Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-99/2023 23.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:45-də Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Kürqaraqaşlı kənd tam orta məktəbində fiziki tərbiyyə müəllimi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri, ünvan 2 «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə, saat 11 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı başı ilə sifət nahiyyəsinə və şüşə qırıntısı ilə bədənin müxtəlif nahiyyələrinə qəsdən zərbə vuraraq, Zərərçəkmiş şəxs burun kökündə qançır, sağ bazunun aşağı 1/3 səthi dəri kəsikləri və gövdənin sol yan səthində kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda anası Şahid2 ilə birlikdə Şirvan şəhəri, ünvan 6 ünvanda isə hazırda bacısı Şahid1 ailəsi ilə birlikdə yaşayır. Hazırda bacısı Günel anası və onu həmin evdə yaşamağa qoymur. 26 iyun 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar bildirir ki, anası bacısı Günelə evinin təmiri üçün borc pul vermişdir. Həmin gün saat 11 radələrində anası ilə birlikdə yaşadıqları ünvanda olan zaman anası Günelin maaş alıb-almamasını öyrənmək üçün ona Güneldən bu barədə məlumat almağını xahiş etmişdir. O da, Günelin istifadəsində olan nömrəyə “Whatsapp” tətbiqi vasitəsi ilə mesaj yazaraq Güneldən maaş alıb-almamasını soruşmuşdur. Günel anasına borclu olduğu üçün aylıq 500 manat pul verməlidir. Günellə danışan zaman, Günel onu və anasını təhqir edərək, anasına olan borcunu verməyəcəyini, sentyabr ayından sonra isə anasına aylıq olaraq, 100 manat pul verəcəyini demişdir. Günelin ona demiş olduğu fikirləri anasına demişdir. Bu vaxt anası onu həmin T.İsmayılov küçəsində yerləşən ata evləri olan ünvana aparmağını söyləmişdir. Anası ilə birlikdə evlərinə getmişlər. Anası və o, binanın birinci mərtəbəsində yerləşən evlərinin qapısına yaxınlaşan vaxt Günel qarşılarına çıxmış və onlara evə daxil olmaqlarını demişdir. Onlar evə daxil olan zaman Günel həm anasını, həm də onu söyüb təhqir etməyə başlamışdır. O, Günelə anasının əməliyyat xərcləri olduğunu bildirərək, anasına olan borcunu ödəməsini xahiş etmişdir. Günelin həmin vaxt qeyri-rəsmi münasibətdə yaşadığı Anar da onlara yaxınlaşmışdır. Anar demişdir ki, Günel onlara heçnə ödəməyəcək. Həmin vaxt Günelin əlindəki metal tava ilə anasının üstünə doğru getdiyini görmüşdür. Həmçinin Anar da anasının üstünə doğru getmişdir. O, anasını müdafiə etmək üçün Anarın qarşısına keçmişdir. Bu vaxt Anara ailədaxili məsələyə qarışmamasını demişdir. Anar hər iki qolundan tutub divara dirəmiş, sonra isə yumruqla sağ gözünə yumruqla bir dəfə zərbə vurmuşdur. O, bu vaxt yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Anar onun baş, burun və kürək nahiyələrinə yumruqla vurmağa başlamışdır. O, bu vaxt birtəhər ayağa qalxmışdır. Anarın əlində sınıq şüşə butulka olduğunu görmüş və Anar həmin şüşə butulka ilə ona xəsarət yetirən zaman o, həmin butulkanı Anarın əlindən alan zaman butulkanın şüşə hissəsi sağ əlinin bir neçə hissəsini kəsmişdir. O, təcili olaraq DİNnin 102 xidmətinə zəng vurmuşdur. Anası Şəlalə evin çöl qapısını açaraq, onu həmin qapıdan binanın həyətinə yola salmışdır. Daha sonra polis əməkdaşları ünvana gəlmişdir. Ona hadisə zamanı yeznəsi Anar yumruqla baş və sifət nahiyyəsinə yumruqla zərbələr vurmuş, həmçinin əlindəki şüşə kəsiyi ilə sağ əlinə xəsarətlər yetirmişdir. Sağ çiyin nahiyyəsinə o, yerdə yıxılmış vəziyyətdə olan zaman yumruqla zərbələr vurmuşdur. O, hadisə zamanı Günelə heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı o, Günel, Anar, anası Şəlalə evdə olmuşdur. Azyaşlı bacısı qızı Zilan da hadisədən sonra evə gəlmişdir. Başqa kimsə hadisənin şahidi olmamış, hadisə əvvəldən sona qədər təxminən 20 dəqiqə müddətində davam etmişdir. Əməlindən peşmandır, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, birinci evliliyinə 2015-ci il tarixdə son qoyaraq boşanmışdır. 2021-ci ilin dekabr ayından birlikdə olduğu Şahid1 ilə 2022-ci ilin iyul ayında rəsmi olaraq evlənmişlər. Onlar birlikdə yaşamağa başladıqları andan bəri o, Günelin yaşadığı ünvan 3 ünvanında yaşayır. Həmin ev Günelin atasına məxsusdur. Günelin anası və qardaşı da həmin evdə qeydiyyatdadırlar, lakin onlar Şirvan şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. 26 iyun 2022-ci il tarixdə, saat 11 radələrində evdə olan zaman Günelin qardaşı Asiflə telefon danışığı zamanı əsəbiləşdiyini görmüşdür. O, Güneldən nə baş verdiyini soruşduqda Günel anası Şəlaləyə olan borcunun qardaşı Asif tərəfindən yalan yerə artırılmasını bildirmiş, həmçinin evdə qalmağa görə kirayə pulu da istədiklərini demişdir. Bundan təxminən 10 dəqiqə sonra qaynı Asif, qaynanası Şəlalə ilə birlikdə yaşadıqları mənzilə gəlmişlər. Mənzilə daxil olan zaman Asif Günelin sağ üz nahiyəsinə şillə ilə zərbə vurmuş və Güneli söyüb, təhqir etməyə başlamışdır. O, dərhal Günellə Asifin arasına daxil olub, hər ikisini sakitləşdirmək istəmişdir. Asif isə yenidən Günelə əli ilə xəsarət yetirmək istədikdə, o, Asifin hər iki qolundan tutaraq, Günelə vurmasının qarşısını almaq istəmişdir. Bu zaman Asif onun üz və burun nahiyəsinə kəllə zərbəsi vurmuşdur. Onlar əlbəyaxa olmuşlar. Bu vaxt o, Günelə hamilə olması səbəbilə mətbəxi tərk etməsini söyləmişdir. Günel dəhlizə keçmişdir. O, Şəlalə və Asifdən nə baş verdiyini soruşduqda, hər ikisi ona evi tərk etməklərini bildirmişlər. Asif həmin vaxt onun və Günelin ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Bu vaxt yenidən Asifi sakitləşdirmək istədikdə Şəlalə arxadan onun başının orta hissəsinə şüşə butulka ilə zərbə vurmuşdur. Həmin zərbədən sonra onun başı gicəlləndiyi üçün dizi üstə yerə doğru əyilmişdir. Əyilən zaman isə Asif onun başına mətbəxdə olan şüşə butulkalarla zərbələr vurmuşdur. Asifin onun başına vurmuş olduğu butulkaların hamısı başında sınmışdır. Həmin sınmış butulkalardan birini Asif əlində götürərək, sol qolunun içəri nahiyəsinə və sol qabırğalarının üstünə zərbələr vurmuşdur. Asifin vurmuş olduğu yerlərdən qan açıldıqda, Asif qorxub geriyə çəkilmiş, Şəlalə isə onun baş nahiyəsinin arxa hissəsinə “armudu” adlanan stəkanı ataraq xəsarət yetirmişdir. Şəlalədən sonra isə Asif də həmin “armudu” stəkanı onun başının sol künc hissəsinə ataraq xəsarət yetirmişdir. Həmin vaxt Günel DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra Asif də 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Ona hadisə zamanı qaynı Asif başı ilə sifətinə zərbə vurmuş, sonra sınıq şüşə butulka ilə sol qoluna və sol qarın nahiyyəsinə xəsarət yetirmiş, qaynanası Şəlalə isə arxadan başına şüşə butulka və şüşə stəkan ataraq zərbə vurmuşdur. O, hadisə zamanı nə Şəlaləyə, nə də Asifə hər hansı bir xəsarət yetirməmişdir. Hadisə ailədaxili münaqişə zəmnində yaranan mübahisə nəticəsində baş vermiş, hadisə zamanı o, Günel, Asif, Şəlalə və azyaşlı qızı Zilan evdə olmuş, başqa kimsə hadisənin şahidi olmamış, hadisə əvvəldən sona qədər təxminən 20 dəqiqə müddətində davam etmişdir. Ona dəymiş ziyan ödənilmiş, əməli törətmiş şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, T.İsmayılov küçəsi, bina 11 A, mənzil 31 ünvanında qeydiyyatda olsa da, hazırda oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Şirvan şəhəri, ünvan 6 ünvanda isə hazırda qızı Şahid1 ailəsi ilə birlikdə yaşayır. X3 və onu həmin evdə yaşamağa qoymur. Günel 2015-ci il tarixində ərindən boşanmış və iki uşağı ilə onun himayəsində yaşamağa başlamışdır. Günel onların əvvəllər yaşadıqları Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən ünvanda onlarla yaşamışdır. O, isə həmin ünvandan 2021-ci ildə çıxaraq, qızı Günelə balaları ilə rahat yaşamasını söyləmişdir. Günel isə dekabr ayından bəri qeyri-rəsmi münasibətdə olduğu Anar adlı şəxsi də evlərinə dəvət etmiş və onunla yaşamışdır. O, Günelə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən ev almışdır. Həmin evin təmiri ilə də əlaqədar Günelə 32 min manat borca pul vermişdir. 26 iyun 2022-ci il tarixində oğlu Asifə Günellə əlaqə saxlamasını, Günel əgər maaş alıbsa ona olan borcundan 500 manat pul verməsini söyləməsini demişdir. Çünki Günelə həmin vermiş olduğu 32 min manat borca görə, aylıq borcundan 500 manat verəcəyi ilə bağlı razılaşmışdır. Asif Günellə telefonla danışan zaman Günel borcundan hələlik verməyəcəyini, sentyabr ayından isə hər ay 100 manat pul verəcəyini söyləmişdir. Daha sonra Asif Günelin onu söyüb, təhqir etməsini demişdir. O, Günelə dəfələrlə zəng etmiş, lakin Günel onun telefonlarına cavab verməmişdir. O, Asifə onu Günelin yaşadığı mənzilə aparmasını xahiş etmişdir. Asif onu Günelin yaşadığı mənzilə aparmışdır. Asif və o, binanın birinci mərtəbəsində yerləşən evlərinin qapısına yaxınlaşan vaxt Günel qarşılarına çıxmış və onlara evə daxil olmaqlarını demişdir. Onlar evə girən zaman Günel həm onu, həm də oğlu Asifi söyüb təhqir etməyə başlamışdır. O, Günelə əməliyyat xərclərinin olduğunu bildirərək, ona pul lazım olduğunun vacibliyini demişdir. Lakin Günel ona pul verməyəcəyini, ona evdən çıxmağını bildirmişdir. Bu vaxt Günel tavanı şkafın üzərindən götürərək, onun başına, kürəyinə, ayaqlarına zərbələr vurmağa başlamışdır. Anar da həmin vaxt onun baş, çiyin və kürək nahiyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. O da həmin vaxt qışqıraraq, evinin arxa qapısını açaraq, kömək çağırmışdır. Sonradan isə Asif təcili olaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra polis əməkdaşları ünvanına gəlmişdir. O, nə Anara, nə də Günelə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid1 məhkəməyə gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində bildirmişdir ki, 2015ci ildə boşandıqdan sonra övladları ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. Həmin mənzil atası tərəfindən ona yaşamağı üçün verilmişdir. Hazırda əri Zərərçəkmiş şəxs və birinci evlilikdən olan övladları ilə birlikdə həmin evdə yaşayır. Atası isə hazırda Rusiya Federasiyasında yaşayır. Anası və qardaşı isə hazırda Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 418 ünvanında yaşayırlar. 26 iyun 2022-ci il tarixdə saat 11 radələrində qardaşı Asif onun istifadəsində olan nömrəyə zəng vuraraq, ondan 2022-ci ilin may ayında anası Şəlalədən almış olduğu 500 manat qalan borcunu qaytarmağını istəmiş, o, iki günə maaş alacağını və borcunu ödəyəcəyini qardaşına demişdir. Ardınca isə qardaşı hazırda yaşadığı mənzilə görə də əlavə olaraq kirayə pulu verməli olduğunu demişdir. Bundan sonra o, əsəbiləşərək qardaşının ünvanına nalayiq sözlər demişdir. Yaşadığı evin isə ona deyil atasına məxsus olduğunu bir daha xatırlatmışdır. Təxminən 10 dəqiqə sonra qardaşı Asif anası Şəlalə ilə birlikdə onun yaşadığı ünvana gəlmişlər. Mənzilə daxil olan zaman Asif onun sağ üz nahiyəsinə sillə ilə vuraraq onu söyüb, təhqir etməyə başlamışdır. Bu vaxt əri Anar onunla Asifin arasına girərək, hər ikisini sakitləşdirmək istəmiş, Asif yenidən onu vurmaq istədikdə Anar Asifin hər iki qolundan tutmuşdur ki, mane olsun. Lakin bu vaxt Asif Anarın da burun və üz nahiyəsinə doğru kəllə ilə zərbə vurmuş və onlar əlbəyaxa olmuşlar. O, qorxduğu üçün mətbəxdən dəhlizə keçmiş, bu vaxt anası Şəlalənin əlində olan şüşə butulka ilə Anarın baş nahiyəsinin orla hissəsinə zərbə vurduğunu görmüşdür. Anar dizləri bükülü vəziyyətdə aşağı doğru əyilmişdir. Anar yerə əyildikdən sonra qardaşı Asif də mətbəxdə şkafin üzərində olan 3 şüşə butulkanı götürüb Anarın başına zərbələr vuraraq sındırmışdır. Ardınca anası Şəlalə Anarın kürək nahiyəsinə yumruqla və təpiklə zərbələr vurmağa davam etmişdir. O, anasından bu hərəkətlərinə son qoymasını tələb etdikdə, anası onun da saçlarını yolaraq. başına vumruqla vurmağa başlamışdır. O da hamilə olduğundan qaçaraq mətbəxdən uzaqlaşmışdır. Sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra qardaşı da 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Ona hadisə zamanı qardaşı Asif sillə ilə bir dəfə zərbə vurmuş, anası Şəlalə isə saçlarından tutub yolmuş və başına yumruq zərbələri vurmuşdur. O, nə anasına, nə də qardaşı Asifə heç bir xəsarət yetirməmişdir. Hadisə anası və qardaşı ilə aralarında ailədaxili münaqişə zəmnində yaranan mübahisə nəticəsində baş vermiş, hadisə zamanı o, əri Anar, qardaşı Asif, anası Şəlalə və azyaşlı qızı Zilan evdə olmuş, başqa kimsə hadisənin şahidi olmamış, hadisə əvvəldən sona qədər təxminən 20 dəqiqə müddətində davam etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 291 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - burun kökündə qançır küt əşya təsirindən törənmiş, sağ bazunun aşağı 1/3-də səthi dəri kəsikləri, gövdənin sol yan səthində kəsilmiş yara iti xassəyə malik alət (ola bilsin sınmış şüşə fraqmentləri) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 iyun 2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlərdən gövdənin sol yan səthinin orta şöbəsində olan kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Burun kökündə qançır, sağ bazuda səthi dəri kəsiyi isə sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət cəzası tətbiq edilmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 20 iş saatına görə, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi ilə bağlı sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-99/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-99/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver