa yeri məlum olmayan bıçaqla vuraraq ona “boyunun arxa səthində səthi dəri kəsiyi” kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, tanışı balıq alveri ilə məşğul olan Zərərçəkmiş şəxs neçə illərdir tanıyır. Belə ki, tutulmamışdan təxminən 5-6 ay əvvəl Azərdən nisyə balıq götürmüş və həmin balıqları satıb pulunu vemişdir. Həmin vaxtdan Azərə 10 manat borcu qalmışdır. Azər ondan borcunu istəyəndə bildirmişdir ki, özüdə balıq tutmağa gedir, yaxın vaxtlarda balıq tutub həmin borcunun əvəzinə ona balıq verəcək. Azər isə onu başa düşməyərək onu hər görəndə təhqir etmiş və borcunu istəmişdir. Təxminən hadisədən bir ay əvvəl onların aralarında sözlə mübahisə yaranmış, həmin vaxt Azər onun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt onların yanında olan qonşular onları sakitləşdirmiş və Azəri aralayaraq aparmışlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində su kanalından balıq tutmaqdan gələrkən küçələrinin yaxınlığında olan “Dəniz Market”-də Azərlə rastlaşmış və Azərə əl uzadaraq onunla görüşmək istəmişdir. Azər ona salam verməyərək onunla aqressiv danışmış və marketdən çölə çıxmışdır. Spirtli içki içdiyi üçün sərxoş olduğundan Azərin onunla aqressiv danışması ona təsir etmişdir. Azərin dalınca marketdən çölə çıxmış və onu arxadan səsləmişdir. Azər onun ünvanına nalayiq sözlər deyərək onun çağırmağına əhəmiyyət verməyib taksiyə əyləşdiyi üçün əsəbləşərək onun arxasınca getmiş və çatan kimi onunla mübahisə etmiş, daha sonra aralarında dava başlamışdır. Həmin vaxt cibində olan açılıb-bağlanan bıçağı açıb Azəri qorxutmaq istəyərkən bıçaq sonuncunun boynunun arxasından toxunmuşdur. Kənarda olan şəxslər onların aralarına girərək onları aralamışlar. Həmin şəxsləri tanımır. Azər taksiyə əyləşərək çıxıb getmişdir. O da, əsəbləşdiyindən evə gedə bilməmiş və yenidən su kanalına balıq tutmağa qayıtmışdır. Su kanalına çatanda əlindəki bıçağı kanala tullamışdır. Təxminən yarım saat su kanalının sahilində dayanıb daha sonra evə qayıtmışdır. Evə gələrkən küçələrində olan dükanın sahibi Zaur adlı şəxs ona bildirmişdir ki, “Azər əlində bıçaq səni axtarır, ehtiyyatlı ol”. Bu səbəbdən də özünü müdafiə etmək üçün evdən mətbəx bıçağını özündə götürərək küçəyə çıxmışdır. Küçədə olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və ondan şikayət olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə çatdıqdan sonra üzərində götürdüyü mətbəx bıçağını polislərə təqdim etmiş, Azəri vurduğu bıçağı isə kanala atmasını bildirmişdir. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Özünü tam təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Hazırda törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs çoxdandır tanıyır, onunla qonşuluq münasibətləri vardır. Hadisədən son bir aya qədər münasibətləri normal olmuşdur. Həm Müşfiq, həm də o balıqçılıqla məşğul olurlar. Həmişə Müşfiq ondan balıq götürmüş və satandan sonra pulunu vermişdir. Hadisədən təxminən 5-6 ay qabaq Müşfiq həmişə olduğu kimi ondan balıq götürmüş və satıb pulunu verəcəyini bildirmişdir. Lakin Müşfiq balığı satıb pulundan 10 manat borclu qalmışdır. Əvvəllər bir neçə dəfə borcunu istəsə də Müşfiq ona olan 10 manat borcunu verməkdən imtina edirmiş. Təxminən hadisədən 1 ay qabaq onun həmin borc pulla bağlı yenə Müşfiqlə mübahisəsi yaranmış, həmin vaxtdan sonra o Müşfiqi görəndə yolunu dəyişmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində yerləşən “Dəniz Market” adlı mağazadan çıxanda Müşfiqi görmüşdür. Müşfiq onu görən kimi onu söyüb, təhqir etməyə başlamışdır. Müşfiqə əhəmiyyət verməmiş və taksiyə yaxınlaşmışdır ki, oradan çıxıb getsin. Lakin aldığı ərzaqları taksinin arxa qapısını açıb qoymaq istədikdə Müşfiq onu arxadan boyun hissəsindən bıçaqla vurmuşdur. O dərhal geri çevrilib Müşfiqin ayağına girib özünü müdafiə etmək üçün onu yerə yıxmışdır. Bundan sonra orada olan taksi sürücüləri onları aralamışlar. Aralandıqdan sonra görmüşdür ki, boyun hissəsindən qan axır. Taksiyə əyləşərək evə getmişdir. Aldığı ərzaqları evə qoyaraq birbaşa Şirvan şəhər xəstəxanasına qayıtmışdır. Xəstəxanada ona yardım göstərilmiş və evə buraxılmışdır. Müşfiq ilə Şirvan şəhərində yerləşən “Dəniz Market” adlı mağazanın qarşısında baş verən münaqişə 3-5 dəqiqə davam etmiş, onları aralayan şəxslərdən heç kimi tanımır, əyləşdiyi taksi sürücüsünü isə birinci dəfə görmüş, onun kimliyi barədə məlumatı yoxdur. Hadisə vaxtı Müşfiqə heç bir xəsarət yetirməmiş, sadəcə olaraq özünü müdafiə etmək üçün Müşfiqin ayaqlarından tutub yerə yıxmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirdi ki, asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “Mercedes” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə mütəmadi olaraq Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən yem dükanının qarşısında dayanıb sərnişin gözləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən yem dükanının qarşısında özünə məxsus avtomobili ilə dayanıb sərnişin gözlədiyi vaxt balıq alverçisi kimi tanıdığı Şirvan şəhər sakini Azər əlində su ləyənləri ilə onun avtomobilinə yaxınlaşmış və boş olub-olmadığını soruşmuşdur. Azərə bildirmişdir ki, avtomobil boşdur, sərnişin gözləyir. Azər əlində olan su ləyənlərini avtomobilimin yük yerinə qoymuş və avtomobilinə əyləşərək evə getdiyini bildirmişdir. Avtomobili işə salmış və Azərin evi istiqamətində hərəkətə başlamışdır. Yol gedərkən, Şirvan şəhərində yerləşən “Dəniz Market”in qarşısında Azər avtomobili saxlamağını istəmiş və marketdən ərzaq alacağını demişdir. Marketin qarşısında avtomobili saxlamış və Azər avtomobildən enərək marketə daxil olmuşdur. Həmin vaxt mobil telefonunda videolara baxmışdır. Təxminən 15 dəqiqədən sonra marketin qarşısında səs-küy eşidib avtomobildən yerə enmiş, görmüşdür ki, Azər tanımadığı bir nəfər şəxslə mübahisə edir, kənarda olan şəxslər isə onları aralayır. Azəri sakitləşdirərək avtomobilinə əyləşdirmişdir. Azər avtomobilə əyləşdikdən sonra Azər ondan boynunun arxasından qan axıb-axmadığını soruşmuşdur. Azərin boynunun arxasına baxdıqda görmüşdür ki, boynunun arxası cızılmış və qan axır. Azərə bildirmişdir ki, ciddi bir şey yoxdur, sadəcə cızılıb. Bundan sonra Azəri Şirvan şəhərində “Demanlı” məhəlləsində olan yaşadığı evinə aparmışdır. Azər evinin qarşısında avtomobildən enmiş və yük yerindən avadanlıqlarını götürərək evinə getmişdir. Bundan sonra taksi kimi dayandığı yerə qayıtmış və sonra nə baş verdiyindən məlumatı olmamışdır. Hadisə vaxtı avtomobildə əyləşib telefonda olan videolara baxmış, hadisənin hansı səbəbdən baş verməsindən məlumatı yoxdur. Sadəcə olaraq onlar aralandıqdan sonra Azəri avtomobilə əyləşdirmiş və avtomobildə görmüşdür ki, Azərin boynunun arxasından qan axır. Müşfiqin onu nə ilə vurduğunu isə görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yerləşən “Dəniz Market”də satıcı işləmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində marketdə olan zaman marketin qarşısında səs-küy eşidib çölə çıxmışdır. Marketin qarşısına çıxdıqda görmüşdür ki, tanıdığı Şirvan şəhər sakinləri Müşfiqlə Azər dava edirlər. Həmin vaxt marketin sahibinin oğlu Murad və Azad da dükanda olmuşdur. Onlar dərhal Azər və Müşfiqə yaxınlaşmış, orada olan digər şəxslərlə köməkləşib onları aralamışdır. Dava vaxtı Müşfiqin əlində bıçaq olmuşdur. Müşfiq əlindəki bıçaqla Azərin boyununun arxasından vurduğu üçün Azərin boynundan qan axmışdır. Onlar Azər və Müşfiqi araladıqdan sonra Azər taksiyə əyləşərək çıxıb getmişdir. Müşfiq də ondan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra onlar da marketə girmiş və sonradan nə baş verdiyindən məlumatları olmamışdır. Azərlə Müşfiqin aralarında baş vermiş davanın səbəbini bilmir, Azərlə Müşfiqin arasında yaranan münaqişə marketin müşahidə kameralarına düşməmiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yerləşən “Dəniz Market” atasına məxsusdur, həmin marketdə işləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində marketdə olduğu vaxt marketin qarşısında səs-küy eşidib çölə çıxmışdır. Marketin qarşısına çıxdıqda görmüşdür ki, tanıdığı Şirvan şəhər sakinləri Müşfiqlə Azər dava edirlər. Həmin vaxt əmisi Azad və satıcıları Etiramda dükanda olmuşlar. Onlar dərhal Müşfiq və Azərə yaxınlaşmış, orada olan digər şəxslərlə köməkləşib onları aralamışlar. Dava vaxtı Müşfiqin əlində bıçaq olmuşdur. Azərin boyununun arxasında qan görmüş, Müşfiqin əlindəki bıçaqla ona xəsarət yetirdiyini bilmişdir. Azər və Müşfiqi araladıqdan sonra Azər taksiyə əyləşərək çıxıb getmişdir. Müşfiq də ondan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra marketə girmiş və sonradan nə baş verdiyindən məlumatı yoxdur. Azərlə Müşfiqin aralarında baş vermiş davanın səbəbini bilmir, Azərlə Müşfiqin arasında yaranan münaqişə marketin müşahidə kameralarına düşməmiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 615 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət - boyunun arxa səthində səthi dəri kəsiyi - iti xassəyə malik (alət) əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 25 noyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/1087 nömrəli, 30 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir; ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 3644 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; sərxoşluq hallarının bütün hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 309 nömrəli, 25 noyabr 2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur; 27 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi İlqar Novruzovun icraatına qəbul edilmişdir; 27 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023cü il tarixdə, saat 20:30-da tutulmuşdur; 29 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 29 noyabr 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 740 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 21 dekabr 2023-cü il tarixli, 18-1-35/2-1162/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər X3-əsəb narkoloji kabinetlərdə qeydiyyatda yoxdur; şəxsin qohumluq əlaqələri barədə məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağı var. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, əməlini etiraf edib, peşman olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-61/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-61/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver