Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-98/2023 18.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1958-ci ildə Hacıqabul rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmişin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 01 aprel 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunu qəsdən yumruq zərbələri ilə sağ və sol qol nahiyyələrinə vuraraq onun sol bazu qurşağında əzələ bağ aparatının gərilməsi, sol bazunun yuxarı 1/3-də qançır kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1997-ci ildə evlənmiş və birgə nigahlarında 3 övladı olmuşdur. Zülfiyyə Feyziyev ilə münasibətləri yaxşı olmuş, lakin aralarında mübahisələr olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində arvadı Zülfiyyə ona işləməsini demiş, sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı arvadı Zülfiyyənin üz və qol nahiyyələrinə yumruq zərbələri vurmuş, daha sonra Zülfiyyənin onun barəsində şikayət etdiyini eşitmiş və izahatının alınması üçün polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə 1997-ci ildə evlənmiş və birgə nikahlarında 3 övladı olmuşdur. Əri Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmamış, aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək yaşadıqları evdə əsassız münaqişələr yaratmışdır. xx.xx.2023-cü il tarixdə əri Məhərrəmə iş taparaq işləməsini bildirmiş, lakin Məhərrəm ona işləməyəcəyini demişdir. Təxminən saat 11 radələrində aralarında mübahisə yaranmış, mübahisə zamanı Məhərrəm onun sağ və sol qol nahiyyələrinə yumruq zərbələri endirmişdir. Bundan sonra Məhərrəmə polis bölməsinə zəng vuraraq məlumat verəcəyini demiş və Məhərrəm yaşadıqları evi tərk edərək getmişdir. DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 131 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol bazu qurşağında əzələ bağ aparatının gərilməsi, sol bazunun yuxarı 1/3-də qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 aprel 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v.15) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-12-1/2- İ-617xx/xx/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.39) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-35/2-203/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 42) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min büş yüz manatadək miqdarda və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-98/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-98/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver