Məhkəmə qərarları › İş №1(032)-72/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-72/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-72/2023 05.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:15-də Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, S.Vurğun küçəsi, ev 57-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən «Füzuli» adına tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs1 ilə mübahisə edib sonuncunun və anası Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, orta məktəbdə azyaşlı və yetkinlik yaşına çatmayan şagirdlərin olması səbəbi ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 yumruqla vuraraq, sonuncuya sol almacıq sümüyü üzərinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib, cinayət əməlini davam etdirməklə həmin vaxt oğlu Zərərçəkmiş şəxs1 müdafiə etmək üçün aralarına girmiş Zərərçəkmiş şəxs2 qarşı öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs2 əllərindən tutub yerə yıxmaqla sonuncuya hər iki saidin ön səthlərinin qançırları, sol çiyin qurşağı nahiyyəsinin qançırı, sol süd vəzisinin yuxarı kvadratının qançırı, sol kürək tini nahiyəsinin qançırı, sol bud çanaq oynağının qançırı, döş qəfəsinin sol yarısında V və Vİ qabırğanın köhnə sınığı, İX döş fəqərəsinin köhnə qəlpəli sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, bacısı Həbibə təxminən 14 ildir ki, Zabil ilə evlidir, Mingəçevir şəhərində yaşayırlar, birgə evlilikdən Damla adlı qızı dünyaya gəlmişdir. Uzun müddətdir ki, bacısının ailəsində ailədaxili söz-söhbətləri olmuşdur, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə söz-söhbətlərə görə Həbibə qızı Damlanı götürüb anasının yaşadığı Şirvan şəhərində yerləşən Yeni qəsəbəyə getmişdir. Boşanma ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Damlanın təhsildən qalmaması üçün onu yeni qəsəbədə yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbə qoymuşlar, hazırda 6-cı sinifdə oxuyur. Zabil hər dəfə bacısının yaşadığı evə gedib uşağı görmək istəmiş, lakin onlar məhkəmənin qərarını gözləmişlər. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın anasının yaşadığı evə getdikdə bacısı ona demiş ki, Damlaya görə məktəbdən müəlliməsi zəng etmişdir ki, Damla məktəbdə ağlayır, atası onu görmək istəyir. O, evə daxil olmamış məktəbin həyətinə gedib görmüş ki, anası, Həcər, Zabil və onların yanında olan bir qadın və bir kişi məktəbin həyətində söhbət edirlər, Zabil və Həcər onun anası ilə əl-qol ilə danışırlar, Zabil və Həcər ona Damlanı görmək istədikləri üçün məktəbə gəldiklərini demiş, o isə onlara əgər uşağı görəcəklərsə burda niyə söhbət etdiklərini söyləmişdir. Zabilin bacısını və bacısı uşağı Damlanı incitdiyi üçün əvvəldən ona qarşı əsəbi olduğundan məktəbin həyətində söhbət zamanı sağ əli ilə qəfildən Zabilin sifətinin sol tərəfindən vurmuş, həmin an çox əsəbi olmuş, arxadan Zabilin anası Həcər onun çiynindən dartıb kənara çəkmək istəyərkən özü də, bilmədən ani bir refleksdən Həcərin qollarından tutub sol tərəfi üstə onu yerə yıxmış, bunu görən Zabil onun üstünə cummuş, onunla yaxalaşmış, ikisi də yerə yıxılmışlar, yerdə yaxalaşmışlar, sonradan isə səsə kənardan iki nəfər tanımadığı kişi gəlmiş, onları ayırmışlar, məktəbin həyətində olan valideynlər, müəllimlər və məktəbin həyətində olan şagirdlər bunun şahidi olmuşlar. Anası onun qolundan tutub kənara çəkmiş və oradan çıxıb getmişlər. Həcərdə aşkar edilmiş xəsarətləri əsəbləşib Zabil ilə mübahisə edərkən Həcər onun arxadan çiyinlərindən tutub özünə tərəf dartmaq istəyərkən özü də, bilmədən ani bir refleksdən Həcərin qollarından tutub sol tərəfi üstə yerə yıxmış, ola bilsin ki, Həcər həmin xəsarətləri həmin anda almışdır. Həcər qadındır, bacısının qaynanası olmuşdur, onun Həcəri vurmaq və ya xəsarət yetirmək fikri olmamışdır. Zabildə aşkar edilmiş xəsarəti o, yetirmiş, Zabilə qarşı əsəbi olduğundan və bacısına zülm etdiyindən sağ əli ilə sifətinin sol tərəfindən vurmuşdur. O, konkret olaraq xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində Şirvan şəhəri, yeni qəsəbədə yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbin qarşısında əvvəl sağ əli ilə Zabilin sifətinin sol tərəfindən, bundan sonra onları ayıran Həcəri özü də, bilmədən ani bir refleksdən qollarından tutub sol tərəfi üstə yerə yıxmış, onlarla arasında mübahisə təxminən 4-5 dəqiqə müddətində davam etmiş, həmin mübahisəni orada təhsil alan şagirdlər, müəllimələr, çox güman ki, məktəbə gələn valideynlər görmüşlər, həmin vaxt orada səs-küy yaranmış, ora kimlərin toplaşmağını həmin vaxt əsəbi olduğundan xatırlamır. Həmin vaxt onlar bir-birlərinə qarşı ucadan nalayiq söyüşlər söyməmişlər. Onu Zabil yerdə olarkən burnundan vurmuş, lakin bununla bağlı onun heç kimdən şikayəti tələbi yoxdur, heç yerə müraciət etməmiş, könüllü olaraq məhkəmə-tibb ekspertizasından keçmək istəmir. Yaranmış mübahisənin səbəbi barədə onu deyə bilər ki, o, əvvəldən Zabilə qarşı əsəbi olmuş, çünki qeyd etdiyi kimi bacısını onlar dolandırmamışlar, yaxşı baxmamışlar, buna görə də, bacısı anasının yaşadığı evə gəlmişdir, bunlardan savayı həmin vaxt onları orada gördükdə və gəlib ailə söhbətlərini məktəbin həyətində etdiklərindən bu hərəkətlər ona xoş getməmiş, ona görə də, o, Zabili vurmuş, Həcəri isə qeyd etdiyi kimi ehtiyatsızlıqdan ani bir refleks zamanı yerə yıxmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, oğlu Zabil təxminən 14 ildir ki, Şahid3 ilə evlidir, birgə evlilikdən Damla adlı nəvəsi dünyaya gəlmişdir. Bu müddət ərzində arada Zabilin ailəsində söz-söhbətlər olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ailədaxili söz-söhbətlərə görə gəlini Həbibə nəvəsi Damlanı götürüb anası və qardaşının yaşadığı Şirvan şəhərinə getmişdir. O, buna görə bir neçə dəfə, ailələri barışdırmaq üçün qudası Səviqanın evinə getmiş, lakin barışıq əldə olunmamış, nəvəsi isə onlarda qalmışdır. Damla 2011-ci il təvəllüdlüdür. O və oğlu eşitmişlər ki, Damla Şirvan şəhəri, Qaçqın qəsəbəsində yerləşən 10 nömrəli Fizuli kənd orta məktəbində təhsil alır, həmçinin onlara uşağı göstərmədikləri üçün Zabil ilə qərarlaşdırmışlar ki, gedib Damlanı oxuduğu məktəbdə görsünlər. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 11:45 radələrində Şirvan şəhəri, Yeni qəsəbədə, 10 nömrəli Fizuli kənd orta məktəbin qarşısında o, həyətdə gözləmiş, Zabil isə Damlanı məktəbdə görmək üçün məktəbə daxil olmuş, az sonra qudası Səviqanın piyada məktəbə daxil olduğunu görmüş, o, məktəbin həyətində avtomobildə əyləşmiş, təxminən 2-3 dəqiqə sonra Səviqanın oğlu Həsənin piyada məktəbin həyətinə gəldiyini görmüşdür, Zabil isə Səviqa ilə söhbət edə-edə məktəbin qarşısına gəlmişlər, Zabil və Səviqadan başqa orada qadın müəllimə və sonradan bildiyi təsərrüfat müdiri işləyən bir kişi ilə gəlmişlər. O, bilmişdir ki, orada mübahisə olacaq, buna görə o da avtomobildən düşüb məktəbin qarşısına getmişdir. Həmin vaxt məktəbdə tənəffüs olmuşdur. Bayırda çoxlu sayda məktəbdə təhsil alan şagirdlər və müəllim heyəti vardır. Onlar orada birlikdə söhbət edən zaman Səviqa Zabildən niyə görə gəldiyini soruşduqda Zabil Səviqaya uşağını görmək üçün gəldiyini demişdir. Səviqadan sonra sonuncunun oğlu Həsən Zabildən niyə görə məktəbə gəldiyini soruşduqda, Zabil uşağını görmək üçün gəldiyini demişdir. Təsərrüfat müdiri işləyən kişi isə orada Həsənə demişdir ki, Zabil uşağın atasıdır, düz edib gəlib maraqlanır. Bundan sonra o, Həsənə bir dayı kimi hazıradək Damlaya nə aldığını, necə maddi yardım göstərməsini soruşduqda, Həsən ona heç bir söz deməmiş, Zabilin üzünə baxdıqda Zabil Həsənə “nə baxırsan, anam düz deyir də, indiyənə qədər nə etmisən sən” demiş, həmin vaxt Həsən əli ilə Zabilin sifətinin sol tərəfindən vurmuş, Həsən Zabil ilə yaxalaşmış, o, Həsənin arxadan çiyinlərindən tutub ayırmaq istəyərkən Həsən onun hər iki qollarından tutub sol tərəf üstə yerə yıxmış, Zabil Həsənin onu yerə yıxmasını görüb Həsənin üstünə cummuş, ikisi də yerdə yaxalaşmışlar, orada olan təsərrüfat müdiri işləyən şəxs, o və Səviqa onları ayırmağa çalışmışlar, kənardan isə iki nəfər orada olan tanımadığı 45-50 yaşlarında kişilər gəlib Həsən və Zabili ayırmağa çalışmağa kömək etmişlər, yan tərəfdə oturacaqda olan bir çox qadınlar, Zabil ilə məktəbdən birlikdə çıxan qadın və məktəbin həyətində olan şagirdlər bunun şahidi olmuşlar. Ora toplaşan şəxslərin köməkliyi ilə Həsən Zabili buraxmış, o, Zabilin qolundan tutub oradan çıxıb getmişlər. Bundan sonra Şirvan polisinə gedib bu barədə oğlu və o, ərizə yazmışlar. Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın Şirvan şəhəri, Yeni qəsəbədə yerləşən 10 nömrəli Fizuli kənd orta məktəbinin qarşısında o, sonuncunu oğlu Zabilin döyməsinin qarşısını almaq istəyərkən onun hər iki qollarından tutub sol tərəfi üstə yerə yıxmışdır. Həmin mübahisə təxminən 3-4 dəqiqə müddətində davam etmişdir. Həmin mübahisəni məktəbin həyətində olan o, biləni təsərrüfat müdiri işləyən kişi, Zabil ilə birlikdə orta məktəbdən çıxan qadın, Həsənin anası Səviqa, köməyə gələn 2 nəfər kişi, ətrafda olan valideynlər və həmin məktəbdə oxuyan şagirdlər görmüşlər. Həmin vaxt orada səs-küy yaranmış, ora 2 nəfər tanımadığı orta yaşlı kişilər gəlmiş, həmin vaxt Həsən onların ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. Onda aşkar edilmiş xəsarətləri ifadəsində qeyd etdiyi kimi Həsən ilə oğlu Zabil yaxalaşarkən o, Həsənin arxadan çiyinlərindən tutub ayırmaq istəyərkən Həsən onun hər iki qollarından tutub sol tərəf üstə yerə yıxdıqdan sonra almışdır. Aralarında yaranmış mübahisə əvvəldən ailədaxili söz-söhbətlərə görə olmuş, Həsənin onu vurmasına səbəb onun oğlu Zabil ilə Damlanın oxuduğu məktəbə gedib görməkləri və Zabil ilə mübahisə zamanı onun onları sakitləşdirmək üçün çiyinlərindən tutub kənara çəkməyi olmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən nəvəsi Damlanın həmin anı görüb-görməməsini dəqiq deyə bilməz, həmin vaxt Damla orta məktəbin içərisində olmuş, səs-küy yarandığından yəqinki məktəbin pəncərəsindən bunu görə bilərdi. Hadisə zamanı ona kəsici alətlə heç kim xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, təxminən 14 ildir ki, Şahid3 ilə evlidir, birgə evlilikdən Damla adlı qızları dünyaya gəlmişdir. Arada Həbibə ilə ailədə söz-söhbətləri olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ailədaxili sözsöhbətlərə görə Həbibə qızı Damlanı götürüb anası və qardaşının yaşadığı Şirvan şəhərinə getmişdir. Anası buna görə bir neçə dəfə, ailələri barışdırmaq üçün qaynanası Səviqanın evinə getmiş, lakin barışıq əldə olunmamış, Damla onlarda qalmışdır, Damla 2011-ci il təvəllüdlüdür. O və anası eşitmişlər ki, Damla Şirvan şəhəri, Qaçqın qəsəbəsində yerləşən 10 nömrəli Fizuli kənd orta məktəbində təhsil alır, həmçinin onlara uşağı göstərmədikləri üçün anası ilə birlikdə Damlanı görmək üçün həmin məktəbə 21 oktyabr 2022-ci il tarixdə getmişlər. Təxminən saat 12 radələrinə yaxın o, tək həmin məktəbə daxil olmuş, anası isə onu məktəbin həyətində gözləmişdir. Məktəbin direktoru ilə görüşmək istəsə də, məktəbdə olmamış, orada olan müəllimələrin birindən Damlanın sinif rəhbərini tapmış, Damlanı görmək istədiyini demiş, lakin sinif rəhbəri ona Damlanın ağladığını, onu görmək istəmədiyini bildirmişdir. O, məktəbdən çıxmaq istyərkən Damlanın nənəsi, yəni qaynanası Səviqanı görmüş, ona deyinə-deyinə niyə görə məktəbə gəldiyini soruşduqda qızını görmək istədiyini demiş, o, orada təsərrüfat müdiri işlədiyini bildiyi şəxslə bayıra çıxmış, Səviqa da, onların arxasınca çıxmışdır. Məktəbin həyətində tənəffüs vaxtı olduğundan, məktəbdə işləyən müəllimələr, valideynlər və şagirdlər olmuşdur. Binanın qarşısında qaynı Həsəni görmüş, elə həmin vaxt anası onların yanına gəlmişdir. Elə orada Həsən ondan niyə görə məktəbə gəldiyini soruşduqda, o, uşağını görmək üçün gəldiyini demişdir. Anası Həsəni tənbeh etmiş, bir dayı kimi hazıradək Damlaya nə aldığını, necə maddi yardım göstərdiyini soruşmuş, Həsən anasına heç bir söz deməmiş, onun üzünə baxdıqda o, Həsənə “nə baxırsan, anam düz deyir də, indiyənə qədər nə etmisən sən” demiş, həmin vaxt Həsən əli ilə onun sifətinin sol tərəfindən vurmuş, onunla yaxalaşmış, həmin vaxt anası Həsənin arxadan çiyinlərindən tutub Həsəni ondan ayırmaq istəyərkən Həsən anasının hər iki qollarından tutub sol tərəf üstə yerə yıxmış, o, bunu görüb Həsənin üstünə cummuş, ikisi də yerdə yaxalaşmış, orada olan təsərrüfat müdiri işləyən şəxs, anası və Səviqa onları ayırmağa çalışmışlar, kənardan isə iki nəfər orada olan tanımadığı orta yaşlı kişilər gəlib onları ayırmışlar, məktəbin həyətində olan valideynlər, müəllimlər və məktəbin həyətində olan şagirdlər bunun şahidi olmuşlar. Ora toplaşan şəxslərdən kimsə demiş ki, polis çağırsınlar, bundan sonra Həsən onu buraxmış, anası onun qolundan tutub oradan çıxıb getmişlər. Bundan sonra Şirvan polisinə gedib bu barədə o və anası ərizə yazmışlar. Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın Şirvan şəhəri, Yeni qəsəbədə yerləşən 10 nömrəli Fizuli kənd orta məktəbinin qarşısında sağ əli ilə onun sifətinin sol tərəfindən vurmuş, anası bunun qarşısını almaq istəyərkən qollarından tutub sol tərəfi üstə yerə yıxmış, həmin mübahisə təxminən 3-4 dəqiqə müddətində davam etmişdir. Həmin mübahisəni məktəbin həyətində olan təsərrüfat müdiri işləyən kişi, orada olan adını bilmədiyi qadın müəllimə, qaynanası Səviqa, köməyə gələn 2 nəfər kişi, ətrafda olan valideynlər və həmin məktəbdə oxuyan şagirdlər görmüşlər. Həmin vaxt orada səs-küy yaranmış, ora 2 nəfər tanımadığı orta yaşlı kişilər gəlmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. Onda aşkar edilmiş xəsarəti ifadəsində qeyd etdiyi kimi Həsən əli ilə sifətinin sol tərəfindən vurarkən almışdır. Aralarında yaranmış mübahisə əsasən əvvəldən ailədaxili söz-söhbətlərə görə olmuş, Həsənin onu vurmasına səbəb isə onun Damlanın oxuduğu məktəbə getməyi və orada bir dayı kimi Damlaya hazıradək nə etməyini soruşmağı olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs onun və anasının ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən qızı Damlanın həmin anı görüb-görməməsini deyə bilməz, həmin vaxt Damla orta məktəbin içərisində olmuş, səs-küy yarandığından yəqinki məktəbin pəncərəsindən bunu görə bilərdi. Hadisə zamanı ona kəsici alətlə heç kim xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində Şahid1 ifadə verərək bildirdi ki, qızı Həbibə təxminən 14 il olmuşdur ki, Mingəçevir şəhərində yaşayan Zərərçəkmiş şəxs1 ilə evli olmuşdur. Ailədaxili söz-söhbətlərə görə xx.xx.2022-ci il tarixdə ailədaxili söz-söhbətlərə görə Həbibə, Damla ilə birlikdə yaşadığı evə gəlmişdir. Zabilin anası yəni keçmiş qudası Həcər bir neçə dəfə yaşadığı evin həyətinə gəlib müxtəlif bəhanələr etdiyinə görə onu və Zabili evə buraxmamışdır. 2022-ci ilin sentyabr ayından Damlanı evin yaxınlığında yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbinə qoymuş, hazırda 6-cı sinifdə oxuyur. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın Damlanın sinif rəhbəri Gülnar müəllimə zəng edib atasının onun yanına məktəbə gəldiyini, Damlanın ağladığını söyləmişdir. Buna görə yaşadığı evdən çıxıb həmin məktəbə getmiş, məktəbə daxil olmuş, Zabili məktəbdə görmüş, sonuncudan niyə görə gəldiyini soruşduqda ona demişdir ki, Damlanı görmək üçün gəlmişdir. O, Zabilə boşanma ilə bağlı məhkəməyə müraciət etdiklərini, məhkəmənin qərarından sonra uşağı görə biləcəyini söyləmişdir. Məktəbin içərisində sözlə Zabil ilə mübahisə etmiş, orada işləyən şəxslər onlara demişdir ki, məktəbdə dərs gedir, buna görə də, o, Zabil ilə birlikdə, onlardan başqa isə həmin məktəbdə işləyən bir kişi və bir qadın onlarla birlikdə məktəbin həyətinə çıxmışlar. Məktəbin həyətində Həcəri görmüş, az sonra həmin yerə oğlu Həsən tək gəlmişdir. Söhbət zamanı Zabil ona Damlanı onlardan alacağını, onun bu işlərə qarışmayacağını demişdir. Həsən Zabilə uşağı görmək istəyənin belə formada məktəbə niyə görə gəldiyini demiş, həmin vaxt Həsən səbirsiz və əsəbi olduğundan əli ilə Zabilin sifətindən sillə vurmuş, Həcər isə onun yanında Həsənin yaxasından tutmuş, Həsən Həcəri özündən uzaqlaşdırmaq istəyəndə Həcər yerə yıxılmış, bunu görən Zabil oğlu Həsənin üstünə cummuş, yaxalaşaraq yerə yıxılmışlar, yerdə süpürləşmişlər. O, Həcər və orada olan şəxslər onları aralaşdırmağa çalışmışlar. Səsə məktəbin həyətində olan şəxslər gəlmişlər, lakin konkret olaraq kimin və kimlərin gəldiyini dəqiq xatırlamır. Bundan sonra oradan çıxıb getmişlər. Hadisə 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın Şirvan şəhəri, Yeni qəsəbədə yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbinin qarşısında baş vermiş, təxminən 4-5 dəqiqə müddətində davam etmiş, orada səs-küy yaranmış, səsə orada olan şəxslər toplaşmış, şagirdlər, məktəbə gəlib uşaqları götürmək istəyən tanımadığı valideynlər görmüşlər. Həmin vaxt heç kim bir-birinə qarşı nalayiq sözlər işlətməmişlər, həmin vaxt onu heç kim vurmamış, nə də ki, o, kimisə vurmamış, heç bir xəsarət almamışdır. Məhkəmə baxışında şahid qismində Şahid3 ifadə verərək bildirdi ki, təxminən 14 il Ağdam rayon sakini, Zərərçəkmiş şəxs1 ilə evli olmuş, sonuncu dəfə 2022-ci ilin dekabr ayının əvvəlində Zabildən rəsmi qaydada boşanmışdır. Zabil ilə ailədaxili söhbətləri olduğundan 2022-ci ilin fevral ayının sonunda qızı Damlanı da, götürüb anasının yaşadığı evə getmişdir. Bir neçə dəfə qaynanası olmuş Həcər yaşadığı evin həyətinə gəlib sözsöhbətlər yaratmaq istəmişdir. 2022-ci ilin sentyabr ayından Damlanı evin yaxınlığında yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbinə qoymuşlar, hazırda 6-cı sinifdə oxuyur. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrinə yaxın Damlanın sinif rəhbəri Gülnar müəllimə anasına zəng edib Damlanın atası Zabilin məktəbə gəldiyini və Damlanı görmək istədiyini, Damlanın isə bunu görüb ağladığını demişdir. Anası buna görə, yaşadığı evdən çıxıb həmin məktəbə getmiş, o isə evdə olmuşdur. O, hadisənin şahidi olmamış, lakin sonradan anası və qardaşından eşitmişdir ki, həmin məktəbin həyətində mübahisə olmuş, səs-küy yaranmış, məktəbin həyətində olan valideynlər, şagirdlər və müəllimələr bunu görmüş, hörmətsizlik olmuş, mübahisə zamanı qardaşı Həsən Zabili əli ilə vurmuş, sonra orada Həcər Həsənin yaxasından tutub aralamaq istəyərkən yerə yıxılmış, Zabil ilə Həsən məktəbin həyətində yaxalaşmışlar. Məhkəmə baxışında şahid qismində Şahid2 ifadə verərək bildirdi ki, Şirvan şəhəri, Qaçqınlar və Məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə yerləşən Fizuli rayon 10 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində məktəbin qarşısında dayanmış, bir nəfər valideyn gəlib işlədiyi məktəbdə oxuyan 6-cı sinif şagirdi Damla adlı qızı ilə görüşmək istədiyini, adının Zabil olduğunu və köməklik etməyini demiş, o isə valideynə gözləməsini söyləmiş, sinif rəhbəri Gülnar müəlliməyə demişdir ki, getsin sinfində oxuyan Damlaya desin ki, atası gəlib onunla görüşmək istəyir. Az sonra Gülnar müəllimə onun yanına gəlib Damlaya bu barədə söylədiyini, lakin Damlanın ağladığını və atası ilə görüşmək istəmədiyini bildirmişdir. O, bundan şübhələnmiş, sinif rəhbəri bu barədə Damlanın nənəsinə mobil telefonla məlumat vermişdir. Az sonra Damlanın nənəsi tək gəlmiş, o, onlarla birlikdə məktəbin həyətinə doğru getmiş, ora sonradan adını bildiyi Zabilin anası Həcər və Damlanın dayısı Həsən gəlmişdir. Onun arxasında isə məktəbdə uşaq birliyi rəhbəri işləyən Səmayə xanım vardır. Məktəbin həyətində qadınlar sözlə mübahisə etmişlər, Damlanın dayısı Həsənin isə aqressiv olduğunu görmüş və onlara bildirmişdir ki, məktəbin həyətində videokameralar vardır, zəhmət olmasa buradan çıxıb getsinlər, məktəbin ərazisini tərk etsinlər, lakin Həsən dediyi şəxs qəfildən əli ilə Zabilin sifətindən vurmuş, səs-küy yaranmışdır. Zabilin anası bildiyi şəxs Həsənin arxadan çiynindən tutub kənara çəkmək istəyərkən Həsən qollarından tutub sol tərəfi üstə yerə yıxmışdır. Bunu görən Zabil Həsənin üstünə cummuş, bir-birlərini yerə yıxmışlar, o isə dərhal bu barədə direktora və polisə məlumat vermiş, kənardan gələn kişi valideyn gəlib onları aralaşdırmışdır. Həmin yer məktəbin həyəti olduğundan valideynlər və şagirdlər bunu görmüşlər. Az sonra onlar oradan çıxıb getmişlər. Bununla bağlı onda videogörüntü vardır, həmin videogörüntünü istintaqa təqdim edə bilər. Mübahisənin baş vermə səbəbi barədə onu deyə bilər ki, onların söhbətlərindən ona məlum olmuşdur ki, onların arasında yaranmış mübahisə ailədaxili məsələ olmuşdur. Həmin mübahisə təxminən 4-5 dəqiqə müddətində davam etmiş, onun təqdim edəcəyi videogörüntüdə hər şey açıq aydın görünəcək, həmin mübahisəni o, ifadəsində qeyd etdiyi şəxslər, məktəbin həyətində olan şagirdlər və valideynlər görmüşlər, orada səs-küy yaranmış, həmin vaxt orada heç kim birbirlərinə qarşı nalayiq söyüşlər söyməmişlər, lakin bir-birlərinə ucadan sözlər işlətmişlər. Məhkəmə baxışında şahid qismində Şahid4 ifadə verərək bildirdi ki, qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə yerləşən Füzuli 10 nömrəli tam orta məktəbdə uşaq birliyi təşkilatının rəhbəri işləyir. 21 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində məktəbin həyətində sonradan adlarını bildiyi Zabil adlı şəxslə Həsən adlı şəxsin sözlə mübahisə etdiyini görmüş, həmin vaxt onların yanında məktəbdə işləyən Vaqif də olmuş, orada başqa şəxslər də olmuş, 2 nəfər kişinin, yəni Həsən və Zabilin nalayiq ifadə işlətdiyini görmüş, uşaqların məktəbdən çıxan vaxtı olduğundan onları məktəbin həyətindən kənarlaşdırmaq üçün gedən zaman Həsən adlı şəxs Zabilə əli ilə vurmuş, həmin vaxt bir nəfər qadın Həsən adlı şəxsi arxadan tutub ayırmaq istədikdə, Həsən adlı şəxs həmin qadını kobudcasına qollarından tutub yerə yıxmış və qadın yerə yıxılıb qışqırmış, həmin vaxt Zabil adlı şəxs Həsənin üzərinə getmiş və onlar əlbəyaxa olmuşlar. Sonra orada olan şəxslər onları ayırmışdır. Hadisə Füzuli 10 nömrəli tam orta məktəbin həyətində tənəffüs zamanı baş vermiş, hamin vaxt məktəbin həyətində çoxlu sayda şagirdlər və valideynlər olmuşdur. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən Füzuli 10 nömrəli tam orta məktəbin həyətidir. İşə əlavə edilmiş götürmə aparılması haqqında qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda 02 dəqiqə 28 saniyə müddətində, 12:06:29-dan 12:08:57-ə qədər olması müəyyən olundu. Videofayl izlənildikdə orada Şirvan şəhəri F.X.Xoyski küçəsində yerləşən Füzuli tam orta məktəbin həyətində iki nəfər qadının bir-birləri ilə söhbət etmələri, onların yanında isə bir nəfər kişinin, bir qədər kənarda isə bir nəfər qara geyimli oğlanın dayandığı, bir neçə saniyə sonra isə qara geyimli şəxsə bir nəfər açıq rəngdə olan köynək geyinmiş şəxsin yaxınlaşması və orada iki oğlan və iki qadın arasında nəsə söhbət olması, görüntünün 12:08:03-də açıq geyimli oğlanın qəfildən qara geyimli oğlanın sifətindən bir neçə yumruq zərbəsi vurmağa başladığı, həmin vaxt orada olan kişi və digər iki nəfər qadının onları ayırmağa çalışdığı, qara geyimli qadının açıq rəngdə geyinmiş oğlanı tutub kənara apararkən həmin oğlanın qadının qollarından tutub qəsdən yerə yıxması, bu zaman qara geyimli oğlanın digər açıq geyimli oğlana hücum çəkməsi, açıq geyimli oğlanın qara geyimli oğlanı yerə yıxması, həmin an ətrafda çoxlu sayda insanın və uşaqların olması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 qara geyimli oğlanın onun özünün olduğunu, qara geyimli qadının isə anası Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs isə videogörüntüdə açıq geyimli oğlanın onun özünün olduğunu bildirmişdir. İşə əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 yanvar 2023-cü il tarixdə verilmiş 654 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İşə əlavə edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının Bayramlı 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşə əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 297 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətsol almacıq sümüyü üzərinin qançırı küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur, yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 296 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki saidin ön səthlərinin qançırları, sol çiyin qurşağı nahiyyəsinin qançırı, sol süd vəzisinin yuxarı kvadratının qançırı, sol kürək tini nahiyəsinin qançırı, sol bud çanaq oynağının qançırı, döş qəfəsinin sol yarısında V və Vİ qabırğanın köhnə sınığı, İX döş fəqərəsinin köhnə qəlpəli sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki,”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir.Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək,gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən «Füzuli» adına tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs1 ilə mübahisə edib sonuncunun və anası Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, orta məktəbdə azyaşlı və yetkinlik yaşına çatmayan şagirdlərin olması səbəbi ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə ilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 yumruqla vuraraq, sonuncuya sol almacıq sümüyü üzərinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib, cinayət əməlini davam etdirməklə həmin vaxt oğlu Zərərçəkmiş şəxs1 müdafiə etmək üçün aralarına girmiş Zərərçəkmiş şəxs2 qarşı öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs2 əllərindən tutub yerə yıxmaqla sonuncuya hər iki saidin ön səthlərinin qançırları, sol çiyin qurşağı nahiyyəsinin qançırı, sol süd vəzisinin yuxarı kvadratının qançırı, sol kürək tini nahiyəsinin qançırı, sol bud çanaq oynağının qançırı, döş qəfəsinin sol yarısında V və Vİ qabırğanın köhnə sınığı, İX döş fəqərəsinin köhnə qəlpəli sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətlərin xarakterini,cinayətin ictimai təhlükəlilik dərəcəsini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən peşman olmasını və qardaşı X1 “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəni yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar