Məhkəmə qərarları › İş №1(032)-76/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-76/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-76/2025 30.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 2004-cü il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu olan, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu Şirvan şəhər sakini Zərərçəkmiş şəxs əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 21 dekabr 2024-cü il tarixdə saat 12:59-da “Payonix” BOKT adlı proqramda Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrə vasitəsi ilə 250 manat nağdsız kredit götürülməsinə nail olduqdan sonra əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından qanunsuz pul vəsaitini talamaqla həmin kartın sahibinin hesabından oğurluq edib özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrəsinə göndərilmiş identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə nağdsız şəkildə sonuncunun xəbəri olmadan gizli olaraq həmin pulu 21 dekabr 2024-cü il tarixdə saat 13:00-da özünə məxsus Kapital Bank ASC-tərəfindən verilmiş 4169-7388-7937-6283 nömrəli plastik bank kart hesabına köçürərək Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat məbləğində pulunu gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, sosial şəbəkələrdə müxtəlif proqramlar vasitəsi ilə müxtəlif şəxslərin bank kartlarından oğurluq etməyə görə məhkum olunmuşdur. Şirvan şəhərində yaşayan Zərərçəkmiş şəxs əyani olaraq görməmiş, mobil telefonda görüntülü danışarkən görmüşdür. Belə ki, 21 dekabr 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində özünə hesab açmış, ona “İnstagram” sosial şəbəkəsindən bir nəfər, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs “Payonix” proqramında kredit götürməyində köməklik istəmiş, o da həmin şəxsə mesaj yazmış, köməklik edəcəyini demiş, ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etmişdir. Ona əvvəlcə “Payonix” proqramını yükləməyini və daha sonra onun dediklərini edəcəyini söyləmişdir. Onun proqramında asan variantda oğurluq edəcəyini fikirləşmiş, bu fikrini qətiləşdirib görüntülü zəng etmiş, onun “SİMA”sından həmin proqramdan keçməyini demiş, dediklərini həmin şəxs etmiş, onun proqramına asanlıqla daxil olub simasını əldə etmiş, bütün məlumatlarını əldə etdikdən sonra həmin tarixdə təxminən saat 13 radələrində 250 manat kredit götürmüş, sonra ona 6 rəqəmli kod gələcəyini və həmin kodu ona deməyini istəmişdir. Bundan sonra həmin şəxsin mobil telefonuna 6 rəqəmli kod gəlmiş, həmin kodu ona demiş, yuxarıda qeyd etdiyi proqramından 250 manat pulun gəldiyini görüb istifadəsində olan adına olan "xxxx" ASCyə məxsus 4169-7388-7937-6283 bank kartına onun xəbəri olmadan göndərmişdir. Həmin pulu isə bankomatdan məxaric edib öz xeyrinə xərcləmişdir. Qeyd edilən cinayət əməlini törədərkən ona heç kim köməklik göstərməmiş və oğurluğu tək etmişdir. Əməlindən peşmandır, üçüncü dərəcəli əlil olmasının nəzərə alınmasını və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 21 dekabr 2024-cü il tarixdə istifadəsində olan mobil telefon ilə “İnstagram” sosial şəbəkəsində olarkən qarşısına “payonix asan kredit götür” adlı səhifə çıxmış, həmin səhifəyə daxil olub köməklik etməyi üçün mesaj yazmışdır. Həmin şəxs onunla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, ona “Payonix” proqramını yükləməyi və daha sonra onun dediklərini edəcəyini söyləmişdir. Həmin şəxslə təxminən 3-4 dəqiqə mobil telefonda danışmış, ona “Payonix” proqramından gəlmiş olan 6 rəqəmli kodu istəmiş və onu mobil telefonda həmin şəxsə demişdir. Daha sonra ona köməklik edərək 250 manat kredit götürmüşdür. Həmin pulu öz kart hesabına atmalı ikən həmin şəxs xəbəri olmadan ondan daha əvvəl hərəkət edərək onun hesabında olan 250 manat pulu oğurlamışdır. Həmin şəxsin onun hesabına girməsini etdiyi oğurluq hərəkətini sonra bilmişdir. Daha sonra “Payonix” BOKT-a məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq baş verənləri demiş və onlar ona 250 manat pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu və həmin pulun 41697388****6283 saylı plastik karta köçürüldüyünü, qısa müddətdə bu problemin aradan qaldırılacağını demişlər. Bu sözdən sonra rahatlaşmış, lakin xx.xx.2025-ci il tarixdə ona təkrar “Payonix”dən zəng gəlmiş və kreditinin gecikdiyini, faiz gəldiyini demişlər. Bundan sonra DİN-in 102 Xidmətinə zəng etmiş və Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə ilə bağlı tək şübhələndiyi şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X3 icraatına qəbul edilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-427/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; zərərçəkmiş şəxs kimi tanımaq haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər hansı bir rəsmi olaraq şikayət daxil olmamışdır; Şirvan şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 1(032)-76/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək yeri müəyyən olunduqda həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 26 sentyabr 2025-ci il tarixli, 3-16-17/42/2-5653/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-109957/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu günə 04 ay 09 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır; Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etmiş olduğu 30 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur; Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq etməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik CM-nin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini 59.1.13-cü, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, lakin digər qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq cəza çəkdiyi müddətdə hazırki eyni xarakterli qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-427/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınıb qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanıb 02 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar