Məhkəmə qərarları › İş №1(032)-7/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-7/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-7/2023 26.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16.15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi Nümayəndə2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 1 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Şirvan şəhəri “20 Yanvar” küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ətrafdakı şəxslər üçün aşkar surətdə laqeydlik göstərib, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək yerdən götürdüyü daşı silah qismində istifadə edib Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “X12” MMC-nə məxsus “X8” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və qarşı sol qapısının şüşəsini həmin daşla sındırmış, sonra etibarnamə əsasında idarə etdiyi “Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilə qəsdən vuraraq “X12” MMC-nə 1271 (min iki yüz yetmiş bir) manat maddi ziyan vurmaqla xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şirvan sakini kimi tanıyır və sonuncunun idarə etdiyi “Hyundai” markalı avtomobili dəfələrlə orada görmüş, lakin onunla hər hansı bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində aşyaşlı uşağını Şirvan şəhəri 16 nömrəli tam orta məktəbə aparmış, uşağı məktəbə yola saldıqdan sonra idarə etdiyi “Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkətə gətirərkən arxada olan avtomobilin siqnal verməsini eşitmiş və avtomobilinin yan güzgüsündən arxada avtomobilin dayanmasını görmüş, sonra idarə etdiyi avtomobili həmin avtomobilin sağ tərəfinə verib saxlamış, həmin zaman həmin avtomobilin narıncı rəngli “Hyundai” markalı avtomobil olmasını və sürücüsünün də həmin Namidənin olmasını görmüşdür. Avtomobilin şüşəsini endirib pəncərədən Namidəyə hansı səbəblə siqnal verməsini soruşmuş, sonuncu da ona yol verməsini və avtomobili idarə etməyini söyləmiş, o da Namidəyə avtomobillə onun idarə etdiyi avtomobilin arxasında dayanmasını, bu səbəbdən avtomobili idarə edə bilmədiyini söyləmiş, həmin zaman Namidə onu nalayiq ifadələrlə təhqir etmiş, o da əsəbləşmiş və əsəblərini cilovlaya bilməyib Namidəyə “hardan keçim? Üstündən?” söyləmişdir. Bundan sonra idarə etdiyi avtomobillə oradan uzaqlaşmışdır. Həmin gün günorta vaxtı evdə olduğu zaman atası Həzi Qasımov ondan Namidə ilə bağlı nə mübahisəsinin olduğunu soruşmuş, o da atasına olanları danışmış, atası da ona qadın olmasını, onunla mübahisə etməməyini tövsiyə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində tanışı Tofiqə məxsus Şirvan şəhəri “Vasmoy” adlanan yerdə avtomobilini təmir elətdirmişdir. Həmin ərazidə olduğu zaman hal-hazırda xatırlamadığı Şirvan şəhər sakinində Namidənin olduğu bəzi yerlərdə onun və atası Həzi Qasımovun ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. Bundan sonra həmin avtomobil sexində olarkən “Vhiskey” adlanan təxminən 400 qram spirtli içki qəbul etmişdir. Sonra həmin sexdən idarə etdiyi avtomobillə yaşadığı evə getmiş, biraz evdə olduqdan sonra yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə Şirvan şəhəri ərazisində gəzməyə başlamışdır. İdarə etdiyi avtomobillə Şirvan şəhəri əraizisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə getmiş, orada olduğu zaman Namidənin idarə etdiyi avtomobillə yaşadığı ev istiqamətində getməsini görmüşdür. Yanacaqdoldurma məntəqəsindən idarə etdiyi avtomobillə mağazadan siqaret aldıqdan sonra bir az daha avtomobillə Namidənin yaşadığı binanın qarşısına gəlmişdir. Həmin binanın qarşısına gəlməyinə səbəb Namidənin onun və atası barəsində işlətmiş olduğu nalayiq ifadələr olmuşdur. Həmin binanın qarşısında Namidənin idarə etdiyi avtomobili dayanmış vəziyyətdə gördükdə idarə etdiyi avtomobilin sol arxa tini ilə Namidənin idarə etmiş olduğu avtomobilin sol tərəfindən bir dəfə vurmuşdur. Sonra avtomobili saxlayıb yerə enmişdir. Həmin zaman binaya və ətrafa baxmış, ətrafda heç kimin olmadığını görüb, yerdən daş götürmüş, əvvəlcə Namidənin idarə etdiyi avtomobilin sol qapı şüşəsini bir dəfə vuraraq, daha sonra isə avtomobilin ön şüşəsini iki dəfə daşla vuraraq sındırmışdır. Sonra avtomobilə əyləşib yaşadığı evə getmişdir. Namidənin yaşadığı binanın qarşısında olduğu zaman ətrafda başqa şəxslər olduğu halda həmin hərəkəti etməzdi. Hazırda maddi ziyanı tam həcmdə ödəməklə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində məhkəmədə verdiyi ifadəsindən bir qədər fərqli olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində azyaşlı uşağını Şirvan şəhəri 16 nömrəli tam orta məktəbə aparmış, uşağı məktəbə yola saldıqdan sonra idarə etdiyi “Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkətə gətirərkən arxada olan avtomobilin siqnal verməsini eşitmiş və avtomobilinin yan güzgüsündən arxada avtomobilin dayanmasını görmüş, sonra idarə etdiyi avtomobili həmin avtomobilin sağ tərəfinə verib saxlamış, həmin zaman həmin avtomobilin narıncı rəngli “Hyundai” markalı avtomobil olmasını və sürücüsünün də həmin Namidənin olmasını görmüşdür. Avtomobilin şüşəsini endirib pəncərədən Namidəyə hansı səbəblə siqnal verməsini soruşmuş, sonuncu da ona yol verməsini və avtomobili idarə etməyini söyləmiş, o da Namidəyə avtomobillə onun idarə etdiyi avtomobilin arxasında dayanmasını, bu səbəbdən avtomobili idarə edə bilmədiyini söyləmiş, həmin zaman Namidə onu nalayiq ifadələrlə təhqir etmiş, o da Namidəni nalayiq ifadələrlə təhqir edib avtomobillə üzərindən keçəcəyini söyləmişdir. Sonra Namidə avtomobilini idarə edib getmişdir. Həmin gün yaşadığı evdə olarkən atası Həzi Qasımov ona Namidənin zəng etməsini və ondan şikayət etməsini söyləmiş, o da atasına olanları danışmışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışı Tofiqə məxsus Şirvan şəhəri “Vasmoy” adlanan yerdə yerləşən avtomobil sexində olarkən spirtli içki qəbul etmişdir. Sonra həmin sexdən idarə etdiyi avtomobillə yaşadığı evə getmiş, biraz evdə olduqdan sonra yaşadığı evdən çıxıb idarə etdiyi avtomobillə Şirvan şəhəri ərazisində gəzməyə başlamışdır. Şirvan şəhəri ərazisində avtomobillə hərəkətdə olduğu zaman Namidənin idarə etdiyi avtomobillə hərəkət etməsini görmüş, həmin zaman Namidənin onun atasına zəng edib onu şikayət etməsi yadına düşmüş və o, əsəbləşmiş, sonuncunun arxası ilə getmişdir. Şirvan şəhəri “20 Yanvar” küçəsində idarə etdiyi avtomobillə bir neçə dəfə Namidənin idarə etdiyi avtomobilin qarşısına keçib qəsdən qəflətən tormoz verib avtomobili saxlamağı, Namidənin də məcbur olub avtomobili tormoz verərək saxlamağını və yaşadığı ünvana çatanadək eyni hərəkətləri etməyini halhazırda xatırlamır, çünki həmin zaman xeyli miqdarda spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri “20 Yanvar” küçəsində mübahisəsi və sonuncunun idarə etdiyi avtomobilə ziyan vurması təxminən 5-6 dəqiqə müddət davam etmişdir. Xeyli miqdarda spirtli içki qəbul etdiyindən hal-hazırda oraya kənar şəxslərin toplaşıb-toplaşmamasını xatırlamır. Polis əməkdaşları ona saxla işarəsi verdikdən sonra avtomobili idarə edərək polis əməkdaşlarından yayınmasını, sonra polis əməkdaşlarının onu ŞPŞ-nə dəvət etdiyi zaman onlarla mübahisə etməsini və ŞPŞ-də olarkən polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməsini xeyli miqdarda spirtli içki qəbul etdiyi üçün və əsəbi olduğu üçün nə etdiyini bilməmişdir. Həmin bıçağın biri mətbəx bıçağı olmuş, digəri isə açılıb qatlanan cib bıçağı olmuşdur, açılıb-qatlanan cib bıçağı adətən idarə etdiyi avtomobildə olmuşdur, həmin gün isə hansı səbəbdən üzərində olmasını xatırlamır. Mətbəx bıçağını isə xatırladığı qədəri ilə xx.xx.2022-ci il tarixdə spirtli içki qəbul etdikdən sonra yaşadığı evə getmiş, sonra evdən çıxarkən üzərində götürmüşdür. Lakin hansı səbəbdən üzərində götürməyini xatırlamır. Namidənin şikayəti üzrə həbs olunacağını düşündüyündən, həbs olunmamaq üçün özünə xəsarət yetirməklə xəstəxanaya onu aparacaqlarını düşündüyü üçün xəsarət yetirmək istəmiş, lakin polis əməkdaşları ona mane olmuşlar, əlində olan bıçaqla biraz qarın nahiyəsini cızmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “X6” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobil “X12” MMC-nə məxsusdur, həmin avtomobili o, hər ay kredit ödəməklə kredit ödənişini bitirdiyi zaman öz əmlakına keçirəcək. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində Şirvan şəhərində yerləşən 16 nömrəli tam orta məktəbə azyaşlı uşağını götürməyə getmiş, həmin məktəbin qarşısında idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman qarşı sağ tərəfdə və sol tərəfdə avtomobillərin dayanmasını və qarşıda olan gümüşü rəngli “Opel” markalı avtomobilin sürücüsünün avtomobili arxaya doğru hərəkətə gətirməsini görüb avtomobili saxlamış, sağ və sol tərəfdə dayanmış avtomobillərin arasından avtomobili idarə edərək keçə bilməyəcəyini gördüyü üçün əlini avtomobilin pəncərəsindən çıxararaq qarşıdan arxaya doğru avtomobili hərəkətə gətirən “Opel” markalı avtomobilin sürücüsünə işarə verib gözləməyini, avtomobilini idarə edərək keçməsini, daha sonra avtomobili hərəkətə gətirib gedəcəyini bildirmişdir. “Opel” markalı avtomobilin tanımadığı sürücüsü avtomobili arxaya dorğu hərəkətə gətirib avtomobili idarə etdiyi avtomobilin sağ tərəfində, kənarda dayanmış avtomobillə idarə etdiyi avtomobilin arasında saxlamış və avtomobilin pəncərəsinin şüşəsini endirib pəncərədən onu nalayiq ifadələrlə təhqir edərək istehza ilə avtomobili idarə etməyi öyrədəcəyini, sonra onu hədələyərək avtomobillə üzərindən keçəcəyini söyləmişdir. O da həmin sürücüdən nə söylədiklərini anlamadığını bildirib hansı səbəblə əli ilə avtomobili geriyə doğru hərəkət gətirməsini izah etdikdə həmin şəxs avtomobildən yerə enib idarə etdiyi avtomobilin onun əyləşdiyi tərəfdən üzərinə gəlməsini görmüş, həmin zaman dərhal avtomobilin qapısını və şüşəsini bağlamış, sonra qorxduğu üçün avtomobili idarə edib getmişdir. Sonra o, idarə etdiyi avtomobili qarşıda saxlayıb məktəbin qarşısına gəlmiş, azyaşlı uşağını məktəbdən götürərkən orada uşaqları oxuyan valideynlərdən həmin avtomobilin sürücüsü barədə maraqlanmı və orada olan valideynlərdən biri ona həmin şəxsi tanımasını, həmin şəxsin Şirvan şəhər İcra Hakimiyyətində mühasib işləyən Həzi Qasımovun oğlu olmasını söyləmişdir. Bundan sonra o, Həzi Qasımovun mobil nömrəsini iş yerindən öyrənərək zəng etmiş və Həzi Qasımova oğlunun etdiyi əməlləri söyləmiş, Həzi Qasımov da ona oğlunun adının İlqar olmasını söyləyib ona narahat olmamağını, üzrxahlıq edərək oğlu İlqarı tənbəh edəcəyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21:15 radələrində anasının yaşadığı Şirvan şəhəri ünvan 3 ünvandan çıxıb idarə etdiyi avtomobillə yaşadığı ünvan 4 hərəkətə başlamış, yolda olarkən gümüşü rəngli “Opel” markalı avtomobil bir neçə dəfə idarə etdiyi avtomobilin qarşı tərəfinə keçərək qəflətən tormoz verərək avtomobili normal idarə etməyinə mane olmağa başlamış, sonra yenə də idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobilin qarşısında hərəkət vəziyyətində yaşadığı ünvana çatanadək eyni hərəkətləri yol boyu təkrarlamışdır. Yaşadığı Şirvan şəhəri “20 Yanvar” küçəsi, 26A saylı binanın qarşısına çatdıqda idarə etdiyi avtomobili binanın qarşısında olan yolun kənarında saxlamış, həmin vaxt “Opel” markalı həmin avtomobilin onun olduğu avtomobilin sağ tərəfində dayanmasını görmüş, həmin avtomobilə baxdıqda sürücüsünün həmin İlqar olmasını görmüş, İlqar avtomobilin pəncərəsindən hansı səbəblə atası Həzi Qasımova zəng edib şikayət etməyini soruşmuş, o da İlqara etdiyi həmin hərəkətlərə görə polisə müraciət edəcəyini, lakin sonradan atasının Həzi Qasımov olmasını, yəni iş yoldaşı olmasını bildikdə həmin səbəbdən atasına söyləməyini bildirmişdir. Bundan sonra İlqar onu nalayiq ifadələrlə təhqir edərək və üzərindən avtomobillə keçməsini bir daha söyləyərək hədələməyə başlamış, o da bunları görüb avtomobildən yerə enmiş və yaşadığı binaya doğru gedərkən İlqar idarə etdiyi “Opel” markalı avtomobili yolun sağ tərəfində saxlayıb avtomobildən yerə enərək üzərinə gəlib onu uca səslə nalayiq ifadələrlə təhqir etmiş, o da qorxduğu üçün yaşadığı evə getmişdir. Evdə olarkən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, sonra İlqarın atası Həzi Qasımova zəng edərkən mobil telefonunda kontorun olmadığını görmüş, sonra yaşadığı evdən kontor almaq üçün çıxmış, binanın qarşısına endikdə ətrafda bina sakinlərinin toplaşmasını və onun idarə etdiyi avtomobilin qarşı şüşəsinin, avtomobilin sürücü tərəfdən qapısının şüşəsinin sındırılmasını, avtomobilin sağ tərəfindən hər iki qapının zədələnməsini görmüşdür. Həmin vaxt oraya toplaşan bina sakinləri bir nəfər şəxsin əlində hər hansı bir əşya ilə avtomobilin şüşələrini sındırmasını, sonra çıxıb getməsini söyləmişlər. Biraz sonra oraya polis əməkdaşları gəlmişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs “X12” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini bildirərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09 aprel 2022-ci il tarixdə, saat 22 radələrində rəhbərlik tərəfindən verilən göstəriş əsasında Şirvan şəhər sakini Namidə adlı qadının avtomobilinə ziyan vurmuş Təqsirləndirilən şəxs adlı şəxsin yeri tərəflərindən Şirvan şəhəri Natavan küçəsində müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqda sonuncu avtomobilini onların üstlərinə sürmüş, onlar kənara çəkilmişlər və Təqsirləndirilən şəxs avtomobili idarə edib həmin yerdən uzaqlaşmağa başlamışdır. Həmin vaxt onlar da Təqsirləndirilən şəxs arxası ilə şəhər ərazisində hərəkət etmişlər, həmçinin ötürücü vasitəsilə bu barədə xidmətdə olan digər əməkdaşlara məlumat vermişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Şirvan şəhəri M.Əsədov küçəsində saxlanılmış və sonuncu onlarla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olduğunu görmüş və sonuncunu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə olarkən məsul növbətçi Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini bildirdikdə, Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bıçaq çıxarıb, bıçağın birini masanın üzərinə qoymuş, digəri isə polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlədib özünə xəsarət yetirməyə çalışmışdır. Bu zaman onlar Təqsirləndirilən şəxs tutub bıçağı sonuncunun əlindən almışlar. Polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs müşahidə kamerasına əl atsa da, kameraya heç nə olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri təxminən 5 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və polis şöbəsinə gətirildikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və üzərindən çıxardığı bıçaqların biri ilə qarın nahiyəsinə xəsarət yetirmişdir. Həmin vaxt polis əməkdaşlarından xəsarət alan olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Teyyub oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı binada yaşayan şəxs kimi tanıyır, həmçinin sonuncunun Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində işləməsini bilir, lakin onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs da Şirvan şəhər sakini kimi tanıyır, onunla da hər hansı bir münasibəti olmamışdır. Ona məxsus “VAZ 2104” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir, daimi yaşadığı həmin binanın qarşısında taksi kimi müştəri gözləyir. xx.xx.2022-ci il tarixdə, saat 20:15 radələrində yaşadığı həmin binanın qarşısında özünə məxsus avtomobilin yanında dayanıb müştəri gözləmişdir. Həmin zaman da Zərərçəkmiş şəxs idarə etdiyi narıncı rəngli “Hyundai” markalı avtomobil yaşadıqları həmin binanın qarşısında dayanmışdır. Biraz sonra Namidəyə məxsus həmin avtomobilə boz rəngli avtomobilin sürücüsünün avtomobillə vurmasını görmüşdür. Bundan sonra həmin istiqamətdə getməyə başlamış, bu zaman həmin boz rəngli avtomobilin sürücüsünün avtomobili hərəkətə gətirərək oradan dərhal uzaqlaşmışdır. O, oraya yaxınlaşanda Zərərçəkmiş şəxs məxsus “Hyundai” markalı avtomobilin qarşı ön şüşəsinin sınmasını, avtomobilin sürücü tərəf qapısının şüşəsinin sınaraq oturacağın üzərinə tökülməsini, həmçinin həmin avtomobilin sağ tərəf qapılarına da ziyan dəyməsini görmüşdür. Həmin zaman yaşadıqları binanda yaşayan hal-hazırda xatırlamadığı sakinlərdən biri Zərərçəkmiş şəxs xəbər vermiş və sonuncu da yaşadığı mənzildən oraya gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs mobil telefonla kiməsə zəng etmiş və danışdığı zaman avtomobilinə ziyan vuranın Həzi müəllimin oğlu İlqar olmasını söyləməsi ilə həmin şəxsin İlqar olmasını bilmişdir. Şahid2 ifadəsində həmçinin ifadəsində göstərmişdir ki, durduğu yerdən Zərərçəkmiş şəxs məxsus “Hyundai” markalı avtomobilin dayandığı yerə təxminən 15 -20 metr məsafə olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilin ön və qapı şüşəsini nə ilə sındırmasını görməmiş, o, özünə məxsus avtomobilin yanında dayandığı zaman səs-küy eşitmiş, həmin zaman oraya baxanda Təqsirləndirilən şəxs idarə etdiyi boz rəngli avtomobillə Zərərçəkmiş şəxs məxsus avtomobilə vurmasını, sonra avtomobili idarə edərək orada uzaqlaşmasını görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan vuruduğu zaman Zərərçəkmiş şəxs orada olmamışdır, həmin zaman oraya binada yaşayan sakinlərdən pəncərəyə çıxaraq baxanlar olmuşlar və ətrafda olan şəxslər toplaşmışlar, sonra da bina sakinlərindən hal-hazırda kim olmasını xatırlmadığı şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərək sonuncuya xəbər vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan vurması təxminən 10 dəqiqə davam etmişdir. Həmin zaman o, Zərərçəkmiş şəxs məxsus avtomobilə baxdığından oraya konkret olaraq kimlərin toplaşmasına fikir verməmiş, lakin həmin bina və üzbəüz bina sakinləri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ağasəmid oğlu ifadəsində göstərmişdir ki, o nə zərərşəkmiş şəxsi, nə də ki, təqsirləndirilən şəxsi tanımır. Hadisənin necə olmasını görməmişdir, sadəcə olaraq onun barəsində cinayət işi olduğuna görə polis idarəsində olarkən müstəntiqin göstərişi ilə ona təqdim olunmuş sənədlərə oxumadan imza etmişdir. Cinayət işinin istintaqı zamanı isə Şahid1 Ağasəmid oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şirvan şəhər sakini kimi tanıyır, sonuncu onun yaşadığı binanın aşağısında olan Şirvan şəhəri “20 Yanvar” küçəsində olan yaşayış binasında yaşayır. Zərərçəkmiş şəxs narıncı rəngli “Hyundai” markalı avtomobil idarə edir, həmin avtomobili də həmin binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı binadan çıxıb həmin “20 Yanvar” küçəsində yerləşən binanın 1-ci mərtəbəsində olan “Kövsər“ adlı mağazaya siqaret almaq üçün getmişdir. Həmin zaman “20 Yanvar” küçəsində yerləşən binanın qarşısında səs-küy eşitmiş, həmin binanın qarşısına baxdıqda Zərərçəkmiş şəxs idarə etdiyi həmin narıncı rəngli “Hyundai” markalı avtomobilin olmasını, bir nəfər şəxsin əlində olan əşya ilə avtomobilin əvvəlcə qarşı sol tərəf qapısının şüşəsini, sonra isə qarşı şüşəsini vurub sındırmışdır. Sonra həmin şəxs binanın qarşısından keçən yolda olan boz rəngli “Opel” markalı avtomobilə əyləşmiş, həmin avtomobili idarə edərək avtomobilin arxası ilə Zərərçəkmiş şəxs avtomobilinin sağ yan tərəfindən vurmuş, sonra avtomobili əvvəlcə irəli, daha sonra geriyə verərək avtomobilin qarşı sol tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilin sağ yan tərəfindən bir dəfə də qəsdən vuraraq oradan uzaqlaşıb getmişdir. Biraz sonra Zərərçəkmiş şəxs yaşadığı evdən binanın qarşısına enmiş və idarə etdiyi avtomobilə baxıb həmin avtomobilə ziyan vurulmasını görmüşdür. Həmin zaman Zərərçəkmiş şəxs kiməsə zəng etməsini və telefonla danışarkən idarə etdiyi avtomobilə ziyan vuran şəxsin İlqar olmasını, Həzinin oğlu İlqar olmasının söyləməsini eşitmişdir. Biraz sonra da oraya polis əməkdaşları gəlmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, onun olduğu yerdən həmin avtomobil arasında təxminən 10 metr məsafə olmuşdur, sonra isə o, daha yaxına gedərək kənardan baxmışdır. O, səs-küy eşitdikdən sonra oraya baxdıqda həmin şəxsin Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək sonuncunun idarə etdiyi avtomobilin şüşələrini sındırmağa başlamasını görmüşdür. Həmin zaman hava biraz qaranlıq olduğundan tam dəqiqliklə görə bilməmiş, lakin səhv etmirsə həmin şəxsin əlində dəmir parçası vardır və həmin şəxs həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin şüşələrini vurub sındırmışdır. Həmin şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin şüşələrini sındırdıqdan sonra həmin binanın qarşısından keçən yolun digər tərəfində saxlamış olduğu boz rəngli “Opel” markalı avtomobilə əyləşib həmin avtomobili arxaya doğru hərəkətə gətirərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili sağ yan tərəfindən vurmuş, sonra avtomobili qarşıya doğru, sonra geriyə doğru hərəkətə gətirərək avtomobilin qarşı sağ yan tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ yan tərəfindən bir dəfə də vurmuş, sonra avtomobili idarə edərək oradan uzaqlaşıb getmişdir. O, Təqsirləndirilən şəxs tanımır, hadisədən sonra Zərərçəkmiş şəxs yaşadığı həmin binanın qarşısına gəlib idarə etdiyi avtomobilə baxdıqdan sonra kimləsə telefonda danışarkən idarə etdiyi avtomobilə ziyan vuran şəxsin Həzinin oğlu İlqar olmasını söylədiyi zaman eşitmiş və həmin şəxsin İlqar olmasını bilmiş, həmçinin oraya toplaşan şəxslərdən də həmin şəxsin İlqar olmasını söyləmələri ilə bilmişdir. O, “Kövsər” adlı mağazaya getdiyi zaman binanın qarşısından səs-küy eşitdikdə Təqsirləndirilən şəxs uca səslə Namidə Qulzuadənin ünvanına nalayiq ifadələr işlədərək əlindəki dəmir parçası ilə sonuncunun idarə etdiyi avtomobilin şüşələrini sındırmağa başlamışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə oradan uzaqlaşıb getməsi təxminən 10-15 dəqiqə davam etmişdir. Həmin zaman oraya Zərərçəkmiş şəxs yaşadığı “20 Yanvar” küçəsində yerləşən bina sakinləri və həmin bina ilə üzbəüz olan “Energetik” küçəsində yerləşən bina sakinləri, həmçinin yoldan ötən şəxslər toplaşmışlar, eyni zamanda da hər iki binada yaşayan bəzi sakinlər də səs-küyə pəncərəyə çıxaraq baş verənləri izləmişlər. Oraya toplaşan şəxslər kənardan Təqsirləndirilən şəxs dayanmasını, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin şüşələrini sındırmamasını söyləmələrinə baxmayaraq Təqsirləndirilən şəxs həmin şəxslərə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Oraya toplaşan şəxslərin dəqiq kim olduqlarına fikir verməmiş, lakin hər iki bina sakinləri olmuşlar. İlqarın uca səslə nalayiq ifadələr işlətməsindən və etdiyi hərəkətlər kənardan baxdıqda sonuncunun spirtli içki qəbul etdiyi bilinmişdir. (i.v 176-179) Məhkəmə şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin işin digər faktiki halları ilə üst-üstə düşməsi səbəbindən həqiqətə uyğun hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Səftər oğlu ifadəsində göstərmişdir ki, 09 aprel 2022-ci il tarixdə, saat 09:00-dan 10 aprel 2022-ci il tarixdə, saat 09:00-a kimi xidmətdə olmuşdur. 09 aprel 2022-ci il tarixdə, saat 21:44-də Şirvan şəhər sakini Zərərçəkmiş şəxs DİN «102» xidmətinə İlqar adlı şəxsin onu təhqir etməsi və qəza şəraiti yaratması barədə məlumat vermiş, dərhal hadisə yerinə gündəlik əməliyyatistintaq qrupu getmişdir. Daha sonra Zərərçəkmiş şəxs polis şöbəsinə gəlib, ərizə verərək avtomobilinin şüşələrinin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən sındırıldığını qeyd etmişdir. Həmin vaxt şöbə rəhbərliyinin tapşırığı əsasında Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Şirvan şəhər ərazisində avtomobili ilə saxlanılaraq polis şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissədə olarkən Təqsirləndirilən şəxs sərxoş olması hiss olunmuş və sonuncu polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Növbətçi hissədə olarkən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olması soruşulduqda, sonuncu üzərindən 2 ədəd bıçaq çıxarmış və bıçağın birini əlində tutaraq qarnına tərəf dirəmiş və özünə xəsarət yetirmək istəmişdir. Orada o və başqa polis əməkdaşları bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, növbətçi hissədə olan müşahidə kamerasına əl atmış, həmin vaxt onlar birtəhər Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Təqsirləndirilən şəxs müşahidə kamerasına əl atsa da, kameraya heç nə olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri təxminən 5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt polis əməkdaşlarından xəsarət alan olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır, onunla düşmənçiliyi və ədavəti yoxdur, hadisənin baş verdiyi gün o, qapılarını ağzında siqaret çəkirmiş, bu zaman binanın həyətində tappıltı səsi eşitmiş, əynini geyinib aşağı düşmüş və insanların toplaşdığını görmüşdür. Binanın həyətinə düşəndə hadisə yerinə yaxınlaşmış və orada sarı rəngli avtomobilin yan tərəfinin əzildiyini görmüş, nə olduğunu soruşmuş, ona avtomobili əzənin Həzinin oğlu olduğunu bildirmişlər. Həmin vaxt o kiminsə söyüş söyməsini, mübahisə etməsini eşitməmişdir. Onun binadan aşağı düşüb hadisə yerinə yaxınlaşmağı təxminən 5-10 dəqiqə çəkmişdir. Hadisənin necə olmasını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ya ədavət yoxdur. Hadisə binalarının qarşısında baş vermişdir. Həmin vaxt hadisənin olduğu yerin yaxınlığında qonşularla birlikdə olmuşlar. Birdən tappıltı səsi gəlmiş, onlarda həmin yerə yaxınlaşmışlar. Həmin vaxt kiminsə dalaşdığını görməmiş, kiminsə kiməsə və ya nəyəsə xəsarət yetirməsini görməmişdir. İlqarın ora gəldiyindən belə xəbəri olmamış, hadisənin təfərrüatlarını sonradan şəhər sakinlərindən eşitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, 20 Yanvar küçəsidir. (i.v 4-5) Baxış keçirilməsi haqqında 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi X3 adına olan «Opel Astra» markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil boz rəngində olmaqla avtomobilin hər iki yan tərəflərində ümumilikdə 4 ədəd qapısı vardır. Avtomobilin salonuna baxdıqda orada səliqə-səhman müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomobili göstərib hadisə günü məhz həmin avtomobili idarə etdiyini bildirmişdir. Avtomobilin qarşı sağ işıqvuran hissəsinin aşağı hissəsinə baxıldıqda, həmin yerdə deformasiya izləri müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə günü Namidə adlı qadının avtomobilini özünün idarə etdiyi avtomobilinin qarşı sağ hissəsi ilə vurarkən həmin yerin əzildiyini bildirmişdir. Avtomobilin arxa sol parpres hissəsinin aşağısına baxıldıqda, həmin yerdə deformasiya izləri müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Namidə adlı qadının avtomobilini özünün idarə etdiyi avtomobilinin arxa sol hissəsi ilə vurarkən həmin yerin əzildiyini bildirmişdir. Avtomobilə baxış zamanı avtomobilin üzərində başqa zədə və deformasiya izləri müşahidə olunmamışdır. (i.v 26-30) İfadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Şirvan şəhəri, 20 Yanvar küçəsində hadisənin harada və hansı qaydada baş verdiyini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i.v. 201-206) Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 10 aprel 2022-ci il tarixli rəy aktından görünür ki, «Hyundai Veloster» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1271 manat maddi ziyan dəymişdir. ( i.v. 25) Məhkəmə-ballistik ekspertizasının 31 may 2022-ci il tarixli, 18/594 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. ( i.v. 118-121) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 iyun 2022-ci il tarixli, 628 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. ( i.v. 168) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 09 aprel 2022-ci il tarixli, 123 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ağır dərəcəli sərxoşluq halında olmuşdur. (i.v.11) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( i.v. 188-189) Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxs “X12” MMC tərəfindən verilmiş ərizədən görünür ki, şirkətə məxsus avtomobilə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir, ondan şikayət və tələbləri yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi iş üzrə toplanmış istintaq materialları və məhkəmə tədqiqatı zamanı araşdırılan sübutlarla üst-üstə düşür. Müdafiə tərəfinin baxılan cinayət əməlinə təqsirləndirilən şəxsin yalnız Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəmnindən doğan münaqişə zamanı əmlakı qəsdən zədələmə kimi don geyindirməsinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranan mübahisə sonradan geniş vüsət almış, ətrafda olan insanların diqqətini cəlb etmiş, ictimai qaydanı kobud surətdə pozmuşdur. Belə ki, həm zərərçəkmiş şəxsin, həmçinin də təqsirləndirilən şəxsin verdikləri ifadələrini incəliyərkən baş vermiş hadisəni vizual olaraq canlandıraraq təqsirləndirilən şəxsin əməllərində əsas amilin və hərəkətverici qüvvənin məhz xuliqanlıq motivinin durmasını, bununla da onun qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək niyyətini aşkar görmək mümkündür. Belə ki, təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı zərərçəkmiş şəxslə sözlə mübahisə etdikdən sonra belə, hirsi soyumur, sonuncuya məxsus avtomobilin yaşayış binasının həyətində saxlanılmasına, ətrafda çox sayda sakinlərin olması ehtimalına baxmayaraq o, özgənin əmlakını silah qismində istifadə etdiyi daş parçası ilə zədələyir, sonra yenə hisslərini cilovlaya bilmir, daxilində yaranmış olan “öz gücünü və eqoizmini nümayiş etdirmək” məqsədini reallaşdıraraq avtomobilini zərərçəkmiş şəxsin avtomobilinə çırpır. Mübahislələndirilməyən bu məqamlar baxılan işin həqiqi tərəflərini aşkara çıxarmaqla bərabər, istintaqın düzgün nəticəyə gəlməsini göstərərək, təqsirləndirilən şəxsin hamılıqla qəbul edilmiş əxlaq normalarına, birgəyaşayış qaydalarına zidd gedərək, ictimai qaydanı kobud surətdə pozan xuliqanlıq hərəkətlərini törətməsini tam şəkildə təsdiq edir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini isə özünümüdafiə və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü təqsirli bilməməsini isə məhkəmə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi qiymətləndirərək işin sübuta yetmiş halları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib olunması qənaətinə gəlir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxs “X12” MMC ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, həmçinin onun himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Həmçinin iş materiallarından, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə saxlanılaraq Şirvan şəhər Polis şöbəsinə gətirilmiş, məhz bu tarixdən onun hüquqları faktiki məhdudlaşdırılmışdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minimum müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı vaxtdan hazırki dövrə qədər həbs və ev dustaqlığında olan müddət cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməsini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti tədbiq edilməsini, üzərində 01 il sınaq müddəti təyin edilməklə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələrinin müəyyən edilməsin məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hundai Veloster” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 57 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən hazırki vaxta qədər həbs və ev dustaqlığında saxlanıldığı 9 ay 17 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq üzərində 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti təyin edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs oğlunun qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Hundai Veloster” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının 57 manat 40 qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar