Məhkəmə qərarları › İş №1(032)-77/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-77/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-77/2023 04.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 14 fevral 2023-cü il tarixdə, saat 14:30-da yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyani sahəsində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruqla baş və qulaq nahiyəsindən bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sol təpə-gicgah sərhədində əzilmiş-cızılmış yara, sağ qulaq seyvanında sıyrıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1975-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 2013cü ildə övladı Azad rəhmətə getdikdən sonra onun səhhətində bir sıra problemlər yaranmağa başlamış, bu səbəbdən arabir spirtli içkilər qəbul etməyə başlamış, arvadı Zeynabla da aralarında münaqişələr yaranmışdır. Hər dəfəsində Zeynab onu sərxoş vəziyyətdə evə gəlməsini görüb, onunla münaqişə yaratmağa başlamış, sonuncu dəfə 04 fevral 2023-cü il tarixdə, saat 14 radələrində o, yaşadıqları ünvana gəlmiş, Zeynab həmin vaxt həyətdə olarkən, o Zeynaba qonşu ilə nə səbəbə ünsiyyət yaratdığını bildirmiş və Zeynab onu söyüb, təhqir etməyə başlamışdır. Bu vaxt o, əsəbləşərək Zeynaba yaxınlaşmış, özünü saxlaya bilməyərək, Zeynabın baş nahiyəsinə bir neçə dəfə yumruqla vurub xəsarət yetirmişdir. Bu vaxt Zeynab yerə yıxılmış və baş nahiyyəsi yerdə olan daş parçasına dəymişdir. Bir neçə saat keçdikdən sonra Zeynabın səhhətinin yaxşı olmadığını görüb təcili tibbi yardım çağırmışlar. Bir qədər keçdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər. Hadisə zamanı sərxoş və əsəbi olduğu üçün bu əməli törətmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, 1975-ci ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuşdur. 2013-cü ildə övladları Azad rəhmətə getdikdən sonra əri Seyfəli spirtli içki aludəçisi olmağa başlamış, hər gün demək olar ki, sərxoş vəziyyətdə Seyfəli yaşadıqları ünvana gəlir, bu səbəbdən də Seyfəli ilə aralarında tez-tez münaqişələr olur. Sonuncu dəfə 14 fevral 2023-cü il tarixdə, saat 14:30-da əri Təqsirləndirilən şəxs yaşadıqları ünvana gəlmiş, o, Seyfəlinin həmişəki kimi sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Seyfəli onu qonşuluqda yaşayan azyaşlı uşağa qısqanaraq söyüb, təhqir etmiş, onun baş və qulaq nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. O, bu vaxt özünü itirmiş və yerə yıxılmışdır. Bir neçə saat sonra Təcili tibi yardım stansiyasının “103” qaynar xəttinə məlumat vermiş və yaşadığı ünvana həkimlər gəlmiş, onu xəstəxanaya aparmaq istəmişlər, lakin o bununla razılaşmamışdır. Tibb işçilərinə ərinin onu döyməsi nəticəsində xəsarət aldığını bildirdikdən sonra yaşadığı ünvana polis əməkdaşları gəlmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə vaxtı ictimai qaydanın pozulub-pozulmamasını müəyyən etmək üçün Şirvan şəhər polis şöbəsinin İTB-nə verilmiş raporta cavab olaraq 19 fevral 2023-cü il tarixli raportda göstərilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə vaxtı ictimai qayda pozulmamış, həmin hadisəni faktiki olaraq həmin ərazidə yaşayan şəxslər tərəfindən görən olmamışdır. (i.v. 46) Məhkəmə-tibbi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 61 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət-sol təpə-gicgah sərhədində əzilmiş-cırılmış yara, sağ qulaq seyvanında sıyrıq-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 fevral 2023cü il taridə müayinə olunanın dediyi şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 15-16) Şirvan şəhər mərkəi xəstəxanasının 16 fevral 2023-cü il tarixli 171 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-da ruhi-əsəb və narkolofi kabinetlərdə qeydiyyatda yoxdur. (i.v. 43) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddə ilə təqsirli bilinib, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 47-48) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin əvvəllər eyni zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin barışıq əldə olunduğuna görə cinayət işinə xitam verilmişdir. Məhkəmə belə hesab edir ki, şəxsin cinayət məsuliyyətinin əsasları izah edilsə də, əvvəlki qərarla barəsində humanist addımlar atılsa da, o, islah olunmamış və hazırda baş vermiş hadisə bunun bariz nümunəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin yaşını, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını, əvvəllər eyni xarakterli əmələ görə barəsində olan cinayət təqibinə xitam verilməsini nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasının aşağı həddində cərimə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 ( bir min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar