Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-72/2024 04.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1998-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində 20 fevral 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin bir üzündə “Pantera Stal 65x13 NO.FB3021” yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu isə 127 mm olan ümumi təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağını əldə edib, üzərində gəzdirmiş, 02 yanvar 2024-cü il tarixdə, saat 01:40 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozması səbəbindən Şirvan şəhər polis şöbəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, şöbənin növbətçi hissəsində üzərindən həmin soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, 02 yanvar 2024-cü il tarixdə dostu Məharim adlı şəxs ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən PPXB-nün əməkdaşları onlara yaxınlaşmış, küçədə başqa kimsənin olmadığını görüb, polis əməkdaşlarının onlara yaxınlaşmasını bilmişlər. Ucadan səs-küy salmaları bildirilmiş və polis şöbəsinə dəvət edilmişlər. Onlar da yayınmamış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Şirvan şəhər Polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən bir ədəd bıçaq aşkar olunmuşdur. Həmin bıçağı Şirvan şəhəri ərazisində yerləşən dəmiryolu xəttinin yaxınlığından tapmışdır. Yeni il bayram ilə bağlı dostları ilə birlikdə ocaq ətrafında yemək yeyəcəkləri üçün ərzaqların hazırlanmasında istifadə etmək məqsədi ilə həmin bıçağı özü ilə götürmüş və başqa hər hansı bir niyyəti olmamışdır. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və ya təzyiq olunmamış, əməlindən peşmandır. Həmçinin ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir ay əvvəl Şirvan şəhərində dəymiryolu xəttlərinin yanında olarkən yerdən bir ədəd bıçaq tapmış, həmin bıçağı üzərində və yaşadığı evdə saxlamışdır. Həmin bıçaq dəstək və tiyədən ibarət olmuş, bıçağın dəstək hissəsi qara rənglidir, üzərində metal birləşmə vardır, dəstək hissəsinin digər tərəfi və tiyə hissəsi ağ rəngli metaldandır, tiyənin bir tərəfi kəsicidir. 02 yanvar 2024-cü il tarixdə, saat 00:15 radələrində həmin bıçağı əynində olan şalvarının kəmərinə taxmış, sonra yaşadığı evin yerləşdiyi küçəyə çıxmışdır. Küçədə tanışı X3 görmüşdür. Məharim Fərəcov ilə görüşmüşdür. X8 ilə uca səslə söhbət etmişlər. Bu zaman küçə ilə hərəkət edən Şirvan ŞPŞ-nin PPXB-nün əməkdaşları onlara yaxınlaşmışdır. Onlara nə üçün küçədə uca səslə danışdıqlarını bildirmişlər və Şirvan ŞPŞ-nə dəvət etmişlər. Onlar da Şirvan ŞPŞ-nin PPXB-nün əməkdaşlarının təklifini qəbul etmişlər. Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində növbətçi hissədə üzərilərində olan əşyaları təqdim etməli olduqları onlara bildirilmişdir. Əynində olan şalvarın bel kəmərinə taxdığı 01 ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin bıçağa Şirvan ŞPŞ-nin TB-də onun iştirakı ilə baxış keçirilmişdir. Bıçağın soyuq silah olub-olmaması ilə bağlı ekspertiza təyin edilmişdir. O və Məharim Fərəcov 02 yanvar 2024-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy saldıqları üçün barələrində Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. O, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətinin İctimai Birliyinin Şirvan şəhər ovçuluq dayaq məntəqəsində ovçu kimi qeydiyyatda deyil, bıçağı yerdən tapmış, üzərində daşımağı barədə heç bir niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı Şahid1 ifadəsində bildirdi ki, 02 yanvar 2024-cü il tarixdə Şirvan ŞPŞ-nin məsul növbətçisi olmuş, həmin gün saat 01:50 radələrində polis nəfərləri İlkin Əliyev və X12 ŞPŞ-nin növbətçi hissəsinə Təqsirləndirilən şəxs və X3 gətirib, bildirmişlər ki, həmin şəxslər Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq ictimai asayişi və ictimai qaydanı pozmuşlar. Həmin şəxsləri ŞPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bıçaq aşkar olunmuşdur. Bundan sonra növbətçi köməkçisi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bıçağın aşkar olunması barədə akt tərtib etmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bıçaq aşkar olunması faktı əsasında qərar qəbul edilməsi üçün materialın icrası Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinə həvalə olunmuşdur. Bundan sonra X1 da üzərindən 01 ədəd bıçaq aşkar olunmuşdur. Şirvan ŞPŞ-nin növbətçi köməkçisi Şahid2 iştirakı ilə Məharim Fərəcovun üzərindən 01 ədəd bıçaq aşkar olunmasına görə də akt tərtib etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin NH-də növbətçi köməkçisi Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər Polis şöbəsinin məsul növbətçisi Şahid1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:55-də Şirvan şəhər Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs 01 ədəd bıçaq aşkar edilərək saxlanılması üçün təhvil alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 10 yanvar 2024-cü il tarixli, 18/15 rəyindən görünür ki, tədqiqata təqqim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 12 yanvar 2024-cü il tarixdə material üzrə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatına qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 fevral 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 45 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin İctimai Birliyinin Şirvan şəhər ovçuluq dayaq məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-1197/34 nömrəli məktubda qeyd edilmişdir ki, xx xxxxxx 1998-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, X11 küçəsi, ev 27, mənzil 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ovçu kimi qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayəti etiraf etməsini və əməlindən peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və keçirilmiş ekspertiza tədqiqatından sonra Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və keçirilmiş ekspertiza tədqiqatından sonra Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-72/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-72/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver