Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-89/2024 21.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə Saat 12:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Əli Bayramlı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri-əsaslandırıcı hissə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, yəni 0,390 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış və 10 yanvar 2024-cü il tarixdə, saat 00:30 radələrində Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, Mirzəxan Qədirov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 aydır ki, narkotik vasitələrdən arabir istifadə edir. 09 yanvar 2024-cü il tarixdə, axşam saat 22 radələrində Şirvan şəhəri, Mirzəxan Qədirov küçəsində olduğu zamanı yolun kənarında 01 ədəd sellofan bükümün olduğunu görmüş, həmin bükümü yerdən götürmüş, bükümün içərsinə baxdıqda narkotik vasitə olan heroinin olduğunu görmüş, həmin bükümü özü istifadə etmək məqsədilə cibinə qoymuş, həmin bükümdə olan narkotik vasitədən istifadə etməmişdir. 10 yanvar 2024-cü il tarixdə, saat 00:30 radələrində Şirvan şəhəri, Mirzəxan Qədirov küçəsində olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təhqiqat bölməsində olarkən hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində narkotik vasitə heroinin olduğunu bildirmiş, sonra əynində olan şalvarının yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərsində narkotik vasitə olan heroinin olmasını bildirmişdir. Həmin büküm onun və şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə açıldıqda içərsində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları ona həmin bükümü hardan əldə etdiyini soruşduqda həmin bükümü Salyan rayon sakini “Qismət” adlı şəxsdən 25 manat müqabilində aldığını bildirsə də, bu barədə yalan demiş, əslində isə ondan aşkar olunmuş narkotik vasitəni küçədə yolun kənarında yerdən tapmışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri daşımaqla saxlayır və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenatı X2 ibarət əməliyyat qrupu yaradılmış, sonra 10 yanvar 2024-cü il tarixdə, saat 00:30 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Mirzəxan Qədirov küçəsinə getmişlər, həmin küçədə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görmüşlər, barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, o, onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş, təqdim etdiyi bükümdə narkotik vasitə heroinin olmasını bildirmiş, sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə narkotik vasitə heroindir. Təqdim etdiyi heroini Salyan rayon sakini “Qismət” adlı şəxsdən alıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 10 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 00:30-da hüquqları faktiki məhdudlaşdırılmaqla, saat 01:10-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 20-21) 10 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirir və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir. Büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunur. Narkotik vasitə olan heroinə bənzər maddə sıfırlanmış halda elektron tərəziyə qoyulduqda çəkisinin 0,6 qram olması müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (i.v.28-29) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxsin əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir, büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan heroinə bənzər maddə sıfırlanmış halda elektron tərəzi vasitəsilə həmin narkotik vasitə olan heroinə bənzər maddə çəkilən zaman həmin maddənin çəkisinin 0,6 qram olduğu müəyyən olunur. İçərisində narkotik vasitə olan heroinə bənzər maddə olan 1 ədəd sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılır. (i.v 30) Məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2024-ci il tarixli, 18/26 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 0,390 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,340 qram. (i.v.40-41) 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.70) 25 yanvar 2024-cü il tarixli, 3-111388104 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və hansı mənbədən əldə etməsinin müyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə, eləcə də 10 yanvar 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (i.v 81) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-158/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v 82) Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 300 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimlyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür.(i.v 103) İ-49663 nömrəli, İ-17293 nömrəli və İ-13924 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmənin iş üzrə mövqeyi və cəza təyini Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda istinad olunaraq sadalanan normativ aktların müddəalarını, yuxarı instansiya məhkəməsinin təcrübəsini rəhbər tutaraq belə bir nəticəyə gəlmək mümkündür ki, şəxsə cəza təyin edilərkən onun özündə cəmlənən, onu əhatələyən sosial və psixoloji aspektlərə xüsusilə həssas yanaşmaq, obyektiv qiymətləndirmək, cinayət törədən şəxsin qanuna zidd əməli törətməmişdən əvvəlki, sonrakı həyat tərzinə, onun qanunlara, sosial normalara, bir vətəndaş kimi ictimai vəzifələrə, əməyə, ailəyə münasibətini, təhsilini, tərbiyəsi kimi vacib sosial şərtləri diqqətdə saxlamaq lazımdır. O cümlədən şəxsin törətmiş olduğu əmələ psixoloji münasibətini, özünütənqid bacarığını, əməlin törədilmə mexanizmini, qəsdin xarakterini, yaranmasına səbəb olan halların təsadüfü axın və ya qabaqcadan planlı olması kimi xüsusiyyətlərinin nəzərə alınması çox önəmlidir. Həmçinin bu halların zamanında və düzgün müəyyənləşdirilməsi şəxs barəsində onun islah olunmasına səbəb və əsas ola biləcək cəzanın individual olaraq hər bir fərdin özünə məxsus şəkildə seçilib təyinatına da zəmin yaratmış olacaq, şəxsin cəmiyyətdən təcrid olunmaqla və ya elə cəmiyyətin öz daxilində onu qanunlara əməl etmə ruhunda tərbiyələndirməklə islah olunması istiqamətində məhkəməyə seçim etməkdə yardımçı olacaqdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmaqla qüsursuz xidmətə görə medal və ordenlərlə qiymətləndirilməsini, barəsində olan yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, onun barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 2 gün müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, 18 yanvar 2024-cü il tarixli, 300 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,340 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Nəticə hissə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 gün çıxılsın, barəsində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, Mirzəxan Qədirov küçəsi, ev 8 ünvanını hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X7 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,340 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31 manat 95 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-89/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-89/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver