Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-87/2025 17.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:11 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 27 avqust 1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 29 mart 2025-ci il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində X4 ilə əsaslı səbəb olmadan mübahisə edərək, bir gün əvvəl, yəni 28 mart 2025-ci il tarixdə sonuncunun ona tanışı-Şirvan şəhər sakini X1 ilə gedən zaman yanında avtomobilini saxlamasını irad bildirməsini bəhanə edib, Gülmalı Gülmalıyevin ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında yumruqla Gülmalı Gülmalıyevin sifətindən qəsdən vuraraq, sonuncuya burun sümüyünün az yerdəyişən sınığı, hər iki gözaltı nahiyədə qançır, sağ gözün ağlı qişasında qansızma kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Gülmalı adlı şəxsi təqribən 10 ildir ki, tanıyır, onunla münasibətləri normaldır. 28 mart 2025ci il tarixdə saat 17 radələrində Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində idarə etdiyi “Hyundai” maraklı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayandığı zaman küçədən bir qız keçmişdir. Bir müddət sonra Gülmalı Gülmalıyev özünə məxsus olan “Toyota Prius” markalı avtomobilini onun avtomobilinin yanında saxlamışdır. Gülmalı Gülmalıyev ona bildirmişdir ki, «sən nə üçün qızın ardınca düşmüsən». O, Gülmalı Gülmalıyevə bildirmişdir ki, «mən qızın ardınca düşməmişəm». O, Gülmalıya demişdir ki, «xanımla birlikdəsən get». 29 mart 2025-ci il tarixdə saat 18 radələrində o, Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində idarə etdiyi avtomobil ilə gedən zaman yolda Gülmalı Gülmalıyevi görmüşdür. Avtomobildən düşüb Gülmalıya yaxınlaşmış, sonuncuya bildirmişdir ki, «mən dünən qızın ardınca getmirdim. Sən nə üçün mənə irad bildirdin». Gülmalı Gülmalıyev ona demişdir ki, qız ona bildirmişdir ki, onun ardınca getmişdir. Bundan sonra Gülmalı Gülmalıyev ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, yumruq ilə Gülmalı Gülmalıyevin göz nahiyəsinə vurmuşdur. Gülmalı Gülmalıyev onu vurmamışdır. Həmin vaxt küçədən gedən şəxslər onları ayırmışdır. O, sonra idarə etdiyi avtomobilə əyləşib getmişdir. Aralarında mübahisə təqribən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə küçədə baş vermiş, hadisə zamanı ətrafda olmuş şəxsləri tanımır. O, hadisə vaxtı içkili olmamış, Gülmalının sipirtli içki qəbul etməsi barədə bir söz deyə bilməz. Hazırda zərərçəkmiş şəxslə barışmış, əməlindən peşmandır. Qərar qəbul edərkən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X6 bildirdi ki, Cavid adlı şəxsi təqribən 10 ildir ki, tanıyır, onunla münasibətləri normaldır. Onun Şirvan şəhər sakini Rəna adlı qızla münasibəti vardır. 28 mart 2025-ci il tarixdə saat 16 radələrində Rəna ilə Şirvan şəhəri, Şirvan küçəsində görüşmüşdür. Rəna ilə birlikdə Şirvan şəhərində yerləşən “Planet” adlı mağazaya getmişlər. Mağazadan alış-veriş etmişlər. Həmin günü saat 17 radələrində Rənanı yaşadığı evə gətirmişdir. O, özünə məxsus olan “Toyota Prius” markalı avttomobili Rənanın yaşadığı evin küçəsində saxlamışdır. Rəna avtomobildən düşüb evləri istiqamətində getməyə başlamış, o da avtomobilində Rənanın yaşadığı evə daxil olmasını gözləmişdir. Rəna küçə ilə gedən zaman yanında “Hyundai” markalı avtomobil dayanmışdır. O, bundan sonra avtomobil ilə həmin avtomobilin yanına gəlmiş, avtomobilindən “Hyundai” markalı avtomobilin sürücüsü Cavidə «sən nə üçün burada saxladın» demişdir. Cavid ona bildirmişdir ki, «sən avtomobilini sürüb get. Mən özüm avtomobili saxamışdım». O, avtomobili sürüb getmişdir. 29 mart 2025-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində olan zaman Cavid İsayev küçəyə gəlmişdir. Cavid ona bildirmişdir ki, «sən dünən düz hərəkət etmədin. Mənim avtomobilimi saxlatdırıb mənim nə üçün küçədə dayandığımı soruşdun». O, bildirmişdir ki, «bu məsələ dünən olmuşdur. İndi nə üçün bu söhbəti edirsən». Bundan sonra qəfildən Cavid onun göz nahiyəsinə yumruq vurmuşdur. Hadisə küçədə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı ətrafda olmuş şəxsləri tanımır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Zülfi Hacıyev küçəsidir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18.26-da Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə tutulmuşdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şhər Polis Şöbəsinin MSY-dən dərhal azad edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2025-ci il tarixli 164 nömrəli rəyindən görünür ki , X3 bədən səthində aşkar olunan xəsarətlər – burun sümüyünün az yerdəyişən sınığı, hər iki gözaltı nahiyədə qançır, sağ gözün ağlı qişasında qansızma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 29 mart 2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-35/2-622/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur . xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs X2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun vətəndaş Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömərli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 2480 nömrəli arayışdan görünür ki, Ağayev X9 şəhəri Z.Hacıyev küçəsi ev 23 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömərli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 180 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Zülfi Hacıyev küçəsində X4 ilə əsaslı səbəb olmadan mübahisə edərək, bir gün əvvəl, yəni 28 mart 2025-ci il tarixdə sonuncunun ona tanışı-Şirvan şəhər sakini X1 ilə gedən zaman yanında avtomobilini saxlamasını irad bildirməsini bəhanə edib, Gülmalı Gülmalıyevin ünvanına ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında yumruqla Gülmalı Gülmalıyevin sifətindən qəsdən vuraraq, sonuncuya burun sümüyünün az yerdəyişən sınığı, hər iki gözaltı nahiyədə qançır, sağ gözün ağlı qişasında qansızma kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin qəsdən törədilməsini, törədilən əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi . CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 01 gün müddət 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər şübhəli şəxs qismində həbsdə olduğu bir gün müddət iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin edilmiş cəzadan 02 (iki) gün çıxılsın və qəti olaraq üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-87/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-87/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver