Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-89/2023 16.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:30 Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 26 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 11A, mənzil 31 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun baş və bədən nahiyələrindən vurmaqla, həmçinin şüşə qırıntısı ilə sağ əlinə vuraraq, Zərərçəkmiş şəxs sağ təpə-gicgah nahiyəsində şişkinlik-hematoma və sıyrıq, sağ gözaltı nahiyədə qançır, sağ bazu oynağında və sağ çiyin-kürək nahiyəsində əzələ-bağ aparatının gərilməsi, sağ əlin ovuc səthində və İİ-İİİ barmaq yastığında səthi dəri kəsikləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 ilə 2022-ci ilin iyul ayında rəsmi olaraq evlənmiş, Günelin yaşadığı ünvan 3 ünvanında yaşayır və həmin ev Günelin atasına məxsusdur. Günelin anası və qardaşı da həmin evdə qeydiyyatdadırlar, lakin onlar Şirvan şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. 26 iyun 2022-ci il tarixdə, saat 11 radələrində evdə olan zaman Günelin qardaşı Asiflə telefon danışığı zamanı əsəbiləşdiyini görüb Güneldən nə baş verdiyini soruşduqda Günel anası Şəlaləyə olan borcunun qardaşı Asif tərəfindən yalan yerə artırılmasını, həmçinin evdə qalmağa görə kirayə pulu da istədiklərini bildirmişdir. Təxminən 10 dəqiqə sonra qaynı Asif, qayınanası Şəlalə ilə birlikdə yaşadıqları mənzilə gəlmiş, mənzilə daxil olan zaman Asif Günelin sağ üz nahiyəsinə şillə ilə zərbə vurmuş və Güneli söyüb, təhqir etməyə başlamışdır. O, dərhal Günellə Asifin arasına daxil olub, hər ikisini sakitləşdirmək istəmişdir. Asif isə yenidən Günelə əli ilə xəsarət yetirmək istədikdə, o Asifin hər iki qolundan tutaraq, Günelə vurmasının qarşısını almaq istəmişdir. Bu zaman Asif onun üz və burun nahiyəsinə kəllə ilə vurmuş və onlar əlbəyaxa olmuşlar. Bu vaxt o Günelə hamilə olması səbəbilə mətbəxi tərk etməsini söyləmiş, Günel karidora keçmişdir. O, Şəlalə və Asifdən nə baş verdiyini soruşduqda, hər ikisi ona evi tərk etməklərini bildirmişlər. Asif həmin vaxt ünvanlarına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Bu vaxt yenidən Asifi sakitləşdirmək istədikdə Şəlalə arxadan onun başının orta hissəsinə şüşə butulka ilə zərbə vurmuş, zərbədən sonra başı gicəlləndiyi üçün dizi üstə yerə doğru əyilmişdir. Əyilən zaman isə Asif başına mətbəxdə olan şüşə butulkalarla zərbələr vurmuşdur. Asifin onun başına vurmuş olduğu butulkaların hamısı başında sınmışdır. Həmin sınmış butulkalardan birini Asif əlində götürərək, sol qolunun içəri nahiyəsinə və sol qabırğalarının üstünə zərbələr vurmuşdur. Asifin vurmuş olduğu yerlərdən qan açıldıqda, Asif qorxub geriyə çəkilmiş, Şəlalə isə onun baş nahiyəsinin arxa hissəsinə armudu adlanan stəkanı ataraq xəsarət yetirmişdir. Şəlalədən sonra isə Asif də həmin armudu stəkanı onun başının sol künc hissəsinə ataraq xəsarət yetirmişdir. Həmin vaxt Günel DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra Asif də 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Qeyd edir ki, ötən məhkəmə iclaslarında özünü təqsirli bilməsə də lakin, etdiyi əməldən peşmandır.Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda anası Şahid1 ilə birlikdə Şirvan şəhəri ünvan 5 ünvanda isə hazırda bacısı Şahid2 ailəsi ilə birlikdə yaşayır. Bacısı Günel anası və onu həmin evdə yaşamağa qoymur. Anası Şəlalə bacısı Günelə evinin təmiri üçün borc pul vermiş, həmin gün saat 11 radələrində anası ilə birlikdə yaşadıqları ünvanda olan zaman anası Şəlalə Günelin maaş alıb-almamasını öyrənmək üçün ona Güneldən bu barədə məlumat almasını xahiş etmişdir. O da Günelin istifadəsində olan nömrəyə “WhatsApp” tətbiqi vasitəsilə yazaraq, Güneldən maaş alıb-almamasını soruşmuşdur. O, Günellə danışan zaman, Günel onu və anasını təhqir edərək, borcunu verməyəcəyini, sentyabr ayından sonra isə aylıq olaraq, 100 manat pul verəcəyini demişdir. O, Günelin ona demiş olduğu fikirləri anasına demiş, anası onu həmin T.İsmayılov küçəsində yerləşən ata evlərinə aparmasını demişdir. O, anası ilə birlikdə binanın birinci mərtəbəsində yerləşən evin qapısına yaxınlaşan vaxt Günel onları qarşılamış və onlara evə daxil olmaqlarını demişdir. Onlar evə girən zaman Günel həm anasını, həm də onu söyüb təhqir etməyə başlamışdır. O Günelə anasının əməliyyat xərcləri olduğunu bildirərək, anasına olan borcunu ödəməsini xahiş etmişdir. Günelin həmin vaxt qeyri-rəsmi münasibətdə yaşadığı Anar da onlara yaxınlaşaraq bildirmişdir ki, Günel sizə heç nə ödəməyəcək. Həmin vaxt Günelin əlindəki metal tava ilə anasının üstünə doğru getdiyini görmüşdür. Həmçinin Anar da anasının üstünə doğru getməyə başlamış, o, anasını müdafiə etmək üçün Anarın qarşısına keçmiş və Anara ailədaxili məsələyə qarışmamasını bildirmişdir. Anar hər iki qolundan tutub divara dirəmiş, sonra isə yumruqla sağ gözünə bir dəfə zərbə vurmuş, o yerə yıxılmış, yıxıldıqdan sonra Anar onun baş, burun və kürək nahiyələrinə yumruqla vurmağa başlamışdır. O, birtəhər ayağa qalxıb, Anarın əlində sınıq şüşə butulka olduğunu görmüş və Anar həmin şüşə butulka ilə ona xəsarət yetirən zaman o butulkanı Anarın əlindən almaq istəyəndə sağ əlinin bir neçə hissəsini kəsmişdir. Təcili olaraq DİN-nin «102» xidmətinə zəng vurmuşdur. Anası Şəlalə evin çöl qapısını açaraq, onu həmin qapıdan binanın həyətinə yola salmışdır. Daha sonra polis əməkdaşları ünvana gəlmişlər. O, hadisə zamanı nə Günelə, nə də Anara heç bir xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, T.İsmayılov küçəsi bina 11 A, mənzil 31-də qeydiyyatda olsa da, hazırda oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Şirvan şəhəri ünvan 5 ünvanda isə hazırda qızı Şahid2 ailəsi ilə birlikdə yaşayır. Günel oğlu Asifi və onu həmin evdə yaşamağa qoymur. Günel 2015-ci il tarixində ərindən boşanmış və iki uşağı ilə onun himayəsində yaşamağa başlamışdır. Günel əvvəllər yaşadıqları Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən ünvanda onlarla birlikdə yaşamışdır. Günel dekabr ayından bəri qeyri-rəsmi münasibətdə olduğu Anar adlı şəxsi də evlərinə dəvət etmiş və onunla yaşamışdır. O, Günelə Şirvan şəhəri, Naxçivan küçəsində yerləşən ev almış. Həmin evin təmiri ilə əlaqədar Günelə 32 min manat borca pul vermişdir. 26 iyun 2022-ci il tarixdə oğlu Asifə Günellə əlaqə saxlamasını, Günel əgər maaş alıbsa ona olan borcundan 500 manat pul verməsini söyləməsini demişdir. Çünki Günelə həmin vermiş olduğu 32 min manat borca görə, aylıq borcundan 500 manat verəcəyi ilə bağlı razılaşmışdır. Asif Günellə telefonla danışdıqdan sonra ona Günelin borcundan hələlik verməyəcəyini, sentyabr ayından isə hər ay 100 manat pul verəcəyini söyləmiş, sonra Asif Günelin onu söyüb, təhqir etməsini demişdir. O, Günelə dəfələrlə zəng etmiş, lakin Günel telefonlarına cavab verməmişdir. Asif onu Günelin yaşadığı mənzilə aparmışdır. Asif və o, binanın birinci mərtəbəsində yerləşən evin qapısına yaxınlaşan vaxt Günel onları qarşılamış, onlara evə daxil olmuş, evə daxil olan zaman Günel həm onu, həm də oğlu Asifi söyüb təhqir etməyə başlamışdır. O, Günelə əməliyyat xərclərinin olduğunu bildirərək, ona pul lazım olduğunun vacibliyini demiş, lakin Günel ona pul verməyəcəyini, evdən çıxmasını bildirmişdir. Bu vaxt Günel tavanı şkafın üzərindən götürərək, onun başına, kürəyinə, ayaqlarına zərbələr vurmağa başlamışdır. Anar da həmin vaxt onun baş, çiyin və kürək nahiyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. O da həmin vaxt qışqıraraq, evinin arxa qapısını açaraq, kömək çağırmış, Asif təcili olaraq DİN-nin «102» xidmətinə zəng vurmuşdur. Daha sonra polis əməkdaşları gəlmişlər. O, nə Anara, nə də Günelə heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015ci ildə boşandıqdan sonra övladları ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Həmin mənzil atası tərəfindən ona yaşaması üçün verib. Hazırda əri Təqsirləndirilən şəxs və birinci evlilikdən olan övladları ilə birlikdə həmin evdə yaşayır. Anası və qardaşı hazırda Şirvan şəhəri Naxçıvan küçəsi ev 418 ünvanında yaşayırlar. 26 iyun 2022-ci il tarixdə, saat 11 radələrində qardaşı Asif istifadəsində olan nömrəyə zəng vuraraq, ondan 2022-ci ilin may ayında anası Şəlalədən almış olduğu 500 manat qalan borcunu qaytarmasını istəmiş, o, iki günə maaş alacağını və borcunu ödəyəcəyini qardaşına demişdir. Ardınca isə qardaşı hazırda yaşadığı mənzilə görə də əlavə olaraq kirayə pulu verməli olduğunu demişdir. Bundan sonra o əsəbiləşərək qardaşının ünvanına nalayiq sözlər demişdir. Yaşadığı evin isə ona deyil atasına məxsus olduğunu bir daha xatırlatmışdır. Təxminən 10 dəqiqə sonra qardaşı Asif anası Şəlalə ilə birlikdə yaşadığı ünvana gəlmişlər. Mənzilə daxil olan zaman Asif onun sağ üz nahiyəsinə sillə ilə vuraraq onu söyüb, təhqir etməyə başlamışdır. Bu vaxt əri Anar onunla Asifin arasına girərək, onları sakitləşdirmək istəmiş, Asif yenidən onu vurmaq istədikdə Anar Asifin hər iki qolundan tutmuş ki, mane olsun. Lakin bu vaxt Asif Anarın da burun və üz nahiyəsinə doğru kəllə ilə zərbə vurmuş və onlar əlbəyaxa olmuşlar. O, qorxduğu üçün mətbəxdən karidora keçmiş, bu vaxt anası Şəlalənin əlində olan şüşə butulka ilə Anarın baş nahiyəsinin orta hissəsinə zərbə vurduğunu görmüşdür. Anar dizləri bükülü vəziyyətdə aşağı doğru əyilmiş, əyildikdən sonra qardaşı Asif də mətbəxdə şkafin üzərində olan 3 şüşə butulkanı götürüb Anarın başına zərbələr vuraraq sındırmışdır. Ardınca anası Şəlalə Anarın kürək nahiyəsinə yumruqla və təpiklə zərbələr vurmağa davam etmişdir. O, anasından bu hərəkətlərinə son qoymasını tələb etdikdə, anası onun də saçını yolaraq başına vumruqla vurmağa başlamışdır. O da hamilə olduğundan qaçaraq mətbəxdən uzaqlaşmışdır. Sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, həmçinin qardaşı da 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. O nə anasına, nə də qardaşı Asifə heç bir xəsarət yetirməmişdir. Hadisə təxminən 20 dəqiqə müddətində davam etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 298 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ təpəgicgah nahiyəsində şişkinlik-hematoma və sıyrıq, sağ gözaltı nahiyədə qançır, sağ bazu oynağında və sağ çiyin-kürək nahiyəsində əzələ-bağ aparatının gərilməsi küt əşya təsirindən törənmiş, sağ əlin ovuc səthində və İİ-İİİ barmaq yastığında səthi dəri kəsikləri iti xassəyə malik əşya (sınmış şüşə fraqmentinin iti kənarı) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 35-37) Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 291 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər-burun kökündə qançır-küt əşya təsirindən törənmiş, sağ bazunun aşağı 1/3-də səthi dəri kəsikləri, gövdənin sol yan səthində kəsilmiş yara- iti xassəyə malik alət (ola bilsin, sınmış şüşə fraqmentləri) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 iyun 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi. Dərəcələrinə görə, qeyd olunan xəsarətlərdən-gövdənin sol yan səthinin orta şöbəsində olan kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Burun kökündə qançır, sağ bazuda səthi dəri kəsiyi isə sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. (i.v.40-42) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 212 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. 105) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-89/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-89/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver