Məhkəmə qərarları › İş №1(032)-80/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-80/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-80/2023 13.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 08 oktyabr 2020-ci İldə cəza müddəti başa çatmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq və elektron məlumat daşıyıcılarından istifadə edilməklə oğurluq etmişdir. Belə ki, o, 21 may 2022-ci il tarixdə saat 20:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən “Hacı Osman” məscidinə gələrək həmin vaxt məsciddə namaz qılan Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs1 üzərində olan 01 ədəd “Honor 9X” markalı mobil telefonu, 01 ədəd “smart” markalı qol saatını və sonuncunun anası Lətafət Mirzəyevaya məxsus 01 ədəd “Tam kart”-ı nəzarətsiz məsciddə qoymasından istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus 380 (üç yüz səksən) manat dəyərində olan 01 ədəd “Honor 9X” markalı mobil telefonu və 01 ədəd 30 manat dəyərində olan “smart” markalı qol saatını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 cəmi 410 (dörd yüz on) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmiş, daha sonra götürmüş olduğu Zərərçəkmiş şəxs1 anası Ağdaş rayon Aşağı Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “Tam kart” kredit kartının “Wi-fi” informasiya texnologiyasından istifadə etməklə kart hesabından xx.xx.2022-ci il tarixdə, sat 01:42 dəqiqədə Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında 50 (əlli) manat, xx.xx.2022-ci il tarixdə, saat 01:45 dəqiqədə Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında 3 (üç) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixdə, saat 02:22 dəqiqədə Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında 5 (beş) manat 60 (altmış) qəpik, xx.xx.2022-ci il tarixdə, saat 02:25 dəqiqədə Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında 3 (üç) manat 80 (səksən) qəpik, xx.xx.2022-ci il tarixdə, saat 02:47 dəqiqədə Hacıqabul rayonunda yerləşən “Pirsaat” yanacaqdoldurma məntəqəsində 5 (beş) manat, xx.xx.2022-ci il tarixdə, saat 08:52 dəqiqədə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzində 55 (əlli beş) manat, xx.xx.2022-ci il tarixdə, saat 08:52 dəqiqədə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzində 55 (əlli beş) manat, xx.xx.2022-ci il tarixdə, saat 08:53 dəqiqədə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzində 4 (dörd) manat 37 (otuz yeddi) qəpik pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 179 (yüz yetmiş doqquz) manat 05 (beş) qəpik məbləğində ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə icalsında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində o, Qazax rayonundan İsmayıllı rayonuna getmək üçün Ağdaş rayonuna gəlmiş, Ağdaş rayon mərkəzi bazarının yaxınlığında olan məscidin ayaqyolusundan istifadə etmək üçün məscidə getmiş, ayaqyolundan çıxandan sonra məscidin həyətində əvvəllər görmədiyi və tanımadığı bir oğlan ilə salamlaşmışdır. Təxminən 20 dəqiqə onunla söhbət etmiş, həmin oğlandan haralı olduğunu və nə işlə məşğul olmasını soruşmuş, həmçinin həmin şəxs də ondan kim və haralı olduğunu soruşmuşdur. O həmin oğlana Mingəçevir şəhərindən olduğunu və adının Hacı olduğunu bildirmiş, söhbət zamanı o həmin şəxsin əlində mobil telefon və qolunda smart saat olmasını görmüş, mobil telefon və qol saatını oğurlamaq qərarına gəlmişdir. Söhbət bitdikdən sonra həmin şəxs namaz qılmaq üçün məscidə daxil olmuş, o da həmin şəxsin arxasınca getmiş, həmin vaxt qeyd etdiyi şəxs mobil telefon və qolundakı saatı səkinin üzərinə qoymuş, o həmin şəxsin namaz qılmağa başlamasını və kənara baxmadığını görmüş, buna görə də o həmin mobil telefonu və qol saatını götürüb oradan uzaqlaşmış, daha sonra təxminən saat 20 radələrində bazarın qarşısında tanımadığı taksi sürücüsündən onu Bakı-Qazax magistral yolunun kənarına aparmasını xahiş etmiş, həmin taksi sürücüsü də onu qeyd etdiyi yerə aparmış, o da bunun əvəzində həmin taksi sürücüsünə 7 manata pul vermişdir.Taksi ilə yolu gedən zaman məsciddən oğurladığı mobil telefona format vermək üçün telefonun üzərində olan kaburonu çıxarmış, kaburounun arxasında 01 ədəd “Tamkart” taksit kartı görmüşdür. Daha sonra Bakı şəhərinə getmək üçün yolun sağ tərəfinə keçmiş, bundan sonra Bakı şəhəri istiqamətində hərəkət edən “Kamaz” markalı yük avtomobilinə əli ilə işarə edərək saxlatmış, həmin Kamazla Hacıqabul rayonuna qədər getmiş, Hacıqabul rayonu ərazisində, Şirvan şəhərinə gedən körpünün üzərində avtomobildən düşmüş, sonra piyada “Qədir Xum” restoranına getmişdir. Qədir Xum restoranında həmin “Tamkart” taksit kartı ilə ödəniş edərək yemək, çay və siqaret almış, həmçinin həmin taksit kartını yaxınlıqda olan və Beynəlxalq Bankın ATM-nə daxil etmiş, lakin kartın şifrəsini bilmədiyi üçün özündən şifrə yazmış, lakin həmin şifrə də yanlış olmuş, təxminən saat 02 radələrində tanımadığı taksi sürücüsünə Şirvan şəhərinə aparmasını xahiş etmiş, nağd pulunun olmadığını və ona kart vasitəsi ilə yanacaq vuracağını bildirmiş, daha sonra “Pirsaat” yanacaq doldurma məntəqəsində dayanmış və o həmin avtomobilə 5 manatlıq benzin vurmuşdur.Təxminən gecə saat 03 radələrində Şirvan şəhərinə çatmış, həmin gün gecəni parkda yatmış, səhər saat 08 radələrində Şirvan şəhərində yerləşən “Bolmarket”dən təxminən 110 manat dəyərində alış-veriş etmiş, özü üçün şirniyyat, su və digər ərzaq məhsulları almışdır. Şirvan şəhərində olan zaman “Tamkart” taksit kartında olan pulu bitdiyindən həmin kartı əli ilə iki yerə bölərək xatırlamadığı yerdə atmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getmiş, yolda olan zaman oğurladığı mobil telefonun şifrəsini qırmış və həmin telefondan istifadə etməyə başlamışdır. Bakı şəhərində internet klubların birində həmin mobil telefonun İP adresini dəyişmiş, xx.xx.2022-ci il tarixdə həmin mobil telefonu Bakı şəhəri 20 Yanvar metrosunun çıxışında tanımadığı şəxsə 110 manata satmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam namazı vaxtı, təxminən saat 20:30-da Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən “Hacı Osman” məscidinə axşam namazı qılmaq üçün getmiş, namazdan əvvəl dəstəmaz alıb məscidin içərisinə daxil olmuş, namaza başlamazdan əvvəl cibində olan “Honor-9x” markalı mobil telefonu, smart markalı qol saatını və anasının adına olan “Beynəlxalq Bank” taksit kartını çıxarıb məscidin içərisində olan tumbanın üzərinə qoymuş, namazı qılıb bitirdikdən sonra həmin əşyaları götürmk istəyəndə əşyaların yerində olmadığını gördüyündən həmin əşyaların naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Onun özünə məxsus “Beynəlxalq Bank” taksit kartı vardır. xx.xx.2022-ci il tarixdə axşam təxminən saat 21, 22 radələrində oğlu Elməddin yaşadığı evə gələrək özünə məxsus “Honor 9X” markalı mobil telefonun, “Smart” markalı qol saatının və ona məxsus olan “Beynəlxalq Bank” taksit kartının “Hacı Osman” məscidində namaz qılarkən naməlum şəxs tərəfindən oğurlanmasını bildirmiş, o oğlundan hadisənin necə baş verməsini soruşmuş, oğlu Elməddin ona Ağdaşda şəhərində yerləşən “Hacı Osman” məscidinə namaz qılmaq üçün getdiyini, bu zaman üzərində olan “Honor-9x” markalı mobil telefonu, smart markalı qol saatını və “Beynəlxalq Bank” taksit kartını tumbanın üzərinə qoyduğunu, namazı qılıb qurtardıqdan sonra isə həmin əşyaların orada olmamasını bildirmişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2022-ci il tarixli “Azərbaycan Beynəlxalq Bank”ın hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Tamkart” taksit katından xx.xx.2022-ci il tarixdə, saat 01:42:14-də 50 manat, saat 01:45:04-də 3 manat 80 qəpik, saat 02:22:38-də 5 manat 60 qəpik, saat 02:25:02-də 3 manat 80 qəpik, saat 02:47:22-də 5 manat, saat 08:52:38-də 55 manat, 08:52:54-də 55 manat, saat 08:53:51-də 0,85 qəpik, ümumilikdə 179 (yüz yetmiş doqquz) manat 05 (beş) qəpik məbləğində pul məxaric edilmişdir. (i.v.11) Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “smart” markalı qol saatının ekspertizaya təqdim edilməsi mümkün olmadığından həmin saatın qiyməti Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsində göstərdiyi qiymətlə götürülmüşdür.( i.v. 136-142) “Azercell Şirvan”-dan daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, işlənmiş və istifadəyə yararlı “Honor 9x” markalı mobil telefonun xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 380 (üç yüz səksən) manat təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs ittiham elan edilərkən həmin 01 ədəd “Honor 9x” markalı telefonun qiyməti “Azercell Şirvan”-dan daxil olmuş arayışa əsasən götürülmüşdür.( i.v.130) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 08 oktyabr 2020-ci İldə cəza müddəti başa çatmışdır. (i.v.102-105) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.114-120) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə (cəzasının əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmaqla) 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, həmin hökmə münasibətdə hazırda onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010- cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlindən peşman olması kimi yüngülləşdirici halları, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmalarını diqqətdən qaçırmır və onun əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının CM-nin 66.5-ci maddəsinin tələbləri rəhbər tutulmaqla təyin olunmasını, cəzasının əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq barəsində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar