Məhkəmə qərarları › İş №1(032)-82/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-82/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-82/2024 25.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1978-ci il tarixdə Kəlbəcər rayonu, Mişni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Mişni kəndində qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində işə düzəldəcəyi barədə yalan vəd verib, sonuncudan 17 iyun 2022-ci il tarixdə Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən Kür çayının kənarında 5000 manat pulu əlbəəl alaraq, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 onu “Qazel” zavodunda işə düzəldəcəyi barədə yalan vəd verib, sonuncudan vahid niyyətlə əhatə olunmuş qəsdlə 09 oktyabr 2023-cü il tarixdə Saatlı rayonu H.Əliyev küçəsində yaşadığı ünvanda 1000 manat pulu və 19 oktyabr 2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Əmin” kafesində 2000 manat pulu əlbəəl alaraq, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, əvvəllər Salyan rayonu, Pambıqkənd kəndində yerləşən Şahid1 məxsus olan fermada çoban işləmiş, onun işinin qarşılığında 400 manat maaş almış, lakin arvadı Mariya xəstə olduğu üçün onun dərmanlarını ala bilməmişdir. Buna görə də əlavə pul lazım olduğunu başa düşmüş, lakin başqa işi olmadığı üçün heç cür pul əldə edə bilməmişdir. İşlədiyi fermanın kənarından keçən Kür çayının digər tərəfi Sabirabad rayonu Poladtuğay kəndinin ərazisidir. O fermada işlədiyi müddətdə Sabirabad rayonu Poladtuğay kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Bəhruzla münasibətləri yarandığından sonuncu hərdən fermaya gəlmiş, birlikdə söhbət etmişlər. Aralarında olan söhbətlərin birində Bəhruz ona dövlət işində işləmək istədiyini bildirmişdir. O da, Bəhruza yalandan Fövqəladə Hallar Nazirliyində qohumunun işlədiyini, onun köməkliyi ilə onu işə düzəldə biləcəyini demişdir. Bəhruz onun bu təklifi ilkə razılaşmış və ona köməlik etməsini istəmişdir. O da danışıb xəbər edəcəyini demişdir. 2022-ci il iyulun 10-da o, mobil telefon vasitəsilə Bəhruza zəng edərək razılıq aldığını, sənədləri düzəldib ona verməyini demiş, Bəhruz isə lazımi sənədləri düzəldib verəcəyini bildirmişdir. 2022-ci il iyulun 12-də Bəhruz mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da fermada olduğunu demişdir. Bəhruz sənədləri hazırladığını, gətirib verəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Bəhruz qayıqla Kür çayını keçərək fermanın ərazisinə gəlmiş, düzəltdiyi sənədləri ona vermişdir. O, Bəhruza 5000 manat pul vermək lazım olduğunu demiş, Bəhruz da düzəldib verəcəyini bildirmişdir. O, Bəhruza iyulun 17-də 5000 manat pulu çatdırılmalı olduğunu bildirmişdir, Bəhruz da onunla razılaşmışdır. 2022-ci il iyulun 17-də Bəhruz mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da Şahid1 fermasında olduğunu demişdir. Təxminən 30 dəqiqə sonra Bəhruz yanında bir nəfər şəxs ilə fermaya gəlmiş, Bəhruz yanındakı şəxsin onun tanışı olduğunu, adının Niyyət olduğunu bildirmişdir. Bəhruz fermanın ərazisində Kür çayının kənarında Niyyətin yanında 5000 manat pulu sayaraq ona vermiş, o da həmin pulu alaraq sayıb cibinə qoymuşdur. O, Bəhruza işi yaxın günlərdə həll edəcəyini demişdir. Sonra pula ehtiyacı olduğu üçün Bəhruzdan aldığı ümumilikdə 5000 manat pulu arvadı Mirayanın müalicə və dərmanlarına xərcləmişdir. Sonradan Bəhruzun mobil telefon vasitəsilə ona zəng etməsi səbəbi ilə telefon nömrəsini dəyişdirmişdir. Bundan başqa o bildirmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində qonşusu Ziyadxanla söhbət edən zaman sonuncu ona Dilqəm adlı qohumunun olduğunu, Dilqəmin iş axtardığını və əgər iş yeri olarsa ona xəbər verməyini demişdir. O da Ziyadxana Dilqəmlə görüşüb bu məsələni həll edəcəyini bildirmişdir. Dilqəmlə 09 oktyabr 2023-cü il tarixdə yaşadığı evdə görüşmüş, söhbət zamanı Dilqəm ondan onu işə düzəltməyini xahiş etmiş, o da Dilqəmə 3000 (üç min) manat müqabilində onu yeni açılacaq “Qazel” zavodunda işə düzəldə biləcəyini demişdir. Dilqəm həmin gün ona yaşadığı ünvanda 1000 (min) manat, həmçinin şəxsiyyət vəsiqəsinin, hərbi bilet, sürücülük vasiqəsinin surətini, əmək kitabçasının isə əslini vermiş, qalan 2000 (iki min) manat pulu isə qısa müddət ərzində verəcəyinə dair söz vermişdir. Bundan sonra 19 oktyabr 2023-cü il tarixdə qalan 2000 (iki min) manat pulu da vermişdir. 2023-cü ilin oktyabr ayında həyat yoldaşı X6 xəstə olduğu və vəziyyətinin pisləşdiyi üçün o, Dilqəmdən almış olduğu 3000 (üç min) manat pulun hamısını onun müalicəsinə xərcləmiş və bu barədə nə Dilqəmə, nə də ki Ziyadxana məlumat verməmişdir. 2023-cü ilin noyabr ayından etibarən Dilqəmlə və Ziyadxanla alaqə saxlamamışdır. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul alarkən niyyəti onları aldatmaq olmuş, aldığı pulları arvadı Mariyanın müalicə və dərmanları üçün xərcləmişdir. Əməlindən peşmandır, arvadının xəstə olmasını, ona qulluq etdiyini bildirib barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Kür çayı Sabirabad rayonu Poladtuğay kəndi ilə Salyan rayonu Pambıqkənd kəndini ayırır. Hadisədən təxminən 2-3 ay qabaq Kür çayında balıq tutan zaman Alik ləqəbli Gülüşov Allahyar adlı şəxs ilə tanış olmuş, Allahyar Salyan rayonu Pambıqkənd kəndində yerləşən Şahid1 fermasında çobanlıq etdiyini bildirmişdir. Həmin vaxt onun Allahyar ilə münasibəti yaranmışdır. Allahyar onunla söhbət edən zaman harada işlədiyini soruşmuş, o da heç bir yerdə işləmədiyini demişdir. O, Allahyara dövlət işində işləmək istədiyini, olarsa onu işə düzəltməsini demişdir. Allahyar arvadının Ramil adlı qohumu olduğunu və Fövqəladə Hallar Nazirliyində kadrlar şöbəsində işlədiyini bildirmişdir. O da Allahyara etiraz etmədən onunla razılaşmışdır. 10 iyul 2022-ci il tarixdə Allahyar mobil telefon vasitəsilə ona zəng edərək işə düzəlməyi barədə razılıq verildiyini, sənədləri hazırlayıb ona təhvil verməyini bildirmişdir. 12 iyul 2022-ci il tarixdə o, Allahyar Gülüşova mobil telefon vasitəsilə zəng edərək harada olmasını soruşmuş, Allahyar isə Salyan rayonu Pambıqkənd kəndində yerləşən Arizin fermasında olduğunu demişdir. O, yaşadığı kənddən qayıqla Salyan rayonu ərazisinə keçmiş və Allahyara sənədlərini təqdim etmişdir. Allahyar həkim komissiyasından keçdikdən sonra işə çıxacağını demişdir. Allahyar ondan işə düzəlməyi qarşılığında 5000 manat pul verməli olduğunu demiş, o da Allahyar ilə razılaşaraq 5000 manat pulu hazırlayıb ona verəcəyini demişdir. Allahyar 17 iyul 2022-ci il tarixdə pulu ona çatdırmağını bildirmişdir. 17 iyul 2022-ci il tarixdə o, Allahyara mobil telefon vasitəsilə zəng edərək harada olduğunu soruşmuş, Allahyar Arizin fermasında olduğunu, oradan çıxa bilmədiyini, mümkünsə ora gəlməyini demişdir. O da Allahyara etiraz etməyərək gələcəyini demiş, bundan sonra o, həmkəndlisi Şahid3 birlikdə qayıqla Salyan rayonu istiqamətinə keçib orada Allahyara 5000 manat pulu Niyyətin yanında vermişdir. Allahyar 02 avqust 2022-ci il tarixdə Bakı şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin baş idarəsində işə çıxacağını demişdir. Sonradan Allahyara zəng edərək iş barədə soruşduqda, Allahyar hər dəfə bəhanələr gətirmişdir. O, Allahyar Gülüşovun onu aldatdığını başa düşdükdən sonra 10 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X10 məlumat verməklə və Sabirabad Rayon Polis X5 Bölməsinə ərizə ilə müraciət etməklə onu işə düzəltmək adı ilə Gülüşov Allahyar adlı şəxsə 5000 manat pul verdiyini, sonuncunun vədinə əməl etmədiyini və onu aldatdığını bildirmişdir. Ümumilikdə ona 5000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2023cü ilin oktyabr ayının əvvəllərində tanışı Ziyadxana iş axtardığını demiş, bir neçə gün sonra Ziyadxan ona qonşusu Təqsirləndirilən şəxs onu tikinti şirkətlərindən birinə fəhlə kimi işə düzəldə biləcəyini demişdir. O da, Ziyadxanla razılaşmış və onu Allahyarla tanış etməsini xahiş etmişdir. Bir gün sonra Ziyadxan onu Allahyarla tanış etmiş, o, Allahyarla Şirvan şəhərində yaşadığı ünvanda görüşmüş, həmin vaxt Allahyar onu tikinti şirkətlərinin birində işə düzəldə biləcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu demişdir. O da, Allahyarla razılaşmış və ona demişdir ki, evdə 1000 manat pulu var, qalan pulu da sonra verər. Həmin 1000 manat pulu evindən götürmüş və Allahyarın yaşadığı evə gəlmiş və 1000 manat pulu ona vermişdir. Təxminən 1 həftə sonra o, 2000 manat pulu da düzəltmiş və Allahyarla Şirvan şəhərində yerləşən “Əmin” kafesində görüşərək həmin 2000 manat pulu ona vermişdir. Həmin vaxt Allahyarın yanında qızı da olmuş, bu danışıqdan sonra Allahyar ona işinin tez bir zamanda həll olacağını demiş, lakin müəyyən vaxt keçməsinə baxmayaraq Allahyar ona verdiyi vədə əməl etməmiş, nə də ki ondan aldığı 3000 manat pulu qaytarıb verməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 3000 manat pulu ondan 2023-cü ilin oktyabr ayının əvvəllərində almışdır. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2021-ci ilin payızından Təqsirləndirilən şəxs ona məxsus, Salyan rayonu Pambıqkənd kəndində yerləşən fermada çoban işləməyə başlamış, sonuncu həmin vaxtdan ailəsi ilə birlikdə fermada yaşamışdır. 2022-ci il avqustun 03-də Allahyar mobil telefon vasitəsilə ona zəng edərək Bakı şəhərində iş tapdığını, buna görə də fermadan çıxıb getdiyini bildirmiş, o da, məcbur qalıb Bakı şəhərindən çıxaraq fermaya gəlib heyvanlara özü nəzarət etməyə başlamışdır. 2022-ci il avqustun 05-də bir nəfər şəxsin torpaq sahəsinin kənarından keçən Kür çayının kənarından səsləndiyini eşitmiş və fermadan çıxaraq Kür çayının kənarına getmiş, sonradan adının Bəhruz olduğunu bildiyi həmin şəxs Allahyarı soruşmuş, o da Allahyarın avqustun 03-də fermadan çıxıb getdiyini demiş, həmin şəxs də Allahyarın onu aldatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 2022-ci ilin əvvəllərində yaşadığı Sabirabad rayonu Poladtuğay kəndindən keçən Kür çayının kənarında balıq tutan zaman çayın digər tərəfində yerləşən ərazidəki fermada çoban işləyən Alik kimi tanıdığı Allahyar adlı şəxs ilə münasibəti yaranmışdır. Söhbət zamanı Allahyar qohumunun Fövqəladə Hallar Nazirliyində işlədiyini və lazım olarsa işə adam düzəldə biləcəyini ona demişdir. Hətta Allahyar ona bir neçə nəfəri də qohumunun əli ilə işə düzəltdiyini demişdir. O, da yaşadığı ərazidə çayxanada olan zaman Allahyarın dediklərini ətrafdakı tanışlarına danışmışdır. Həmin vaxt qohumu Zərərçəkmiş şəxs1 ona işə düzəlmək istədiyini bildirmişdir. O da Bəhruza Allahyara pul verəcəyi halda notariusda pul verməsini demişdir. Bundan sonra xəbəri olmamışdır. Allahyarın Bəhruzu aldatdığını sonradan bilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 30 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmişdir; 12 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 01 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; 10 fevral 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmişdir; 10 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 13:39-da tutulmuşdur; 22 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Salyan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmişdir; 22 avqust 2022-ci il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Sabirabad rayon Poladtuğay kənd sakini Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Salyan rayon polis şöbəsinə göndərilmişdir; 09 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 18 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Salyan rayon prokuroru tərəfindən Salyan rayon polis şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Rəsul İbayevin 14 sentyabr 2022-ci il tarixli vəsatəti təmin edilmiş, Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan rayon polis şöbəsinin istintaq bölməsinə qaytarılmışdır; 06 yanvar 2023-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsindən ötrü tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsindən ötrü barəsində axtarış elan edilmiş və müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin X8 təqdim edilməsi qərara alınmışdır; 06 yanvar 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; 05 iyun 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, Salyan rayon prokuroru tərəfindən Salyan RPŞnin istintaq bölməsinin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraatın dayandırılması haqqında 06 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmişdir; 06 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 08 iyun 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; 08 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Saatlı şəhərində tutularaq Salyan RPŞ-nə gətirilmişdir; 09 fevral 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; 10 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 10 fevral 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 10 fevral 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası CPM-nin 207.5.3-cü maddəsinə əsasən istintaq aidiyyəti üzrə Şirvan ŞPŞ-nə göndərilmişdir; 10 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; 12 fevral 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsinə tövsif edilmişdir; 12 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 4(032)-36/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 69.3cü maddəsinə əsasən 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün müddət nəzərə alınmalı, cəzasının əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə axtarış nəticəsində tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanıldığı Salyan rayon Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar