Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-75/2023 18.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 27 avqust 1990-cı il tarixdə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 iyun 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASCyə məxsus bankomatın yaxınlığında olarkən, həmin bankomatdan bank kartından pul çıxarmaq üçün ona müraciət etmiş yetkinlik yaşına çatmayan Şahid2 verdiyi sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4098-5844-6078-4737 nömrəli bank kartını bankomata daxil etməklə Şahid2 bildirdiyi şifrə əsasında bank kartının hesabına daxil olaraq, həmin hesabdan pulun çıxarılması üçün əməliyyat aparıb, bank kartını bankomatdan çıxararaq Şahid2 verməklə, yalandan bankomatda pul olmadığından digər bankomata yaxınlaşmasını bildirərək, bankomatdan çıxan 181 manat pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 181 (bir yüz səksən bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 15 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin inzibati binasının sol tərəfində yerləşən bankomatların yaxınlığında olarkən, həmin bankomatların birindən bank kartından pul çıxarmaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 verdiyi sonuncuya məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 6768-6753-0503-9172 nömrəli bank kartını bankomata daxil etməklə Zərərçəkmiş şəxs2 bildirdiyi şifrə əsasında bank kartının hesabına daxil olaraq, həmin hesabdan avans kimi 100 manat pulun çıxarılması üçün əməliyyat aparıb bankomatdan çıxan 100 manat pulu Zərərçəkmiş şəxs2 gözü qarşısında açıq talayıb, sonuncunun qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına məhəl qoymadan taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 100 (bir yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, soyğunçuluq etməmiş, bankomatdan pulu çıxardıqdan sonra hadisə yerindən qaçmamışdır. Belə ki, o, 03 iyun 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan "xxxx" ASC-yə məxsus bank kartını götürüb Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-yə məxsus olan bankomata yaxınlaşıb kartından 20 manat pul çıxartmışdır. Pulu çıxartdıqdan sonra adının Camalxan olduğunu sonradan bildiyi azyaşlı bir oğlan ona yaxınlaşaraq kartından pul çıxarmaqda köməklik etməsini xahiş etmişdir. Onunla razılaşmış, həmin şəxsin kartını bankomata daxil etdikdən sonra kodunu özündən öyrənib kartdan 181 manat pulun çıxması üçün əməliyyat aparmışdır. Kartı Camalxana verib ona “başqa bankomata yəni «Kapitalbank” ASC-yə məxsus olan bankomatlardan birinə yaxınlaş” demişdir. Camalxan kartı ondan alıb çıxıb getmişdir. Camalxan gedəndən sonra o, bankomatdan çıxan 181 manat pulu götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa 10 avqust 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASCnin Şirvan şəhər filialının inzibati binasının sol tərəfində olan iki ədəd bankomatın yanında olarkən bir nəfər yaşlı qadının “Aytac” şadlıq evinə tərəf baxan bankomata yaxınlaşdığını görmüşdür. Həmin vaxt o, da bankomatın yanında olmuşdur. Yaşlı qadın onun bankomatın yanında durduğunu görüb onu çağıraraq bankomatdan pul çıxarılmasında köməklik etməsini xahiş etmişdir. O, da razılaşmış və yaşlı qadın ona bank kartı vermişdir. O, həmin bank kartını bankomata daxil etmiş və yaşlı qadının ona dediyi şifrəni bankomata daxil etmişdir. Həmin vaxt kart hesabında pul olmamışdır. O, bank kartından 100 manat avans çıxarılması ilə bağlı əməliyyat aparıb bank kartını bankomatdan çıxararaq yaşlı qadına vermiş və demişdir ki, kartda pul yoxdur, yəni, hələ pul köçməyib. Qadın ona inanıb oradan uzaqlaşmışdır. Özü isə bankomatdan çıxan 100 manat pulu götürüb cibinə qoyub, kənara çəkilmiş, hətta orada olan bir tanımadığı şəxslə 10 dəqiqəyə yaxın söhbət etmişdir. O, Cəmilənin pulunu sonuncudan xəbərsiz mənimsəmiş, lakin hadisə yerindən qaçıb uzaqlaşmamış, Cəmilə özü çıxıb getmiş, kartından avansın çıxarılmasından Cəmilənin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Bakı şəhərində yerləşən restoranlardan birində ofisiant işləyir və qazandığı puldan hər ay atasına göndərir ki, pulu yığıb ona avtomobil alsın. O, Şirvan şəhərinə hər ay gələ bilmədiyi üçün “Unibank” bankında özünə bank hesabı açmış və həmin banka məxsus “Leo Bank” plastik bank kartını atasına vermişdir ki, qazandığı puldan həmin karta göndərəndə çıxarıb özündə saxlasın. 03 iyun 2022-ci il tarixdə səhər saatlarında atasına zəng edərək, həmin kartın hesabına 400 manat pul köçürdüyünü deyib ondan pulu çıxarmasını xahiş etmişdir. Atası həmin gün saat 21 radələrində ona zəng edərək kartda 400 manat deyil 200 manat pul olduğunu və həmin pulu çıxardığını demişdir. O, mobil telefonuna bildiriş gəldiyini və həmin bildirişdə həmin gün bir dəfə 181 manat və bir dəfə də 200 manat pulun çıxarılması barədə məlumat olduğunu atasına demişdir. Sonradan məlum olmuşdur ki, atası pul çıxarmaq üçün kartı azyaşlı qardaşı Camalxana vermişdir. Camalxan da kartı başqa bir tanımadığı şəxsə verərək bakomatdan pulun çıxarılmasını istəmişdir. Həmin şəxs də kartı bankomata daxil etdikdən sonra onun qardaşını aldadaraq kartda pul olmadığını deyib, yenidən kartı qardaşına verərək başqa bankomata yaxınlaşmasını istəmiş, qardaşını bankomatın qarşısından uzaqlaşdırıb bankomatdan çıxan 181 manat pulu qardaşından gizlin həmin şəxs mənimsəmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsin barəsində qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 10 avqust 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus olan «Kapitalbank” ASC-yə məxsus təqaüd kartından pul çıxartmaq üçün M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-nin binasına bitişik olan bankomata yaxınlaşmışdır. «Kapitalbank” ASC-yə çatan zaman bankomatın yanında tanımadığı bir şəxsin bankomatda nəsə iş gördüyünü görmüşdür. O, bir qədər həmin şəxsin yanında dayandıqdan sonra həmin şəxsdən bankomatla işinin nə vaxt bitəcəyini soruşmuşdur. Həmin şəxş ona işinin çox olduğu üçün kartını verməsini və kartdan pul çıxartmaqda kömək etmək istədiyini bildirmişdir. O, həmin şəxsə kartını vermiş və həmin şəxs kartını bankomata daxil etmişdir. Sonra isə həmin şəxs ondan kartın kodunu istəmiş və kartın kodunu demişdir. Həmin şəxs, yəni, Təqsirləndirilən şəxs kodu bankomata daxil etdikdən sonra bankomatın ekranında açılmış səhifədə 0.92 qəpik balansda pulun olduğunu, yəni, hələ karta təqaüdün köçmədiyini kənardan görmüşdür. O, Fizuliyə karta hələ pul köçmədiyini və kartını geri qaytarmasını demişdir. Lakin Fizuli kartı bankomatdan çıxartdıqdan sonra təkrarən bankomata daxil etmişdir. Fizulidən kartı nə səbəbə bankomata daxil etdiyini soruşduqda, ona cavab olaraq kartı təkrarən yoxlayacağını bildirmişdir. Sonra isə bankomatda əməliyyat aparıb bankomatdan çıxan 100 manat pulu götürdüyünü görmüşdür. O, Fizuliyə bankomatdan çıxan pulun ona məxsus olduğunu və həmin 100 manat pulu ona verməsini tələb etmişdir. Fizuli onun bu sözlərindən sonra 100 manat pulu cibinə qoyaraq qaçıb getmişdir. O, Fizulinin dalınca qışqırsa da, sonuncu onun qışqırıq səsinə məhəl qoymayıb qaçıb oradan getmişdir. Fizulinin arxasınca getsə də, çata bilməmişdir. Fizuli yaxınlıqda olan sarı rəngli 9 nömrəli marşurut avtobusuna minərək çıxıb getmişdir. Daha sonra o, "xxxx"-a geri qayıtmış və müştəri xidmətlərinə yaxınlaşaraq başına gələn hadisəni danışmışdır. "xxxx" ASC-nin əməkdaşı sistemdə kartından 100 manat avans pul çıxarıldığını, 6 manat əlavə olaraq faiz tutulduğunu, lakin hadisə yeni baş verdiyi üçün bu barədə çıxarışı səhəri gün verə biləcəklərini demişlər. Səhəri gün, yəni, 11 avqust 2022-ci il tarixdə "xxxx" ASC-dən həmin çıxarışı da alaraq Şirvan şəhər polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Fizuli ona hər hansı bir bədən xəsarəti yetirməmişdir, Fizulinun sifəti yadında qalmış və onu görən zaman tanışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində bildirdi ki, Şirvan şəhəri Əli-Bayramov küçəsi döngə 5, ev 20-də ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı Zərərçəkmiş şəxs1 Bakı şəhərində ofisiant işləyir. Bakı şəhərindən pul göndərmək məqsədilə “Leo Bank”-dan plastik kart alaraq atasına vermişdir. Nicat gec-gec Şirvana gəldiyi üçün həmin kart hesabına Bakı şəhərindən pul köçürür və atası da burda həmin kart vasitəsi ilə pulu götürüb qardaşı üçün yığıb saxlayır. Həmin pulu Nicat avtomobil almaq üçün yığır. 03 iyun 2022-ci il tarixdə səhər saatlarında Nicat atasına zəng vuraraq qeyd etdiyi həmin kartın hesabına 400 manat pul köçürdüyünü demişdir. Həmin günü atasının vaxtı olmadığı üçün saat təxminən 19 radələrində kartı ona vermiş və bankomatdan pulu çıxarıb gətirməsini istəmişdir. O, kartı atasından alaraq Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomata gəlmişdir. O, pul çıxarmaq istəsə də bacarmamışdır, çünki əvvəllər heç vaxt bankomat vasitəsilə kartdan pul çıxarmamışdır. Onun pulu çıxara bilmədiyini görən, bankomatın yaxınlığında dayanmış bir nəfər şəxs ona yaxınlaşaraq həmin bankomatdan pul çıxaranda əlavə çox faiz tutulduğunu, yaxınlıqda olan “Rabitə Bank”a məxsus olan bankomatdan pul çıxarmağı təklif etmişdir, həmçinin pulu çıxarmaqda ona kömək edəcəyini bildirmişdir. O, adını sonradan bildiyi Fizuli ilə razılaşıb M.Ə.Rəsulzadə küçəsində yerləşən bankomat aparatına yaxınlaşmışdır. O, kartı həmin şəxsə vermiş və 4 rəqəmli təhlükəsizlik kodunu demişdir. Lakin həmin şəxs ona şübhəli gəldiyi üçün kənardan özünün xəbəri olmadan mobil telefonla şəkilini də çəkmişdir ki, gələcəkdə onun tərəfindən aldansa polisə təqdim etsin. Həmin şəxs kartı ondan alaraq bankomata daxil etmiş və təxminən 1 dəqiqədən sonra kartı bankomatdan çıxararaq ona verib demişdir ki, “kartda pul yoxdu, kartının kodunu düzəltdim, tez qayıt Beynəlxalq Bankın bankomatından pulunu çıxart”. O, Fizulidən kartı alan kimi tələsik Beynəlxalq Bankın bankomatına yaxınlaşmışdır. Kartı bankomata daxil etdikdə 218 manat kartda pul olduğunu görmüşdür. Kartdan 200 manatını çıxarıb evə qayıtmışdır. Həmin vaxtı atası evdə olduğu üçün kartda 218 manat pul olduğunu və həmin pulun 200 manatını çıxardıb, qalan 18 manatı kartda saxladığını demişdir. Atası qardaşı Nicata zəng vurub bu barədə soruşmaq istədikdə qardaşı telefona cavab vermədiyi üçün soruşa bilməmişdir. Həmin gün axşam saat təxminən 22 radələrində qardaşı Nicat atasına zəng vurmuşdur. Atası qardaşından nə qədər pul göndərdiyini soruşduqda, qardaşı demişdir ki, “400 manat pul göndərmişəm, pulun 181 manatı bu gün saat 18:45 radələrində "xxxx" ASC-yə məxsus bankomatdan, 200 manatı isə "xxxx" ASC-nin bankomatından çıxarılıb”. Qardaşı bunu mobil telefonunda olan proqram vasitəsilə öyrənmişdir. O, dərhal bilmişdir ki, həmin şəklini çəkdiyi şəxs "xxxx" ASC-yə məxsus bankomat apartının qarşısında onu aldadaraq kartdan 181 manat pulu onun xəbəri olmadan mənimsəmişdir. Atasına bu barədə bildirərək həmin şəxsin şəklini atasına göstərmişdir. Atası həmin şəxsi tanımış və bildirmişdir ki, həmin şəxs əvvəllər köhnə şəhər deyilən ərazidə qonşuluqda yaşamış Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirdi ki, oğlu Zərərçəkmiş şəxs1 Bakı şəhərində ofisiant işləyir. Bakı şəhərindən pul göndərmək məqsədilə “Leo Bank”-dan plastik kart alaraq ona vermişdir. Nicat gec-gec Şirvana gəldiyi üçün həmin kart hesabına Bakı şəhərindən pul köçürür və o, da burda həmin kart vasitəsi ilə pulu götürüb onun üçün yığıb saxlamışdır. Həmin pulu Nicata avtomobil almaq üçün yığırlar. 03 iyul 2022-ci il tarixdə səhər saatlarında Nicat ona zəng vuraraq qeyd etdiyi həmin kartın hesabına 400 manat pul köçürdüyünü dedi. Həmin günü işləri çox olduğundan saat təxminən 18 radələrində kartı azyaşlı oğlu Camalxana vermiş və bankomatdan pulu çıxarıb gətirməsini tapşırmışdır. Təxminən bir saatdan sonra oğlu qayıtmış və kartdan 200 manat pul çıxardığını deyib həmin məbləğdə olan pulu ona vermişdir. Camalxan kartda pul qalmadığını demişdir. O, dərhal oğlu Nicata zəng vurub bildirmişdir ki, kartda 200 manat olmuşdur. Nicat bir neçə dəqiqədən sonra ona zəng vuraraq bildirmişdir ki, telefonunda olan proqrama baxmış və aşkar etmiş ki, kartdan həmin gün birinci dəfə 181 manat pul Şirvan şəhəri Rəsulzadə küçəsində İcra Hakimiyyətinin yaxınlığında olan "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılıb, ikinci dəfə isə 200 manat pul "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılmışdır. Bundan sonra oğlu Camalxan ona bildirmişdir ki, kartı ondan götürüb birbaşa Şirvan şəhərində yerləşən "xxxx" ASC-yə məxus bankomata yaxınlaşmış, orada olan tanımadığı bir cavan oğlan Camalxana bildirmiş ki, bu bankomatdan pul çıxaranda faizi çox tutur, gəl gedək "xxxx" ASC-nin bankomatından çıxaraq. Oğlu Camalxan həmin şəxsə inanaraq onunla birlikdə "xxxx" ASC-nin bankomatına yaxınlaşmış, bankomata çatanda həmin naməlum şəxs oğlu Camalxandan kartı alaraq pulu çıxaracağını bildirmişdir. Camalxan da birinci dəfə həmin bankomatdan pul çıxarmaq istədiyindən, həmin bankomatın sistemindən anlamadığı üçün kartı həmin şəxsə vermiş, həmin şəxs kartı yoxladıqdan sonra Camalxana bildirmiş ki, burda pul yoxdu, təcili qayıt əvvəlki bankomatdan pulunu çıxart. Camalxan da ona inanaraq kartı ondan almış və əvvəlki "xxxx" ASC-yə məxsus bankomatdan gəlib kartda qalan 200 manat pulu çıxartmışdır. Məlum olmuşdur ki, həmin naməlum şəxs kartdan 181 manat pulu oğlundan gizlin "xxxx" ASC-yə məxsus bankomatdan çıxartmış və kartı Camalxana qaytararaq əvvəlki bankomata qayıtması üçün tələsdirmişdir. Həmin vaxt oğlu şübhələnmiş və buna görə də əlindəki mobil telefonla kənardan həmin şəxsdən xəbərsiz bankomatın qarşısında fotoşəklini çəkmişdir. O, telefonda həmin şəxsin fotoşəklinə baxdıqda həmin şəxsi tanımış və əvvəllər Şirvan şəhəri “Köhnə şəhər” deyilən yaşayış massivində kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Bu barədə polis şöbəsinə ərizə vermək üçün gələn zaman əməliyyat müvəkkillərinə də məlumat vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, yetkinlik yaşına çatmayan Şahid2 ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz həmin şəxsin onun təqdim etdiyi bank kartı ilə əməliyyat etdiyini bildirmişdir. (i.v 107-108); Cinayət işi materiallarına əlavə olunmuş şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan və əlavə edilmiş videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz həmin şəxsin onun bank kartından 100 manat pulu çıxarıb hadisə yerindən qaçaraq getdiyini bildirmişdir. (i.v 104-106); Cinayət işi materiallarına əlavə olunmuş "xxxx" ASC-dən daxil olmuş 17 iyun 2022ci il tarixli məktuba əlavə edilmiş yaddaş kartındakı fotoşəkillərə baxış zamanı 03 iyun 2022-ci il tarixdə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx"a məxsus olan bankomat aparatında Zərərçəkmiş şəxs1 məxsus 4098-5844-6078-4737 nömrəli bank kartını bankomata daxil etməklə əməliyyat apararaq pul əldə edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (i.v 21-24); Cinayət işi materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-in 66.3-cü maddəsi CM-in 66.2-ci maddəsi ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v 141-143); Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində 10 avqust 2022-ci il tarixdə baş vermiş hadisə vaxtı bankomatdan 100 manat pulu çıxardıqdan sonra hadisə yerindən uzaqlaşmadığını, həmin vaxt onun arxası ilə kiminsə qışqırmadığını, bununla da soyğunçuluq etmədiyini bildirsə də, məhkəmə həmin ifadəni məhkəmədə araşdırılmış sübutlarla tam təkzib olunduğundan təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk və “flaş” kart cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanla bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.3- 1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk və “flaş” kart cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanla bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 29 (iyirmi doqquz) iş saatı üçün 174 (yüz yetmiş dörd) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-75/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-75/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver