Məhkəmə qərarları › İş №1(032)-72/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-72/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-72/2025 03.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 18 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 100,00 (bir yüz) manat olmaqla iki uşağa cəmi 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)- 491/2024 nömrəli qərarı ilə on iki gün, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(032)-42/2025 nömrəli qərarı ilə iyirmi beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla xx.xx.2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən cəmi 8400,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 15-20 manat pul qarşılığında günəmuzd fəhlə kimi işləyir, həmçinin fəhlə lazım olanda qardaşının Şirvan şəhərində işlətdiyi dükanında fəhləlik edərək ona köməklik edir. Stabil qazancı yoxdur, qazancı ancaq şəxsi tələbatlarına çatır. Arada qazancından Zərərçəkmiş şəxs ödənişlər etmişdir. İşlə bağlı məşğulluq mərkəzinə müraciət etmiş, iş tapa bilməmişdir. Qardaşı zərəçəkmiş şəxs ilə danışaraq dörd yüz manat ödəməyə razı olduğunu bildirmiş, lakin sonuncu razılaşmamışdır. Hazırda iş tapa bilmədiyi üçün pulu ödəyə bilmir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, övladları 2008-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin 2025-ci ilin fevral ayına kimi ödənilməyən hissəsi 8400 manat təşkil etmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı dəfələrlə təqsirləndirilən şəxsə və ailə üzvlərinə müraciət etmişdir. Sonuncu dəfə məhkəmə iclasından qabaq müraciət edərək dəymiş ziyanın yarısını, yəni dörd min manat məbləğində pulun ödənilməsini, yaşadıqları həyətdə olan torpaq sahəsinin adına rəsmiləşdirilməsini və iki uşağına yaşamaq hüququ verilməsini bildirmiş, lakin razılıq əldə edilməmişdir. Cavab olaraq ona hər ay iki yüz manat və üç aydan bir dörd yüz manat məbləğində pul ödəniləcəyi bildirilmiş, o da ziyanın tam ödənilməsini istəyib razılaşmamışdır. Dəymiş ziyandan ona ödəniş edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 ifadəsində bildirdi ki, Şirvan şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx.xx.2014-cü ildən hesablanmaqla borclu Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 100,00 (bir yüz) manat olmaqla iki uşağa 200,00 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra sənədi xx.xx.2019-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə borclu Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunsa da, o, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlməmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən borclu Təqsirləndirilən şəxs ölkə hüdudlarını xx.xx.2019-cu il tarixdə tərk etmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana baxış keçirimiş, onun ölkə hüdudundan kənarda olması bildirilmiş və bu barədə xx.xx.2020-ci il tarixində akt tərtib edilərək icra işinə əlavə edilmişdir. Bundan sonra “borclunun axtarılması barədə” qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. Tələbkar Zərərçəkmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə aralarındakı şifahi razılaşma olduğunu, borclu Təqsirləndirilən şəxs barəsində açılmış axtarış işinə xitam verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmiş və onun izahatı alınmışdır. Alimentin ödənilməsi üçün Təqsirləndirilən şəxs dəfələrlə şifahi və rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. Borclu Əliyev X6 şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Şirvan şəhər məhkəməsinin 8(032)-50/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmuşdur. Daha sonra borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə təqdim edilmiş və Şirvan şəhər məhkəməsinin 3(032)- 491/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, eləcə də, müvafiq qaydada xəbərdarlıq edilmiş lakin borclu tərəfindən tələb yenə icra olunmamışdır. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 8(032)-93/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs barəsində görülmüş məcburi icra tədbirlərindən nəticə çıxarmamış, qətnamənin icra olunması istiqamətində heç bir səy göstərməmiş və üzərinə düşən öhdəliyi yerinə yetirməyərək alimentin ödənilməsindən yayınaraq tələbkarın qanunla qorunan hüquqlarını pozmuşdur. İcra sənədinin icrasının təmin olunması məqsədi ilə borclu yenidən şöbəyə dəvət olunmuş, ondan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş və borcunu ödəməyəcəyi təqdirdə inzibati və daha sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, alimentin ödənilməsindən yayınmaq məqsədilə özünün müdafiə xarakterli izahat vermişdir. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-ın 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində iyirmi beş gün gün müddətində inzibati qaydada həbs tədbiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tələbkara ödəməmiş, göstərilən icra sənədi üzrə tələbkara 8400,00 (səkkiz min dörd yüz) manat aliment borcu yaranmışdır. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs dəfələrlə hüquq və vəzifələrinin izah edilməsinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyəcəyi halda inzibati və daha sonra cinayət məsuliyyətinə cəlb olunacağına dair rəsmi xəbərdarlıqlar edilmiş, lakin görülmüş tədbirlərdən nəticə çıxarmayaraq dövlətin adından çıxarılmış qərarını qərəzli olaraq icra etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 vermiş olduğu ifadəsində şahid X4 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şahid1 məhkəmə baxışı iclasına gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Dayısı oğlu Elşad Zərərçəkmiş şəxs ilə faktiki ailə qurmuş, nikahlarının rəsmiləşdirilməsi sonradan olmuşdur. Münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 adında iki övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaqlar Gülnarla qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqlarla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək məhkəməyə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 100,00 (bir yüz) manat olmaqla iki uşağa cəmi 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra məmurunun qanuni tələbini icra etmədiyindən on iki gün və iyirmi beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Bildiyinə görə 8400,00 (səkkiz min dörd yüz) manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs qardaşının işlətdiyi dükanda fəhləçilik edir. Həmçinin yaşadıqları ərazidə 15,00-20,00 manat pul qarşılığında günəmuzd fəhlə işləyir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 06 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrəsi verilmişdir; 21 fevral 2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir; Şirvan şəhər Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli, 2(032)-1438/2025 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 10 sentyabr 2014-cü ildən hesablanmaqla Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri, Füzuli küçəsi dalan 2, ev 28-də yaşayan cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 100 manat olmaqla iki uşağa görə 200 manat sabit məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; 20 dekabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədinin icraatına başlanılmış, borclu Təqsirləndirilən şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur; 22 yanvar 2020-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, icra sənədinin icraatına başlanılmış, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan məlum olmadığı üçün onun axtarışı həyata keçirilməsi qərara alınmışdır; 26 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədinin icrası ilə bağlı Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir; 07 mart 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədinin icrası ilə bağlı Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir; 07 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədinin icrası ilə bağlı Təqsirləndirilən şəxs xəbərdarlıq edilmişdir; 21 may 2024-cü il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məsələsinə baxılması ilə bağlı Şirvan şəhər Məhkəməsinə müraciət edilmişdir; Şirvan şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 8(032)-50/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır; Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 10 iyun 2024-cü il tarixli, 24/10-13 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli protokol baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 3(032)-491/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir; 12 iyul 2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb edilmə haqqında bildirişdən və xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs borcu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlandırılmışdır; 20 sentyabr 2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb edilmə haqqında xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs borcu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlandırılmışdır; Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 07 oktyabr 2024-cü il tarixli, 14/10- 13 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 8(032)-93/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 09 yanvar 2025-ci il tarixli, 01/10-13 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli protokol baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir; Şirvan şəhər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 3(032)-42/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur; 06 fevral 2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlandırılmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; 17 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; 18 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; 18 aprel 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, dəymiş ziyanın ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar