Məhkəmə qərarları › İş №1(032)-97/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-97/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-97/2025 29.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:05 Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saat 18:17-dən saat 18:26-dək Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılan zaman sol əlində saxladığı 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, o, narkotik vasitə heroin istifadə edir, lakin onların satışı ilə məşğul deyil. 14 aprel 2025-ci il tarixdə axşam saat 18 radələrində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində velosipedlə hərəkətdə olarkən səkinin kənarında 01 ədəd sellofan diqqətini cəlb etdiyi üçün yerdən götürüb açıb içinə baxmış və həmin sellofanın içində 1 ədəd sellofan kəsiyində narkotik vasitə olan heroin və kağız kəsikləri olduğunu görüb həmin sellofan kəsiyini götürüb sonra istifadə etmək üçün saxlamışdır. Bir qədər getdikdən sonra, Şirvan ŞPŞ-nin əməkdaşları onu Şirvan şəhəri H.Z.Tağıyev küçəsində saxlayan zaman sol əlində saxladığı narkotik vasitə olan heroini yerə atdıqdan sonra onlar özlərini ona təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirib, yerə atdığı sellofan bağlamanı yerdən götürüb açıb içinə baxmışlar. Həmin sellofan bağlamanın içindən ona məxsus 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və kağız kəsiyləri aşkar edilmişlər. Bundan sonra əlindən yerə atdığı 1 ədəd sellofan kəsiyində olan narkotik vasitə olan heroin poçt zərfinə qablaşdırılıb ağzı möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imza edildikdən onu Şirvan ŞPŞ-nə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra polis şöbəsinin istintaq bölməsində olarkən vəkilin iştirakı ilə ona məxsus 1 ədəd sellofan bağlamanın qablaşdırıldığı poçt zərfi açılaraq zərfin içindəki sellofan bağlamanın içində olan sellofan bükümə və kağız kəsiklərinə baxış keçirilmiş, baxış zamanı həmin bükümdə olan narkotik vasitə olan heroinin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra ona məxsus narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,41 qram olması müəyyən edilmiş, bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Əməlindən peşmandır. Himayəsində üç azyaşlı övladının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 aprel 2025-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, H.Z.Tağıyev küçəsinə gedilmiş və həmin küçədə PŞ-nin KTQ-nın nun kiçik inspektoru, polis serjantı X9 tərəfindən videoçəkiliş aparılmaqla velosipedlə hərəkətdə olan Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən operativ şəkildə tutularaq saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim etmək, üzərində narkotik vasitə olmasını, istifadəsi və dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasını demək istədikləri zaman Təqsirləndirilən şəxs sol əlindən 01 ədəd selofana bükülmüş bükümü yerə atmış, həmin sellofan bükümdə aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə və siqaret kağız parçaları, üstündə olan 01 ədəd mobil telefonla birlikdə istintaq üçün əhəmiyyət kəsb edə biləcək olduqlarına görə götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümündə olan narkotik vasitə heronə bənzər kütlə kağız zərfdə qablaşdırlaraq üzəri möhürləndikdən sonra Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 Qalib oğlu məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyarların götürülməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin NMQnun əməkdaşları tərəfindən saat saat 18-17-dən saat 18:26-dək Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı sol əlinin ovucunun içində saxladığı və saxlanıldığı zaman yerə atdığı 1 ədəd sellofan bükümündə təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyarların götürülmüəsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin NMQ-nun əməkdaşları tərəfindən saat saat 18-17-dən saat 18:26-dək Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı sol əlinin ovucunun içində saxladığı və saxlanıldığı zaman yerə atdığı 1 ədəd sellofan bükümündə təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sol əlinin ovucunda saxladığı və saxlanılan vaxtı yerə atdıqdan sonra aşkar edilərək götürülmüş bir ədəd sellofan bükülüdə narkotik vasitə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə baxış keçirilmişdir. Həmin kütlə sellofan bükülüdən ibarətdir. Sellofan bükülünü açdıqda içərisində narkotik vasitə heroinə oxşar kütlə və 17 ədəd kağız kəisyi aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlənin təmiz çəkisinin ölçülməsini xahiş etdikdə həmin narkotik vasitə heroinə bənzər kütlənin qablaşdırıldıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah edilmiş və ekspertiza rəyi əldə edildikdən sonra sonuncunun rəylə tanış olunacağı bildirilmişdir. Daha sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0,41 qram gəlmişdir. Bundan sonra isə həmin bükülü yenidən qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə saat 18:17-də azadlığı faktiki olaraq məhdudlaşdırılmış, 14 aprel 2025-ci il tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs məxsus...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,371 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi - 0,05 qram ,qalıq -0,321 qram. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-65/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin tutulduğu andan, yəni 14 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin Respublika Narkoliji Mərkəzinə keçirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs növbəti göndərişlə Respublika Narkoliji Mərkəzinə keçirilməsi qərara alınmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixinə qədər çəkilməmiş hissəsi 02 (iki) il 01 (bir) ay 15 (on beş) gün təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Respublika Narkoloji Mərkəzində “F 19.2” (Opoidlərin və Psixostimulyatorların birgə qəbulu) diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 199 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)- 140/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-616/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞnin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 174 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Şirvan şəhərində anadan olmuş X3 atası Təqsirləndirilən şəxs, anası X6r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Şirvan şəhərində anadan olmuş X2 atası Təqsirləndirilən şəxs, anası X6r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində anadan olmuş X4 atası Təqsirləndirilən şəxs, anası X6r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının “narkotik vasitələrin” nəzərdə tutulduğu İ siyahısına əsasən ittiham aktında göstərilən narkotik vasitənin miqdarı (aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi 0,371 qram təşkil etmişdir) “xeyli miqdar” olmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olduğunu Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağrlaşdıran halların olmamasını, lakin qəsdən cinayət törətməyə görə barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasından nəticə çıxarmayaraq cəza çəkdiyi müddətdə hazırki qəsdən cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki, yəni Şirvan şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(032)-140/2024 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır . Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,321 qram olan iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349, 351- 353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,321 qram heroin məhv edilsin. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin saxlama müddəti ərzində iş materillarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan) 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar