Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-87/2024 08.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1995-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 yanvar 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərindən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Fusion” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Şirvan şəhərinə gəldikdən sonra saat 21:00 radələrində Şirvan şəhəri, Xəqani küçəsinə çatdıqda Zərərçəkmiş şəxs2 danışmaq adı ilə 790 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu götürüb, avtomobildən düşərək, mobil telefonla danışmaq kimi görüntü yaradıb, qəfildən qaçaraq hadisə yerindən uzaqlaşan zaman Zərərçəkmiş şəxs2 mobil telefonunu qaytarması və qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına baxmayaraq, öz qanunsuz əməlini dərk edib, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə, taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 790 (yeddi yüz doxsan) manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayıb, soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 yanvar 2024-cü il tarixdə Şirvan şəhərində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Salyan rayonuna gendib-qayıtdıqdan sonra saat 08:30 radələrində Şirvan şəhəri, Xəqani küçəsinə çatdıqda Zərərçəkmiş şəxs1 danışmaq adı ilə 240 manat dəyərində “Alkatel 1S” markalı mobil telefonunu götürüb, avtomobildən düşərək, mobil telefonla danışmaq kimi görüntü yaradıb, qəfildən qaçaraq hadisə yerindən uzaqlaşan zaman Zərərçəkmiş şəxs1 mobil telefonunu qaytarması və qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına baxmayaraq, öz qanunsuz əməlini dərk edib, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə taladığı əmlakı özündə saxlamaqla hadisə yerindən qaçaraq uzaqlaşıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayıb, təkrarən soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 16 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Xırdalan şəhərində olarkən mobil telefonunda olan proqram vastəsilə “Bolt” şirkətindən Şirvan şəhərinə gəlmək üçün taksi sifariş vermişdir. Bir müddət sonra onun olduğu yerə “Ford Fusion” markalı avtomobil yaxınlaşmışdır. O, taksi gözləyərkən tanış olduğu Əzəmət adlı şəxslə birlikdə avtomobilə əyləşmişlər. Taksi sürücüsünə bildirmişdir ki, Şirvan şəhərinə gedibqayıdacaqdır. Taksi sürücüsü razılaşıb onları Şirvan şəhəri, Xəqani küçəsinə gətirmiş, Şirvan şəhəri, Xəqani küçəsində o, taksi sürücüsünə avtomobilini saxlamağı, binaya qalxıb evdən pul götürməli olduğunu bildirmişdir. Sonra taksi sürücüsündən zəng etmək üçün mobil telefonunu istəmişdir. Taksi sürücüsü özünə məxsus olan “Samsung A 71” markalı mobil telefonunu ona vermişdir. O, mobil telefonu alıb yalandan kiminləsə danışırmış kimi görüntü yaratmaq üçün qulaq nahiyəsinə qoymuşdur. Lakin həmin vaxt heç kimə zəng vurmamışdır. O, taksidən bir qədər uzaqlaşdıqdan sonra binaya daxil olmuş və binanın arxa hissəsində olan keçiddən çıxaraq getmişdir. Zərərçəkmiş şəxs2 onu çağırdığını eşitməmişdir. Sonra Şirvan dayanacağına getmiş və orada olan taksilərdən birinə əyləşərək Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Uzaqlaşarkən Əzəmətin hara getdiyindən məlumatı olmamışdır. Əzəmət adlı şəxsin onun Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Samsung A 71” markalı mobil telefonu talamaq niyyətindən məlumatının olmadığını, həmin şəxlə Zərərçəkmiş şəxs2 məxsus olan mobil telefonu talamaq üçün qabaqcadan razılaşmadıqlarını, Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd mobil telefonu talamaq niyyətinin Şirvan şəhəri, Xəqani küçəsində yarandığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, atası X3 rayonunda fərdi yaşayış evi vardır. O, həmin evdə tək yaşayır. 2023-cü ilin dekabr ayında işləmək üçün Bakı şəhərinə getmiş və Xırdalan şəhərində kirayə ev tutmuşdur. 20 yanvar 2024-cü il tarixdə saat 07 radələrində Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərində 20 nömrəli məktəbin yanında avtomobildən düşmüş, nənəsinin yaşadığı Salyan rayonu, Qarabağlı kəndinə getmək qərarına gəlmişdir. “Region” taksi şirkətinə zəng vuraraq Salyan rayonu, Qarabağlı kəndinə taksi sifariş vermişdir. Bir müddət sonra “Toyota Prius” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxınlaşmış, o, həmin avtomobilə əyləşmişdir. Avtomobil ilə Salyan rayonu Qarabağlı kəndinə getmiş və avtomobildən düşüb nənəsinin yaşadığı evin həyətinə daxil olmuşdur. Nənəsi evdə olmadığı üçün küçəyə çıxıb taksiyə əyləşmişdir. Taksi ilə xalasının yaşadığı Kərimbəyli kəndinə getmişdir. Xalasının yaşadığı evin qapısı bağlı olmuşdur. O, bundan sonra yenidən taksiyə əyləşərək sürücüyə bildirmişdir ki, Xırdalan şəhərinə getmək istəyir. Taksi sürücüsü ona bildirmişdir ki, onu Salyan rayonuna gətirmiş, buna görə xidmət haqqı 14 manat edir. O, taksi şirkətinə zəng vurmuş, Salyan rayonundan Xırdalan şəhərinə getmək istədiyini bildirmiş, taksi şirkəti sifarişi yenidən Zərərçəkmiş şəxs1 vermişdir. O, həmin taksi ilə Şirvan şəhəri, Xəqani küçəsinə gəlmişdir. Taksi sürücüsünə avtomobili saxlamasını bildirmişdir, taksi sürücüsü avtomobili saxladıqda sürücüyə Xırdalan şəhərinə getmək üçün 70 manat pulu olmadığını, onun kartına pul atılacağını, burada gözləmələrini, karta pul gəldikdən sonra getmələrini demişdir. Onun mobil telefonunda kontur olmadığı üçün taksi sürücüsündən mobil telefonunu istəmiş, həmin mobil telefon ilə xalası oğlu Hüseynə zəng vurmuşdur. Hüseyn mobil telefonu açmamış, o, bundan sonra taksi sürücüsünə yaxınlaşmış, bildirmişdir ki, Xırdalan şəhərinə getmək üçün pulu yoxdur, ona 14 manat pul versin, Bakı şəhərinə getməsin. Taksi sürücüsü bildirmişdir ki, pulu şirkət yazmış, 70 manat pul ödəməlidir. Sonra taksi sürücüsü avtomobilini yolda döndərən zaman o, taksi sürücüsünün mobil telefonun götürüb qaçmışdır. Yolda mobil telefonu yerə atmışdır. Sonra piyada Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Şirvan dayancağına getmişdir. Şirvan dayanacağının yaxınlığında olduğu zaman Zərərçəkmiş şəxs1 ona yaxınlaşmış, o, Elnuru görüb yaxınlıqda olan bir yardımcı tikiliyə girmiş, Elnur da ardınca ora gəlmiş, ona yaxınlaşaraq üzərini axtarmış, ona bildirmişdir ki, mobil telefonunu qaytarsın. O, Elnura bildirmişdir ki, mobil telefonunu küçəyə atmışdır. Bundan sonra Elnur ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şirvan şəhər polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmış, onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1 məxsus olan mobil telefonu talamaq niyyəti Şirvan şəhərində olduqları zaman sonuncunun ondan Bakı şəhərinə qayıtmaq üçün əlavə pul istəməsi ilə əlaqədar yaranmışdır. Zərərçəkmiş şəxs1 onu çağırmasını eşitməmişdir. Hər iki zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldırmış, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur. “Toyota Prius” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. 20 yanvar 2024-cü il tarixdə şirkətin çağrı mərkəzindən mobil telefonuna bir nəfər şəxsin Şirvan şəhəri 20 nömrəli məktəbin yanına taksi sifariş verməsi barədə məlumat daxil olmuşdur. Şirvan şəhərində yerləşən 20 nömrəli tam orta məktəbin qarşısına getmişdir. Adını sonradan bildiyi Elvin adlı şəxs avtomobilinə əyləşib, bildirmişdir ki, Salyan rayonu, Kərimbəyli kəndinə getsinlər. O, Elvin adlı şəxsi Salyan rayonu Kərimbəyli kəndinə aparmışdır. Elvin Kərimbəyli kəndində avtomobilindən düşüb, bir həyətə daxil olmuş, təqribən 10 dəqiqə sonra küçəyə çıxmışdır. Onun idarə etdiyi avtomobilə əyləşmiş və ona bildirmişdir ki, Salyan rayonu, Qarabağlı kəndinə getsinlər. O, Elvini Salyan rayonu, Qarabağlı kəndinə aparmışdır. Həmin kənddə Elvin avtomobildən düşmüş, bir həyətə daxil olmuş, təqribən 10 dəqiqə sonra küçəyə çıxmışdır. Onun idarə etdiyi avtomobilə əyləşib, bildirmişdir ki, Salyan rayonu, Qarabağlı kəndinə gətsinlər. O, Elvini Salyan rayonu, Qarabağlı kəndinə aparmışdır. Elvin avtomobildən düşüb bir evə yaxınlaşmış, evin qapısı bağlı olduğu üçün yenidən avtomobilinə əyləşmişdir. Sonra ona bildirmişdir ki, Şirvan şəhərinə gətsinlər, evdən bank kartını götürsün, sonra Xırdalan şəhərinə getsinlər. O, Elvini Şirvan şəhəri, Xəqani küçəsinə gətirmişdir. Şirvan şəhəri, Xəqani küçəsində yerləşən binanın qarşısında avtomobilini saxlamış, Elvin avtomobildən düşüb ona bildirmişdir ki, konturu yoxdur, mobil telefonunu ona versin, qohumuna zəng etməlidir. O, özünə məxsus olan “Alkatel 1S” markalı mobil telefonunu Elvinə vermiş, Elvin mobil telefonla kiməsə zəng vurmuş, sonra isə qaçmağa başlamışdır. O, avtomobildən düşüb Elvinin ardınca qaçmağa başlamış, uca səslə qışqıraraq mobil telefonunu qaytarmasını bildirmişdir. Elvin isə onun sözlərini eşitsə də ona məhəl qoymamış, Şirvan şəhəri, Xəqani küçəsində bir binaya daxil olmuşdur. O da Elvinin ardınca binaya daxil olmuş, binanın mərtəbələrinə qalxmağa başlamış, Elvini tapa bilməmişdir. Binadan aşağı düşən zaman həmin binanın keçidinin olduğunu görmüşdür. Elvin keçiddən keçib qaçmışdır. O, bundan sonra avtomobilinə yaxınlaşmışdır. Avtomobilini idarə edərək Şirvan dayanacağına gəlmişdir. Şirvan dayanacağında olduğu zaman Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən binadan Elvinin binanın həyətinə düşdüyünü görmüşdür. O, avtomobilini Elvinin yanına sürmüş, Elvin onun avtomobilini görüb binanın həyətində olan yardımcı tikiliyə tərəf qaçmışdır. O da Elvinin ardınca yardımcı tikiliyə daxil olmuşdur. Elvinin qolundan tutmuş və bildirmişdir ki, mobil telefonunu qaytarsın. Elvin isə ona bildirmişdir ki, hazırda mobil telefon üzərində deyil. O, Elvinə bildirmişdir ki, Şirvan şəhər polis şöbəsinə getsinlər. Elvin isə polisə getməkdən imtina etmiş, yaxınlıqda olan işıq dirəyindən yapışmışdır. O, Elvinin qolundan tutub bildirmişdir ki, polisə getsinlər. Elvin isə səs-küy salmağa başlamışdır. Bir müddət sonra həmin əraziyə Şirvan ŞPŞ-nin PPX-nin əməkdaşları gəlmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, Elvin adlı şəxs onun mobil telefonunu götürüb qaçmışdır. Bundan sonra polis əməkdaşları Elvini və onu Şirvan ŞPŞ-nə dəvət etmişlər. Ona məxsus olan 1 ədəd mobil telefonun Elvin adlı şəxs tərəfindən ələ keçirilməsi nəticəsində ona 240 manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs mobil telefonu yerə atmamış, həmin mobil telefonu özü ilə aparmışdır. O, həmin binanın içərisinə baxsa da orada mobil telefon görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində bildirmişdir ki, “Lukoil” şirkətində növbə rəisi vəzifəsində işləyir. Boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. Onun özünə məxsus “Ford Fusion” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. “Bolt” taksi şirkətinin proqramına qoşulmuşdur. Proqram vastəsilə ona sifarişlər gəlir. 16 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində ona sifariş daxil olmuşdur. O, həmin sifarişi qəbul etmişdir. Xırdalan şəhərində marşurutun dayanacağına getmişdir. Orada 2 nəfər kişi cinsli şəxs vardır. Həmin şəxslər avtomobilinə əyləşmişlər. Ona bildirmişlər ki, Şirvan şəhərinə gedirlər, sonra geri qayıdacaqlar. O, onlara bildirmişdir ki, Şirvan şəhərinə yalnız gedişi sifariş vermişlər. Həmin şəxslər ona bildirmişdir ki, sifarişi ləğv etdirirlər. Onlar Şirvan şəhərinə aparsın və geri qaytarsın. O, onlara bildirmişdir ki, 120 manat pul versələr onları Şirvan şəhərinə aparıb sonra geri qaytarar. Həmin şəxslər onunla razılaşmışdır. O, onları Şirvan şəhəri, Xəqani küçəsinə gətirmişdir. Şirvan şəhəri, Xəqani küçəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona bildirmişdir ki, mobil telefonunu versin, nənəsinə zəng vursun, binaya qalxıb nənəsindən pul götürməlidir. O, özünə məxsus olan “Samsung A 71” markalı mobil telefonu Təqsirləndirilən şəxs vermiş, sonuncu maşından aşağı düşmüşdür. O, Elvinin özünü şübhəli apardığını görüb avtomobildən düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs binaların istiqamətində qaçmışdır. O da Elvinin ardınca qaçmağa başlamışdır. Həmin vaxt avtomobildə əyləşən digər şəxs də avtomobildən düşüb qaçmışdır. O, Təqsirləndirilən şəxs ardınca qaçaraq sonuncuya uca səslə mobil telefonunu qaytarmasını bildirmişdir. Elvin isə onun sözlərinə məhəl qoymaraq qaçmışdır. O, hava qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs ardınca binaya daxil olmamışdır. Sonra həmin ərazidən çıxıb Şirvan ŞPŞ-nə gəlmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə 16 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Şirvan şəhəri, Xəqani küçəsində baş vermişdir. Elvin adlı şəxs o, avtomobilində olan zaman ona bildirmişdir ki, mobil telefonunu versin, nənəsi ilə əlaqə saxlasın. O, Elvinə mobil telefonunu vermiş, Elvin mobil telefon ilə kiməsə zəng vurmuş, sonra isə mobil telefonu əlində qaçmağa başlamışdır. O, avtomobildən düşüb Elvinin arxası ilə qaçmağa başlamışdır. Elvin adlı şəxsi mobil telefonunu qaytarması üçün çağırsa da sonuncu onun sözlərinə məhəl qoymamış, qaçıb hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ardınca uca səslə çağıraraq mobil telefonunu qaytarmasını bildirən zaman aralarında olan məsafə yaxın olmuş, sonuncu onun sözlərini eşitsə də sözlərinə heç bir məhəl qoymamış, qaçaraq binaya daxil olmuşdur. Təqsirləndirilən şəxs başqa avtomobilimdə olan kişi cinsli şəxsin onun heç bir əmlakını talamadığını, ona qarşı heç bir qanunsuz hərəkətə yol vermədiyini, ona məxsus olan 1 ədəd “Samsung A 71” markalı mobil telefonun Elvin adlı şəxs tərəfindən ələ keçirilməsi nəticəsində ona 790 manat maddi zərər dəymişdir. Ona məxsus olan “Samsung A 71” markalı mobil telefonu 2022-cü ildə Xırdalan şəhərindən 790 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, hal-hazırda Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 20 yanvar 2024-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olmuş, həmin prospektdə yerləşən binanın qarşısından keçən zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 mübahisə etdiklərini görmüş, avtomobili onların yanında saxlamış, onlardan nə üçün mübahisə etdiklərini soruşmuş, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun mobil telefonunu alıb qaçmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nə dəvət etmiş, Zərərçəkmiş şəxs1 ərizə ilə Şirvan ŞPŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs xalası oğludur. Təqsirləndirilən şəxs Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır və orada yaşyır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində kirayə ev tutmuş, Xırdalan şəhərində fəhlə işləmişdir. 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhərində həbs edilmiş, Elvinin müdafiəçisi İlqar Tapdıqov ilə görüşmüş, İlqar Tapdıqov ona bildimişdir ki, Təqsirləndirilən şəxs mobil telefon oğurladığı üçün həbs edilmişdir. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 ilə görüşmüş, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, ona 240 manat maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs1 240 manat dəymiş zərəri ödəmiş, sonradan vəkil ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 adlı şəxsin də mobil telefonunu oğurlayıb. Bundan sonra Elvinin kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmiş, Elvinin qaldığı otaqda 01 ədəd “Samsung A 71” markalı mobil telefonun olduğunu görmüş, həmin mobil telfonu Şirvan ŞPŞ-nə təhvil vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 yanvar 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X1 icraatına qəbil edilmişdir; 20 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024cü il tarixdə, saat 14:00-da tutulmuşdur; 20 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 22 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 4(032)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; 24 yanvar 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi X1 icraatına qəbil edilmişdir; 26 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 26 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 26 yanvar 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir; Salyan rayonu İcra Hakimiyyəti başçısının Qarabağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə yazılı və şifahi müraciət daxil olmamışdır; 26 yanvar 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsindən, həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmişdir; 28 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Salyan rayon Mərkəzi Xəstəxanası” X5 14 fevral 2024-cü il tarixli, 18-1-68/2-298/2024 nömrəli məktubundan görünür ki, Salyan rayon, Qarabağlı kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Şirvan şəhər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(032)-67/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 20 aprel 2024-cü il tarixədək uzadılmışdır; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; Həmin Məcəllənin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 180.2.2-ci maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, peşman olmasını CM-nin 59.2-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını CM-nin 59.1.13cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A71” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A71” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A71” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-87/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-87/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver