Məhkəmə qərarları › İş №1(032)-90/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-90/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-90/2024 28.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:45-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 il müddətəinə azadlıqdan məhrumetmə cəzasına, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hər iki məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, Neftçilər küçəsi döngə 3, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmərinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə etdiyi əşya ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə habelə özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qəsdən, 26 yanvar 2024-cü il tarixdə saat 02:00 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şirvan” adlı marketin yaxınlığında ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və sonuncunun əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, onu nalayiq söyüşlərlə söyüb təhqir edərək əlində özünə məxsus olan “Xiaomi” markalı mobil telefondan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən bir dəfə vuraraq ona “sol paraorbital nahiyədə qançır və sol qaşda sıyrıq” xəsarətləri ilə müşaiyət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq sonuncuya məxsus olan “VAZ-21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısından qəsdən iki dəfə ayaq zərbəsi ilə vuraraq avtomobilə 80 (səksən) manat maddi ziyan vurmaqla ictimai qaydanın ümumilikdə 15 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2024-cü il yanvar ayının 25-dən 26-na keçən gecə Şirvan şəhərindən Hacıqabul rayonuna qardaşıgilə qayıtmaq istəmişdir. Həmin gün axşam spirtli içki qəbul edib sərxoş vəziyyətdə olduğundan saatın neçə olduğunu xatırlamasa da gec saatları olduğunu bilmiş, həmin vaxt Şirvan şəhərində Şirvan dayanacağı adlanan yerə gəlmiş və orada Hacıqabul rayonuna gedəcək adamlarla birlikdə ucuz qiymətə taksi ilə getmək istəmişdir. Həmin vaxt dayanacağın yaxınlığında olan adama yaxınlaşmış və Hacıqabul rayonuna taksi ilə getmək barədə danışmış və həmin şəxs qarşıda dayanan qırmızı rəngli markasını xatırlamadığı avtomaşının sürücüsünə onu Hacıqabula neçəyə aparacağını soruşmuşdur. Həmin vaxt sürücü 5 (beş) manata aparacağını dedikdə o əsəbiləşmiş, sürücü ilə aralarında münaqişə yaranmışdır. Spirtli içkinin təsiri altında olduğundan baş verənləri dəqiq xatırlamasa da yadındadır ki, hadisə vaxtı həmin şəxsi telefonla vurmamışdır. Oradan uzaqlaşarkən avtomobilin qapısına ayaq zərbəsi vurmuşdur. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmiş, müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə təxminən saat 16 radələrində qardaşı Mənsimin Hacıqabul rayonundakı evinin hamam otağındakı qızdırıcısını Şirvan şəhərinə təmir etdirmək üçün gətirmiş, həmin qızdırıcını “köhnə bazar” adlanan yerdə təmir etdirdikdən sonra yaxınlıqda olan marketdən istifadəsi üçün spirtli içki olan araq alaraq qardaşının Hacıqabul rayonundakı evinə qızdırıcını quraşdırmaq üçün yollanmışdır. Orada qızdırıcını hamam otağında quraşdırdıqdan sonra spirtli içkini içib Hacıqabul rayonundan Şirvan şəhərinə marşrutla yadında olmadığı vaxtda gəlmiş, Şirvan şəhərini bir qədər gəzdikdən sonra saat gec olduğundan yatmaq üçün qardaşıgilə Hacıqabul rayonuna qayıtmaq istəmişdir. Saatın neçə olduğunu xatırlamasa da gec saatları olduğunu bilmiş, həmin vaxt Şirvan şəhərində Şirvan dayanacağı adlanan yerə gəlmiş və orada Hacıqabul rayonuna gedəcək adamlarla birlikdə ucuz qiymətə taksi ilə getmək istəmişdir. Həmin vaxt dayanacağın yaxınlığında olan adama yaxınlaşmış və Hacıqabul rayonuna taksi ilə getmək barədə danışmış və həmin şəxs qarşıda dayanan qırmızı rəngli markasını xatırlamadığı avtomaşının sürücüsünə onu Hacıqabula neçəyə aparacağını soruşmuşdur. Həmin vaxt sürücü 5 manata aparacağını dedikdə o əsəbiləşmiş və təhqiramiz ifadə işlətmişdir. Həmin vaxt dəqiq aralarındakı mübahisə nə üstündə düşdüyünü xatırlamamış, lakin həmin vaxt əsəbi halda əlindəki “Xiaomi” markalı telefonla sürücünün sifət nahiyəsinə bir yumruq zərbəsi endirmişdir. Sonra sürücü qışqıraraq polisə məlumat verəcəyini dedikdə ona məxsus avtomaşının qapısına ayaq zərbəsi vuraraq oradan uzaqlaşmışdır. Sərxoş olduğu üçün özünü idarə edə bilməmiş, əməlindən səmimi peşmandır və etdiyi əmələ görə zərər verdiyi şəxsdən üzr istəmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, 26 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şirvan” adlı marketin yaxınlığında mübahisə edərək əlindəki telefonla xəsarət yetirdiyini şəxsi əvvəllər tanımamışdır. Spirti içki qəbul etdikdən Şirvan şəhəri ərazisində yerləşən “Köhnə şəhər” adlanan yerdə saçını kəsdirəcəyini düşündüyü üçün Şirvan şəhərinə gəlmiş, lakin spirtli içkinin təsirindən bir neçə saat şəhər ərazisində gəzdikdən sonra Hacıqabul rayonunda yerləşən qardaşı Mənsimgilin evinə qayıtmaq istəmişdir. Spirtli içkinin təsirində olduğu üçün “Vaz 21074” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə niyə görə mübahisə etdiyini tam xatırlamamış, ancaq həmin şəxslə mübahisə vaxtı onu əlindəki özünə məxsus olan mobil telefonla sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs “Vaz 21074” markalı avtomaşınına necə zərər vurmağını xatırlamır, lakin maşının arxa qapısına ayaq zərbəsi vuraraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxslə mübahisə edərkən ətrafda hər hansısa şəxslərin olmağını xatırlamamış, sürücüdən onun üçün soruşan şəxsi də tanımamış, həmin vaxt içkili olduğu üçün həmin şəxs onu Hacıqabul rayonuna göndərmək üçün köməklik məqsədi ilə maraqlanmış, o isə həmin şəxsin Hacıqabul rayonuna gedəcəyini düşünərək onunla söhbət etmişdir. Onun Zərərçəkmiş şəxslə mübahisəsinin neçə dəqiqə davam etdiyini xatırlamamış və əməlindən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixə keçən gecə saatlarında Şirvan dayanacağında olan zaman iki nəfər şəxs yaxınlaşmış, onlardan biri həmin vaxt içkili vəziyyətdə olan Təqsirləndirilən şəxs Hacıqabul rayonuna aparmasını bildirmiş, o gediş haqqının 5 (beş) manat olacağını dedikdə həmin şəxs onun imkanın olmadığını bildirdiyindən 3 (üç) manat pula razılaşmışlar. Onlar söhbət edərkən Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, arxadan əlində olan hansısa əşya ilə onun qaş nahiyəsinə vurmuş, ətrafda adamların olmasına baxmayaraq nalayiq ifadələr işlətməkdə davam edərək onun avtomobilinin qapısına iki dəfə təpiklə zərbə vurmuş, daha sonra qaçaraq oradan uzaqlaşmışdır. Sonradan bilmişdir ki, Vüsal onun qaş nahiyəsinə telefonla xəsarət yetirmişdir. Həmin vaxt zərbənin təsirindən onun qaşı qanamış, əlində olan özünə məxsus telefon yerə düşmüşdür. Təqsirləndirilən şəxs onu vurandan sonra onunla söhbət edən digər şəxs də oradan uzaqlaşmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cəza təyin edilərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında dayanacaqda olan zaman içkili vəziyyətdə olan Təqsirləndirilən şəxs 5 (beş) manat pul müqabilində Hacıqabul rayonuna getmək istədiyini bildirmiş, heç bir taksi sürücüsü razılaşmamış, bundan sonra o, Orxana yaxınlaşmışdır. Orxan da ona etiraz etdikdə, aralarında münaqişə yaranmışdır. Bu zaman Orxanın əlində olan mobil telefonu Vüsal yerə atmışdır. Hadisə vaxtı həm Vüsal Orxanı, həm də Orxan Vüsalı yumruqla vurmuşdur. Daha sonra Vüsal avtomobilə təpiklə zərbə vurmuşdur. Bundan sonra evdən ona zəng gəldiyindən avtomobili sürüb getmişdir, ora polis əməkdaşlarının gəlməsini görməmişdir. Şahid1 məhkəmə iclasında verilmiş sualları cavablandırarkən Şirvan şəhər Polis şöbəsində ifadə verdiyi zaman ona qarşı hər hansı qanunsuz təsir və təzyiq olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq edilmiş, Şahid1 həmin ifadəsində göstərmişdir ki, “Zərərçəkmiş şəxs Şirvan şəhər Polis Şöbəsinə yazmış olduğu 26 yanvar 2124-cü il tarixli şikayət ərizəsi ilə tanış oldum. Zərərçəkmiş şəxs təxminən 3-4 aya yaxındır Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən Şirvan dayanacağı adlanan ərazidən. taksi fəaliyyəti ilə məşğul olduğu dövrdən tanıyıram. Həmin yerdə mən də taksi fəaliyyəti ilə məşğul oluram. 26 yanvar 2024-cü il tarixdə təxminən 02:00 radələrində bir nəfər sərxoş halda özünü idarə edə bilməyən şəxs dayanacağa yaxınlaşaraq Orxana məxsus “vaz 21074” markalı avtomaşının qarşısına yaxınlaşıb Orxanla söhbət etməyə başladı, Həmin vaxt mən də özümə məxsus “vaz 2106” markalı 10HP-247 dövlət qeydiyyat nişanlı avtomaşınla dayanacağın qarşısında dayanmışdım. Mən avtomaşının içərisində oturduğum üçün onların söhbətlərini eşitmirdim. Təxminən onların arasında olan söhbətdən 2 dəqiqə sonra Orxana yaxınlaşmış şəxs əlində olan qara rəngdə ölan əşya ilə Orxanın sifət nahiyəsinə bir yumruq zərbəsi endirdi və ucadan soyuşlər söyməyə başlamış, ilk əvvəl qorxduğum üçün maşından düşə bilmədim. Orxan əli ilə sifətini tutmuşdu. Sonra həmin şəxs ucadan səs-küy salaraq Orxana məxsus avtomobilin arxa qapısına iki dəfə ayaq zərbəsi endirdi. Bu zaman mən avtomaşından düşərək səs-küylə insanları köməyə çağırmağa başladım ki, həmin şəxs qorxsun və əraziyə adamlar toplaşaraq sərxoş halda olan şəxsin əməllərini dayandırmağa mənə kömək etsinlər. Bu zaman eşitdim ki, Orxan polisə zəng vurur. Orxanın telefon zəngindən sonra həmin sərxoş şəxs ucadan söyüşlər söyərək oradan uzaqlaşmağa başladı. Bu zaman Orxan polislə telefon vasitəsilə danışdığını eşitdim və Orxan əli ilə gözünü tutaraq həmin şəxsi uzaqdan izləməyə başladı. Bir neçə dəqiqə sonra əraziyə polis əməkdaşları gələrək həmin şəxsi yaxınlıqda taparaq polis şöbəsinə apardılar. Həmin vaxt polis əməkdaşı mənə yaxınlaşaraq hadisəni görməyim barədə məlumat aldı və mən hadisəni gördüyümü söylədim. Bu zaman polis əməkdaşı mənim adımı, soyadımı və əlaqə nömrəmi götürərək şöbəyə dəvət etdi. Gecə olduğu üçün səhər saatlarında gələcəyimi bildirdim. Lakin səhəri gün qorxuğum üçün şöbəyə getmədim və düşündüm ki, lazım olaramsa polis əməkdaşı mənə zəng edər. Şöbədən müstəntiqin zəngi ilə dəvət olundum və mənə 26 yanvar 2024-cü il tarixdə 02 radələrində Heydər Əliyev prospektində baş vermiş hadisəni törətmiş şəxsin şəklini göstərildi. Həmin şəkildəki Vüsal adlı şəxsin hadisəni törətmiş şəxs olduğunu bildirdim.” Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Orxana yaxınlaşaraq 5 manat pul müqabilində onu Hacıqabul rayonuna aparmasını bildirmiş, lakin Orxan ona sərxoş olduğundan aparmayacağını demişdir. Bundan sonra onlar arasında mübahisə yaranmış, nalayiq ifadələr işlətmişlər. Onlar mübahisə düşdüyündən avtomobildən düşərək Vüsal və Orxanı aralamışlar. Mübahisə zamanı Vüsal əlində olan telefonu Orxana tərəf atmışdır. Hadisə zamanı ətrafda taksi sürücüləri olmuşdur. Vüsalın Orxanın avtomobilinə zərbə vurmasını görməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X2 icraatına qəbul edilmişdir; xx.xx.2024-cü il tarixli 26 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli” sərxoşluq müəyyən olunmuşdur; Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun xx.xx.2024-cü il tarixli rəy aktından görünür ki, «Vaz 21074» minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı 1 ədəd arxa sağ qapı əzilib sıradan çımışdır. Dəmirçi işi 30 manat, rəngsaz işi 50 manat, cəmi 80 manat maddi ziyan dəymişdir; Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 46 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol paraorbital nahiyədə qançır, sol qaşda sıyrıq- küt əşya təsirindən törənmiş,qərarın təsviri hissəsində göstərilən 26 yanvar 2024-cü il tarixdə kənar şəxs tərəfindən mobil telefonla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir; 26 yanvar 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu “Xiaomi” markalı mobil telefonu könüllü olaraq istintaqa təqdim etmiş və həmin mobil telefon Şirvan ŞPŞnin sabiq müstəntiqi Semral İbadov tərəfindən götürülməklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 ədəd “Xiaomi” markalı mobil telefon sensorludur, ekran hissəsi qara rəngli, arxa hissəsi mavi rəngdədir, iki kameralıdır, mobil telefonun arxa hissəsinin ortasında və aşağısında cızıq hissələrin olması müşahidə edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 19:20-də tutulmuşdur; Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 4(032)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin 1(032)- 20/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-209/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü, Şirvan şəhəri, Neftçilər küçəsi,döngə 3, ev 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərdə qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 48 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X1 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CMnin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 il müddətəinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa, o, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hər iki məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, onun əməli CM-nin 18.2ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan “Xiaomi” markalı mobil tefefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan “Xiaomi” markalı mobil tefefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar