Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-92/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanının qarşısında küçədə Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, sonuncunun və ailə üzvlərinin ünvanına ucadan nəlayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunun hərəkətlərə yol verib, ətraldakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sinəsindən dirsəklə vurub, sonuncuya döş qəfəsinin ön səthinin hematoması kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq həyətyanı sahəsindəki yardımçı tikilinin plastik materialdan və şüşədən ibarət olan giriş qapısına yumruq və təpiklə qəsdən zərbələr endirməklə, sındırıb məhv edərək, Zərərçəkmiş şəxs 200 manat məbləğində maddı ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə əvvəllər məhkəmə iclaslarında özünü təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. 21 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində nişanlısı Səbinəni yaşadığı ünvan 4 ünvanındakı evlərinə aparmışdır. Nişanlısının yaşadığı evə çatmamış idarə etdiyi özünə məxsus **-LU-*** dövlət qeydiyyat nışanlı Mercedes markalı avtomobillə asfalt yoldan torpaq yola düşən zaman toz yaranmış, bu vaxt orada hasarın yanında dayanan adını sonradan bildiyi Şahid2 ona baxdığını görmüş, sonuncu ona maşında olan nişanlısını düşürdükdən sonra gəlməyini demişdir. Nişanlısını evlərinə apardıqdan sonra piyada geri qayıtmışdır. O, Elçinə onunla heç bir düşməçiliyinin olmadığını bildirmiş, onu qəsdən toza basmadığını demiş, Elçin ona cavab vermədən sol qulaq nahiyəsinə yumruqla bir dəfə vurmuşdur. O, Elçini tutduqdan sonra sonuncunu vurmaq istəmədiyini bildirib sərbəst buraxmış, bu zaman Elçin onun burnuna da bir dəfə yumruqla zərbə vuraraq qaçmışdır. Elçin qaçıb getdikdən sonra o, gedib maşınına əyləymiş və Elçin gedən istiqamətə hərəkət etmişdir. Elə bu zaman adını sonradan bildiyi Qızbəs adlı yaşlı qadının evdən çıxaraq küçəyə zibil atmağa getdiyini görüb, maşının pəncərəsindən “Sizin oğlunuz idimi məni döyüb qaçan” demişdir. Həmin qadın da ona oğlunun onu döymədiyini və həmin şəxsi tapıb özünün cəzalandırmağını demişdir. Elçinlə arasında mübahisə olan zaman nişanlısının valideynləri anası Nəzakətə məlumat verdiyi üçün sonuncu ona zəng edərək harada olduğunu soruşmuş, o, anasına hadisə barədə məlumat verib olduğu yeri demiş, bir neçə dəqiqə sonra Qızbəsin oğlu Əhməd evdən küçəyə çıxmış, o, Əhmədə başına gələn hadisəni danışmışdır. Əhməd də onunla aqressiv danışmağa başlamışdır. Daha sonra anası Nəzakət və qardaşı Toğrul onların yanlarına gəlmişlər. Həmin vaxt o, çox əsəbiləşmiş, ola bilsin ki, özünün də xəbəri olmadan dirsəyi Qızbəsin sinəsinə dəymişdir. Hadisə vaxtı Əhməd hardansa tır tüfəngi götürmüş və onları hədələyib həyətdən çıxmaqlarını tələb etmiş, Əhmədin ailə üzvləri Əhmədin əlindəki tir tüfəngini sonuncunun əlindən almağa çalışmış, həmin vaxt kimsə polisə məlumat vermiş və bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və izahat alınması üçün onları və qarşı tərəfi polis şöbəsinə dəvət etmişlər. Hadisə əvvəldən axıra qədər təxminən 25-30 dəqiqə ərzində baş vermişdir. Əhməd və Qızbəs hadisə vaxtı nə onu, nədə ki, qardaşı ilə anasını vurmamışlar. O, əsəbi olduğu üçün və Elçinin Qızbəsin həyətində gizləndiyini zənn etdiyi üçün onların evinin həyətinə daxil olmuşdur. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan zaman darvazanın döyüldüyünü eşitmiş,qapını açanda adını sonradan bildiyi Cavidan adlı şəxs Elnurun onların evində yaşayıb-yaşamadığını soruşmuş, Cavidana evlərində Elnur adlı adam yaşamadığını bildirmişdir. Cavidan darvazadan uzaqlaşmış və o, yenidən darvazanın arxasını bağlayıb evə getmək istəyəndə yenidən darvazaları döyülmüş, qapını açanda Cavidan həyətə daxil olmuş və nalayiq sözlər işlədərək əl həyətə daxil olmuşdur. Həmin vaxt oğlu Əhməd də Cavidanın səsinə yuxudan oyanıb həyətə düşmüş, həyətdəki əl evinin qapısını açmaq istəyən Cavidan yumruq və təpiklə qapıya zərbələr vurmuş, qapının şüşəsi sınıb yerə tökülmüşdür. Cavidan yenə də onun və oğlunun ünvanına heç bir səbəb olmadan yüksək səslə nalayiq sözlər işlətmişdir. Həmin vaxt küçələrində ikinci avtomobil dayanmış, avtomobildən Cavidanın anası Nəzakət, qardaşı Toğrul və başqa adlarını bilmədiyi 2 nəfər şəxs düşmüşdür. Onlar küçəyə açılan darvazalarından həyətlərinə daxil olmuş, Cavidan uca səslə onu və oğlu Əhmədi söyüb təhqir etməyə başlamış, Cavidanın qarşısına keçib yalvararaq irəli getməsinin qarşını almaq istəmiş və bu zaman Cavidan dirsəyi ilə sinəsinə möhkəm zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt səs-küyə gəlini və nəvələri də yuxudan oyanmışlar, onlar hadisənin şokundan həyəcanlanaraq ürəkləri sıxılmış, yerə yıxılmışlar. Nəzakət və oğlanlarının həyətdən çıxmadığını görən oğlu Əhməd nəvəsi Murada demişdir ki, “Get silahı gətir, bunları rədd edəcəm”. Bundan sonra onlar həyəti tərk edərək küçəyə çıxmışlar və oradan yenidən onları uca səslə söyüb təhqir etmişlər. Elə bu zaman təcili tübbi yardım maşını və polis əməkdaşları yaxınlaşmışlar. Əhməd evdən tır tüfəngini gətirib polislərə vermişdir. Hadisə zamanı Cavidan həyətindəki əl evinin plastik qapısını sındırıb məhv etmiş və nəticədə ona 200 manatdan artıq maddi ziyan da dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin yataq otağında yatmışdır. Elə bu zaman anası Qızbəsin üzərinə həyətdə kiminsə uca səslə qışqırmasını eşidib yuxudan oyanmış, dərhal həyətə düşmüş, həyətdə adını sonradan bildiyi Cavidan adlı şəxsin yüksək səslə nalayiq sözlər işlətdiyini görüb, “qardaş nə olub, kimi söyürsən?” demişdir. Bundan sonra Cavidan irəli hərəkət edib həyətinə girişdə sol tərəfdə yerləşən əl evinin, yəni, yardımçı tikilinin plastik qapısına yumruq və təpiklə zərbələr vurmağa başlamışdır. Cavidanın zərbələri nəticəsində plastik qapı sınmış və şüşəsi sınıb yerə tökülmüşdür. Elə bu zaman küçələrində markasını xatırlamadığı avtomobil dayanmış, həmin avtomobildən 1 qadın olmaqla ümumilikdə 4 nəfər şəxs düşmüşdür. Onlar birbaşa küçələrin açılan darvazadan həyətlərinə daxil olmuş, həmin vaxt səs-küyə yuxudan ayılan həyat yoldaşı və qızı həyətə gəlmişlər. Onlar hadisənin şokundan həyəcanlanaraq ürəkləri sıxılıb yerə yıxılmış, o, qızı və həyat yoldaşının özündən getməsindən narahat olaraq hər ikisini qucağına alıb yerə oturmuşdur. Həmin vaxt o, təcili tibbi yardıma məlumat vermək üçün telefonu axtarmağa başlamışdır. Daha sonra Cavidan həyətdən çıxaraq, bir neçə saniyə sonra yenidən həyətə daxil olmuş, o, qızını yerdən qaldıraraq divanın üstündə əyləşdirmişdir. Cavidanın həyətə girməsi anasının üzərinə hücum etməsi, həmçinin qızı və həyat yoldaşının bu hadisələrdən qorxaraq özlərindən getdikləri üçün o, oğlu Murada dərhal uca səslə “silahı gətir bunları həyətdən rədd edim” demişdir. Həmin şəxslər onun bu sözünü eşitdikdən sonra həyəti tərk edərək küçəyə çıxmışlar və oradan yenidən onları uca səslə söyüb təhqir etmişlər. Elə bu zaman təcili tibbi yardım maşını və polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq silahının olub olmamasını soruşmuş, o da evdə yataq otağında divanın altında tir tüfənginin olduğunu bildirib həmin pnevmatik silahı onlara təqdim etmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Hadisə zamanı anası Cavidanın qarşısına keçərək çıxıb getmələri üçün yalvarışlar edən zaman sonuncu dirsəyi ilə anasının sinəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən yarım saat davam etmiş, hadisə zamanı səsküyə ailə üzvləri ilə birlikdə qonşular da olmaqla 10-15 nəfər adam toplanmışdır. Cavidanı yaşadıqları küçədə tanımadığı şəxs döydüyü üçün həmin şəxsin onların yaşadıqları evdə olduğunu düşünərək anası ilə mübahisə etmiş və həmin şəxsin həyətlərində olduğunu düşünərək həyətlərinə daxil olub, anasının və onun ünvanına nalayiq sözlər işlətməklə həyətlərində olan yardımçı tikilinin plastik qapısını heç bir səbəb olmadan sındırıb yararsız hala salmışdır. Həmin plastik qapının sınması nəticəsində 200 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Məhəmmədiyə qızı ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində oğlu Cavidan nişanlısı Səbinəni yaşadıqları ünvan 3 ünvanında yerləşən evlərinə qonaq gətirmişdir. Onlar evdə birlikdə yemək yedikdən sonra təxminən saat 21 radələrində oğlu nişanlısı Səbinəni yaşadığı Kənd evləri yaşayış massivi deyilən ərazidə yerləşən evlərinə aparmışdır. Təxminən saat 21:45 radələrində Cavidanın nişanlısı ona zəng edərək Cavidanı yaşadıqları evin yaxınlığında M.Əcəmi küçəsində kiminsə döydüyünü bildirmiş, dərhal evdən çıxaraq taksi ilə oğlu Cavidanın yanına getmək istəmişdir. O, həyətə düşdükdən sonra kiçik oğlu Toğrulun avtomobili ilə həyətdə olduğunu görmüş və oğlu Cavidanın döyüldüyünü və buna görə Kənd evlərinə birlikdə getməklərini demişdir. O, Toğrulla birlikdə idarə etdiyi “Chevrolet Cruz” markalı maşınla Cavidanın olduğu yerə gəlmişlər. Onlar Cavidanın yanına çatanda onu 4-5 nəfərin əhatəyə aldığını görmüş, onlara yaxınlaşandan əvvəldən Bəsti kimi tanıdığı Qısbəs adlı qadının olduğunu və ondan əlavə tanımadığı 4 nəfərin də oğlunu əhatəyə alıb mübahisə etdiklərini görmüşdür. O, Bəstiyə üzünü tutaraq “Bəsti xala nolub?” demişdir. Sonuncu onunla aqressiv şəkildə danışaraq oğlu Cavidanın onların qapısını döyüb narahat etdiyini bildirmişdir. Elə bu zaman Bəstinin Əhməd adlı oğlu onun üstünə gəlməyə başlamış, ətrafda olan şəxslər Əhmədi sakitləşdirməyə çalışmış, bu zaman Bəsti onun kiçik oğlu Toğrulun üstünə yeriməyə başlamış və onu təhqir etmişdir. O, tez Bəstinin və oğlu Toğrulun qarşısına keçmiş və Bəstini oğlundan uzaqlaşdırmışdır. Əhməd onları hədələyərək «görün sizə nə edəcəm» deyərək həyətə doğru qaçmış və onun yanında olan ailə üzvləri də Əhmədin arxasınca həyətyanı sahəyə daxil olmuşlar. O da Əhmədin evdən bıçaq və ya digər kəsici alət gətirməsindən narahat olaraq onu sakitləşdirmək üçün ailə üzvləri ilə birikdə həyətyanı sahəyə daxil olmuşdur. Bu zaman Əhməd həyətdə olan köhnə divanın alt hissəsini qaldıraraq tüfəng götürmüş, elə bu zaman Əhmədin ailə üzvləri tüfəngdən tutaraq əlindən almağa cəhd edən zaman o, dərhal qorxaraq həyətyanı sahəni tərk etmişdir. Həmin vaxt oğlu Toğrul maşının yanında dayanmış, digər oğlu Cavidanın isə burnunda xəsarət olduğu üçün qonşuluqda olan nişanlısının yaşadığı evdə ona tibbi yardım göstərmişlər. O, həyətyanı sahəni tərk etdikdən sonra dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və onları sakitləşdirmiş, Əhməddən tir tüfəngi götürülmüşdür. Əhmədin anası Bəsti oğlunun “Chevrolet Cruz” markalı avtomobilin yük yerinə yumruqla vurmuş, oğlu Cavidanı Əhməd və onun ailə üzvlərindən heç kim döyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində yaşadıqları binanın qarşısında idarə etdiyi maşını saxlayarkən anası binanın blokundan çıxaraq ona qardaşı Cavidanın “Kənd evləri” deyilən ərazidə döyüldüyünü və ora getməklərini bildirmişdir. O, anası Nəzakətlə birilikdə idarə etdiyi “Chevrolet Cruz” markalı “**-OT-***” dövlət qeydiyyat nişanlı avtomaşını ilə Cavidanın olduğu yerə getmiş, həmin ünvana çatanda Cavidanın ətrafına adını sonradan bildiyi Əhməd və sonuncun ailə üzvləri toplaşmışlar, anası ilə o, Cavidana yaxınlaşmışlar. Həmin vaxt qonşular da mübahisəni sakitləşdirməyə çalışmışdır. Onlar nə baş verdiyini soruşmuşlar, lakin heç kim onlara məlumat verməmişdir. Səs-küyə ətrafa çoxlu sayda şəxslər toplaşmış, elə bu zaman Şahid1 yaşadığı evin həyətinə daxil olaraq orada olan divanın alt hissəsindən tüfəngə oxşayan silah götürmüşdür. Anası da həmin vaxt Əhmədi sakitləşdirmək üçün Əhmədin arxasınca həyətyanı sahəyə daxil olmuş, ətrafda olan qonşulardan bəziləri də həyətə daxil olmuşlar. Əhmədin ailə üzvləri sonuncunun əlindən tüfəngi almışlar. Anası dərhal küçəyə çıxaraq 102 xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək onları izahat vermək üçün polis şöbəsinə aparmışlar. Hadisə zamanı o, hər hansı bir bədən xəsarəti almamışdır. Hadisə zamanı heç kəsə hər hansı bir bədən xəsarəti yetirməmiş, heç kəsin ünvanına nalayiq sözlər işlətməmişdir. Hadisə əvvəldən axıra qədər təxminən 25-30 dəqiqə ərzində baş verib qurtarmış, hadisə Əhmədgilin küçəsində baş verdiyi üçün orada yaşayan sakinlər səsküyə küçəyə çıxmış, hadisə yerinə gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, Şirvan şəhərində onunla qonşuluqda yaşayır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Münasibətəri qonşu kimi yaxşıdır. 21 oktyabr 2022-ci il tarixdə, saat 21-22 radələrində yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evlərində olarkən anası ona qonşuları Əhmədin evdən səs-küy gəldiyini və həmin yerə gedib nə olduğunu maraqlanmağını bildirmişdir. O, dərhal küçəyə çıxaraq 30 metr onun yaşadığı evdən kənarda yerləşən Şahid1 yaşadığı evə doğru gəlmişdir. Əhmədin fərdi yaşayış evinin darvazasının açıq olduğunu, Əhmədin həyat yoldaşı və qızının huşsuz vəziyyətdə yerdə uzandıqlarını, əvvəldən tanıdığı Fatma, Nəzakət və onun nəvələrinin fərdi yaşayış evinin həyətində Əhməd və onun ailəsi ilə mübahisə etdiyini, X1 döyən şəxsin harada olduğunu soruşduğunu eşitmişdir. O, Nəzakətə və Fatmaya yaxınlaşaraq onlardan nə baş verdiyini soruşmuş, Nəzakət və sonuncunun yanında olan övladları Əhmədin anasına yaxınlaşaraq uca səslə səs-küy salaraq “oğlun hardadır” deyə soruşmuşlar. Qızbəs isə Nəzakətə onu oğlu Cavidanı döyən şəxsi tanımadıqlarını bildirmişdir. O da həmçinin Nəzakətə and içərək Qızbəsin Əhməddən başqa heç bir övladının olmadığını bildirmiş, onlar isə təkidlə uca səslə Əhməd və sonuncunun ailəsi ilə mübahisə edərək onlara hədə qorxu gəlmişlər. Əhməd həyəcanlı şəkildə “silahı gətirin bunları rədd edim” sözlərini dediyini eşitmiş, sonra Nəzakət, Fatma və onların yanında olan cavan oğlanlar həyətyanı sahəni tərk etmişlər. Həmin vaxt fərdi yaşayış evinin həyətində ondan başqa qonşuları Ağasəf, sonuncunun həyat yoldaşı, bundan başqa digər qonşuları Əsgər və başqa qonşularda səs-küyə toplaşmışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları və təcili tibbi yardım maşını Əhmədin evinə gəlmişlər. Polislər Əhməddən tüfənginin olub olmadığını soruşmuşlar və sonuncunun oğlu evdən «TİR» tüfəngini gətirərək polislərə təhvil vermişdir. Mübahisə 20-25 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid7 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, Şahid1 həm yeznəsi, həm də bibisi oğludur. Əhmədin Şirvan şəhər Polis Şöbəsinə etmiş olduğu şikayət və onun Cavidan və Cavidanın ailə üzvləri ilə arasında baş vermiş hadisədən məlumatı olmuşdur. O, Cavidanı şəhər sakini kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçilik olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində bərbərdən çıxıb asfalt yolla evlərinə doğru gedən zaman Əhmədgilin darvazasının qarşısında telefonunun Əhmədgilin internetinə qoşulduğunu görmüş, internet olduğu üçün Əhməgilin hasarının kənarında dayanıb telefonla danışmağa başlamışdır. Bu zaman Cavidanın da idarə etdiyi “Mercedes” markalı avtomobillə gəldiyini görmüş, Cavidan asfalt yoldan qaynatası Vaqifgilin evinin yerləşdiyi torpaq yola dönəndə avtomobilə qaz verib təkərlərini eşdirərək onun üst-başını toza basmışdır. Sonra gedib qaynatasıgilin darvazasının qarşısında saxlamışdır. O, Cavidana demişdir ki, “bura gəl sənə sözüm var”. Cavidan demişdir ki, “Sən kimsən ki, mənə nəsə deyəsən”. Sonra onun üstünə doğru gəlmiş, ona yaxınlaşanda Cavidanın etdiyi hərəkətin düzgün olmadığını, üst başını toz etməsini buna görə də ondan üzr istəməli olduğunu demişdir. Cavidan əli ilə onun sinəsindən itələmiş, o da özünü müdafiə etmək üçün yumruqla sifətinə bir dəfə zərbə vurmuşdur. Cavidan qaçıb avtomobilə əyləşmiş, o da evlərinə doğru getmiş, evlərinə az qalmış Cavidan yenidən avtomobillə qarşısını kəsərək aşağı düşmüşdür. Avtomobilin yük yerini açıb nəsə götürdüyünü hiss etmiş, bu zaman o da yerdən daş götürmüşdür ki, özünü qoruya bilsin. Cavidan onun yerdən daş götürdüyünü görən kimi yük yerini bağlayıb, yenidən avtomobilinə əyləşərək sürətlə idarə edib çıxıb getmişdir. Səhər gün ona məlum olmuşdur ki, həmin gecə aralarında hadisədən təxminən 1 saat sonra Cavidan qardaşı, anası və dostları ilə yeznəsi Əhmədgilin həyətinə gələrək onun orada yaşadığını düşünüb, onu cəzalandırmaq məqsədilə orada axtarmış, bu zaman evdə yaşayan bibisi Qızbəsə xəsarət yetirmiş, Əhməd və ailə üzvlərini yüksək səslə nalayiq sözlərlə təhqir etmişlər. 22 oktyabr 2022-ci il tarixdə təsadüfən Cavidanla görüşən zaman sonuncudan niyə Əhmədgilin evinə getdiyini soruşmuş, Cavidan ona orada yaşadığını güman etdiyi üçün ora getdiyini və onun orada gizləndiyini düşündüyü üçün Əhmədlə mübahisə etdiyini ona bildirmişdir. Cavidan ona şifahi olaraq ondan şikayət etmədiyini, onun adını polisə demədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, vəfat etməsi səbəbindən (xx.xx.2023-cü il ölüm haqqında şəhadətnamə) məhkəmə iclasında dindirilməsi mümkün olmayan X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid7 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Götürmə aparılması haqqında 22 oktyabr 2022-ci il tarixli qərardan, götürmə aparılması və baxış keçirilməsi protokoldan görünür ki, Şahid1 təqdim etdiyi tüfəngin qundağı və qundağ yatağı qəhvəyi rəngli ağac materialdan, işlək mexanizmləri isə metaldandır, tüfəngin lüləsinin ön hissəsinə yerləşdirilmiş, əhəmiyyət daşımayan nişangahı sınaraq qopmuş vəziyyətdədir, tüfəng özü lülədən, qundaqdan, nişangahdan və yay-porşen mexanizmindən ibarətdir. Silahın ümumi uzunluğu 1140 mm, lüləsinin uzunluğu 495 mm, lüləsinin daxili diametri 4,5 mm-dir. Tüfəngin üzərində «Kral Arms, Model: N-01 S, SERİAL 21/08 H15399, Cal: 0,177 (4,5mm) X5» yazılmışdır. (i.v.6-9) Məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 299 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – döş qəfəsinin ön səthinin hematoması küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. (i.v 56-57) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində ünvan 8 ünvanın qarşısında küçədə Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvləri ilə Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid1 arasında baş vermiş mübahisə zamanı ictimai qaydanın pozulub-pozulmaması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri və aparılmış profilaktiki söhbətlər nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan hadisə zamanı ictimai qayda pozulmuşdur. (i.v.105) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 25 yanvar 2023-cü il tarixli, 64 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatı yoxdur. (i.v. 124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.121) Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, 25 yanvar 2023-cü il tarixdı Şirvan şəhərində tutularaq Şirvan şəhər Polis şöbəsinin MSY-nə təhvil verilmiş, 27 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.115, 126, 224- 227) Şirvan Apellyasiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükəli törətməyən cinayətə tövsif edildiyindən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilmişdir. (cil 1, i.v.229-233, cild 2, i.v.53-54) 27 mart 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olması, gənc olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində cərimə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı vaxtdan hazırki dövrə qədər tutulduğu və ev dustaqlığında olan müddətin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 2800 (iki min səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən hazırki vaxta qədər həbs və ev dustaqlığında olduğu 03 ay 19 gün müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilsin və qəti olaraq barəsində 2300 (iki min üç yüz) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-92/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-92/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver