Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-9/2024 22.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Fərman Quliyev küçəsi, ev 94 qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 11 iyun 2023cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə itttiham olunur ondan ötrü ki, o, 2023-cü ilin may ayının əvvəllərində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə ərazisində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, 08 iyun 2023-cü il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, çətənə bitkilərindən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, həmin təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuana 08 iyun 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılaraq götürülmüş, həmin hündürlükləri 10 sm və 50 sm-dən 55 sm-dək olmaqla ümumi təmiz çəkisi - 25 qram olan 05 (beş) ədəd çətənə (kannabis) bitkiləri 09 iyun 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən aqronomun iştirakı ilə videoçəkilişlə keçirilmiş baxış zamanı qanunauyğun qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə qismən təqsirli bildi, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirini etiraf etməsinə baxmayaraq, CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyib ifadəsində bildirdi ki, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilmiş, üzərindən kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi soruşulduqda, qeyd edilən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşəlik ərazidə özü tərəfindən şəxsi istifadəsi məqsədi ilə əkib becərdiyi beş ədəd çətənə bitkisi kollarının yarpaqlarından qurudaraq əldə etdiyini etiraf etmiş, çətənə bitkilərini əkib becərdiyi yeri polis əməkdaşlarına göstərmiş, həmin beş ədəd çətənə kollarını təqdim etmişdir. Şirvan şəhər Polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı heç bir qanunsuz hərəkətə və təsirə yol verilməmiş, müdafiəçi ilə təmin edilmiş və üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Törətdiyi əməldən peşmandır, özünü CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilir və yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. 01 may 2023-cü il tarixdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə sahəsinə 05 ədəd çətənə bitkisi əkmişdir. Həmin bitkilərə aqrotexniki qaydadaq qulluq etmişdir. 07 iyun 2023-cü il tarixdə meşə sahəsinə getmiş, kolun yarpaqlarından bir hissəsini qırmışdır. Həmin yarpaqları qurutmuş, qurutduğu yarpaqları kibrit qutusuna yığmışdır ki, istifadə edər. 08 iyun 2023-cü il tarixdə həmin kibrit qutusunu cibinə qoyub yaşadığı evdən çıxmışdır. Həmin gün, saat 23 radələrində Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində olduğu zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı ondan üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş, bildirmişdir ki, həmin narkotik maddəni Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə sahəsinə əkdiyi çətənə bitkisinin yarpaqlarından yığıb qurutmuş və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. 09 iyun 2023-cü il tarixdə Şirvan ŞPŞnin əməkdaşları, müdafiəçisi Salman Fərəcov və aqranom Əliabbas Məmmədov onunla birlikdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə sahəsinə getmişlər, 05 ədəd çətənə kolu əkdiyi yeri göstərmiş, həmin kolları 01 may 2023-cü il tarixdə əkdiyini bildirmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, lakin narkotik vasitə və psixotrop maddə istifadə edir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. 01 may 2023-cü il tarixdə 05 ədəd çətənə bitkisini Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə sahəsinə əkmişdir. Onun 05 ədəd çətənə bitkisini əkməyindən heç bir şəxsin məlumatı olmamışdır. Həmin kolları əkmiş, onlara su vermişdir. Çətənə kollarından əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan hər hansı bir şəxsə satmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmamışdır, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibi vardır və CM-nin 234.1 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsində təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin MSYnin polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 08 iyun 2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid4 tərəfindən çağırılmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və əkib-becərməsi ilə bağlı məlumat daxil olduğu və əməliyyat qrupuna daxil edilməsi bildirilmişdir. Bununla əlaqədar 08 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri Mahir Mirzəyev küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş, siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Salman Fərəcov gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni meşə ərazisində əkib-becərdiyi kollardan əldə etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, yalnız bir ədəd mobil telefon aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Səhəri gün Təqsirləndirilən şəxs ilə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşəyə gedilmişdir. Meşədə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin yerdə 5 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Bitkilərin narkotik tərkibli olmasını və onlara aqrotexniki qaydada qulluq edilməsini aqronom da təsdiq etmişdir. Orada təhqiqatçı tərəfindən 5 ədəd çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs heç bir narazılığı və etirazı olmamış, sonuncu çətənə bitkilərini özünün şəxsi istifadəsi məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid4 daxil olmuş, satış ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin NMQ-nun sabiq baş əməliyyat müvəkkili Şahid4 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid3 ifadəsində bildirdi ki, 08 iyun 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin TBnin təhqiqatçısı polis leytenatı Mustafa Əsgərov ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs üzərində narkotik vasitə saxlamaqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik vasitələri kultivasiya etməkdə şübhəli olduğu üçün Şirvan ŞPŞnə gətirilmişdir. Onun üzərinə videokamera vasitəsi ilə şəxsi axtarış keçirmək zəruriəti yaranmışdır. O, Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı X9 ŞPŞ-nin TB-də olan xidməti otağına getmiş, Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Salman Fərəcov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni meşə ərazisində əkib-becərdiyi kollardan əldə etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, yalnız bir ədəd mobil telefon aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs iştirakı ilə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşəyə gedilmiş, meşədə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin yerdə beş ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Bitkilərin narkotik tərkibli olmasını aqronom da təsdiq etmişdir. Orada təhqiqatçı tərəfindən beş ədəd çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, meşə sahəsinə baxış keçirilməsini “Canon” markalı videokamera vasitəsilə qeydə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin MSYnin polis nəfəri Şahid2 Taryel oğlu ifadəsində bildirdi ki, 08 iyun 2023-cü il tarixdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşə sahəsinə narkotik vasitə əkdiyini bildirdiyi üçün həmin meşə sahəsinə baxış keçirilməsi üçün Hacıqəhrəmanlı qəsəbəsində yerləşən meşəyə getmişlər. Meşədə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin yerdə beş ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Bitkilərin narkotik tərkibli olmasını aqronom da təsdiq etmişdir. Orada təhqiqatçı tərəfindən beş ədəd çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış keçirmə və götürmə aparılmasını özündə əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçi X2, Şirvan şəhər Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4, Şirvan şəhər Polis şöbəsinin MSY-nin polis nəfəri Şahid1 və aqronom X3 iştirakı ilə Təqsirləndirilən şəxs meşə ərazisində su kanalının kənarında yerləşən ağacların dib nahiyəsində beş ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri əkib becərdiyini bildirmişdir və həmin yeri göstərmişdir. Videoçəkiliş vasitəsi ilə beş ədəd çətənə bitkisinə bənzər bitkilər, həmin ərazidən çıxarılaraq müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 09 iyun 2023-cü il tarixli, 18/614 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 5,87 qram, tədqiqata sərf olundu - 0,02 qram, qalıq - 5,85 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 09 iyun 2023-cü il tarixli, 18/615 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...əkdiyi…” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 5 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 25,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərinin ümumi çəkisi - 25,0 qram, tədqiqata sərf olundu - 0,25 qram, qalıq - 24,75 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8-narkoloji tibbi yoxlamanın 05 avqust 2023-cü il tarixli, 4984 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə dair məlumatları özündə əks etdirən CD diskə baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir hal (SMS məlumatı) aşkar olunmamışdır. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 08 iyun 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir. Cinayət işinin icraata qəbul olunması haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddəsindən, həmin Məcəllənin 234.2 və 237.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin 11 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Hacıqəhrəmanlı qəsəbə İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,87 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı özü qanunsuz olaraq əkib-becərdiyi, əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda beş ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərdən əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olduğundan onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrlə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. İş materiallarından və eləcə də təqsirləndirilən şəxsin verdiyi ifadələrdən də görünür ki, onun məqsədi məhz özünün əkib-becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərdən hazırlayaraq üzərində saxladığı narkotik vasitə şəxsi istifadəsinə yönəlmişdir. Bu hal həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X12-Narkoloji tibbi müayinənin ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4984 nömrəli rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq orqanı isə narkotik vasitələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılmasını təsdiq edən sübutları əldə etmədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı satmaq niyyəti ilə (bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,87 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamasını həmin narkotik vasitəni satmaq niyyətində olması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərə baxdıqda və məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsinə heç bir əsas olmamışdır. İş üzrə dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1 və ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş Şahid4 aşkar olunmuş narkotik vasitənin satış niyyəti ilə əldə edilməsi haqqında deyil, müstəsna olaraq əməliyyat axtarış tədbirinin gedişində baş verənlər və narkotik vasitənin üzərində saxlaması faktını aşkar etmələri barədə məlumat verən şəxslərdir (Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi ilə bağlı əkib-becərməsini bildirdiyini qeyd etmiş, əməliyyat məlumatının baş əməliyyat müvəkkili Şahid4 daxil olduğunu və satış ilə bağlı məlumatının olmadığını bildirmişdir). Digər tərəfdən cinayət işi materiallarına istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olmasına dəlalət edən edən heç bir mötəbər sübut əlavə edilməmiş, yalnız iş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir...” Məhkəmə qeyd edilən hala münasibətdə bildirir ki, bu yalnız ehtimaldır, istintaq orqanı tərəfindən satış ilə bağlı məlumat realizə olunmamışdır, halbuki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olmasına dair təqsirliliyi mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə də ifadələrində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İbtidai istintaqı aparan orqan tərəfindən təqsirləndirilən şəxsin digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni əldə etməsi, narkotikin çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik maddələrin satışı ilə məşğul olması, satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri təqsirləndirilən şəxsin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta əsaslanan ifadə verməmiş, sadəcə olaraq təqsirləndirilən şəxsin üzərindən yuxarıda qeyd olunan narkotik maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Narkotikin satışını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında da aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə şahid ifadələrinə münasibətdə əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərinə dair ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Məhkəmə bir daha bildirir ki, şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə və ehtimallara əsaslana bilməz, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi cinayət qanunvericiliyinə münasibətdə əsaslı və qanuni sayıla bilməz, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci mddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cianyət Məcəlləsinin 237.1-ci maddəsi üzrə ittiham olunması hissəsinə münasibətdə məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda - 05 (beş) ədəd çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, yetişdirməklə kultivasiya etməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 5,85 qram olan narkotik vasitə qurudulmuş marixuana və 05 (beş) ədəd çətənə bitkilərinin ekspertiza tədqiqatından sonrakı ümumi çəkisi - 24,75 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (köhnə redaksiyada) və 237.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 5,85 qram olan narkotik vasitə qurudulmuş marixuana və 05 (beş) ədəd çətənə bitkilərinin ekspertiza tədqiqatından sonrakı ümumi çəkisi - 24,75 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-9/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-9/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver