Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-88/2025 17.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1967-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırki cinayət işi üzrə barəsində Şirvan şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 29 iyun 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2025ci il tarixdə Şirvan şəhər polis şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən saat 15:19-dan saat 15:29-dək Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli pencəyinin sol iç cibliyindən aşkar edilmiş 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, 10 mart 2025-ci il tarixdə günorta saatlarında çay evindən çıxıb yaşadığı evə gedən zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, videoçəkilişlə üzəri yoxlanılan zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılmışdır. Aşkar olunmuş həmin psixotrop maddəni saxlanıldığı gün Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən köhnə vergi idarəsinin qarşısında yerdən tapmış və üzərində saxlamışdır. Aşkar olunmuş psixotrop maddə metamfetamini kiməsə vermək və ya satmaq fikri olmamışdır. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olunmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 10 mart 2025-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi psixotrop maddəni saxlaması və daşıması barədə şəhər polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 və KTQ-nun kiçik inspektoru X2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Tərəflərindən 10 mart 2025-ci il tarixdə saat 15:19-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yolun sağ kənarı ilə hərəkətdə olan zaman saxlamışlar. Bundan sonra şübhəli şəxsin anket məlumatları dəqiqləşdirilmişdir. Daha sonra şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, predmet olması soruşulduqda o üzərində belə əşyanın olmasını bildirmişdir. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan boz rəngli pencəyinin cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd “Mİ” markalı mobil telefon, 01 ədəd mobil telefon adaptoru, 02 ədəd alışqan, 01 ədəd içərisində siqaret olan “Milano” markalı siqaret qutusu, özünə məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, 01 ədəd şüşə qabda olan ətir, 01 ədəd cib dəsmalı və 12 manat pul əskinasları aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddəni “patı” kimi tanımasını, həmin maddənin özünə məxsus olmasını və yerdən tapdığını bildirmişdir. 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd “Mİ” markalı mobil telefon 01 ədəd zərfdə qablaşdırıldırılmış və qablaşdırılmış olan zərf tərəflərindən imzalanmışdır. Bundan sonra şübhəli şəxsdən aşkar olunmuş 01 ədəd mobil telefon adaptoru, 02 ədəd alışqan, 01 ədəd içərisində siqaret olan “Milano” markalı siqaret qutusu, özünə məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, 01 ədəd şüşə qabda olan ətir, 01 ədəd cib dəsmalı və 12 manat pul əskinasları istintaq üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin MSY-nin polis nəfəri Şahid2 şahid qismində vermiş olduğu ifadəsində Şahid1 göstərdiklərini təsdiq etməklə onun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saat 15:19-dan saat 15:29-dək Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli pencəyin sol iç cibindən 01 (bir) ədəd sellofan kəsiyində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 10 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 10 mart 2025-ci il, saat 15:19-dan məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 18:55-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/218 nömrəli, 11 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,380 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,380 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,330 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 11 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 12 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 12 mart 2025ci il tarixli, 4(032)-43/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-yə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 1(032)-179/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02 aprel 2025-ci il tarixli, 18-1-35/2-456/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli, 125 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 160 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 09 aprel 2025-ci il tarixli, 2002 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 05 iyun 2025ci il tarixli, 4(032)-86/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 20 (iyirmi) gün müddətinə, yəni 30 iyun 2025-ci il tarixədək uzadılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 29 iyun 2025ci il tarixli, 4(032)-99/2025 saylı qərarından görünür ki, Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılan digər cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Cinayət işi materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29 iyun 2025-ci il tarixli, 1(032)-88/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət əməlinə görə məhkum edilməsinə, lakin məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,330 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 0,330 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-88/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-88/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver