Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-93/2025 22.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 07 aprel 2025ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə ümumi çəkisi 0,182 qram xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi çəkisi 0,185 qram xeyli miqdar təşkil edən 04 ədəd kəsilmiş konvalyutda üzərlərində «F/M40» yazısı həkk olunmuş 04 ədəd qəhvəyi rəngli, 01 ədəd bükümdə ½ həb hissəsi və 01 ədəd bükümdə təmiz çəkisi 0,058 qram əzilib-xırdalanmış narkotik vasitə metadon tərkibli dərman həblərini istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 05 aprel 2025-ci il tarixdə, saat 00:10-da Şirvan şəhəri, Şirin Şükürov küçəsində olarkən özünü şübhəli aparması səbəbindən Şirvan şəhər polis şöbəsinin Post-patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, videoçəkilişlə saat 01:32-dən saat 01:48-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın bel kəmərinin başlıq hissəsinin altından 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,128 qram və 0,054 qram olmaqla, 0,182 qram xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metafetamin və ayrı-ayrılıqda 04 ədəd kəsilmiş konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarı 0,16 qram olan 04 qəhvəyi rəngli bütöv həb, təsiredici maddəsinin miqdarı 0,02 qram olan 01 ədəd bükümdə ½ həb hissəsi və 01 ədəd bükümdə 0,058 qram əzilib-xırdalanmış, təsiredici maddəsinin miqdarı 0,005 qram olan, ümumilikdə isə təsiredici maddəsinin miqdarı 0,185 qram xeyli miqdar təşkil edən narkotik vasitə metadon tərkibli həb aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edərək bildirdi ki, bir müddətdir ki, marixuana, metamfetamin və metadon həblərindən tanımadığı şəxslərdən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əldə etməklə istifadə edir. Metadon həblərini metamfetamin istifadə edərkən vəziyyətində narahatlıq yaratmasın deyə yanaşı istifadə edir. 05 aprel 2025-ci il tarixdə gecə saatlarında yaşadığı evə yaxın olan küçədə piyada hərəkətdə olan zaman uca səslə danışmaqla özünü şübhəli apardığı üçün həmin küçədən keçən post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmış, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin növbətçi hissəsində olarkən üzərində psixotrop maddə və həblər olmasını bildirmişdir. Bundan sonra təhqiqatçının otağında vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində saxladığı psixotrop maddə olan metamfetamin və həblər aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə və həbləri sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən Bakı şəhərində əldə etmişdir. Belə ki, həmin şəxsin bank kartına razılaşdıqları məbləğdə pul göndərmiş, həmin şəxs də Bakı şəhəri ərazisində psixotrop maddə və həbləri qoyduğu yerin məlumatını ona vermişdir. Aşkar olunmuş psixotrop maddə və həbləri şəxsi istifadəsi üçün saxlamış, kiməsə vermək və ya satmaq niyyəti olmamışdır. Həbləri isə ağırlığını azaltmaq məqsədi ilə psixotrop maddə ilə birlikdə qəbul etmək üçün əldə etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamışdır. Hazırda əməlindən peşmandır, himayəsində yaşlı anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXBnün polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri X6 ilə birlikdə Şirvan şəhəri, Şirin Şükürov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin küçədə özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini müəyyən etmək istəmişlər, həmin şəxslə söhbət zamanı onlardan yayınmaq istədikdə həmin şəxsin üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olmasını düşünərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs şöbə rəhbərliyinə raportla məruzə edərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra ona və digər polis əməkdaşı Həsən Nəsirliyə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində ŞPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı Səxavət Garayev tərəfindən videoçəkilişlə aparılan şəxsi axtarış aparılan zaman 02 ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və 04 ədəd narkotik vasitə olan metadon həblərinə oxşar həblər, 01 ədəd kağıza bükülmüş metadon həbinə oxşar həbin yarısı və 01 ədəd bükülmüş əzilmiş metadon həbinə oxşar həb aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin MSYnin polis nəfəri Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmasında iştirak etməsi tapşırılmış, təhqiqat bölməsində baş X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində hər hansı bir qadağan olunmuş və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın cins şalvarın bel kəmərinin başlığının alt hissəsindən 02 ədəd kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni və 04 ədəd narkotik vasitə olan metadon həblərinə oxşar həbləri, 01 ədəd kağıza bükülmüş metadon həbinə oxşar həbin yarısını, 01 ədəd bükülmüş əzilmiş metadon həbinə oxşar həbi çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən “İphone7” markalı, mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. X4 tərəfindən həmin bükümlər açılıb baxılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Baş X4 tərəfindən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs metadon həblərinə oxşar həbləri və psixotrop maddə metamfetaminə oxşar kütləni haradan əldə etdiyini soruşulduqda həmin kütlələrin hamısını tutulmamışdan 4-5 gün öncə “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi, üzünü görmədiyi şəxs ilə əlaqə saxlayaraq mesajla göndərdiyi konumdan Bakı şəhəri, Biləcəri qəsəbəsində götürməsini, qarşılığında ona hazırda yadında M10 hesabına Bakı şəhərindən ödəmə terminalı vasitəsi ilə 130 manat pul göndərməsini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Elektron tərəzi vasitəsi ilə 02 ədəd aliminium kağıza bükülmüş metamfetaminə bənzər kütlə çəkilərkən çəkisinin 0,42 qram olduğu müəyyən olunmuş, həmçinin baş təhqiqatçı tərəfindən metadon həblərinə oxşar həblər elektron tərəzidə çəkilərkən ümumilikdə çəkisi 2,76 qram olması müəyyən olunmuşdur. Baş X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə metamfetaminə oxşar kütlələr və metadon həblərinə oxşar həblər ayrı-ayrılıqda qablaşdırılıb üzərləri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin qablaşdırmanın üzərində vəkil və Təqsirləndirilən şəxs kimi o da imza etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, sonda tərtib edilmiş protokol onun, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd bükümdə psixotrop maddə metamfetamin, dörd ədəd kəsilmiş konvalyuta metadon həb, bir ədəd bükümdə ½ metadon həb hissəsi, bir ədəd bükümdə əzilib-xırdalanmış metadon həbi və bir ədəd “İphone 7” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 05 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, faktiki azadlığı 05 aprel 2025-ci il, saat 00:20-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 01:20-də tutulmuşdur; Cinayət işi materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18/285 nömrəli, 05 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi - 0,128 qram, 0,054 qram, ümumi təmiz 0,182 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi çəkisi - 0,182 qram, tədqiqata istifadə olundu - 0,06 qram (hər ob - 0,03 qram), qalıq 0,122 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 05 aprel 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 05 aprel 2025-ci il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X1 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 06 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 07 aprel 2025ci il tarixli, 4(032)-57/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(032)-279/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza müddəti 25 noyabr 2024-cü il tarixdə başa çatmasına baxmayaraq, hazırki cinayət əməli onun tərəfindən 05 aprel 2025-ci il tarixdə törədilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 23 aprel 2025-ci il tarixli, 18-1-35/2-562/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 07 aprel 2025-ci il tarixli, 175 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1281 nömrəli, 06 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №55” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....”.yazısı və imzalar olan zərfdəki, 4 (dörd) ədəd kəsilmiş konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş 4 (dörd) qəhvəyi rəngli bütöv həb, 1 (bir) ədəd bükümdə ½ həb hissəsi və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 058 qram əzilib-xırdalanmış həb metadon tərkibli həblərdir. 4 (dörd) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram, ½ həb hissəsində 0,02 qram və 0,058 qramda, 0,005 qram, ümumilikdə isə 0,185 qram təşkil edir. (bir həbdə 0,04 qram metadon olmaqla). 4 ədəd həbdən 1 həb tədqiqata sərf edildi, qalıq: 3 həb, ½ həb hissəsindən ½ həb hissəsi tədqiqata sərf edildi, qalıq: ¼ həb hissəsi, 0,058 qr metadon tərkibli həbdən 0,04 qr tədqiqata sərf edildi, qalıq: 0,018 qr. Cinayət işi materiallarına əlavə olunmuş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 145 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli, 3550 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş 20 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olduğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan qəsdən cinayət törətməyə görə məhkum edilməsini, məhkumluğunun ödənilməməsini, islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 (bir yüz qırx beş) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 0,122 qram psixotrop maddə metamfetamin, 3 həb, ¼ həb hissəsi və 0,018 qram metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 0,122 qram psixotrop maddə metamfetamin, 3 həb, ¼ həb hissəsi və 0,018 qram metadon tərkibli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-93/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-93/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver