Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-86/2023 25.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, üzərində daşıyıb saxlamışdır, həmçinin qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini, döyüş sursatını əldə etməklə saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,033 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 15 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Şəhidlər xiyabanının” yaxınlığında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 1,033 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd AED-2123 nömrəli silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62 kalibrli, Kalaşnikov konstruksiyalı AKMS modelli texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən avtomatı, 30 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı patronlar, 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağı qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı ünvan 2-nin həyətində saxlamış 15 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində H.Z.Tağıyev küçəsində yerləşən evinin həyətinə baxış keçirilərkən qeyd olunan odlu silah-«Kalaşnikov» konstruksiyalı avtomat, onun komplekt hissəsi-daraq və döyüş sursatı-patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılan gün uzaq qohumu Məhəmməd ona zəng vuraraq “Qədir-Xum” restoranına çağırmış, o da razılaşaraq uşaqları, arvadı və bacısı ilə birlikdə “Qədir-Xum” restoranına getmişdir. Həmin vaxt restoranın arxa tərəfində Məhəmmədlə söhbət edən zaman Namaz və İsmayıl adlı polis əməliyyatçıları onu arxadan tutaraq maşına əyləşdirmiş, Şirvan şəhər polis şöbəsinə aparmışlar. Polis şöbəsində otaqların birində narkotik vasitə olan heroini stolun üzərinə qoyaraq guya ona məxsus olması barədə etiraf etməsini tələb etmişlər. Daha sonra Namaz avtomat silahı gətirmiş ona məxsus olmasını və boynuna götürməsini bildirmişdir. Ona qarşı polis şəbəsində təzyiq olmuş, artıq polislərə hər şeyi etiraf edəcəyini vəd etdikdən sonra silahı yaşadığı ünvana apararaq ona məxsus olmasını göstərmək üçün videoçəkiliş də etmişlər. Lakin nə narkotik vasitə nə də ki, həmin silah ona məxsus deyil. O, polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki zoraklığa məruz qalmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünü ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ilkin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan istintaq hərəkətlərini əks etdirən protokollar və video görüntülərlə, həmçinin digər sənədlər ilə tam sübuta yetirilmişdir. İbtidai istintaqda ilkin dindirilmələr zamanı isə təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 15 yanvar 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən yolun kənarında sellofan büküm görmüş, həmin bükümün içinə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özü şəxsi istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində, “Şəhidlər Xiyabanı” yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi və yaşadığı ünvanda odlu silah və onun komplekt hissələrini saxlamağı ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış və baxış aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofana bükülmüş narkotik maddə olan heroini çıxarıb masanın üzərinə qoymuş və bükümdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları ondan həmin sellofan bükümünü haradan əldə etməyini soruşduqda, bildirmişdir ki, yaşadığı evin yaxınlığından yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onunla aparılmış şifahi sorğu zamanı yaşadığı evin həyətində “Kalaşnikov” markalı avtomat, onun 30 ədəd patronu və 01 ədəd darağın olduğunu və onu həyətdə gizlətdiyini bildirmiş, sonra yaşadığı ünvana baxış keçirilməsinə dair etirazının olub-olmaması barədə ondan soruşulduqda o, heç bir etirazının olmadığı barədə ərizə ilə müraciət etdikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanında yerləşən yaşadığı evə getmişlər və vidioçəklişdən istifadə edilməklə həyətdə olan damın arxasında gizlətdiyi “Kalaşnikov” markalı avtomatı, 30 ədəd patronu və bir ədəd darağı polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, o, həmin protokolun məzmunu ilə tanış olandan sonra, protokolun doğru olmasını təsdiq etmiş, həmin avtomatı, patronları və darağı 2022-ci ildə yay ayında Kür çayında çimən zaman tapmasını, yaşadığı evdə saxlamaqda məqsədi düşmənli olduğu üçün özünü qorumaq olması, ailə üzüvlərinin həmin avtomatın, patronların və komlekt hissəsi olan darağın evdə olmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsi, narkotik vasitələrin istifadəsi ilə məşğul olması, o cümlədən yaşadığı evdə odlu silah, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmış, bu səbəbdən Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı” yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin büküm içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərsində olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda avtomat, patron və onun komplekt hissəsi olan daraq olmasını bildirib ərizə ilə müraciət etmişdir. Bundan sonra onun əməliyyat qrupunun digər üzvünün, müdafiəçinin və TB-nin təhqiqatçısı Səxavət Garayevin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı fərdi yaşayış sahəsinə getmişlər və baxış keçirilməsi barədə Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmiş, əməliyyat qrupunun digər üzvünün, müdafiəçinin və TB-nin təhqiqatçısı Səxavət Garayevin iştirakı ilə xx.xx.2023 -cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 saylı fərdi yaşayış evinə baxış və götürmə keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mişar daşından olan hasarın yanında saxladığı bir ədəd sintetik torbanı təqdim etmiş və həmin sintetik torbaya baxış keçirilərkən oradan 1 ədəd AKMS modelli avtomat, 30 ədəd patron və 01 ədəd darağ olması müəyyən olunmuşdur. Bundan sonra TB-nin təhqiqatçısı Səxavət Garayev tərəfindən Təqsirləndirilən şəxs evinin həyətindən götürülmüş 1 ədəd AKMS modelli avtomat, 30 ədəd patron və 01 ədəd darağ qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunduqdan sonra bütün iştirakçılar həmin protokola imza etmişlər. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v.171-174) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.11, 66-67, 81-84) Şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümündə narkotik vasitə heroin aşkar edilmişdir. (i.v 29-31) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 31) Baxış keçirilməsi haqqında 15 yanvar 2023-cü il tarixli potokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2№-li evdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən özünə məxsus 1 ədəd AKMS modelli avtomat, 30 ədəd patron və 01 ədəd darağ aşkar edilmişdir. (i.v. 33-35) Təqsirləndirilən şəxs yaşadığı ünvan 2№-li evdə baxış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evin qarşısında durmuşlar, orada təhqiqatçı hüquq və vəzifələri izah edir. Daha sonra Təqsirləndirilən şəxs ilk öncə həyətə daxil olur və digər iştirakçılar onun arxasınca hərəkət edirlər. Yaşadığı evinin hasara bitişik hissəsinə çatdıqda Bəşirov dayanır və əlini uzadaraq damın arxasından bir ədəd ağ bükümdə əşya çıxarıb polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşları təqdim olunan əşyanın üzərindəki ağ bükümü açdıqdan sonra əşyanın 01 ədəd AKMS modelli avtomat, 30 ədəd patron və 01 ədəd darağ olduğu müəyyən edilir. Aşkar olunmuşlarla əlaqədar rəsmiləşmə işləri aparılır, iştirakçılar imza edirlər. (i.v. 36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/51 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 1,033 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,983 qram. (i.v.44-47) Azərbaycan Respublikası DİN-nin KTİ-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/30 №-li məhkəmə-balistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd AED -2123 №-li silah, zavodu üsulu ilə xarici dövlətdə istiehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AKMS modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrin və mexanizimlərin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, tədqiqata təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə istehal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar, təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır, təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİNnin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli 3-13-11/2-743/23 nömrəli məktubunda 7,62 mm kalibrli, AED-2123 №-li AKMS modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılımış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v.52- 58, 91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2023-ci il tarixli, 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.134-135) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-35/2-23/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvan sakini Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində yaranan psixi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 99) Məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 260 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olub-olmaması barəsində qoyulmuş suala cavab vermək ekspert psixoloqun səlahiyyətinə aiddir. (i.v. 137-139) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 100) Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N fevral 2023cü il tarixli, 490 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 3-13-111/2- 1650/2023 nömrəli məktuba cavab olaraq bildirilir ki, AFD 2123 zavod nömrəli 7,62 mm AKMS avtomatı N nömrəli hisənin balansındadır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək baş verən Vətən müharibəsi zamanı döyüş itkisi kimi qeydiyyata alınıb və halhazırda hərbi hissənin döyüş itkiləri uçotundadır.(i.v.129) xx.xx.2023-cü il tarixli telefon məlumatları barədə CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin aralarında olan telefon zəngləri müəyyən olunmuş, sonuncu danışıqlarının xx.xx.2023-cü il tarixdə, saat 19:09:16-da Hacıqabul Hərbi şəhərcik 9 saniyə olduğu, həmin danışıqlar zamanı anten dairəsinin Şirvan şəhəri və Hacıqabul rayon ərazisində olması müəyyən edilmişdir. (i.v.150-151) Cinayət işinin rədd edilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair toplanmış material üzrə Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 fevral 2023-cü il tarixli, 73 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə təqsirləndirilən şəxsin istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, fiziki zor göstərilərək döyülməsi ilə əlaqədar bildirdiklərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu xüsusatları Bəşirov nə ilkin, nə də ki, barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmədə iştirakı zamanı göstərməmişdir. İbtidai istintaqın sonrakı gedişi zamanı o fiziki zorakılığa məruz qalmasını bildirmiş, bununla əlaqədar ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorluq tərəfindən müvafiq araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertiza keçirilmiş, təqsirləndirilən şəxsin göstərdiyi hallar həqiqətə uyğun olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən - cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur.Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alır, onun barəsində ittiham olunduğu hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla təyin olunmasını cəzanın məqsədlərinə nail olma prinsipindən, xüsusilə də şəxsin islahına xidmət etməsi baxımından daha məqsədəmüvafiq hesab edir və cəza çəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin qanunamüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,983 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış-X6 maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd AED-2123 nğmrəli 7,62 kalibrli, Kalaşnikov konstruksiyalı AKMS modelli texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən avtomat, 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı patronlar, 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq barəsində 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X6 maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd AED-2123 nğmrəli 7,62 kalibrli, Kalaşnikov konstruksiyalı AKMS modelli texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən atomat, 27 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı patronlar, 01 ədəd əşya “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X6 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,983 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-86/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-86/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver