Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-93/2023 06.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Mehmandarov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 1,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində yaşadığı məhlədə evinin yaxınlığında piyada gəzən zaman yerdə 01 ədəd kağız bükümü diqqətini cəlb etdiyi üçün yerdən götürmüş, içinə açıb baxdıqda, həmin bükümün içində narkotik vasitə olan heroin olduğunu görmüş və özü şəxsi istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, axşam saat 19 radələrində Şirvan şəhəri Mehmandarov küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs onun özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunduqda, siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Eyvaz Əhədov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş və həmin bir ədəd kağız kəsiyi bükümdə narkotik maddə olan heroin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokollar, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkilişlər və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə icraatına Şirvan şəhəri, Ə.Bayramov küçəsi, ev 8 mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat tədbiri keçirilməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yarandığından onun, ŞPŞ-nin ƏİÜ rəis müavini Farid Vəliyev, təhqiqat bölməsinin baş təhqiqatçısı İnqilab Məmmədzadə və Şirvan ŞPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yer tərəflərindən müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şirvan şəhəri Mehmandarov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız kəsiyi bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız kəsiyi bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunduqdan sonra, əlavə və düzəliş edən olmadığı üçün, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTBnin sahə polis nəfəri Şahid2 ifadəsində Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi materiallarına əlavə olunmuş 09 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 19:55-də tutulmuşdur (i.v 11, 25-26); Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinə gətirilib üzərində axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v 29-30); Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/154 nömrəli, 10 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 1,255 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) Heroinin təmiz çəkisi - 1,255 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 1,205 qramdır (i.v 37-39); Cinayət işi materiallarına əlavə olunmuş 10 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir (i.v 1); Cinayət işi materiallarına əlavə olunmuş 10 fevral 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir (i.v 43); Cinayət işi materiallarına əlavə olunmuş 10 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v 61); Cinayət işi materiallarına əlavə olunmuş 10 fevral 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v 76-78); Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞnə daxil olmuş tələbnamənin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün və Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə «08 noyabr - Zəfər günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir (i.v 95-97, 112-122, 125); Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1585 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır (i.v 97-98); Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın 24 fevral 2023cü il tarixli, 1075 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v 107-108); Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və s. hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması, onun həmin əməli törətməkdə təqsirli olması özünün və şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xasiyyətləndirilməsini, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 1,205 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Şirvan şəhər polis şöbəsində saxlanılan - 1,205 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-93/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-93/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver