Məhkəmə qərarları › İş №1(032)-94/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-94/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-94/2025 11.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1982-ci il tarixdə Ukrayna Respublikası, Dnepropetrovks şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən sığınacaqda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,546 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 03 aprel 2025-ci il tarixdə 20 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirməsi və əşyaların götürülməsi haqqında qərar əsasında Şirvan şəhəri Heydər Əliyev prospektində saxlanaraq saat 20:13-dən saat 20:23-dək üzərinin yoxlanılması zamanı sağ əlindəki 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi-0,546 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etməyib, onlardan imtina edərək bildirdi ki, 03 aprel 2025-ci il tarixdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində olan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq qaynaqçı axtardığını demiş, o, həmin şəxsə özünün qaynaq işi ilə məşğul olmasını bildirdikdən sonra onunla iş ilə bağlı razılaşmışdır. Daha sonra həmin şəxsin dediyi ünvana getmiş, orada tanımadığı bir şəxsdən həmin şəxs barəsində soruşmuş, sonuncu elə bir şəxsi tanımadığını bildirmişdir. Həmin ərazidə piyada hərəkətdə olan zaman yerdə siqaret qutusu görmüş, diqqətini cəlb etdiyi üçün onu yerdən götürmüş, lakin içərisində nə olduğunu bilməmişdir. Bir-iki addım getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları videoçəkilişlə üzərini yoxlamağa başlamışlar. Həmin vaxt siqaret qutusu əlində olmuş və o, siqaret qutusunu ovcunda sıxmışdır. Siqaret qutusunun içərisində metamfetamin aşkar edilmiş, üzərində başqa heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Aşkar edilmiş metamfetamin əlindəki siqaret qutusunun içərisində aşkar edilsə də, bu barədə əvvəldən məlumatlı olmamışdır. Şirvan şəhər polis şöbəsində tərtib edilmiş protokola polis əməkdaşlarının təzyiq altında imza etmişdir. Cəza təyin edilərkən himayəsində xəstə qardaşının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, təqsirləndirilən şəxsin saxlanılmasını özündə əks etdirən videoçəkiliş, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirdi ki, 03 aprel 2025-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı tərəfindən rəsmi qaydada Şirvan şəhər Polis şöbəsinin rəhbərliyinə müraciət edilmiş, bundan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən müvafiq qərar qəbul edilmişdir. Həmin qərar əsasında şöbə rəhbərliyinin müvafiq əmri əsasında əməliyyat axtarış qrupu yaradılmışdır. Qrup üzvləri olaraq o, CAB-nin əməliyyat müvəkkili Şahid3, CAB-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və ƏRQ-nun kiçik inspektoru X6 təsdiq olunmuş, 03 aprel 2025-ci il tarixdə, saat 20 radələrində videoçəkilişlə xidməti avtomobilləri ilə Şirvan şəhəri, H.Əliyev prospektinə gedilmişdir. Prospektdə olarkən Təqsirləndirilən şəxs onlara tərəf hərəkətdə olmasını görmüşlər, həmin vaxt onlar Təqsirləndirilən şəxs onlara tərəf gəlməsini gözləmişlər və sonuncu yaxınlaşan zaman operativ qaydada qaçaraq onu tutmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və sonuncuya saxlanılması səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan “LD” markalı siqaret qutusunun içərisindən iki ədəd kağız büküm aşkar edilmiş, həmin iki ədəd kağız büküm açılıb içərisinə baxış keçirildikdə, bükümlərin birinin içinin boş olması müəyyən edilmiş, digər bükümün içərisindən isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bıçaq və bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bir ədəd bükümdə olan kütlə və bir ədəd bıçaq müvafiq qaydada zərflərdə qablaşdırılaraq möhürlənmiş, tərəflər zərflərə imza etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş əməliyyat tədbirinə dair tərəfindən müvafiq protokol tərtib edilmiş, protokolu özü və digər iştirakçılar imzalamışlar. Əməliyyat tədbirini özündə əks etdirən videogörüntü bir ədəd “DVD” diskə köçürülmüş, tərəfindən raportla şöbə rəhərliyinə müraciət edilmiş, raporta iki ədəd zərfdə olan predmetlər, əməliyyat tədbiribini özündə əks etdirən protokol və bir ədəd “DVD” diskdə olan videogörüntü əlavə edilmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində üzərində narkotik vasitə və psixotrop maddə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 vermiş olduğu ifadəsində, eləcə də ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid3 və Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadələrində Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmasını özündə əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə 20 radələrində Şirvan şəhər Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Heydər Əliyev prospektində saxlanaraq, saat 20:13dən saat 20:23-dək üzərinin yoxlanılması zamanı sağ əlində saxladığı bir ədəd siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş 03 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 21:55-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18/283 nömrəli, 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi - 0,546 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,546 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,496 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 04 aprel 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X1 icraatına qəbul edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 05 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 05 aprel 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 aprel 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 7(002)-203/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 oktyabr 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11, 181.3.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qərarı ilə təyin edilmiş cəzadan 05 ay 18 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 21 fevral 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Şirvan şəhər Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 08 may 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır; Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 17 aprel 2025-ci il tarixli, 18-1-35/2-518/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 171 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə - narkoloji ekspertizasının 14 may 2025-ci il tarixli, 2814 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır; Şirvan şəhər Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 1(032)-94/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək yeri müəyyən olunduqda həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 15 noyabr 2025-ci il tarixli, 3-16-17/42/2-6700/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qohumluq məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, onun himayəsində xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamindir, yerdən tapmışdır, istifadə etmək üçün üzərində saxlamışdır. Arabir psixotrop maddələrdən istifadə edir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, saxlanılarkən və polis şöbəsinə gətirildikdən sonra ona qarşı fiziki və ya psixi təsir olunmamışdır. Həmçinin, məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 171 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri işin halları və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, əvvəllər qəsdən xüsusilə ağır cinayət törətməyə görə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə, lakin məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 aprel 2025-ci il tarixdə, saat 21:55-də şübhəli şəxs qismində tutulmuş, 05 aprel 2025-ci il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,496 qram olan, iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınıb cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 noyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,496 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar