Məhkəmə qərarları › İş №1(032)-62/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-62/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-62/2023 04.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1992-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon ev 5, mənzil 40-da qeydiyyatda olan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 26 noyabr 2022-ci il tarixdə saat 09 radələrində zərərçəkmiş şəxs X2 məxsus Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən “Ən ucuz market Mil” mağazasında girərək, həmin mağazanın giriş hissəsində içəri tərəfdə satıcının olduğu yerdəki masanın üzərindəki hər birinin dəyəri 5 manat olan 77 ədəd və hər birinin dəyəri 10 manat olan 34 ədəd ümumi dəyəri 725 manat olan “poz qazan” uduş kartlarını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İsmayıl Tərlanova ümumilikdə 725 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 26 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində o, Gəncə şəhərindən yol maşını ilə Bakı şəhərinə yola düşmüş və saat 05 radələrində o, Hacıqabul rayonunda çatmış, həmin vaxt yol getdiyi avtomobil xarab olmuş, o da, ordan taksi vasitəsi ilə Şirvan şəhərinə “Köhnə bazar”-a gəlmişdir. Həmin vaxt əlində sumka ilə birlikdə bazarda gəzmiş və oradan olan mağazalara baş çəkmiş, həmin gün saat 09 radələrində o, dəmiryolunun yanında yerləşən “Ən ucuz market Mil” yazısı olan mağazaya daxil olmuş, həmin vaxt mağazanın içərisini gəzmiş, lakin heç nə ala bilməmişdir. Bundan sonra o, kassa olan tərəfdə heç kimin olmadığını görüb, ora yaxınlaşaraq, masanın üzərində olan “Poz qazan” kartlarının hamısını götürmüş və sonra ətrafa baxıb kiminsə onu görmədiyinə əmin olduqdan sonra mağazadan çıxmış, yolla gedə-gedə kartları pozub uduş olub olmamasını yoxlamış, həmin vaxt o, kartları saymış, 77 ədəd 5 manatlıq və 34 ədəd 10 manatlıq olduğunu görmüşdür. Həmin vaxt o, kartları pozan zaman kartlardan 97 manat pul qazanmışdır. Sonra uduş olan kartları özündə saxlamış, qalan kartları isə xatırlamadığı yerə atmışdır. Bundan sonra o, şəhərin “Köhnə şəhər” adlanan yerinə gəlmiş və oradan Bakı şəhərinə gedən avtomobillərdən biri ilə Bakı şəhərinə yola düşmüşdür. Uduş kartlarında Bakı şəhərində xatırlamadığı “Poz qazan” məntəqəsində pulla əvəz eləmiş, həmin vaxt aldığı 97 manat pulu da, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt yanında kimsə olmamış, oğurluğu tək eləmiş, o, oğurluq edərkən onu kimsə görməmiş, kiminsə də onu görməsini bilməmiş, o, poz qazan uduş kartlarından başqa heçnə oğurlamamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, maddi imkansızlığı səbəbindən zərərçəkən şəxsə dəyən ziyanı ödəyə bilməmişdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində “Ən ucuz market Mil” mağazasının sahibidir, həmin mağazada satıcı olaraq X7 və X1 işləmiş, həmin şəxslərin müqaviləsi vardır. 26 noyabr 2022-ci il tarixdə saat 09 radələrində o, digər mağazasında olarkən Müşfiq Kərimov ona zəng edərək, mağazadan oğurluq olmasını bildirmişdir. O da, dərhal Şirvan şəhəri, L-nt İbrahimov küçəsində “Ən ucuz market Mil” mağazasına gəlmiş, həmin vaxt satıcı Günel Ağayevə ona bildirmişdir ki, mağazada satıcı oturan yerdə kassa aparatının yanında olan 77 ədəd 5 manatlıq və 34 ədəd 10 manatlıq “Poz qazan” uduş kartları oğurlanmışdır. O da, satıcıların iştirakı ilə mağazada olan poz qazan kartlarını saymış, həqiqətəndə 111 ədəd pozqazan kartlarının oğurlandığı müəyyən etmişdir. Bundan sonra o, Şirvan şəhər polis şöbəsinə gəlmiş və bu barədə ərizə ilə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları mağazasına gəlmişlər və hadisə yerinə baxış keçirib, fotoşəkillər çəkmişlər. Ona dəymiş zərər ödənilməmişdir, təqsirəndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 26 noyabr 2022-ci il tarixdə 08:45-də o, yaşadığı evdən çıxmış və işlədiyi “ən ucuz Mil” mağazasına gəlmiş və mağazanı açıb işə başlamışdır. Həmin vaxt mağazaya müştəri gəlmiş və ondan ona konfetlər olan yeri göstərməyini və ona köməklik etməyini bildirmiş, o da, kassa olan yerdə müştəri ilə birlikdə konfet olan tərəfə keçmiş, həmin vaxt kassa olan tərəf boş qalmışdır. O, müştəri ilə məşğul olan zaman görmüşdür ki, kassa tərəfdə bir nəfər əynində qara rəngli gödəkçə, açıq boz rəngli şalvar, başında qara rəngli papaq olan şəxs kassa tərəfdə dayanıb ətrafa baxır. Həmçinin, həmin şəxsin üzündə saqqal olmuşdur. O, həmin şəxsə səslənərək nə istədiyini soruşsa da, sonuncu ona cavab verməmiş və mağazadan çıxıb oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, kassaya yaxınlaşmış, müştərini yola salmaq istəyən zaman görmüşdür ki, kassa aparatının yanında olan 77 ədəd 5 manatlıq və 34 ədəd 10 manatlıq “Poz qazan” uduş kartları yerində yoxdur. Həmin vaxt o, masanın hər yerinə baxmış, lakin kartları tapa bilməmişdir. Bundan sonra onun eyni mağazada satıcı işləyən Müşfiq Kərimova zəng edərək, bu barədə məlumat vermişdir. Bir müddət sonra mağazanın sahibi İsmayıl Tərlanov və əri Müşfiq Kərimov gəlmişlər, bir müddət sonra isə mağazaya polis əməkdaşları gəlmişlər, mağazaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxışda əri Müşfiq Kərimov iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən “ən ucuz Mil” mağazasında müqavilə əsasında satıcı işləyir. 26 noyabr 2022-ci il tarixdə yoldaşı həmin mağazadan ona zəng edərək, mağazada oğurluq olduğunu bildirmişdir. O, həmin mağazaya gəlmiş və mağazadan kassa aparatının yanında olan poz qazan uduş lotareya kartlarının olmadığını görmüşdür. Bundan sonra bu barədə polisə müraciət etmişdirlər. Polis tərəfindən baxış keçirilərkən o və Könül Kərimova iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur; 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır; 15 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə ittiham elan edilmişdir; 15 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işinin ibitadi istintaqının dayandırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək, 01 il 02 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 ay 26 gün azadlıqdn məhrum etmə cəzası ilə əvəz edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib, qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə cəzalarının toplanması hissəsində dəyişdirilərək, qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Suraxanı rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından çıxarışdan qeyd edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının tətbiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin müraciəti (təqdimatı) təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzasının 05 noyabr 2021-cı il tarixi üçün çəkilməmiş 06 (altı) ay 16 (on altı) günlük hissəsi 06 (altı) ay azaldılmış, o, qalan 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixindən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. 07 fevral 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Binəqədi rayon Polsi İdarəsi tərəfindən saxlanılması ilə bağlı olaraq cinayət işi icraat təzələnmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - 1 ədəd (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat, ümumilikdə isə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar