Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-79/2025 19.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda, 01 ədəd bükülüdə ümumilikdə 0,610 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirsalınmaz tədbirlər nəticəsində 27 fevral 2025-ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri H.Əliyev küçəsində yol kənarında saxlanılıb üzərində yoxlama aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükülüdə olan 0,610 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, psixotrop maddə metamfetamindən istifadə edir. 27 fevral 2025-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdən çıxıb dərziyə getmişdir. Evdən bir qədər aralaşdıqdan sonra yol kənarında bir büküm sellofanda psixotrop maddə metamfetamin aşkarlamışdır. Özü də istifadə etdiyindən həmin bükülünü götürüb sağ cibinə qoymuşdur. Dərzidə işlərini yekunlaşdırdıqdan sonra axşam saatlarında yaşadığı evə doğru getmişdir. Bu zaman polis əməkdaşları anidən yaxınlaşıb onu saxlamış və narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu demişlər. Saxlanılan zaman videoçəkilişdən istifadə edilirdi. O, da üzərində psixotrop maddə olduğundan heç bir söz deməmişdir. Sorğu zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddəni polis əməkdaşlarına təqdim eləmişdir. Həmin psixotrop maddəni haradan əldə etdiyi soruşulduqda tapdığını demişdir. Daha sonra aşkar edilmiş psixotrop maddəni polis əməkdaşları qablaşdırmış və o da qablaşdırmanı imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış və vəkilində iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə baxış keçirilmiş, elektron tərəzidə ölçülmüş və təkrar qablaşdırılmışdır. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 27 fevral 2025-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 və KTQ-nun baş inspektor kriminalisti Miradil Əmirovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 fevral 2025ci il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, Heydər Əliyev küçəsində yol kənarında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onların yaxınlaşdığını görüb hərəkətini dayandırmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmiş və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində saxladığı psxiotrop maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “patı” (psixotrop maddə metamfetamin) olduğunu və yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan Təqsirləndirilən şəxs şəhər polis şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid1 şahid qismində vermiş olduğu ifadəsində Şahid2 göstərdiklərini təsdiq etməklə onun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, 27 fevral 2025-ci il tarixdə saat 20:51-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı polis əməkdaşları Şirvan şəhəri, H.Əliyev küçəsində xidməti avtomobil ilə hərəkətdə olarkən Təqsirləndirilən şəxs görərək avtomobildən enib ona yaxınlaşmış. Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb hərəkətini saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bəznər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə “patı” adı ilə bildiyi psixotrop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütləni yaşadığı ünvanın yaxınlığından tapdığını, lakin istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki şalvarının sol yan cibindən 01 ədəd “Samsung A 06” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin cibindən bir qutu “LD” markalı siqaret, alışqan və sağ arxa cibindən bir ədəd açar aşkar edilsə də həmin əşyalar şəxsin özünə qaytarılmışdır. Aşkar olunmuş psxiotrop maddə metamfetaminə bənzər kütlə 01 ədəd zərfdə qablaşdırılmış, videoçəkiliş zamanı zərfin ağzı DİN-nin 55 saylı möhürü ilə möhürlənərək yapışqanla bərkidilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 27 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 27 fevral 2025-ci il, saat 20:51-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 22:15-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/194 nömrəli, 28 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,610 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,610 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq 0,510 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 28 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X1 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 28 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 4(032)-37/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 05 mart 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş təmiz çəkisi - 0,510 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və saxlanması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanması nəzərə alınmışdır. Şübhəli şəxsin üstünün üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında əməliyyat axtarış tədbiri zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd DVD və əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd DVD maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edildiyi nəzərə alınmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 17 mart 2025-ci il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(032)-222/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02 aprel 2025-ci il tarixli, 18-1-35/2-461/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Cinayət işinə əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 119 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 01 mart 2025-ci il tarixli, 103 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 07 mart 2025ci il tarixli, 1392 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərin, Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu halı onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,510 qram olan, iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,510 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-79/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-79/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver