Məhkəmə qərarları › İş №1(032)-70/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-70/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-70/2025 10.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:32 Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Məcid oğlunu ayrı-ayrı şəxslər üçün sürücülük vəsiqəsi düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncuya sürücülük vəsiqəsi düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 09 avqust 2024-cü il tarixdə saat 12:09-da Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şirvan filialının binasında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə «S***** G***** R***** QİZİ» adına olan 4169-73**-****-7118 nömrəli bank kartına göndərdiyi 260 manat, 13 avqust 2024-cü il tarixdə saat 16:40-da ünvan 3 ünvanda yerləşən «Şirvan» adlı mağazada quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə «A***** Ü***** İ***** OĞLU» adına olan 4169-73**-****-7030 nömrəli bank kartına göndərdiyi 700 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şirvan şəhəri sakini Zərərçəkmiş şəxs onun tanışıdır. Zərərçəkmiş şəxs 2024-cü ilin avqust ayında ona zəng vurub, bildirmişdir ki, sürücülük vəsiqəsi lazımdır, tanışı vardırsa sürücülük vəsiqəsi almaqda köməklik etsin. Onun heç bir tanışı olmadığı halda Təvəkkülə yalandan bildirmişdir ki, tanışları ilə danışar, sürücülük vəsiqəsi almaqda köməklik göstərər. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, 1050 manata sürücülük vəsiqəsi ala bilər. Zərərçəkmiş şəxs bildirmişdir ki, həkim komisiyasından keçmək üçün əvvəlcədən 260 manat pul verməlidir. O, Zərərçəkmiş şəxs arvadı X1 məxsus olan kartın şəklini göndərmişdir. Bildirmişdir ki, karta 260 manat pul göndərsin. Zərərçəkmiş şəxs 09 avqust 2024-cü il tarixdə kart hesabına 260 manat pul göndərmişdir. O, həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. 13 avqust 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs zəng vurmuş, bildirmişdir ki, kart şəkli göndərəcək, həmin kart hesabına 700 manat pul göndərsin. O, yaşadığı binanın həyətinə düşmüşdür. Binanın həyətində insanlar olmuş, o, bir nəfər kişi cinsli şəxsdən xahiş etmişdir ki, kartını ona versin, ona pul gələcək, pulu çıxarıb kartı geri qaytarsın. Həmin tanımadığı şəxs kartını ona vermişdir. O, həmin şəxsə məxsus olan kartın şəklini Zərərçəkmiş şəxs göndərmiş, bildirmişdir ki, kart hesabına 700 manat pul göndərsin, 3 gündən sonra sürücülük vəsiqəsi hazır olacaq. Zərərçəkmiş şəxs həmin kart hesabına 13 avqust 2024cü il tarixdə 700 manat pul göndərmişdir. O, pulu kartdan çıxarıb kartı sahibinə qaytarmışdır. 700 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi almaqda heç bir köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 2024cü ilin avqust ayında o, tanışlarından eşitmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəldə bilir. O, Təqsirləndirilən şəxs mobil nömrəsini tapmışdır. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs zəng vurub, bildirmişdir ki, sürücülük vəsiqəsi almaq istəyir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 1050 manat müqabilində sürücülük vəsiqəsi ala bilər. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, təlim və həkim komissiyasından keçmək üçün 260 manat pul verməlidir. Ona bildirmişdir ki, ona göndərəcəyi kart hesabına 260 manat pul göndərsin. 09 avqust 2024-cü il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən “E-manat” terminalından Fuadın ona göndərdiyi “Kapitalbank”a aid olan kart hesabına 260 manat pul göndərmişdir. 13 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub, bildirmişdir ki, 700 manat pul göndərsin. O, 13 avqust 2024-cü il tarixdə Fuadın göndərdiyi kart hesabına Şirvan şəhəri, X3 prospektində yerləşən “Milliön” ödəmə terminalı vastəsilə 700 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 16 avqust 2024-cü il tarixdə sürücülük vəsiqəsi hazır olacaq. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurmuş, sonuncu ona bildirmişdir ki, yaxın zamanlarda sürücülük vəsiqəsi hazır olacaq. Həmin müddətdən sonra o, dəfələrlə Təqsirləndirilən şəxs zəng vurub sürücülük vəsiqəsinin nə zaman hazır olacağını soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ona nə sürücülük vəsiqəsi almış, nə də ki, pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona ümumilikdə 960 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onun əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:09-da Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin Şirvan filialının binasında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə «S***** G***** R***** QİZİ» adına olan 4169-73**-****-7118 nömrəli bank kartına 260 manat pul göndərilmiş, xx.xx.2024-cü il tarixdə saat 16:40-da ünvan 3 ünvanda yerləşən «Şirvan» adlı mağazada quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə «A***** Ü***** İ***** OĞLU» adına olan 4169-73**-****-7030 nömrəli bank kartına 700 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərdə olan məbləğləri Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartlarına göstərilən tarixlərdə özünün göndərdiyini bildirmişdir. xx.xx.2024-ci il tarixli şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan olunması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq istintaq orqanına gəlmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-70/2025 saylı qərarından görünür ki, Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40, 73-1-ci maddələri rəhbər tutulmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-70/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbirin tələblərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 91 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq istintaq orqanına gəlmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-557/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMXnın Poliklinika şöbəsinin narkoloji , psixoloji və nevroloji və kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə özünü tam təqsirli bilir, Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyan tərəfindən ödənilmişdir. Zərərçəlmiş şəxsin ona qarşı heç bir tələbi yoxdur. Barəsində baxılan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-70/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilmişdir Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda törətməkdə təqsirləndirildiyi cinayət əməlini Hacıqabul RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı və Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-70/2025 saylı qərarı ilə cinayət məsuliyyətindən azad edilənədək, yəni 13 avqust 2024-cü ildə törətmiş olduğundan onun barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022—ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin : 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir ; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar