Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-95/2024 04.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə saat 15.00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri-əsaslandırıcı hissə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 460,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində daşımaqla saxlamış, 26 yanvar 2024-cü il tarixdə Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı şəhərin Ə.Qarayev küçəsi, 21 saylı ünvanda yerləşən fərdi yaşayış evində, saat 13:27-dən saat 13:55-dək olan müddət ərzində keçirilmiş baxış zamanı evin yataq otağında olan çarpayının altından 01 ədəd polietilen torbada təmiz çəkisi-460,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə marixuanadan arabir xəstəliyi ilə əlaqədar olaraq istifadə edir, QİÇS xəstəsidir, 2-ci qrup əlilliyi vardır, mahiyyəti üzrə bildirmişdir ki, təxminən 10 gün bundan əvvəl Şirvan şəhərində yaşadığı ünvanının yaxınlığından keçən dəmir yolunun kənarında gedərkən yerdə bir ədəd sellofan torba görmüş, həmin sellofan torba diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxdıqda görmüşdür ki, torbanın içərisində narkotik vasitə olan marixuanaya oxșar bitki qurusu olmuş, o, marixuanadan istifadə etdiyi üçün həmin bitki qurusunu iylədikdə görmüşdür ki, həqiqətəndə narkotik vasitə olan marixuanadır. Həmin içərisində narkotik vasitə olan marixuana olan sellofan torbanı əynində olan gödəkçənin içərisində gizlədərək birbaşa evə gəlmiş, evdə həmin sellofan torbanı otaqlarından birində olan çarpayının altında gizlətmiş, həmin marixuanadan 3 dəfə ayrı-ayrı vaxtlarda istifadə etmiş və təkrarən qeyd etdiyi çarpayının altında gizlətmişdir. 26 yanvar 2024-củ il tarixdə saat 13 radələrində evində olarkən polis əməkdaşları yaşadığı ünvana gəlmişlər və evinə baxış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilmiş, baxış zamanı ona verilən şifahi suallara cavab olaraq. yaşadığı evdə otaqların birində çarpayının altında bir ədəd sellofan torbada içərisində narkotik vasitə olan marixuana saxladığını bildirmiş və könüllü olaraq təqdim edə bilacəyini demiş, bundan sonra polis əməkdaşları ilə birlikdə fərdi yasayış evinə videoçəkilişlə daxil olmuşlar. Evə daxil olduqdan sonra evin zalından sağ tərəfdəki otaqda çarpayının altında gizlətdiyi bir ədəd içərisində marixuana olan sellofan torbanı təqdim etmiş, təqdim etdiyi içərisinda marixuana olan bir ədəd sellofan torba onun və polis əməkdaşlarının iştirakı ilə açılmış və içərisində narkotik vasitə olan marixuana olması aşkar olunmuş, həmin sellofan torba onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 480 qram olması müəyyən olunmuş, bundan sonra həmin içərisində narkotik vasitə marixuana olan bir ədəd sellofan torba qablaşdırılmış və götürülmüşdür. Həmin vaxt o, qablaşdırmada iştirak etmiş və imza etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş, o, protokolla tanış olduqdan sonra iştirakçılarla bərabər protokola imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsinin İstintaq bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş vəkil gəldikdən sonra ona üzərində qanunsuz əşya va ya predmet o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə, o, üzərində olan 2 ədəd cib dəsmalı, 1 ədəd 5 AZN pul əskinazı, 1 ədəd alışqan və l ədəd markalı ağ rəngli Samsung markalı mobil telelonu təqdim etmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış. axtarış zamanı heç bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, 2 ədəd cib dəsmalı. 1 ədəd 5 AZN pul əskinazı və 1 ədəd alışqan ona qaytarılmışdır. 1 ədəd ağ rəngli Samsung markalı mobil telelonu isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. O, həmin protokolla tanış olaraq imza etmiş, ondan başqa vəkil və polis əməkdaşları da həmin protokola imza etmişlər. Bundan başqa o bildirmişdir ki, narkotik vasitə marixuananı saxlamaqda məqsədi istifadə etmək olmuş, narkotik vasitənin satışı ilə məşğul olmamış, polis söbəsinə gətirilərkən va yə polis şöbəsində olarkən ona qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması məhkəmə baxışı zamanı eləcə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, 1 ədəd DVD diskdə olan videogörüntü, ekspertiza rəyləri, maddi sübut və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. 26 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində o, NMQ-nin əməliyyat müvəkkili Şahid2 və İB-nin müstəntiqi X3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin vaxt müstəntiq İlqar Novruzov tərəfindən evin qapısı döyülmüş və bir müddət sonra Təqsirləndirilən şəxs evin qapısını açmışdır. Həmin vaxt sonuncuya yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə daxil olmuş məlumata dair bildirilmiş və yaşadığı ünvana onun iştirakı ilə baxış keçiriləcəyi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmişdir. Bundan sonra sonuncu baxışa etiraz etməməsi barədə ərizə təqdim etmiş və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında olan çarpayının altında olan döşəkçənin altından 1 ədəd sellofan torbanı təqdim etmiş, həmin bir ədəd sellofan torba sonuncunun iştirakı ilə açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt evdən başqa heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd sellofan torbada olan kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs və tərəflərindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs Şirvan şəhər PŞ-nin İB-də vəkillərin siyahısı təqdim olunmuş, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş cinayət xarakterli əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da üzərində heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə olmadığını bildirmiş, həmin vaxt şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 ədəd cib dəsmalı, 1 ədəd 5 AZN pul əskinazı, 1 ədəd alışqan və 1 ədəd ağ rəngli Samsung markalı mobil telefon aşkar edilmiş, aşkar edilmiş 1 ədəd Samsung markalı mobil telefon baxış keçirilməsi üçün götürülmüş və digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 95-96) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 26 yanvar 2024-cü il tarixli baxış keçirmə haqqında protokoldan və 1 ədəd DVD diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Ə.Qarayev küçəsi, 21 saylı fərdi yaşayış evində olan yataq otağındakı çarpayının altında olan döşəyin altından 1 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir.(i.v 11-13) 26 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v 29) 26 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman o üzərində olan 2 ədəd cib dəsmalı, 1 ədəd 5 AZN pul əskinazı 1 ədəd alışqan və 1 ədəd ağ rəngli Samsung markalı mobil telefonu təqdim etmiş, 2 ədəd cib dəsmalı, 1 ədəd 5 AZN pul əskinazı 1 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmış, 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v. 33) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında olan çarpayının altında olan döşəkçənin altından 1 ədəd sellofan torbanı təqdim etmiş, həmin bir ədəd sellofan torba sonuncunun iştirakı ilə açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin vaxt evdən başqa heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd sellofan torbada olan kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs və tərəflərindən imzalanmışdır. (i.v 13) Məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 18/111 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı... ” sözləri və imzalar olan kağız paketdə 1 ədəd polietilen torbada təmiz çəkisi- 460,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu-0,10 qr, qalıq 459,90 qram.(i.v 41-42) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-201/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə “Tiryək alkaloidlərin tərkibində saxlayan maddələrin sui-istifadəsi nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. (i.v 87) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 09 fevral 2024-cü il tarixli, 3-17- 1/2-29819/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İİ qrup əlilliyə görə sosial müavinət alır. (i.v 88) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (i.v.98-101, 102-107) Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 459,90 qram qalığı və 1 ədəd DVD diskdə olan videogörüntü maddi sübut kimi tanınmış və 459,90 qram qalıq saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir.( i.v.139) Məhkəmə psixiatrik ekspertizasının 17 fevral 2024-cü il tarixli, 425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.( i.v.110-112) Məhkəmə narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 1226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitılərin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxlsər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v.113-114) Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə dəfələrlə məhkumluq həyatı yaşamasını, cəzasını çəkdikdən sonra isə təkrar eyni əməl törətməsini, bununla da islah olunmamasını diqqətdən qaçırmır və bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 1226 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X9 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,90 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. iş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, Nəticə hissə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X9 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 459,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-95/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-95/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver