Məhkəmə qərarları › İş №1(032)-78/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-78/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-78/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, ali təhsilli, subay, Masallı rayonu, Qodman ərazi dairəsi, Qodman kəndində qeydiyyatda olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 yanvar 2020-ci il tarixdə saat 19:50-də Rusiya Federasiyasının Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129 a saylı ünvanda yerləşən “Prints Plaza” Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən 2- 18 saylı “Pantamo Jeans” adlı mağazaya müştəri qismində daxil olaraq, mağazada işləyən satıcının başının müştərilərə xidmət etməsi ilə bağlı qarışıq olmasından istifadə edib, mağazada olan masanın üzərindəki Zərərçəkmiş şəxs məxsus əl çantasından Azərbaycan manatının həmin dövrün məzənnəsi ilə 556 manat təşkil edən 20000 rubl pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 556 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, özünün etirafedici ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, hazırda barəsində Lənkəran Ağır Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və bir ildir ki cəza çəkir. O, 2020-ci il tarixdə Rusiya Federasiyasında olmuş, həmin vaxt ailə üzvləri ilə birlikdə Rusiya Federasiyası, Moskva şəhərində kirayə qalmışdır. O, həmin vaxtlar iş tapa bilməmiş və maddi vəziyyəti bu səbəbdən ağırlaşmışdır. 14 yanvar 2020-ci il tarixdə avtobusla Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129-da yerləşən “Prints Plaza” ticarət mərkəzinə gəlmiş, təxminən orada 10 dəqiqə gözləmiş, sonra ticarət mərkəzində gəzmək qərarına gəlmiş, ticarət mərkəzinin ikinci mərtəbəsinə çıxmış, ikinci mərtəbədə olarkən qadın geyimləri mağazasının qabağına gəlmiş, orada güzgüdən baxan zaman mağazada kimsənin olmadığını görmüş, orada olan satıcının stolunun arxa tərəfində qara rəngli ağzı açıq çanta görmüş, mağazaya girib, satıcı oturan tərəfə keçib yerə tərəf əyilərək oturmuş, sonra isə açıq çantanın içərisindən pul götürmüş və kimsə onu görmədən mağazadan çıxmışdır. Sonra ticarət mərkəzinin birinci mərtəbəsinə düşmüş və oradan çıxaraq evinə getmişdir. Götürdüyü pulun 20000 rubl olmasını evə gələndən sonra müəyyən etmişdir. Həmin 20000 rubl puluda öz şəxsi ehtiyaclarına və borcuna xərcləmişdir. Təxminən iki həftə sonra, yəni 28 yanvar 2020-ci il tarixdə törətdiyi oğurluq hadisəsinə görə Moskva şəhərində istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Onun qeydiyyat müddəti bitdiyindən müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlmək, yenidən qeydiyyatdan keçərək Rusiya Federasiyasına qayıtmaq istəmişdir. Lakin ölkəyə qayıtdıqdan sonra pandemiya olmuş, yollar bağlanmış və Rusiya Federasiyasına qayıda bilməmişdir. Onun istintaqdan qaçmaq və ya yayınmaq fikri olmamışdır. Pandemiya səbəbindən Rusiya Federasiyasına qayıda bilməmişdir. Oğurluq zamanı tək olmuş, yanında kənar şəxs olmamış, kənardan da onu kimsə görməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində bildirmişdir ki, sentyabr ayından Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129 a ünvanında yerləşən “Prints Plaza” ticarət mərkəzinin ikinci mərtəbəsində “Pantamo” mağazasında satıcı işləyir. xx.xx.2020-ci il tarixdə iş yerində Lima adlı iş yoldaşı ilə birlikdə olmuşdur. İşə gəldikdə, içində 5000 rubl və 1000 rub nominallı 20000 rubl və şəxsi əşyaları olan çantasını masanın üzərinə qoymuşdur. Saat 19:40 radələrində iş yoldaşına müraciət edib onu ticarət zalında bir müddət əvəz etməyi xahiş etmiş, mağazaya axşam yeməyini almağa getmək istəmişdir. Lima onunla razılaşmış və o, ərzaq mağazasına getmişdir. Ona məxsus olan qadın çantasını masanın üstündə qoyub getmiş, ərzaqlara görə pul kartla ödənildiyindən özü ilə yalnız bank kartını götürmüşdür. İş yerində təxminən 30-40 dəqiqə olmamış, qayıtmış və öz vəzifələrini icra etməyə başlamışdır. Saat 21:30 radələrində Lima ilə mağazanı bağlamağa başlamış, iş masasına yaxınlaşmış, görmüşdür ki, onun çantasının ağzı açıqdır və yerdə stolun altındadır. Dərhal çantasını götürmüş, onun içini yoxlamış, 20000 rubldan başqa, hər şey yerində olmuşdur. Fakt barədə rəhbərliyinə məlumat vermiş, çünki həmin pul vəsaitləri xx.xx.2020-ci il tarixdə Rostov- Dona qardaşının yanına getmək üçün qoyulmuşdur. Səfəri təxirə salmamaq üçün rəhbərindən pul vəsaitlərini borc götürmüş, polisə müraciət etməmiş, çünki bunu uzun bir proses hesab etmiş və Rostov-Dona gedən avtobusa gecikməkdən qorxmuşdur. Moskvaya qayıdandan sonra, yəni xx.xx.2020-ci il tarixdə polisə yazılı ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 20000 rubl məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Moskva şəhər Yasenevo rayonu üzrə Rusiya DİNŞ-nin İstintaq şöbəsinin cinayət axtarışı əməliyyat müvəkkili Şahid1 həmin ifadəsində bildirmişdir ki, onun vəzifələrinə cinayətlərin qarşısının alınması, üzə çıxarılması, açılması, cinayətlərin törədilməsində şübhəli bilinən və ya təqsirləndirilən şəxslərin saxlanması məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək daxildir. O, 27 yanvar 2020-ci il tarixdə Moskva şəhər Yasenevo rayonu üzrə Rusiya DİNŞ-də xidmətdə olmuşdur. 14 yanvar 2020-ci il tarixdə, saat 15:00 radələrində Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129 a ünvanında yerləşən “Prints Plaza” ticarət mərkəzində yerləşən “Pantamo” mağazasının əməkdaşının pul vəsaitlərinin oğurlanması barədə məlumat daxil olmuşdur. Aparılmış tədbirlərin gedişində, həmin ticarət mərkəzində quraşdırılmış videomüşahidə kameralarının videoyazılarına baxış nəticəsində müəyyən edilmişdir ki, həmin cinayətin törədilməsində xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əli vardır. Təqsirləndirilən şəxs 27 yanvar 2020-ci il tarixdə Moskva şəhəri, Profsoyuznaya küçəsi 129 a ünvanında yerləşən “Prints Plaza” ticarət mərkəzində mağaza mühafizəsinin əməkdaşları tərəfindən saxlanmış və hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Moskva şəhər Yasenevo rayonu üzrə Rusiya DİNŞ-nə gətirilmiş, burada könüllü gəlib təqsirini boynuna alma barədə ərizə yazmaq istədiyini bildirmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və ətraflı izahat vermişdir. İzahatda törətdiyi cinayət, yəni Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129 a ünvanında yerləşən “Prints Plaza” ticarət mərkəzində qadın çantasından 20000 rubl məbləğində pul vəsaitlərini oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanması və sonradan onunla ünsiyyət zamanı ona qarşı mənəvi, fiziki və psixolofi təzyiq göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, Moskva şəhəri, Profsoyuznaya küçəsi, 129 a ünvanında yerləşən “Prints Plaza” ticarət mərkəzində baş mühafizə növbətçisi vəzifəsində işləyir. Onun vəzifələrinə mühafizə olunan obyektin ərazisində təhlükəsizliyin təmin edilməsi daxildir. xx.xx.2020-ci il tarixdə iş yerində olmuş və saat 21:30 radələrində ona məlum olmuşdur ki, həmin ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən “Pantamo” mağazasının əməkdaşı Zərərçəkmiş şəxs masanın üzərindən naməlum şəxs tərəfindən 20000 rubl məbləğində pul vəsaitləri talan edilmişdir. Bundan sonra həmin faktla bağlı daxili yoxlama aparmış, videomüşahidə kameralarının yazılarına baxış keçirmiş, onlarda xx.xx.2020-ci il tarixdə qadın çantasından pul vəsaitlərinin talan edildiyi məqam əks edilmişdir. Bundan sonra “Prints Plaza” ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən “Pantamo” mağazasının əməkdaşının qadın çantasından pul vəsaitlərini talan edən naməlum vətəndaş yenidən “Prints Plaza” ticarət mərkəzində, yəni “Mu-mu” kafesində görünmüşdür. Həmin şəxs tərəfindən saxlanmış və hadisə yerinə araşdırma üçün polis əməkdaşları çağırılmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 27 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Moskva şəhəri, Profsoyuznaya küçəsi 129a ünvanında yerləşən «Prints Plaza» Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən 2-18 saylı ticarət nöqtəsidir. (2-ci cild i.v 39-40); İş materiallarında olan götürmə aparılması haqqında 15 oktyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, «Pantamo Jeans» mağazasından 14 yanvar 2020-ci il tarix saat 22:00-dan 14 yanvar 2020-ci il tarix saat 23:00-a qədər olan dövr ərzində olan videoyazı götürülmüşdür. (2-ci cild i.v 140, 141-142); İş materiallarında olan baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdəki 1 nömrəli fayla (kamera 1 **********4842.avi) baxış zamanı müəyyən edilmişdir ki, videoyazı mağazanın kassasının üstündə quraşdırılmış 1 nömrəli videomüşahidə kamerasından aparılır (kassa aparatı olan masa), masanın ətrafına paltarlar olan rəflər vardır. Videoyazıya baxış zamanı müəyyən edilmişdir ki, aşağı sağ küncdə xx/xx/2020 tarixi, saat 19:48:50 göstərir, videoyazının davamlılığı 02 dəqiqə 30 saniyədir. 19:49:42-də həmin masaya qafqazlı görünüşü olan bir şəxs yaxınlaşır, zahirən Təqsirləndirilən şəxs oxşayır. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs kassa aparatı və kompüter olan masaya yaxınlaşır. Bundan sonra o, kənarlara baxıb masanın arxasına keçir, əyilib masanın yeşiklərində olanları yoxlamağa başlayır. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs kassa aparatı və kompüter olan masaya yaxınlaşır və masanın yeşiklərində olanları yoxlamağa başlayır. Bundan sonra masanın yeşiklərindən birində qadın çantasını aşkar edib onu çıxarır və onun içini yoxlayır. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs masanın yeşiklərindən birində qadın çantasını çıxarır və onun içini yoxlayır, saat 19:50:35-də zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs çantada pul vəsaitlərini tapır, o, onları sol ovucunda saxlayır, daha sonra şalvarının sol çöl cibinə qoyur və mağazadan çıxışa doğru gedir. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs qadın çantasında pul vəsaitlərini tapır və onları talan edir. 2 nömrəli fayla (kamera 1 **********4842.avi) baxış zamanı müəyyən edilmişdir ki, videoyazı mağazanın kassasının üstündə quraşdırılmış 2 nömrəli videomüşahidə kamerasından aparılır (kassa aparatı və kompüter olan masa). Videoyazının davamlılığı 02 dəq. 47 saniyədir və mağazadan giriş/çıxışa yönəlmişdir. 19:49:39-da mağazaya zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs daxil olur. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs mağazaya daxil olur. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs onun hərəkətlərini kimsənin müşahidə etmədiyinə əmin olmaq üçün kənarlara baxır, eyni zamanda masanın üstündə olanlara nəzər salır. Saat 19:50:44-də Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs qabaqcadan onun hüquqazidd hərəkətlərini kimsənin müşahidə etmədiyinə əmin olmaq üçün kənarlara baxıb mağazadan çıxır. Zahirən Təqsirləndirilən şəxs oxşayan şəxs mağazadan çıxır 3 və 4 saylı videoyazılar istintaq üçün maraq kəsb etmir, çünki əməliyyat əhəmiyyətli informasiya yoxdur. (2-ci cild i.v 143-144); İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdəki fayllara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman sonuncu videogörüntüdə olan şəxsin onun özünün olduğunu və həqiqətən də xx.xx.2020-ci il tarixdə Moskva şəhəri, Profsoyuznaya küçəsi 129a ünvanında yerləşən “Prints Plaza” TM-nin ikinci mərtəbəsində yerləşən “Pantamo” mağazasından əl çantasından 20000 rubl pul oğurladığını bildirmişdir. (3-cü cild i.v 70); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (3-cü cild i.v 39- 41, 42-46, 47-52) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq etməsi cinayətini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X3 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respbulikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkməkdədir. Məhkəmə həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti yuxarıda qeyd edilən cinayətlərə görə məhkum olunmazdan əvvəl törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, Nuriyev X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkməkdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-298/2022 saylı hökmü ilə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Şirvan Regional Vəkil bürosunun hesablaşma hesabına, Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Şirvan Regional Vəkil bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar