Məhkəmə qərarları › İş №1(032)-87/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-87/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-87/2023 25.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1975-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs sonuncunun yeznəsi X6 barəsində Şirvan şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(032)-146/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasından azad etdirəcəyini bildirməklə yalan vəd verib, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin iyun ayında Şirvan şəhəri, Nizami küçəsi 18 A-da yerləşən fərdi yaşayış evində cinayət əməlindən xəbəri olmayan arvadı X2 vasitəsi ilə 1500 (min beş yüz) manat, həmin ilin iyun ayında cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxs Şirvan şəhəri ərazisində müxtəlif ünvanlarda ayrı-ayrı günlərdə 200 (iki yüz) manat və 300 (üç yüz) manat pulu əldə etməklə verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin iyun ayının əvvəllərində şəhərin Salyan dairəsi adlanan yerdə olarkən tanıdığı Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxt aralarında olan danışıq zamanı sonuncunun bacısının yeznəsi X6 barəsində Şirvan şəhər məhkəməsi tərəfindən 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzası seçildiyini, cəzasının dəyişdirilməsi ilə kömək axtardığını bildirmiş, o da həmin vaxt pula ehtiyacı olduğundan ona Zeyqəm Qubadovun işinin həll edə biləcəyini bildirmişdir. Sonra Tahirlə bu barədə aralarında danışıq olmuş, danışıq zamanı Zeyqəm Qubadovun işini 3000 manata həll edə biləcəyini bildirmiş, Tahir isə ona demişdir ki, onun 1700 manat pul verməyə imkanı var. Onunla razılaşmış, təxminən bir neçə gün sonra Tahirə ona zəng edərək, pulun hazır olduğunu bildirmişdir. Ona yaşadığı evə getməsini və pulu arvadı Çəməngül Pirəliyevə verməsini bildirmişdir. Təxminən bir neçə saat sonra arvadı Çəməngül Tahirin onların yaşadığı ünvana gəlməsini və ona 1700 manat pul verməsini demişdir. Tahirdən əlavə olaraq hissə-hissə 300 manat pul almış və ona demişdir ki, həmin 300 manat pul işlə bağlıdır. Aldığı pulu qaytarıb verə bilməmişdir. Zeyqəm Qubadovun məhkəmə işi ilə bağlı heç kimə heç bir söz deməmiş, Tahiri aldadıb ondan 2000 manat pul almışdır. Zərərçəkmiş şəxs 2000 manat pulu Zeyqəm Qubadovun məhkəmə işi ilə bağlı almağı barədə arvadı Çəməngülə bir söz deməmişdir. Bu barədə Nazim adlı şəxsə də heç bir söz deməmiş, Nazim adlı şəxsi adla tanımamış, onunla tanışlığı və ya münasibəti olmamışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Hazırda törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan tələb və ya şikayətinin olmamasını nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, bacısının yeznəsi X6 barəsində 2021-ci il tarixdə Şirvan şəhər Məhkəməsində istintaqı aparılan cinayət işi üzrə sonuncuya 2 il 4 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin ona təyin edilən cəzaya görə yaşadığı ünvan və Şirvan şəhərindən çıxa bilmədiyinə görə maddi vəziyyəti çətinləşmiş və ona bu barədə onunla görüşən zaman bildirmişdir ki, ona təyin edilən cəzanı dəyişmək üçün tanışı olsa ona desin. Bu barədə maraqlanmış, 2021-ci ilin iyun ayında şəhərin Salyan dairəsi adlanan yerdə “Nur” kafesində olarkən Təqsirləndirilən şəxs ilə rastlaşmış və onunla kafedə oturmuşlar. Onlar kafedə olan zaman Əlizaminlə aralarında olan danışıq zamanı sonuncuya Zeyqəm barədə danışmış və ona bu işin həllində köməklik edə biləcək kiminsə olub olmamasını soruşmuşdur. Əlizamin bildirmişdir ki, ona bu barədə kömək edə bilər. Onun məhkəmədə tanışları vardır. Əlizamini tanıdığından ona inanmış və onunla razılaşmışdır. Aralarında razılıq olmuşdur ki, Zeyqəm barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ləğv etdirəcəkdir, bunun üçün 3000 manat pul lazımdır. Ona demişdir ki, onun 3000 manat pulu yoxdur, 2000 manat pul düzəldə bilər. Onunla razılaşmışdır. Sonra Əlizaminə demişdir ki, ilkin olaraq ona həmin gün 1500 manat pul verəcək. Qalan 500 manat pulu isə bir iki günə tapıb ona verəcəkdir. Əlizamində onunla razılaşmış, həmin ilin iyun ayında 1500 manat pul düzəltmiş və Əlizaminə zəng edərək, bu barədə ona demiş, o da, demişdir ki, 1500 manat pulu aparsın onun yaşadığı ünvana arvadı Çəməngül Pirəliyevaya versin. Əlizaminin dediyi qaydada etmiş, sonuncunun yaşadığı şəhərin Nizami küçəsinə getmiş, orada Əlizaminin yaşadığı evə gəlmiş, arvadı Çəməngülü çağırmış, ona 1500 manat pul vermiş və bildirmişdir ki, həmin 1500 manat pulu ona Əlizamin dediyi üçün vermişdir. Həmin günün səhəri Əlizamin ona zəng edərək, qalan 500 manat pulu da istəmiş, o da, 200 manat pul tapmış, sonuncu ilə şəhərin Salyan dairəsi adlanan yerdə görüşmüş və ona 200 manat pul vermişdir. Həmin vaxt orada ikisi olmuşdur. Bir iki gün aralıqda Əlizaminə 300 manat pul vermişdir. Bundan sonra Əlizaminlə mütəmadi olaraq danışıb ondan iş barədə maraqlanan zaman sonuncu hər dəfə ona yalandan işin yaxın vaxtlarda həll olacağını bildirsə də, heç bir iş həll olmamışdır. Əlizaminin onu aldatdığına əmin olmuş və onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir tələb və ya şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, 2021-ci ilin iyun ayının əvvələrində evdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş və ondan əri Təqsirləndirilən şəxs soruşmuş, həmin vaxt ona Əlizaminin işdə olmasını demişdir. Sonra Tahir ona demişdir ki, ona Əlizaminə vermək üçün 1500 manat pul verməlidir. Həmin 1500 manat pulun nə pulu olması barədə soruşanda, o da bildirmişdir ki, həmin 1500 manat pul iş üçündür. Tahirə demişdir ki, Əlizamini gözləsin, gələndə həmin pulu ona versin, lakin Tahir 1500 manat pulu ona vermiş, Əlizaminə zəng edərək, bu barədə məlumat vermişdir. Tahir pulu verib gedəndən təxminən bir müddət sonra Əlizamin evə gəlmiş, Tahirin ona verdiyi pulu götürmüş və evdən çıxıb getmişdir. Həmin vaxt Əlizamindən həmin pulu nə edəcəyini soruşsa da, Əlizamin ona bu barədə bir söz deməmişdir. Sonradan Zərərçəkmiş şəxs Əlizamin barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etdikdən sonra bilmişdir ki, Əlizamin həmin 1500 manat pulu Tahirin qohumunun məhkəmədə olan işinin düzəltməsində köməklik edəcəyi adı ilə almışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 26 yanvar 2023-cü il tarixli, PHŞ-6-35/2-21/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur (i.v. 35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.82-83); Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X7 çıxış edərək Zərərçəkmiş şəxs, təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq təqəsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351, 353, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 33 iş saatına görə, cəmi 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi ilə bağlı sərf etdiyi 06 saata görə 36 (otuz altı) manat məbləğində pul vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar