Məhkəmə qərarları › İş №1(032)-84/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-84/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-84/2024 06.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1960-cı il tarixdə Füzuli rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində 24 mart 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus “Vaz 21074” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol nişanı 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 66,6 km/saat sürətlə öz hərəkət zolağı ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektindən üzü Şirvan şəhər Diaqnostika Mərkəzinə doğru hərəkətdə olarkən, “Ailəvi” univermağın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək avtomobil yolunun sağından soluna keçən piyada, ünvan 2 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yolun sağ tərəfindən 5,5 metr mərkəzə doğru məsafədə vuraraq ona qapalı kəllə-beyin travması, sol yan mədəcikdə subarxonidal qansızma, sağ orta kəllə çuxurunda gicgah nahiyyəsində epidural hematoma, təpə nahiyyəsində dərialtı hematoma, hər iki ağciyərin yuxarı paylarında kontuziya, sağ tərəfli hemotoraks, sol bud sümüyündə, omba sümüyünün sol qanadında, sol qalça sümüyü cismində, sol qasıq sümüyünü yuxarı şaxələrində sınıqlar, sağ oturaq sümüyü şaxəsində natamam sınıq, dərialtı hematoma xəsarətləri ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Vaz 21074” markalı, **-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun özünə məxsusdur. Həmin avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində nəvəsi Ayla və qonşuluqda yaşayan azyaşlı Aysel adlı qızı oxuduqları 20 nömrəli tam orta məktəbdən götürmək üçün məktəbin qarşısına getmiş, uşaqları məktəbdən götürdükdən sonra avtomobili ilə məktəbdən uzaqlaşıb Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektinə çıxmışdır. Prospektlə Şirvan şəhər “Diaqnostika” mərkəzinə tərəf yolun sağ hissəsi ilə hərəkət etmiş, qabaq sağ tərəfdə sərnişin avtomobilinin dayandığını görmüş, ona görə də, yolun sol hərəkət istiqamətinə çıxmış, həmin vaxt bir nəfər adını sonradan bildiyi azyaşlı Zərərçəkmiş şəxs avtobusun qarşı tərəfindən yola tərəf qaçmağa başlamış, dərhal tormozdan istifadə edərək hadisənin qarşısını almağa çalışmış, lakin məsafə qısa olduğundan avtomobili saxlaya bilmədiyi üçün həmin azyaşlı qızı sol nahiyyədən avtomobili ilə vurmuşdur. Daha sonra avtomobili saxlayaraq həmin azyaşlı uşağı avtomobilinə mindirmiş və Şirvan ŞMX-ya aparmışdır. Şirvan ŞMX-da həmin qızı müayinəyə almışlar, bundan sonra polis əməkdaşları Şirvan ŞMX-ya gəlmişlər, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Polis əməkdaşları tərəfindən iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. Hadisə zamanı içki və ya narkotik vasitənin təsiri altında olmamış, bununla bağlı həkim müayinəsindən keçmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs müalicə xərcləri üçün 8 min manat pul vermişdir. Avtomobildə ondan başqa azyaşlı nəvəsi Ayla və onunla qonşuluqda yaşayan azyaşlı Aysel adlı qız olmuş, hadisə olan kimi ona heç kim yaxınlaşmamış, dərhal uşağı avtomobilə əyləşdirərək xəstəxanaya aparmaq üçün oradan uzaqlaşmışdır. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə etməsinə baxmayaq məsafə yaxın olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Avtomobildə yük olmamış, hadisə zamanı avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Həmin uşağı təxminən 20 metr məsafədən görmüş, lakin avtomobili dayandıra bilməmiş, qızı gördüyü zaman qız avtomobil yolunun sağ tərəfində olmuş, sonradan avtobusun qarşısından qaçaraq çıxmış, avtobusun qarşısından çıxdıqdan sonra isə ona məxsus avtomobillə həmin qız arasında məsafə təxminən 10 metr olmuşdur. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə vermiş olduğu ifadəsində nə baş verməsini xatırlamadığını bildirdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu 19 dekabr 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Vaz 21074” markalı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektindən Şirvan şəhər Diaqnostika Mərkəzinə doğru hərəkətdə olarkən yolu keçmək istəyən azyaşlı qızı Zərərçəkmiş şəxs vurmuş, daha sonra dərhal Aqiləni maşına qoyub xəstəxanaya çatdırmışdır. Təqsirləndirilən şəxs qızı Aqilənin müalicə xərcləri üçün bu günə kimi səkkiz min manat pul verməklə onlara dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayətçi deyillər. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Şirvan şəhərində yerləşən 20 nömrəli məktəbdə oxuyurlar, o səhər tezdən məktəbə gedir, bacısı isə günorta məktəbə gedir. xx.xx.2023-cü il tarixdə atası və anasının işi olduğundan saat 17 radələrində Aqiləni məktəbdən götürməkdən ötrü dostu Elcan ilə birlikdə məktəbə getmiş, Aqiləni məktəbdən götürmüşlər, əl-ələ tutub asfalt yolun kənarına gəlib yolu keçmək istəmişlər, Elcan da onların yanında olmuşdur. Aqilə onun əlindən tutmuş, birdən Aqilə onun əlini buraxıb yolu keçmək istəyərkən ağ rəngli maşın Aqiləni vurmuş, sonra maşınla vuran şəxs Aqiləni avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2n Adış qızının iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Şahid1 onunla qonşuluqda yaşayırlar, hər üçü Şirvan şəhərində yerləşən 20 nömrəli məktəbdə oxuyurlar. O, tezdən məktəbə gedir, günorta radələrində evdə olur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu Əli onunla birlikdə bacısı Aqiləni məktəbdən götürməkdən ötrü birlikdə getməyini xahiş etmiş, Əli ilə birlikdə həmin məktəbə getmiş, Aqiləni məktəbdən götürmüşlər, Aqilə qardaşının əlindən tutmuş, asfalt yolun kənarına gəlib yolu bir tərəfdən digər tərəfə keçmək istəmişlər. Aqilə qəfildən qardaşının əlini buraxıb yolu keçmək istəyərkən ağ rəngli maşın Aqiləni vurmuş, sonra maşınla vuran şəxs Aqiləni avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, etibarnamə əsasında sarı rəngli, “X3” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı mikroavtobus idarə edir, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektindən üzü Şirvan şəhər “Diaqnostika” mərkəzinə doğru mikroavtobusla hərəkətdə olmuş, mikroavtobusu idarə edərkən qəfil nasazlıq yaranmış, ona görə də, mikroavtobusu sağ tərəf sayrışan işığı yandırıb avtomobil yolunun sağ kənarında saxlamış, həmin vaxt asfalt yolun sağ kənarında mikroavtobusun qarşısında 3 nəfər tanımadığı azyaşlı uşaqlar olmuş, onlar avtomobil yolunu bir tərəfdən digər tərəfə keçmək istəmişlər. Həmin vaxt qız uşağı yanında olan oğlan uşağının əlindən tutmuş, qəfildən qız uşağı oğlan uşağının əlindən çıxıb mikroavtobusun qarşısından çıxıb asfalt yola tərəf qaçmış və ondan arxada sürətlə hərəkətdə olan ağ rəngli, “Vaz 21074” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin qız uşağını avtomobilin ön sağ hissəsi ilə sol tərəfindən vurmuş, vurduqdan dərhal sonra isə həmin avtomobilin sürücüsü qız uşağını avtomobilinə qoyub Şirvan şəhər mərkəzi xəstəxanası istiqamətində aparmışdır. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxış keçirilməklə zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrin əyani olaraq sübuta yetirildiyi aşkar edilmişdir. Belə ki, DVD diskdə olan videoçəkilişdən görünür ki, Şirvan şəhərinin M.Ə.Rəsulzadə prospektində “Vaz 21074” markalı avtomobilin Naxçıvani küçəsi istiqamətində hərəkətdə olması, yolun sol tərəfində yerləşən “Ailəvi” univermaq adlı ticarət obyektinin olması, yolun sağ istiqamətindən 3 azyaşlı şəxsin 50 km/saat yol nişanının yanında olduğu, sonra isə bir nəfər şəxsin park istiqamətində getdiyi, 3 nəfər azyaşlı uşağın yaxınlığında “Mercedes Benz” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun dayanması, dayandıqdan sonra 3 azyaşlıdan biri olan qızın yolun sağ hissəsindən sol hissəsinə qaçması, həmin vaxt Şirvan şəhəri M.Ə.Rəsulzadə prospekti ilə Şirvan şəhəri, Naxçıvan küçəsi istiqamətindən hərəkət edən “Vaz 21074” markalı, **-NM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə azyaşlı qızı vurması müşahidə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 20 dekabr 2023-cü il tarixli, 131 nömrəli aktı ilə müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən an nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur; cinayət işinin icraata qəbul olunması haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin olunması haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə tövsif edilmiş və cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 (məhkəmə-tibbi ekspertizasının) 11 mart 2024-cü il tarixli, 122 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - qapalı kəlləbeyin travması, sol yan mədəcikdə subarxonidal qansızma, sağ orta kəllə çuxurunda gicgah nahiyyəsində epidural hematoma, təpə nahiyyəsində dərialtı hematoma, hər iki ağciyərin yuxarı paylarında kontuziya, sağ tərəfli hemotoraks, sol bud sümüyündə, oma sümüyünün sol qanadında, sol qalça sümüyü cismində, sol qasıq sümüyünü yuxarı şaxələrində sınıqlar, sağ oturaq sümüyü şaxəsində natamam sınıq, dərialtı hematoma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir; cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/571 nömrəli, 18 mart 2024-cü il tarixli rəyindən görünür ki, VAZ-21074 markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Mehdiyev avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 66,6 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum” sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur; dayandırılmış icraatın təzələnməsi haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; sübutların qiymətləndirilməsi haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuş və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 263.1-ci 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, iş materiallarını araşdıraraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və bu barədə xahişini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədəuyğundur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının 85 (səksən beş) manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar