Məhkəmə qərarları › İş №1(032)-65/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-65/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-65/2023 11.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1954-cü il tarixdə Saatlı rayonu, Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyatda olan, Saatlı rayonu, Çolpı kəndində yaşayan, barəsində 06 fevral 2023-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə saat 16:30 radələrində özünə məxsus “Vaz 2107” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində öz hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək yolun sağ tərəfindən sol tərəfinə doğru addımlayaraq hərəkət edən piyada Zərərçəkmiş şəxs yolun sağ tərəfindən 2,3 metr mərkəzə doğru məsafədə vuraraq ona qapalı kəllə-beyin travması, V bel fəqərəsinin kənar çıxıntısının, çanaq sümüklərinin, sol qamış sümüyünün bayır kondiliusunun sınığı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Saatlı rayonu Çolpı kəndində yaşayır və təqaüdçüdür. Ona məxsus “Vaz 2107” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Şirvan şəhəri, 1 May küçəsi ilə 50 km/saat sürətlə Sabirabad rayonu istiqamətində hərəkət etmişdir. Həmin avtomobil yolu ilə hərəkətdə olarkən yolun qarşı sağ tərəfində olan səkinin qırağında avtobusun dayanmasını görmüş, həmin avtobusun yanından avtomobillə ötərkən avtobusun yarısında olduğu zaman avtobusun qarşısından, yəni yolun sağ tərəfindən sol tərəfinə doğru bir qızın addımlayaraq keçməsini görmüş, həmin vaxt qızı avtomobillə vurmamaq üçün eyni zamanda əyləcdən və əl tormozundan istifadə edib avtomobili yolun sağına doğru, avtobusun qarşısına tərəf çəkmiş, lakin piyada olan qızı vurmaqdan yayına bilməmiş, avtomobilin sol tərəf hissəsilə, piyada qızı vurmuşdur. Sonra avtomobili yolun sağ tərəfində olan səkidə saxlamış və qızın yanına getmiş, həmin vaxt qız yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Sonradan ora ətrafdan tanımadığı şəxslər toplaşmışlar, yoldan keçən avtomobilin biri ilə qızı xəstəxanaya aparmışlar. O, da özünə məxsus avtomobillə Şirvan şəhər MX-na getmiş, orada olan zaman polis əməkdaşları onu izahatının alınması üçün ŞPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, özünüzə məxsus avtomobil ilə Şirvan şəhəri, 1 May küçəsi ilə hərəkətdə olduğu zaman təxminən 30-40 metr məsafədən yolun qarşı sağ tərəf hissəsindəki səkidə avtobusun dayanmasını görmüş, həmin vaxt avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Özünə məxsus avtomobillə həmin avtobusun yanından ötən zaman avtomobilin sürətini azaltmış, lakin həmin vaxt avtomobilin sürətini hansı həddə salmağını xatırlamamışdır. İdarə etdiyi avtomobillə yolun sağ tərəfindən sol tərəfinə doğru piyada hərəkət edən qızı gördüyü zaman qız avtomobil yolunun orta hissəsində olmuş, həmin zaman da ona məxsus avtomobillə həmin qız arasında məsafə təxminən 3-4 metr olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobilin sağ arxa tərəfində arvadı Şahid1 olmuş, o və arvadı xəsarət almamışlar. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı huşunu itirmiş, sonradan ona ailə üzvləri söyləmişlər ki, onu avtomobil vurmuş, bunu o, sonradan bilmişdir. Hadisə ilə bağlı heçnə xatırlamır, sonradan ona məlum olmuşdur ki, 30 may 2022-ci il tarixdə, təxminən saat 16:30 radələrində yaşadığı evə gedərkən avtomobil yolunda yolu sağdan sola keçmək istəyərkən Saatlı rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-BE-*** avtomobil ilə onu vurmuş və nəticədə xəsarət almışdır. Hadisəni kimlərin görməsini və onu vurub xəsarət yetirən avtomobilin hansı sürətlə hərəkət etdiyini bilməmiş, o, özünə gələndə artıq Şirvan şəhər mərkəzi xəstəxanasında olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə Təqsirləndirilən şəxs özünə məxsus “Vaz 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, 1 May küçəsi ilə 50 km/saat sürət ilə Sabirabad rayonu istiqamətində hərəkət etmişlər, həmin avtomobil yolu ilə hərəkətdə olarkən yolun qarşı sağ tərəfində olan səkidə avtobusun dayanmasını görmüş, həmin avtobusun yanından avtomobil ilə ötən zaman avtobusun yarısında olarkən avtobusun qarşısından, yəni yolun sağ tərəfindən sol tərəfinə doğru bir qızın addımlayaraq keçməsini görmüş, həmin zaman əri Salah avtomobillə qızı vurmamaq üçün eyni zamanda əyləcdən və əl tormozundan istifadə edib avtomobili yolun sağına doğru, avtobusun qarşısına tərəf çəkmiş, lakin piyada olan qızı vurmaqdan yayına bilməmiş, avtomobilin sol tərəf hissəsi ilə piyada qızı vurmuşdur. Sonra əri Salah avtomobili yolun sağ tərəfində olan səkidə saxlamış və piyada olan qızına yanına getmişdir. Həmin zaman qız yerdə uzanıqlı vəziyyətdə olmuş, həmin vaxt ora ətrafdan tanımadıqları şəxslər toplaşmışlar, yoldan keçən avtomobilin biri ilə həmin qızı xəstəxanaya aparmışlar. O da, Salahla birlikdə Salaha məxsus həmin avtomobil ilə Şirvan şəhər MX-na getmişlər, orada olan zaman polis əməkdaşları Salahın izahatının alınması üçün onu ŞPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Şirvan şəhəri, 1 May küçəsi ilə hərəkətdə olduğu zaman nə qədər məsafədən yolun qarşı sağ tərəf hissəsindəki səkidə avtobusun dayanmasını görməsini xatırlamır, hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili aşağı sürətlə idarə etmiş, lakin hansı sürətlə idarə etməsini dəqiq bilmir. Təqsirləndirilən şəxs avtomobil ilə həmin avtobusun yanından ötən zaman eyni sürətlə hərəkətini davam etdirmiş, hadisə zamanı piyada qız yolun orta hissəsində olmuş, lakin onların olduğu avtomobil ilə həmin zaman qızın arasında məsafəni bilmir, piyada qız qəflətən avtobusun qarşısından yola çıxmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 30 may 2022-ci il tarixdə, təxminən saat 16:30 radələrində yaşadığı evin həyətində olmuş, qəfildən avtomobil yolunda səs eşitmiş, küçəyə çıxıb görmüşdür ki, qızı Günel avtomobil yolunda uzanıqlı vəziyyətdədir, o, dərhal onun yanına getmiş, tanımadığı bir nəfər cavan oğlan qızını öz avtomobilinin arxa oturacağına qoymuş, o, dərhal onunla birlikdə avtomobilə əyləşib qızını Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən ona məlum olmuş ki, qızı Güneli az əvvəl avtomobil yolunda yolu keçərkən Saatlı rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 30 may 2022-ci il tarixli 62 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən an nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur (i.v 22); xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş AE 533790 nömrəli sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, onun “Vaz 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin də, daxil olduğu “B” kateqoriyasına aid edilən nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2024-cü ilədək qüvədədir (i.v 23); “Vaz 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin AC seriyalı, 124901 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v 24); Yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 8/2086 nömrəli rəyindən görünür ki, “Vaz 2107” markalı, 49BE880 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməlidir (i.v 33-36); məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 699 nömrəli rəyilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - qapalı kəlləbeyin travması, V bel fəqərəsinin kənar çıxıntısının, çanaq sümüklərinin, sol qamış sümüyünün bayır kondiliusunun sınığı - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 may 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (i.v 55-57); Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263.1-ci 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədəuyğundur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş X1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 10 iş saatına görə, cəmi 60 (altımış) manat məbləğində vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili X1 və məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altımış) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının 85 (səksən beş) manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 10 iş saatına görə, cəmi 60 (altımış) manat məbləğində vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili X1 və məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altımış) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar