Məhkəmə qərarları › İş №1(033)-11/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-11/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-11/2024 28.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, X1 iştirakı ilə, xx.xx.1956-cı ildə Türkiyə Respublikası Mardin şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, 01 mart 2022-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərara əsasən “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11- bəndinə əsasən cəzadan azad edilmiş, evli, fərdi əməklə məşğul olan, hazırda Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, Zaqatala rayon Aşağı Tala kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 fevral 2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında saat 14:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 01 iyun 2023-cü il tarixdə, saat 17:20 radələrində ünvan 1 ünvanında yerləşən və əvvəl birlikdə yaşadıqları evdə həmin evin boşanma ilə əlaqədar bölgüsü və onun evə növbəti dəfə ailə həyatı qurduğu Şahid4 ilə birlikdə gəlməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirib sağ əlin İV barmağının İİ-İİİ falanqalarında şişkinlik, qançır və hərəkət məhdudluğu, İV barmağın orta falanqasının distal başının qapalı yerdəyişən sınığı ilə nəticələnmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq etmiş, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan onun tərəfindən ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, yəni o, yaxınlıqda insanların sıx məskunlaşdığını, daimi yaşayan qonşularının olduğunu bildiyi və yaranmış səs-küyə artıq qonşuların gəldiyini gördüyü halda evin həyətində də yumruqları ilə zərbələr endirməklə Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətlərini davam etdirmiş, həmçinin sonuncunun və valideynlərinin ünvanına uca səslə nalayiq ifadələr (küçə söyüşləri) işlətmiş, bununla da ictimai mənafeyə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı qonşular üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, ətrafda yaşayan insanların mənafeyinə toxunan hərəkətlər edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə xuliqanlıq etmiş, yalnız həmin evlə üzbəüz yerləşən digər fərdi yaşayış evində yaşayan qonşusu Şahid1 müdaxilə edərək sakitləşdirməsi və Zərərçəkmiş şəxs çətinliklə əlindən alması nəticəsində Təqsirləndirilən şəxs öz cinayət əməllərinə son qoymuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır, boşanmışlar, aralarında əmlak, mülk bölgüsü ilə əlaqədar ədavət vardır. Şahid4 hazırkı arvadıdır. Arvadı Turanə ilə birlikdə Qazangül qəsəbəsində olan evinə getmişdir ki, həm evi havalandırsınlar və təmizliyi təmin etsinlər, həm də Gülşənlə öz aralarında ev bölgüsü ilə əlaqədar razılığa gəlsinlər. Tam Gülşənin iş saatına uyğun getdikləri üçün qısa zaman ərzində Gülşən evə gəlmiş, Gülşən evdə onu və Turanəni görən zaman qışqıqıb «nə gəzirsiniz burda, nə işininz var, çıxın burdan» demiş, hiddətlənmiş, ona vurmuşdur, ona qarşı nalayiq ifadələr işlətmiş, onu vurması üçün təhrik etmişdir. O isə Gülşənə qarşılıq verməmiş, ona vurmamışdır. Gülşən isə güldanı Turanəni vurmaq üçün onun üzərinə atmaq istəyərkən, o bunu dərhal anlamış və güldanı Gülşəndən almışdır və onlar Turanə ilə birgə həyətə çıxmışlar. Gülşən əvvəllər də ona və əşyalarına zərər vurmuş, kompüterini və telefonunu parçalamışdır. Özü isə həmin davranışları boşanmanın verdiyi stress kimi dəyərləndirmişdir. Həmçinin bildirmişdir ki, evləri çöldən səs almır və içərdəki səsi də çölə buraxmır. Gülşənin barmağının qırılması ilə bağlı qeyd etmişdir ki, evin divarında kiçik mismarlar var və hadisə zamanı Gülşən onlara vurmaq istəyərkən barmağını həmin mismarlara vurmuş və qanamışdır. Güldanı əlindən alarkən əlinin qanadığını görmüşdür. O özü ona heç bir zaman vurmamışdır. Düşünür ki, bu hadisə ona qarşı oynanılmış bir teatrdır. Həmçinin Mehmanın ifadəsi ilə bağlı bildirmişdir ki, Mehman istintaqda üç fərqli ifadə vermişdir. Belə ki, ilkin ifadəsində bildirmişdir ki, Azizlə Turanə həyətdə Gülşəni döyürdülər, o gəlib onları ayırmışdır. İkinci ifadəsində bildirmişdir ki, Turanə yox yalnız Aziz vurmuşdur. Üçüncü ifadəsində qeyd etmişdir ki, Aziz vurmayıb, yalnız nalayiq ifadələrdən istifadə edib. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə evdən çölə çıxmamışdır, Mehman isə onları ayırmamışdır, Mehaman və qonşular, Gülşənin səsinə gəlmişdir. Belə ki, Gülsən polisə zəng edib bildirmişdir ki, “niyə gəlmirsiz, cinayət olamsınımı istəyirsiz”. O, daha sonra bildirmişdir ki, onlar arasında gərginlik evin bölgüsü ilə əlaqədar yaranmışdır. Həmin mübahisə yarandıqdan sonra Gülşən ona qarşı aqresivləşmiş, onun həyatını çətinləşdirmişdir. Həmin mübahisə ətrafında hər zaman aralarında münaqişələr yaranmışdır. Gülşənin məqsədi onu Azərbaycandan deport etdirmək olmuşdur ki, birgə nikah dövründə əldə etdikləri ev yalnız ona qalsın. O, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. Şahid4 tanıyır, qohum deyil, ədavəti yoxdur. Aziz ilə onların arasında əmlak bölgüsünə dair iddiaları olmuşdur. X10 qərarı ilə Zaqatala Rayon Məhkəməsinin evin bölgüsü barədə qətnaməsi dəyişdirilmədən saxlanmışdır, lakin həmin qərar qanuni qüvvəsini almamış və icraya yönəlməmişdir. Məhkəmənin səhəri Aziz onun evinə gələrərk onun artıq hər şeydə hüququ olduğunu deyərək özünü bütün evin sahibi kimi aparmağa başlamışdır. Onun evə ikinci arvadı Türanə ilə gəlməsi onu lap əsəbləşdirmişdir. Hadisə ilə bağlı qeyd etmişdir ki, o evə gəlməmişdən bir saat əvvəl Aziz və Turanə onların evinə gəlmişlər. Əgər Aziz onunla hər hansı söhbət etməyi istəyirdisə özü ilə birlikdə nə üçün ikinci arvadı ilə gəlmişdir. O, evdə onları görəndə onlara bildirmişdir ki, “niyə bu evə gəliblər”, cavab olaraq onlar ona demişlər ki, “yaxşı ediblər, bura onların evidir, öz şəxsi əşyalarını al və bu evdən çıx”. Bunun üzrərinə o haqlı olaraq hiddətlənmiş evdən çıxmalarını istəmişdir. Bu zaman aralarında itələşmə olmuşdur. Turanə bütün əşyaların onlara məxsus olduğunu bildirmiş, o isə həmin zaman güldanı əlinə alıb yerə vurmaq istəmiş, əşyaların ona məxsus olmasını göstərmək üçün lakin Aziz elə güman etmişdir ki, həmin güldanı Turanyə vuracaq və güldanı əlindən almışdır. Onun Turanə ilə heç bir ədavəti yoxdur. Güldanı ona vurmaq kimi bir niyyəti də olmamışdır. Bu zaman Aziz araya girmiş, Turanəni qorumaq üçün onu vurmuşdur. Bu zaman barmağı sınmış Azizin bildirdiyinin əksinə barmağı qanamamışdır. Azizin dediyi mismar isə qapı kənarındadı və çox kiçik bir şeydir. Barmağı sınan zamn o qapı kənarına keçmiş və onlara “barmağımı sındırdız” demişdir. Aziz isə “iyi oldu sana” demiş, bundan sonra o, 102-ə zəng etmiş, demişdir ki, “dərhal gəlin əgər geciksəniz burda başqa şeylər olacaq, cinyət törədiləcək”. Bu zaman o özünü zorla cilovlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarındakı dava dəhlizdə və evlərinin həyətində də davam etmiş, küçədə mübahisələri olmamışdır. Həmçinin aralarında əvvəllər də münaqişələr olmuşdur. Mehman isə yəqin ki, onların səsinə gəlmiş, bu zaman o Mehmanı qapıda görüb, ona bilirmişdir ki, onun barmağını qırmışdırlar. Aziz onu küçə söyüşləri ilə söymüşdür. Aziz barəsində ölkə xaricinə çıxarılma cəzasının seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zaqatala rayon İkinci Tala kəndində yaşayır. Təqsirləndirilən şəxs əridir. Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs Azizin ondan əvvəlki arvadıdır. Aziz Gülşənlə rəsmi boşandıqdan sonra onunla ailə qurmuşdur. Bilidirmişdir ki, Aziz dəfələrlə o evə getmiş və hər zaman da aralarında münaqişələr olmuşdur. Aziz onunla nikaha daxil olduğu vaxtdan o evdə yaşamış o isə İkinci Talada kirayədə qalmışdır. Gülşən Azizə dəfələrlə vurmuş, bir səfərində Aziz evə qayıtdıqda boğazında izlərin olduğunun görümüş səbəbini soruşsa da, Aziz heç bir şey olmadığını bildirmişdir. Gülşən həmçinin ona qarşı dəfələrlə nalyiq ifadələrdən istifdə etmişdir, onu təhqir etmişdir, bu ifadələrin qarşısında o artıq 3 ildir ki, sakit durur. Hadisə zamanı da, Azizlə bağda olmuşlar, bu zaman Aziz onunla evə gəlməsinin istəmiş, o isə etiraz etmiş, Gülşənlə qarşı-qarşıya gəlmək istəməmiş, Aziz isə danışıb razılaşmalarını istəmişdir. Onlar evə gəldikdən 10 dəqiqə keçməmiş Gülşən gəlmiş, onları evdən qovmuş, ona qarşı nalayiq ifadələr işlətmişdir. O isə bura danışmaq üçün gəldiklərini bildirmiş, Azizlə birgə gəldiyini demişdir. Polisə zəng etməzdən əvvəl başqa birinə zəng etmiş, həmin şəxs isə ona demişdir ki, “həmin evdən çıx”, daha sonra polisə zəng etmiş, özü haray salmış, Azizə və onun sinəsinə vuran isə Gülşən özü olmuşdur. O, özü isə Azizlə birgə gəldiyini, onunla birgə də çıxacağını bildirmişdir. Əşyalarla bağlı bildirmişdir ki, həmin əşyaları onun əri almışdır və həmin əşyaların heç birini istəmir. Gülşən isə bu zaman hiddətlənmiş, əşyaların özünə aid olduğunu bildirmiş və əlinə güldanı almış, güman edir ki, onun başına vurmaq istəmiş lakin onun qoluna dəymişdir. Bu zaman Aziz güldanı Gülşənin əlindən almış masanın üzərinə qoymuşdur. Gülşən isə bunun üstünə güldanı yenidən əlinə almış və demişdir ki, “güldan mənimdir, istəsəm, yerə vuraram, sitəsəm bura qoyaram”. Bu zaman Gülşən Azizi itələmiş, Aziz isə qonaq otağındakı masaya çırpılmışdır. Hər bir şeyi edən Gülşən özü olmuşdur. Verilən suallar cavab olaraq bildirmişdir ki, hadisə çöldə olmamış evdə və kolidorda olmuşdur. Azizin isə Gülşənin barmağını sındırmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla qohum deyil, ədavəti yoxdur, onların hər ikisi ilə münasibəti yaxşıdır, Qazangül qəsəbəsində üzbəüz qonşudurlar. Şahid4 tanıyır, qohum deyil, ədavəti yoxdur, Turanə Azizin ikinci arvadıdır. Gülşənlə Aziz arasında dəfələrlə münaqişə olmuş, o isə bir neçə dəfə onları ayırmışdır. Sonuncu səfər çox səs-küy olduğu və qapıbir qonşu olduqları üçün, onlar tərəfə keçmiş, evin içindən səsküy gəldiyini eşitmiş, Aziz, Turanə və Gülşən döyüşərək çölə çıxmışlar, Gülşən barmağını sındırdıqlarını bildirmişdir. O isə aralarına keçmişdir ki, onları ayırsın. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aziz və Turanə nalayiq ifadələrdən istifadə etmiş, bütün qonşular isə səs-küydən narahat olmuş, bir qismi çölə çıxmışdır. Həmçinin bildirmişdir ki, artıq 3 ildir ki, onlar arasında dəfələrlə münaqişlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir. Şahid4 tanımır, qohum deyil, ədavəti yoxdur, Turanə Azizin ikinci arvadıdır. Bildirmişdir ki, Aziz qızına xəyanət etmiş, ona qarşı hər zaman nalayiq ifadələr işlətmişdir. Baş verən hadisənin isə birbaşa şahidi olmamışdır. Belə ki, hadisə baş verən zaman o, öz evində olmuş, saat səkkiz radələrində qızı Gülşən evə qayıdanda ağlamış və bildirmişdir ki, barmağını sındırmışdırlar. Barmağının şəklini çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Qurbanməhəmməd qızı ifadəsində göstərmişdir ki, Zaqatala rayon Qazangül qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur, qonşudurlar. Şahid4 tanımır, qohum deyil, ədavəti yoxdur. Bildirmişdir ki, həmişə Aziz ilə Gülşən arasında dava-dalaş olmuşdur. Həmin gün də səs-küy olmuş və özü də çölə çıxmışdır. Qonşular da olmuş, Mehmanı da hadisə yerində görmüşdür. Çölə səs-küyə görə çıxmışdır, nə mübahisə olduğunu isə daha sonra öyrənmişdir. Həmçinin bildirmişdir ki, Aziz tərəfindən onların torpağı zəbt olunduğu üçün aralarında məhkəmə çəkişməsi olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X22 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli “cinatət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, materiallar üzrə Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirilməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 153 nömrəli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X4 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: vətəndaş X4 bədənində aşkar edilmiş xəsarət-sol dirsək oynağı nahiyəsində sıyrıq-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gəl bilərdi, sağlamlığa ZƏRƏR VURMAYAN xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 152 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilənlərə əsaslanaraq, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ əlin İV barmağının İİ-İİİ falanqalarında şişkinlik, qançır və hərəkət məhdudluğu, İV barmağın orta falanqasının distal başının qapalı yerdəyişən sınığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insanın bədəninin hisələrinin (ayaq və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-903/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, X6 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 30 iyun 2006-cı il tarixli nikahı pozulmuş, tərəflərin birgə nikahından 27 dekabr 2002-ci il tarixdə anadan olmuş X7 anası X5 himayəsində saxlanmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması barədə kitabında xx.xx.2021-ci il tarixdə 09 nömrə ilə qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilmiş Balakən regional “ASAN” xidmət mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışdırlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gökalemin, arvada Gökalemin soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş T.C Gence BK tərəfindən verilmiş U24666574 nömrəli Türkiyə Cümhuriyyəti pasportunun surətindən görünür ki, xx xxx 1956-cı il tarixdə Mardində doğulmuş Təqsirləndirilən şəxs Türkiyə Cümhuriyyəti vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-631/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-97/2023 nömrəli qətnaməsi cavabdeh Zərərçəkmiş şəxs apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 04 avqust 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan olunmuşdur. İş materiallarına əlavə edilmiş 04 avqust 2023-cü il tarixli “tərcüməçi təyin edilməsi haqqında“ qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 2 ünvanında yaşayan ixtisasca müəllim olan X14 tərcüməçi qismində təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 05 avqust 2023-cü il tarixli “ifadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsindəki göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmiş, müəyyən olunmuşdur ki, hadisə ünvan 3 ünvanda baş vermişdir. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli “məcburi gətirmə haqqında” qərardan görünür ki, Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiam elan edilməkləqərarın surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs-xx.xx.1956-cı ildə Türkiyə Respublikası Mardin şəhərində anadan olmuş, Türkiyə Respublikası vətandaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, hazırda Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan X19 barəsində axtarı elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, icraatda olan Azəbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Zaqatala RPŞ-də Azərbaycan Respublikası CM-nin 127-ci maddəsilə olan ********* nömrəli material üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublkası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubblikası CM-nin 147.1, 148-ci maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzası təyin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, icraatda olan Azəbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30-da Zaqatala RPŞ-nə , könüllü olaraq gələrək özünü təqlim etimişdir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs-xx.xx.1956-cı ildə Türkiyə Respublikası Mardin şəhərində anadan olmuş, Türkiyə Respublikası vətandaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, hazırda Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2023-cü il tarixli 5-82-15/2-1053/2023 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşıdır. Zaqatala rayonu Aşağı Tala kəndində müvəqqəti kirayədə yaşayır. İcra nümayəndəliyində heç bir qeydiyyatı yoxdur. Onun barəsində İcra Nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli 5-82-15/2-1051/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Aşağı Tala kəndində kirayədə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli 5-82-12/2-1458/2023 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs ailə tərkibi oğlu X3 ibrətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli 440 saylı xasiyyətnamədən görünür ki, yaşadığı ərazidə Zərərçəkmiş şəxs barəsində Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilməklə qərarın surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 16 noyabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, cinayət törətmiş şəxs zərərçəkmiş şəxlə barışdığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-33/2020 saylı xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına, həmin Məcəllənin 148-ci maddəsi ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla X11 üzərində qəti cəza olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 10 noyabr 2023-cü il tarixli 282 saylı arayışdan görünür ki, Türkiyə Respublikasında xx.xx.1956-cı il tarixdə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı və Zaqatala rayonu Qazangül qəsəbəsində qeydiyyatda olan X2 Rayon Məhkəməsinin 1(033 )-33/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mləcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş və hökm xx.xx.2022-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11- bəndinin təsiri altına düşmüş və X17 cəzadan azad edilmişdir. Hal-hazırda X17 barəsində Zaqatala rayon İcra və robasiya şöbəsində şəxsi iş yoxdur. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərardan görünür ki, “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11- bəndinə əsasən məhkum X17 cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş xx.xx.2023-cü il tarixli ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə tam əhatə olnduğuna görə ittihama CM-nin 128-ci maddəsinin daxil edilməməsində bu halın nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsilə cinayət təqibi başlanması rədd edilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə cinayət təqibi başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə cinayət təqibi başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati icraat başlanması rədd edilməsi, Osmanova X8 RPŞ-nə və DİN-in 102 Xidmsətinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətində keçmiş əri Təqsirləndirilən şəxs birgə yaşadıqları evdən on ədəd toyuğun və soyuducunu aparması xüsusatı ilə əlaqədar cinayət hadisəsi olmadığına görə həmin xüsusat üzrə cinayət təqibi başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət təqibi başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ifadəsində özünün müdafiəsi üçün göstərdiyi həmin xüsusatlar üzrə vəsatətin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il qərarların nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokol, üzləşdirmə protokolları, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilməsi və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir. Belə ki, baş vermiş hadisə şəxsi münasibətlər zəmnində baş versə belə, hadisənin ünvan 1 ünvanında yerləşən və əvvəl birlikdə yaşadıqları evdə başlaması, daha sonra evin həyətində davam etməsi, həmin ünvanda yaşayan qonşuların və kənar şəxslərin narahatçılıqlarına və birgə yaşayış qaydanın pozulmasına səbəb olmaqla Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməsi, mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirib sağ əlin İV barmağının İİ-İİİ falanqalarında şişkinlik, qançır və hərəkət məhdudluğu, İV barmağın orta falanqasının distal başının qapalı yerdəyişən sınığı ilə nəticələnməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirərək zərərçəkmiş şəxsə zor tətbiq etməsi ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai qaydanın kobud surətdə pozulduğunu dərk edən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xuliqanlıqla müşayiət olunan hazırkı cinayət əməli ünvan 1 ünvanında yerləşən və əvvəl birlikdə yaşadıqları evdə başlasa da, daha sonra evin həyətində davam etmişdir, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əməllərə yol vermiş, nalayiq, təhqiredici ifadələrdən istifadə etməklə insanların dincliyini pozmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmiş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə isə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir və bu əməllər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokolları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə qeyd edilənlərlə bağlı təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərini və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza hesab edilən cərimə cəzasını təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Bu qənaətə gələrkən məhkəmə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında hadisə törədildiyi günə qədər əmlak mübahisəsi ilə bağlı mübahisənin olmasını, o cümlədən zərərçəkən şəxsin özünün hadisələrin axarındakı rolunu diqqətə almışdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərərk 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası onun yaşadığı yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar