Məhkəmə qərarları › İş №1(032)-95/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-95/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-95/2025 29.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:17 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, ev dustaqlığında saxlanılmanın barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,526 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd sellofan bükümdə qablaşdırılmış halda əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Nəsimi küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib üzərində axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,526 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, o, psixotrop maddə olan metamfetamindən istifadə edir, lakin onların satışı ilə məşğul deyil. 06 aprel 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb məhlədə gəzərkən yerdə bir ədəd sellofan bükülü görmüş və həmin bükülü diqqətini cəlb etdiyi üçün bükülünü yerdən götürüb içərisinə baxmış, bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, özü metamfetamin istifadəçisi olduğu üçün həmin bükümü istifadə etmək məqsədi ilə cibinə qoymuş və yaşadığı evə getmişdir. 07 aprel 2025-ci il tarixində saat 21 radələrində evdən çıxaraq yaşadığı məhəllə ilə hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etdərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bu vaxt o, polis əməkdaşlarından yayınaraq oradan qaçmışdır. Lakin polislər onu tutaraq Şirvan ŞPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onu təqdim etməsi təklif etdikdə, o, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə olan metamfetam olduğunu bildirmişdir. Həmin büküm o və digər iştirakçıların iştirakı ilə açıldıqda o, həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminin olmasını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokolu imzalamışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə saat 21:40-da Şahid1 ilə birlikdə Şirvan şəhəri Nəsimi küçəsində hərəkət edərkən bir nəfər şəxsin narkotik vasitə təsiri altında olması şübhəsi yaranmış, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onunla söhbət edən zaman narkotik vasitə təsiri atında olmasına dair olan şübhələr artmışdır. Onlar həmin şəxsə narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirdikdə həmin şəxs ondan qaçmaq istəyərəkən tutulmuş və Şirvan şəhər Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şəhər polis şöbəsinin inzibati binasında saat 22:55-də videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan metamfetaminə bənzər kütləni tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə olan memtamfetaminə bənzər kütlə çəkilərkən çəkisinin 0,60 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil Salman Fərəcov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki , Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 aprel 2025-ci il tarixdə saat 21:40-da Şahid2 ilə birlikdə Şirvan şəhəri Nəsimi küçəsində hərəkət edərkən bir nəfər şəxsin narkotik vasitə təsiri altında olması şübhəsi yaranmış, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onunla söhbət edən zaman narkotik vasitə təsiri atında olmasına dair olan şübhələr artmışdır. Onlar həmin şəxsə narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirdikdə həmin şəxs ondan qaçmaq istəyərəkən tutulmuş və Şirvan ŞPŞ-ya gətirilmişdir. Polis şöbəsində həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra şəxsin üzərində şəxsi axtarış aparılması üçün şöbə rəhbərliyinə raportla müracət edilmişdir. Şəhər polis şöbəsinin inzibati binasında İnqilab Məmmədzadənin otağında saat 22:55-də videoçəkiliş vasitəsilə vəkil, o və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan metamfetaminə bənzər kütləni tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun üzərindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən qeyd olunanlardan başqa heç bir qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Elektron tərəzi vasitəsi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bükümdə olan memtamfetaminə bənzər kütlə çəkilərkən çəkisinin 0,60 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil Salman Fərəcov və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,526 qram psixotrop maddə olan metmafetamin və 1 ədəd Honor X8 markalı telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2025-ci il tarixdə, saat 21:40dən məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,526 qram psixotrop maddə olan metmafetamin və 1 ədəd Honor X8 markalı telefon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/291 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,526 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,526 - qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq - 0,476 qram. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-61/2025 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Vaqif oğlu barəsində tətbiq edilmiş tutma prosessual məcburiyyət tədbirinin ləğv edilməsi, Şirvan şəhəri, Y.V.Çəmənzəminli küçəsi, ev 10 ünvanını hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri üzərinə qoyulması, qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2460 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin kannabinoidlərin və psixosumulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi disponserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 180.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə əməli CM-nin 180.3.2-ci maddəsindən CM-nin 180.2.3,180.2.4, 180.2.5-ci maddələrinə tövsif edilmiş, o həmin maddələrlə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzanın sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-564/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 188 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 137 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası X3r. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,526 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə obyektiv və subyektiv halların məcmusunu, o cümlədən əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasını cəkməsini və islah olunmamasını nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır . İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,476 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,476 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . Hökm elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar