Məhkəmə qərarları › İş №1(032)-7/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-7/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-7/2024 11.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Şirvan Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, 02 yanvar 1983-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Rafael oğlu 09 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində qohumu X2 ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor təbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında yumruqla Zərərçəkmiş şəxs üzündən və əlindəki dəmir əşyanı silah qismində istifadə edib sonuncunun bədənindən qəsdən vuraraq, Zərərçəkmiş şəxs qarınüstü nahiyənin sol tış hissəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarət, Səhnəbanı Göyüşova isə əlindəki taxta parçasını silah qismində istifadə edib Zərərçəkmiş şəxs sol qolundan vuraraq, sonuncuya sol bazunun orta 1/3-də qançır kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, xuliqanlıq etmişdir. X2 09 oktyabr 2022-ci il tarixdə saat 22:30 radələrində qohumu Təqsirləndirilən şəxs1 Rafael oğlu ilə bir qrup şəxs halında ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor təbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs üzündən və əlindəki dəmir əşyanı silah qismində istifadə edib sonuncunun bədənindən qəsdən vuraraq, Zərərçəkmiş şəxs qarınüstü nahiyənin sol tış hissəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarət, o isə əlindəki taxta parçasını silah qismində istifadə edib Zərərçəkmiş şəxs sol qolundan vuraraq, sonuncuya sol bazunun orta 1/3-də qançır kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində dayısı Şahid4 və dayısının arvadı Səhnəbanı onlara gəlmiş, dayısı İsmayılın üz nahiyəsində xəsarətlər görmüş, əynində olan köynəkdə qan ləkələri olmuşdur. Anası Şahid1 Şahid4 “səni kim döyüb” soruşduqda, Şahid4 bildirmişdir ki, onu Riya və sonuncunun yanında olan 2 nəfər tanımadığı şəxslər döymüşdür. Bir müddət sonra Şahid4 yaşadıqları mənzildən getmişdir. Anası və dayısının arvadı Səhnəbanı İsmayılın ardınca getmişlər. Bir müddət sonra o da anasının ardınca getmişdir. O, Şirvan şəhəri X6 küçəsində yerləşən Mənzil İstismar Xidmətinin yaxınlığında anası İlhamə və dayısının arvadı Səhnəbanının Riya ilə mübahisə etdiyini görmüşdür. O, yerdən taxta parçası götürmüş, Riya Cahnagirov anasını və dayısının arvadını təhqir etdiyi üçün Zərərçəkmiş şəxsun üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Riya Cahnagirov bundan sonra qaçmağa başlamışdır. O, əlində olan taxta parçasını Zərərçəkmiş şəxsun kürək nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs bundan sonra yenidən qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs dayısının arvadı Səhnəbanının yanından keçən zaman Səhnəbanı əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs sol qoltuqaltı hissəsinə vurmuşdur. Həmin taxta parçası sınmışdır. Zərərçəkmiş şəxs Mənzil İstismarı Xitmətinin qarşısı istiqamətində qaçmışdır. Bir müddət sonra həmin əraziyə polis əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxs və Şahid4 Şirvan ŞPŞ-nə dəvət etmişlər. O da, hadisədən sonra yaşadığı evə getmişdir. Hadisə 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Şirvan şəhəri X6 küçəsində yerləşən Mənzil İstismar Xidmətinin yaxınlığında baş vermişdir. O, yumruq ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə yumruq vurmuşdur. O, dəmir əşya ilə deyil, əlində olan olan taxta parçası ilə Riyanın kürək nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs sol qoltuqaltı hissəsinə dayısının arvadı Səhnəbanı taxta parçası ilə vurmuşdur. Aralarında mübahisə təqribən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafdan təqribən 20 nəfər toplaşmışdır. Hadisə zamanı İlham və Elcan adlı şəxslər orada olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu halların, eləcə də himayəsində üç azyaşlı uşağı olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində qayını Şahid4 onun yaşadığı mənzilə gəlmiş, həmin vaxt İsmayılın üzündə xasarətlər əynində olan paltarında isə qan ləkələri görmüşdür. İsmayıl ona bildirmişdir ki, Riya və yanında olan 2 nəfər şəxs onu döymüşlər. O, baldızı İlhaməyə zəng vurub bildirmişdir ki, qardaşı İsmayılı Riya və 2 nəfər şəxs döymüşdür. İlhamə ona bildirmişdir ki, İsmayıl ilə onlara gəlsin. O da, İsmayıl ilə birlikdə İlhaməgilə getmişdir. İlhamə Şahid4 kim tərəfindən döyülməsini soruşduqda, İsmayıl İlhaməyə bildirmişdir ki, onu Riya və yanında olan 2 nəfər tanımadığı şəxslər döymüşdür. Bundan sonra İsmayıl Şahid1 yaşadığı evdən çıxıb getmişdir. Şahid1 ilə Şahid4 ardınca getmişlər. Mənzil İstismar Xidmətinin yaxınlığında Zərərçəkmiş şəxsu görmüşlər. Riya İsmayılın ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O və Şahid1 Zərərçəkmiş şəxs yaxınlaşıb bildirmişlər ki, İsmayılı döymüş, indi də ünvanına nəlayiq ifadələr işlədir. Zərərçəkmiş şəxs bildirmişdir ki, yaxşı edib döymüşdür. Bundan sonra Zərərçəkmiş şəxs onları söyüb-təhqir etmişdir. Sonra onun çiyin nahiyəsindən geriyə itələmiş, o, yerə yıxılmışdır. Yerdən bir ədəd taxta parçası götürmüşdür. Bundan sonra aralarında mübahisə başlamışdır. Zərərçəkmiş şəxs onlardan bir qədər uzaqlaşmışdır. Bir müddət sonra baldızının oğlu Təqsirləndirilən şəxs1 onlara yaxınlaşmışdır. Riya Mübarizin də ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra Mübariz Riyanın üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Zərərçəkmiş şəxs sonra qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs1 Riya Cahnagirovun ardınca getmişdir. Zərərçəkmiş şəxs onun yanından keçən zaman əlində olan taxta parçasını Riyanın sol qolaltı nahiyəsinə vurmuşdur. Həmin taxta parçası Riyanın sol qolaltı nahiyyəsinə dəydikdən sonra sınmışdır. Sonra Zərərçəkmiş şəxs Mənzil İstismarı Xidmətinin qarşı tərəfi istiqamətində qaçmağa başlamışdır. Mübariz də Riyanın ardınca qaçmışdır. Bir müddət sonra həmin əraziyə polis əməkdaşları gəlmişdir. İsmayıl və Zərərçəkmiş şəxsu Şirvan ŞPŞ-nə dəvət etmişlər. Hadisə Şirvan şəhəri X6 küçəsində baş vermişdir. Hadisə zamanı ətrafda təqribən 15-20 nəfər şəxs vardır. Həmin şəxslər aralarında olan mübahisə zamanı ətrafdan toplaşmışdır. O, əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxsun sol qolaltı nahiyyəsinə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onun çiyin nahiyəsindən geriyə itələmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə yumruqla Mübariz vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün o da Riyanı təhqir etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu halların, eləcə də ərinin ağır ürək xəstəliyindən əziyyət çəkməsinin və açıq ürək əməliyyatı keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid4 2 ildir ki, tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ədavətləri yoxdur. 2021-ci ildə Şahid4 ilə aralarında mübahisə olmuşdur. O, bu barədə polisə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə spirtli içki qəbul etmişdir. Sonra yaşadığı binanın həyətində olan kafeyə getmişdir. Kafedə tanışı Şahid4 görmüşdür. Şahid4 kafedə spirtli içki qəbul etmişdir. O, kafedə oturmamışdır. Bir müddət sonra çölə çıxmışdır. Şahid4 da onun ardınca kafedən çölə çıxmışdır. O, Şahid4 yaxınlaşmışdır. O, Şahid4 bildirmişdir ki, “sən mənim barəmdə tanımadığım adamlara bildirmisən ki, məni 2021-ci ildə Zəngilan rayonunda döymüsən”. Şahid4 ona bildirmişdir ki, yaxşı etmişdir. Buna görə Şahid4 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şahid4 ona şillə vurmuşdur. Bundan sonra o, Şahid4 üz nahiyəsinə əli ilə vurmuşdur. Onların aralarında olan mübahisə zamanı Məhəmməd adlı şəxs onlara yaxınlaşmışdır. Məhəmməd onları sakitləşdirmək istəmişdir. İsmayıl Məhəmmədə bildirmişdir ki, onluq deyil qarşımasın. Bundan sonra Məhəmməd adlı şəxs onlardan uzaqlaşmışdır. İsmayıl ilə o, mübahisə etdikdən sonra sonuncu ondan uzaqlaşıb getmişdir. Sonra o, mağazaya getmişdir. Mağazadan siqaret almışdır. Yaşadığı mənzilə getmək üçün yola düşmüşdür. Şirvan şəhəri X6 küçəsində yerləşən “Qarabağ” playstation salonun yanından keçən zaman Şahid4, Şahid4 qardaşı İlham, qardaşı oğlu Elcan, qardaşı arvadı Səhnəbanu, bacısı oğlu Mübariz və bacısı İlhamə ona yaxınlaşmışdır. Mübariz onun üzərinə gəlmişdir. Mübariz onun üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Şahid4 arvadı Səhnəbanı kürək nahiyəsinə əlində olan taxta parçası ilə vurmuşdur. Mübariz də əlində olan xatırladığı qədəri ilə dəmir əşya ilə sol qol nahiyəsinə vurmuşdur. O, bundan sonra ərazidə olan “Qarabağ playstation” oyun zalına getmişdir. Həmin vaxt yaxınlıqda olan Laçın və Murad adlı şəxslər Şahid4 və sonuncunun qohumlarını ondan uzaqlaşdırmışdır. Sonra o, yaşadığı mənzilə getmişdir. Hadisə Şirvan şəhəri X6 küçəsində 09 oktyabr 2022ci il tarixdə saat 22 radələrində baş vermişdir, təxminən 5-6 dəqiqə davam etdmişdir. Hadisə yeri yaşayış binalarının yaxınlığında olduğu üçün orada 15-20 nəfər kənar şəxslər olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 09 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri X6 küçəsində yerləşən oyun salonunda olmuş, saat 22 radələrində küçədən səs-küyün gəldiyini eşitmiş, küçəyə çıxmış, Zərərçəkmiş şəxs oyun salonuna tərəf qaçdığını görmüş, Zərərçəkmiş şəxs ardınca bir neçə nəfər şəxs gəlmişdir. Həmin şəxslər uca səslə Zərərçəkmiş şəxs ünvanına ləlayiq ifadələr işlətmişdir. Kişi cinsli bir şəxs Zərərçəkmiş şəxs yumruq ilə zərbə vurmuş, Zərərçəkmiş şəxs qaçmağa başlamış, həmin vaxt orada olan tanımadığı bir qadın taxta parçası ilə Zərərçəkmiş şəxs vurmuş, həmin vaxt kişi cinsli şəxs Zərərçəkmiş şəxs ardınca qaçaraq ona nə olmasını seçə bilmədiyi predmetlə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs qaçaraq oyun zalına daxil olmuş, səs-küyə ətrafdan şəxslər toplaşmış, hadisə zamanı orada təqribən 15-20 nəfər şəxs olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs hər hansı bir şəxsin bıçaq ilə xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 09 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri X6 küçəsində yerləşən mağazadan ərzaq məhsulları almış, sonra küçəyə çıxıb yaşadığı mənzilin istiqamətində getməyə başlamış, həmin vaxt Şirvan şəhəri, X6 küçəsində səs-küyün gəldiyinin şahidi olmuş, küçədə təqribən 15-20 nəfər şəxs olmuşdur. Qəsəbə sakini kimi tanıdığı Zərərçəkmiş şəxs qəsəbədə yerləşən Mənzil İstismar sahəsinin qarşısı istiqamətində qaçdığını, ardınca bir neçə nəfər şəxsin gəldiyini görmüş, həmin şəxslər uca səslə Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmin şəxslər Zərərçəkmiş şəxs taxta parçası və yumruq ilə xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs qaçaraq oyun zalına daxil olmuş, Zərərçəkmiş şəxs ardınca gələn şəxslər bir müddət Zərərçəkmiş şəxs orada gözləmişlər. Zərərçəkmiş şəxs oyun zalından çıxmadığını görüb oradan uzaqlaşmışlar. Hadisənin Şirvan şəhəri X6 küçəsində baş verdiyini, hadisənin təqribən 20-25 dəqiqə davam etdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs hər hansı bir şəxsin bıçaq ilə xəsarətlər yetirməsini görmədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Azərbaycan Respublikası CPM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri (özünün və yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək, baxılan ittihamla əlaqədar ona məlum olan halları düzgün danışmaq vəzifəsi olması və ifadə verməkdən imtina etmək), Azərbaycan Respublikası Konsitutsiyasının 66-cı maddəsində nəzərdə tutulmuş tələbləri (Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz) və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulan məsuliyyətləri izah edildikdən sonra ifadə vermək təklif olunmasına baxmayaraq onlar ifadə verməkdən imtina etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan 24 aprel 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ayrılmış cinayət işi Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi Sahil Şıxalıyevin icraatına qəbul edilərək istintaqı aparılmışdır; Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 590 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol bazunun orta 1/3-də qançır, qarınüstü nahiyənin sol tış hissəsində sıyrıq küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir; Cinayət işi materiallarında olan götürmə aparılması haqqında qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan, videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskə baxıldıqda diskin içərisində bir ədəd videofaylın olması müşahidə olunmuşdur. Videofayl açıldıqda müəyyən olunmuşdur ki, videofayl 49 saniyə müddətindədir. Videofaylda Şirvan şəhərinin F.X.Xoyski küçəsində yaşayış binasının qarşısında çoxlu sayda insanların toplaşması, həmin insanlardan qadın və kişi cinsli şəxslərin qışıqırması, orada ilk əvvəl bir nəfər şəxsin qara geyimli şəxsin sifətindən yumruqla vurması, daha sonra ağ köynəkli şəxsin qara geyimdə olan şəxsi vurması, sonra qadın cinsli şəxsin əlində olan əşya ilə qara geyimli şəxsi vurması və bir neçə şəxsin qara geyimli şəxsin ardı ilə qaçıb həmin şəxsi yerə yıxmaları və orada kənarda çoxlu sayda insanların toplaşmaqla hadisəyə tamaşa etmələri müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ilk əvvəl onu yumruqla vuran şəxsin Mübariz adlı şəxsin olduğu, qadının isə Mübariz adlı şəxsin qohumu olduğunu və onların onu döydüyünü bildirmişdir; Cinayət işinə əlavə edilmiş Şirvan şəhər - İsmayıllı rayon MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamələrdə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şirvan şəhər F.X.Xoyski küçəsi 685 mənzillik qəsəbədə yaşadığı dövrdən onların barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarında olan 10 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Cinayət işi materiallarında olan 25 iyul 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən, həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Rafael oğlu və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan edilmişdir; Cinayət işi materiallarında olan 25 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarında olan 28 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 28 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli **********6789 nömrəli notarial təsdiq edilmiş ərizəsində onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rafael oğluna qarşı heç bir şikayət tələbinin olmadığı qeyd edilmşdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunvericilik cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4cü, əməlini etiraf edib peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, əməlini etiraf edib peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayəti törətdikdən sonrakı müddətdə davranışını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu və ən əsası qadın olması nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar