Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-69/2024 18.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1963-cü il tarixdə Sabirabad rayonu, Dadaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 23 fevral 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində nəqliyyat vasitələrini idarə etmək üçün hüququ olmadığı halda özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin Mahir Mirzəyev küçəsində Şirvan şəhəri istiqamətinə manevr etmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, 24 avqust 2013-cü il tarixdə verilmiş “B” kateqoriyalı AE-504043 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən avtomobili sürücülük hüququ olmadan idarə etməklə dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamasına əmin olmalı olduğu halda, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, idarə etdiyi “Vaz 2106” markalı avtomobillə dönmə əməliyyatı aparan zaman, əks istiqamətdən gələn Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuş və ehtiyatsızlığı nəticəsində idarə etdiyi “Vaz 2106” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sol tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarda sınıqlar, sol tərəfli minimal hemotoraks kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən, saat 11 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində şəhidin yas mərasiminə getmişdir. Təxminən bir saat yas mərasimində iştirak etdikdən sonra evə gəlmək üçün oradan çıxıb avtomobilinə əyləşmişdir. Avtomobilini şəhərin M.Mirzəyev küçəsində, şəhidin evinin qarşısında üzü Salyan rayonu istiqamətində yolun sağ tərəfində saxlamışdır. Təxminən saat 13 radələrində avtomobilə əyləşmişdir. Həmin vaxt yas mərasimindən çıxan tanıdığı Şahin adlı şəxs ondan özünü də avtomobili ilə aparmağını istəmiş, o da Şahinə “təzə şəhərə gedirəm, gəl səni də apararam” demişdir. Bundan sonra Şahin özü ilə birlikdə olan bir nəfər adını bilmədiyi şəxsi avtomobilə dəvət etmiş, o da razılaşmışdır. Bundan sonra o, öz tərəfindən pəncərəni açmış, yolun sağ və sol tərəflərinə nəzər salmış və Salyan rayonu istiqamətindən bir ədəd “Mercedes Benz” markalı avtomobil gəldiyini görmüşdür. Lakin həmin avtomobil bir qədər uzaqda olduğu üçün o, yolun digər hərəkət istiqamətinə keçə biləcəyi qənaətinə gəlmiş və dönmə siqnalını qoşaraq yolun Şirvan şəhər istiqamətinə çıxmağa çalışmışdır. “Mercedes Benz” markalı avtomobilin sürücüsü isə sürət həddini aşmışdır. O, Şirvan şəhər istiqamətində avtomobilini çıxarmış, lakin “Mercedes Benz” markalı avtomobilin sürücüsü avtomobili öz istiqamətində sol tərəfə çəkmiş və onun avtomobili ilə yolun Şirvan şəhər istiqamətində toqquşmuşdur. Bu toqquşmanın nəticəsində onun avtomobili yolun sağ tərəfində dayanmış halda olan “Renault” markalı avtomobilə dəymişdir. Daha sonra hadisə yerinə Təcili Tibbi yardım və YPX-nin avtomobilləri gəlmiş, onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Sərxoş olub-olmamağı ilə bağlı onu həkim müayinəsindən keçirmişlər. Sürücülük vəsiqəsinin təxminən hadisədən iki ay qabaq müddəti bitmiş, lakin budan xəbəri olmamışdır. Avtomobil onun özünə məxsusdur. Toqquşduğu avtomobilin sürücüsündən başqa heç bir şəxsi görməmişdir. Hadisə zamanı dönmə əməliyyatını həyata keçirmiş və avtomobili təxminən 5 və ya 10 km/saat sürətlə idarə etmişdir. Təhlükə anını “Mercedes Benz” markalı avtomobili idarə etdiyi avtomobil arasında təxminən 30 metr məsafə qalanda hiss etmişdir. “Mercedes Benz” markalı avtomobilin sürəti yüksək olmuşdur. Hadisə nəticəsində xəsarət almış, həmçinin avtomobildə olan sərnişinlərdən Şahin də xəsarət almışdır. Hadisə vaxtı qulağında qulaqcıq olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, məhkəmətibb ekspertizası, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və cinayət işinə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində şəhidin yas mərasiminə getmişdir. Günorta saat 13 radələrində yas mərasimindən çıxan zaman Rasimi görmüş, Rasim ona maşınla olub-olmamağını soruşduqda, maşınının olmadığını demişdir. Rasim də ona demişdir ki, “gəl səni mən apararam, mən də təzə şəhərə gedirəm”. Ondan başqa yaşıllaşdırma idarəsində işləyən Rauf adlı şəxs də maşına əyləşmişdir. Rasim maşını üzü Salyan rayonu istiqamətində yolun sağ tərəfində torpaq yolda saxlamışdır. Şəhidin yas mərasimi olduğu üçün yolun hər iki tərəfində çoxlu sayda maşınlar olmuşdur. Onlar maşına əyləşdikdən sonra Rasim avtomobili işə salmış və Şirvan şəhəri istiqamətinə çıxmaq istəmişdir. Rasimə sol tərəfdən “Mercedes Benz” markalı maşının gəldiyini, ehtiyatlı olmasını demişdir. Lakin Rasim yola çıxmış və Şirvan şəhəri istiqamətində yolda “Mercedes Benz” markalı avtomobil Rasimin idarə etdiyi “Vaz 2106” markalı avtomobilin qarşısından ötmə etmək istədikdə “Vaz 2106” markalı avtomobilin sol tərəfindən vurmuşdur. Onun sərnişin qismində olduğu “Vaz 2106” markalı avtomobil də yolun Şirvan şəhəri istiqamətində sağ tərəfdə dayanan “Renault” markalı avtomobilə dəyərək dayanmışdır. Dönmə hərəkətini edərkən təxminən avtomobilin sürəti 5 və ya 10 km/saat olmuşdur. Baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Hadisə vaxtı Rasimin qulağında qulaqcıq olduğu barədə istintaqa bildirsə də, dəqiq xatırlamır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində şəhidin yas mərasiminə getmişdir. Günorta saat 13 radələrində yas mərasimindən çıxıb işə getmək istəmişdir. Yas mərasimindən çıxan zaman Rasimi görmüş və sonuncunun avtomomaşına əyləşmişdir. Ondan başqa Şahin adlı şəxs də maşına əyləşmişdir. Rasim maşını Salyan rayonu istiqamətində yolun sağ tərəfində torpaq yolda saxlamışdır. Şəhidin yas mərasimi olduğu üçün yolun hər iki tərəfində çoxlu sayda maşınlar olmuşdur. Onlar maşına əyləşdikdən sonra Rasim avtomobili işə salmış və Şirvan şəhəri istiqamətinə çıxmaq istəmişdir. Rasim olduğu yerdən maşını dala və qabağa verərək yola çıxmış, bu zaman sol tərəfdən gələn “Mercedes Benz” markalı maşını Rasim görməmiş və Şirvan şəhəri istiqamətinə dönəndə “Mercedes Benz” markalı avtomobilin sürücüsü əyləcdən istifadə etsə də, maşını saxlaya bilməmiş və onların sərnişin olduğu “Vaz 2106” markalı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində “Vaz 2106” markalı avtomobil Şirvan şəhəri istiqamətində yolun sağ tərəfində dayanan “Renault” markalı avtomobilə dəyərək dayanmışdır. Bundan sonra onları Şirvan ŞMX-ya gətirmişlər. Dönmə hərəkətini edərkən təxminən avtomobilin sürəti 5 və ya 10 km/saat olmuşdur. Hadisə nəticəsində xəsarət almışdır. Hadisə vaxtı Rasimin qulağında qulaqcıq olduğu barədə istintaqa bildirsə də, dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus onun özünə məxsusdur. Həmin avtomobil ilə Salyan rayonundan Şirvan şəhərinə həmçinin əks istiqamətə sərnişin aparır. Avtomobillə və sərnişin daşımaqla bağlı bütün sənədləri mövcuddur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 12 radələrində Salyan rayonundan Şirvan şəhərinə gəlib çatmışdır. Sərnişinləri düşürdükdən sonra Salyan rayonu istiqamətində geri qayıtmışdır. Təxminən, saat 13 radələrində Şirvan şəhər, Çılpaqlı qəsəbəsində Salyan rayonuna gedərkən hərəkət sürəti 50 km/saat olmuşdur. Çılpaqlı qəsəbəsində şəhidin yas mərasimi olduğu üçün şəhidin evinin qarşısındakı yolun sağ və sol tərəflərində maşınlar çox olmuşdur. Bu zaman ağ rəngdə “Vaz 2106” markalı avtomobil Salyan rayonu istiqamətində yolun sağ tərəfində torpaq yoldan Şirvan şəhəri istiqamətinə tərəf dönmə hərəkətini etmək istəmişdir. Həmin maşını təxminən 5 metr qalmış görmüşdür. Həmin maşının dönmə siqnalının yandırıb-yandırmamasını görməmişdir. “Vaz 2106” markalı maşının sürücüsü avtomobilini demək olar ki, torpaq yoldan asfalt yola çıxartmışdır. Həmin maşını keçməkdən ötrü yolun əks istiqamətinə çıxmışdır. Bu zaman “Vaz 2106” markalı maşının sürücüsü də maşınını yolun Şirvan şəhər istiqamətinə olan hissəsinə çıxartmış və o da əyləcdən istifadə etsə də, avtomobilini saxlaya bilməmiş və “Vaz 2106” markalı avtomobil ilə sol tərəfindən toqquşmuşlar. Bu zaman “Vaz 2106” markalı avtomobilin sürücüsü yolun Şirvan şəhər istiqamətində sağ tərəfdə dayanan “Renault” markalı avtomobilə dəyərək dayanmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır. Bundan sonra onu Şirvan ŞMX-na apararaq sərxoş olubolmaması ilə bağlı onu həkim müayinəsindən keçirtmişlər. Hadisə zamanı avtomobili 50 km/saat sürətlə idarə etmişdir. O, hadisənin qarşısını almaqdan ötrü əyləc sistemindən istifadə etmişdir. O, təhlükə anını qarşısına çıxan avtomobili hadisə yerinə 5 metr qalmış görmüşdür. Hadisə nəticəsində o və onun avtomobilində olan sərnişinlər xəsarət almamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində bildirmişdir ki, hazırda Təhsil İşçiləri Azad X2 rayon Komitəsinin sədri vəzifəsində işləyir. İşlədiyi idarədən ona “Renault Logan” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən olan şəhidin yas mərasiminə gəlmiş, avtomobilini Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, Mahir Mirzəyev küçəsində yolun kənarında saxlamış, təxminən saat 12 radələrində yas mərasimində olduğu zaman ona bildirmişlər ki, Mahir Mirzəyev küçəsində “Vaz 2106” markalı və “Mercedes Benz” markalı avtomobil toqquşmuş, “Vaz 2106” markalı avtomobil onun avtomobilinə dəymişdir. Yas mərasimindən çıxıb avtomobilinin yanına gəlmiş, “Mercedes Benz” markalı avtomobil ilə “Vaz 2106” markalı avtomobilin toqquşduğunu, “Vaz 2106” markalı avtomobilin onun yolun kənarında saxladığı avtomobilinə dəyməsini görmüşdür. Məhkəmə tibbi ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarda sınıqlar, sol tərəfli minimal hemotoraks küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 oktyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Məhkəmə tibbi ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 584 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər-soltərəfli minimal pnevmotoraks, sol İİİ, İV, V qabırğa qövslərində yerdəyişməyən sınıq, sağ bazuda qanşərlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Məhkəmə yol-nəqliyyat ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 8/29 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Mersedes Benz 212” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 113 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur; sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 125 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şahid1 ayıq vəziyyətdə olmuşdur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; zərərçəkmiş şəxs qismində tanımaq haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 17 yanvar 2024-cü il tarixli, 3-13-16-7/2-453/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) “B” kateqoriyalı AE-504043 nömrəli sürücülük vəsiqəsi verilmiş və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Bununla yanaşı, mərkəzi informasiya sistemində Təqsirləndirilən şəxs adında “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatda olması ilə bağlı məlumat da mövcuddur; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsindən, həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 59 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi barədə 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 maddəsinə, törətmiş olduğu cinayəti etiraf edib əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-69/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-69/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver